Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-710/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5002/2020 saylı 05 avqust 2020ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1952-ci il təvəllüdlüdür. İddiaçı məxsus 4740 №-li attestatın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1970-ci ildən xx.xx.1971-ci ilə qədər Saatlı rayon 9 №-li Kənd Texniki-peşə məktəbində təhsil almışdır. İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. İddiaçı məxsus əmək kitabçasına əsasən iddiaçı xx.xx.1971-ci ildən xx.xx.1972-ci ilə qədər Əli-Bayramlı R.B. «Azərkəndtəsərrüfat-texnikası»nda mühasib, xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə qədər «Azərkəndtəsərrüfat-texnikası» Əli Bayramlı komplekasiya bazasında agent ekspeditor, xx.xx.1975-ci ildən xx.xx.1978-ci ilə qədər 1 saylı anbar üzrə anbarçı, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə qədər 1 saylı anbar üzrə seksiyanın rəisi, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə qədər Azərbaycan SSR STN 4 saylı trestin Əli Bayramlı TQİ-44-də fəhlə, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər DSP dəzgahı üzrə operator təcrübəçisi, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər qatarların qəbuledicisi, xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilə qədər Azərbaycan dəmir yollarının Salyan siqnalizasiya və rabitə distansiyasında 3-cü dərəcəli elektrik montyoru, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər döşəmə üstü elektrik mexanik vəzifəsində, xx.xx.1983-cü ildən xx.xx.1991-ci ilə qədər Əli-Bayramlı MRM postunun eletromexanikinin növbətçisi, xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilə qədər M.Ə.Rəsulzadə adına kolxozda xəzinədar, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilə qədər «Şirvanneft» NQÇİ-də dispetçer, xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilə qədər «Azərpet oil» MM-də Mişovdağ sahəsinin traktor bölməsində (sonradan struktur dəyişikliyi ilə əlaqədar əsaslı və yeraltı təmir sexi adlandırılmışdır) 4-cü dərəcəli çilingər, xx.xx.2000-ci ildən xx.xx.2003-cü ilə qədər "xxxx" Əməliyyat Şirkətində əsaslı və yeraltı təmir sexinin traktor bölməsinin 4-cü dərəcəli çilingər, xx.xx.2003-cü ildən xx.xx.2015-ci il tarixə qədər dispetçer vəzifəsində işləmişdir. SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli SOCAR **********80020123X00412 nömrəli arxiv arayışından görünür ki, arxivdə saxlanılan sənədlərə əsasən xx.xx.1952-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1994-cü ildə (əmr №84/K, xx.xx.1994-cü il) X3 Udarəsinin (TNİ) traktor bölməsinə 8-ci dərəcəli dispetçer vəzifəsinə işinə qəbul edilmişdir. xx.xx.1995-ci ildə (əmr №39a/K, xx.xx.1995-ci il) Quruda NQÇ İB-nin 52 saylı xx.xx.1995-ci il tarixli əmrinə əsasən Şirvan TNİ-nin “Şirvanneft” NQÇİ-nin tərkibinə struktur bölmə kimi verilməsi ilə əlaqədar “Şirvanneft” NQÇİ-nin TNS-nə 8-ci dərəcəli dispetçer vəzifəsinə təyin olunmuşdur. xx.xx.1995-ci ildə (əmr №75/K, xx.xx.1995-ci il) Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən ərizəsi ilə işdən azad olunmuşdur. xx.xx.1999-cu ildə (əmr №38/p, xx.xx.1999-cu il) "xxxx" Müştərək Müəssisəsinin TNS-nə 4-cü dərəcəli çilingər peşəsinə işə qəbul edilmişdir. xx.xx.1999-cu ildə (əmr №150, xx.xx.1999-cu il) QƏ və YAT sexinə 4-cü dərəcəli çilingər peşəsinə keçirilmiş, haqq-hesab cədvəllərinə əsasən 2000-ci ilin noyabr ayındək əmək haqqı almışdır. İşdən azadolunma barədə qeyd aşkar olunmadı. Məlumat üçün bildirilir ki, ARDNŞ-nin xx.xx.2001-ci il tarixli, 4 nömrəli əmrinə əsasən xx.xx.2000-ci ildə "xxxx" Müştərək Müəssisəsi ləğv edilmiş və onun bazasında Qarasu Əməliyyat Şirkəti yaradılmışdır. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2020-ci il tarixli, **********4 №-li məktubla bldirmişdir ki, hazırda qüvvədə olan Qaydalara əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçiriməsi qeyd olunmuşdur. Həmin sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra məsələyə baxıla bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2020-ci il tarixli **********5 №-li məktubla bildirmişdir ki, pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Müvafiq sənədlərin əsllərinin tam şəkildə təqdim edilməsindən sonra iddiaçıya güzəştli şərtlələ yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxıla bilər. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2009-cu il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanununun 27.1-ci maddəsinə əsasən pensiya təyin edilməsinin və həmin tarixdən hal-hazıradək yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1952-ci il tarixdə Sabirabad rayonunda doğulmudur. O, xx.xx.1971-ci ildən xx.xx.2015-ci ilə qədər işləməklə ümumilikdə 44 il əmək stajı vardır. Həmin əmək stajının xx.xx.1981-ci ildən xx.xx.1991-ci ilə qədər «Salyan Dəmiryolu İdarəsi»ndə «elektrik-montyoru və elektrikmexaniki», xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilə qədər "xxxx" MM-də «yeraltı təmir sexi»-ndə «çilingər», xx.xx.2000-ci ildən xx.xx.2003-cü ilə kimi "xxxx" OC-də «əsaslı və yeraltı təmir sexi»-ndə çilingər vəzifəsində işləmişdir. İşlədiyi vəzifələr ağır və zərərli iş olduğundan ona xx.xx.2009-cu il tarixdən 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Lakin, DSMF-nin Şirvan şəhər Şöbəsi tərəfindən ona xx.xx.2015-ci il tarixdən 63 yaşdan yaşa görə əmək pensiyası təyin edilmişdir. İşlədiyi sahələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 №-li Siyahısının XXVİİİ Nəqliyyat bölməsinin «magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları» və Xİİ «Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı» Bölməsinin «neft, qaz və qaz kondensatı hasilatı obyeklərində bilvasitə məşğul olan təmirçi çilingərlər» və yaxud «texnoloji qurğuların təmiri üzrə çilingərlər» peşələrinə uyğundur. Pensiya yaşı tamam olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün İdarəyə müraciət etmişdir. Lakin, ona pensiya təyin olunmasından imtina edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, müvafiq sənədlərin əsilləri cavabdehə təqdim edildikdən sonra iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi məsəlinə baxıla bilər. Yəni, iddiaçının müraciətinə mahiyyəti üzrə baxılmamış və imtina verilməmişdir. Eyni zamanda hesab edirlər ki, iddia mahiyyət etibarilə də əsassızdır. Belə ki, iddiaçı 57 yaşı olanadək ondan mövcud qanunvericiliklə tələb edilən 12 il 6 ay güzəştli iş stajını toplamamışdır. Belə ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci il tarixinədək “Salyan Dəmiryolu İdarəsi”ndə elektrik montyoru və elektrik çilingəri işlədiyi peşəni 23001000-19825 kodu altındakı “magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları” peşəsinə uyğun hesab edir. Halbuki, həmin koda uyğun gəlməsi üçün iddiaçının sadəcə elektrik montyoru və ya mexaniki deyil, məhz magistral dəmiryollarının və məhz əlaqə şəbəkəsinin elektrik montyoru və ya mexaniki olması tələb edilirdi. İddiaçı isə müvafiq şərtlərə cavab verdiyini sübut edən hər hansı sənəd təqdim etməmişdir. Bundan əlavə iddiaçı xx.xx.1999-xx.xx.2000-ci il tarixlərində "xxxx" MMC-də və xx.xx.2000-xx.xx.2003-cü il tarixlərində "xxxx" OC-də yeraltı təmir sexində çilingər vəzifəsində işlədiyi dövrləri “Neft-qaz və qaz kondensatının hasilatı” bölməsindəki “tenoloji qurğuların təmiri üzrə çilingərlər” peşəsinə uyğun hesab etmişdir. Halbuki, həmin koda uyğun gəlməsi üçün iddiaçı məhz neft-qaz və qaz kondensatının hasilatı sahəsində və məhz texnoloji qurğuların təmiri üzrə çilingər işləmiş olmalı idi. İddiaçı isə müvafiq şərtlərə cavab verdiyi sübut edən hər hansı sənəd təqdim etməmişdir. Ona görə də iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5002/2020 saylı 05 avqust 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2009-cu il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanunun 27.1-ci maddəsinə əsasən pensiya təyin edilməsi və həmin tarixdən hal-hazıradək yenidən hesablanaraq yaranmış fərqin ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-168/2021 saylı 30 iyun 2021-ci il tarixli qərarı ilə apelyasiya şikayətinin qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 05 avqust 2020-ci il tarixli 2-1(112)-5002/2020 saylı qərarının qismən “xx.xx.2009-cu il tarixdən pensiyanın təyin edilməsi və həmin tarixdən hal-hazıradək yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi” hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, pensiyanın xx.xx.2020-ci il tarixdən təyin edilməklə əvvəlki üç ilə hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi, qərarın qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1950/2021 saylı 02 noyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-168/2021 saylı 30 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişdirlər. xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən məhkəməyə daxil olmuş teleqramda o, məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə tərəflərin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş üzrə apellyasiya şikayəti cavabdeh inzibati orqan tərəfindən verildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi hissədə yoxlanılır. Belə ki, məhkəmə qərarı iddiaçı tərəfindən “iddianın təmin edilmədiyi” hissədə mübahisələndirilməmişdir. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2020-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2009-cu il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanununun 9.8-ci maddəsinə əsasən, xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanunun 27.1-ci maddəsinə əsasən pensiya təyin edilməsinin və həmin tarixdən hal-hazıradək yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 2009-cu il tarixdə yarandığından və hazırda qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları iddiaçının hüquqi vəziyyətini pisləşdirdiyindən ona münasibətdə bu Qaydaların tətbiq oluna bilmədiyinə və “Əmək pensiyaları haqqında” Qanunda pensiyanın ödənilməmiş hissəsinin bir dəfəlik şəkildə ödənilməsi müddəasının mövcud olmadığına istinad edərək, iddianın qismən edilərək, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2009-cu il tarixdən, 57 yaşdan xx.xx.2017ci il tarixə kimi qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanununun 27.1-ci maddəsinə əsasən pensiya təyin edilməsi və həmin tarixdən hal-hazıradək yenidən hesablanaraq yaranmış fərqin ödənilməsinin cavabdehə həvalə edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddianın qismən təmin edilməsi” barədə gəldiyi nəticə ilə qismən razılaşyaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına əsaslanaraq onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə təhsil barədə sənədini (attestatı), hərbi biletini, əmək kitabçasını, işləməsi barədə arxiv arayışlarını və güzəştli iş stajına dair arayışları təqdim etmişdir. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçıya məxsus hərbi biletdən, attestatdan müəyyən olunur ki, İddiaçı xx.xx.1970-xx.xx.1971-ci il tarixlərdə təhsil almış, xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilədək isə hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” 67-ci maddəsin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Eyni məzmunlu müddəa xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndində də öz əksini tapmışdır. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 1971-ci ildə əmək fəaliyyətinə başlamış və hazırki vaxta kimi müxtəlif peşələrdə çalışmış, onun ümumi iş stajı təhsil aldığı, hərbi xidmətdə olduğu dövrlər, əmək kitabçasındakı məlumatlar da nəzərə alınmaqla xx.xx.2006-cı il tarixə 25 ildən artıq (30 il 7 ay 15 gün) təşkil edir. İşin mübahisəsiz hallarından məlum olduğu kimi, iddiaçının tələb edilən ümumi iş stajı mövcuddur. Hazırki işdə cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olması mübahisələndirilir. Bu barədə qeyd olunmalıdır ki, işə baxmış məhkəmələr iddiaçının xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilə qədər Azərbaycan dəmir yollarının Salyan siqnalizasiya və rabitə distansiyasında 3-cü dərəcəli elektrik montyoru, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər döşəmə üstü elektrik mexanik vəzifəsində, xx.xx.1983-cü ildən xx.xx.1991-ci ilə qədər Əli-Bayramlı MRM postunda növbətçi elektromexanik işlədiyi vəzifələrin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısında XXVİİİ Nəqliyyat bölməsinin «magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları” 23001000-19825 şifri, xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilə qədər "xxxx" MMdə Mişovdağ sahəsinin traktor bölməsində (sonradan struktur dəyişikliyi ilə əlaqədar əsaslı və yeraltı təmir sexi adlandırılmışdır) 4-cü dərəcəli çilingər, xx.xx.2000-ci ildən xx.xx.2003cü ilə qədər "xxxx" Əməliyyat Şirkətində əsaslı və yeraltı təmir sexinin traktor bölməsinin 4cü dərəcəli çilingər işlədiyi vəzifələrin isə Xİİ “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” Bölməsinin “neft, qaz və qaz kondensatı hasilatı obyeklərində bilavasitə məşğul olan təmirçi çilingərlər” 2130200a-18559 və yaxud “texnoloji qurğuların təmiri üzrə çilingərlər” 2130200a-18547 kod ilə öz əksini tapdığına istinad etmişlər. İşə baxmış kassasiya instansiyası məhkəməsi aşağı məhkəmələrin bu mövqeyi ilə razılaşmayaraq 2-1(102)-1950/2021 saylı xx.xx.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “iddiaçının işlədiyi peşələrlə Nazirlər Kabinetinin müvafiq Siyahısındakı peşələr eyni olsa da, onların sahələri arasında uyğunsuzluq var. Belə ki, iddiaçı xx.xx.1981-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək Salyan siqnalizasiya və rabitə distansiyasında elektrik montyoru və elektrik çilingəri işlədiyi halda, məhkəmənin istinad etdiyi peşə 1 nömrəli Siyahının “magistral dəmiryollarının əlaqə şəbəkəsinin” elektrik montyoru və elektrik çilingəridir. Həmçinin, iddiaçı xx.xx.1999-xx.xx.2000-ci il tarixlərində "xxxx" MM-də və xx.xx.2000-xx.xx.2003-cü il tarixlərində "xxxx" OC-də yeraltı təmir sexində çilingər vəzifəsində işlədiyi halda, məhkəmənin istinad etdiyi peşə 1 nömrəli Siyahının “Neft-qaz və qaz kondensatının hasilatı” bölməsindəki “texnoloji qurğuların təmiri üzrə çilingərlər” peşəsidir. Göründüyü kimi, məhkəmənin istinad etdiyi 1 nömrəli Siyahıda təsbit olunmuş peşələrlə iddiaçının çalışdığı peşələrin aid olduğu sahələr fərqlidir. Belə olan halda, məhkəmə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən Siyahıda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxartmalı idi. Göstərilən hüquqi mövqeyə uyğun olaraq məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən etməli idi. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.” Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 96-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsinin göstərişlərinin apellyasiya məhkəməsi üçün məcburi olduğunu nəzərə alaraq müvafiq araşdırmalar aparmış və sorğular vermişdir. Əvvəla iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilə qədər Azərbaycan dəmir yollarının Salyan siqnalizasiya və rabitə distansiyasında 3-cü dərəcəli elektrik montyoru, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər döşəmə üstü elektrik mexanik vəzifəsində, xx.xx.1983-cü ildən xx.xx.1991-ci ilə qədər Əli-Bayramlı MRM postunda növbətçi eletromexanik, xx.xx.1999-xx.xx.2000-ci il tarixlərində "xxxx" MM-də və xx.xx.2000-xx.xx.2003-cü il tarixlərində "xxxx" OC-də yeraltı təmir sexində çilingər vəzifəsində işləmişdir. İşdə olan SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli SOCAR **********80020123X00412 nömrəli arxiv arayışından görünür ki, arxivdə saxlanılan sənədlərə əsasən xx.xx.1952-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1994-cü ildə (əmr №84/K, xx.xx.1994-cü il) X3 İdarəsinin (TNİ) traktor bölməsinə 8-ci dərəcəli dispetçer vəzifəsinə işinə qəbul edilmişdir. xx.xx.1995-ci ildə (əmr №39a/K, xx.xx.1995-ci il) Quruda NQÇ İB-nin 52 saylı xx.xx.1995-ci il tarixli əmrinə əsasən Şirvan TNİ-nin “Şirvanneft” NQÇİ-nin tərkibinə struktur bölmə kimi verilməsi ilə əlaqədar “Şirvanneft” NQÇİ-nin TNS-nə 8-ci dərəcəli dispetçer vəzifəsinə təyin olunmuşdur. xx.xx.1995-ci ildə (əmr №75/K, xx.xx.1995-ci il) Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən ərizəsi ilə işdən azad olunmuşdur. xx.xx.1999-cu ildə (əmr №38/p, xx.xx.1999-cu il) "xxxx" Müştərək Müəssisəsinin TNS-nə 4-cü dərəcəli çilingər peşəsinə işə qəbul edilmişdir. xx.xx.1999-cu ildə (əmr №150, xx.xx.1999-cu il) QƏ və YAT sexinə 4-cü dərəcəli çilingər peşəsinə keçirilmiş, haqq-hesab cədvəllərinə əsasən 2000-ci ilin noyabr ayınadək əmək haqqı almışdır. İşdən azad olunma barədə qeyd aşkar olunmadı. Məlumat üçün bildirilir ki, ARDNŞ-nin xx.xx.2001-ci il tarixli, 4 nömrəli əmrinə əsasən xx.xx.2000-ci ildə "xxxx" Müştərək Müəssisəsi ləğv edilmiş və onun bazasında Qarasu Əməliyyat Şirkəti yaradılmışdır. "xxxx" QSC İnfrastruktur Departamenti 6 nömrəli Salyan İşarəvermə və Rabitə Sahəsi tərəfindən verilmiş 50 saylı xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1991-ci ilə qədər işlədiyi elektromexanik və elektrik montyorları vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş Siyahıda 23001000-19825 “magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları” bəndinə uyğundur və ona güzəştli pensiya hüququ verir. Eyni zamanda "xxxx" QSC İnfrastruktur Departamenti 6 nömrəli Salyan İşarəvermə və Rabitə Sahəsi tərəfindən verilmiş 13 saylı xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, elektromexanik və elektrik montyorları magistral dəmir yollarında yüksək gərginlikli əlaqə (elektrik) xətlərində quraşdırılmış elektromexaniki qurğularda – (transformatorlarda, lokomotivlərin qidalanma xətlərində və s.), quraşdırma, cari, eləcə də qəza təmir işlərini yerinə yetirirlər. Yüksək gərginlik və səs-küy, intensiv maqnit sahəsi, açıq atmosfer şəraitində isti və soyuq iqlim faktorları bu vəzifələr üçün zərərli əmək şəraiti faktorları sayılır. Digər tərəfdən, işdə olan "xxxx" OC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın məzmununa görə, İddiaçı xx.xx.2000-xx.xx.2003-cü il tarixlərdə Əsaslı və yeraltı təmir sexinin Traktor bölməsində 4-cü dərəcəli çilingər, xx.xx.2003-xx.xx.2009-cu il tarixlərdə Əsaslı təmir sahəsində dispetçer, xx.xx.2009-xx.xx.2010-cu il tarixlərdə Nəqliyyat sexində dispetçer, xx.xx.2010-xx.xx.2015-ci il tarixlərdə İstehsalatın təminatı şöbəsində dispetçer vəzifələrində, əmək kitabçasında göstərilən 24, 25 və 26 nömrəli qeydlərə əsasən xx.xx.1999-xx.xx.2000-ci il tarixlərdə X2: Mişovdağ sahəsinin traktor bölməsində 4-cü dərəcəli çilingər vəzifələrində çalışmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən (10.2. Neft, qaz və qaz kondensatının hasilatı a) fəhlələr: neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər) İddiaçı 4 il 2 ay 29 gün imtiyazlı iş stajına malikdir. Eyni zamanda apellyasiya baxışı zamanı "xxxx" OC tərəfindən verilmiş xx.xx.2021ci il tarixli arayışa əlavə olunmuş sənədlərdən, o cümlədən İddiaçı xx.xx.1999-xx.xx.2000ci il tarixlərdə X1 (bu müəssisənin bazasında "xxxx" OC yaradılmışdır) Mişovdağ sahəsinin traktor bölməsində və xx.xx.2000-xx.xx.2003-cü il tarixlərdə Əsaslı və yeraltı təmir sexinin Traktor bölməsində 4-cü dərəcəli çilingər vəzifəsində işləməsini əks etdirən əmək müqavilələri, ona əlavələrdən (vəzifə təlimatı da göstərilmişdir) görünür ki, iddiaçının qeyd olunan dövrlərdə işlədiyi Əsaslı və yeraltı təmir sexinin Traktor bölməsində 4-cü dərəcəli çilingər peşəsi işəgötürən tərəfindən “neft, qaz və qaz kondensatı hasilatında təmirçi-çilingər” peşəsinə uyğunlaşdırılmış və bununla bağlı işçiyə iş yeri tərəfindən müvafiq imtiyazlar verilmişdir. O ki qaldı "xxxx" OC tərəfindən verilmiş arayışda İddiaçı işlədiyi peşənin ona güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verməsinə dair istinad olunan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş Siyahıya, bu barədə qeyd olunmalıdır ki, sözügedən peşə təkcə adı çəkilən 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarla təsdiq olunan Siyahıda deyil, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş Siyahıda öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında 21302000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin 21302000 2. Neft-qaz və qaz kondensatının hasilatı 2130200a—18547 texnoloji qurğuların təmiri üzrə çilingərlər peşəsi nəzərdə tutulmuşdur ki, İddiaçı xx.xx.1999-xx.xx.2000-ci il tarixlərdə X1 (bu müəssisənin bazasında "xxxx" OC yaradılmışdır) Mişovdağ sahəsinin traktor bölməsində və xx.xx.2000-xx.xx.2003-cü il tarixlərdə Əsaslı və yeraltı təmir sexinin Traktor bölməsində işlədiyi 4-cü dərəcəli çilingər peşəsi işəgötürən tərəfindən Neft-qaz və qaz kondensatının hasilatı 2130200a—18547 kod altında olan texnoloji qurğuların təmiri üzrə çilingərlər peşəsinə uyğunlaşdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilə qədər Azərbaycan dəmir yollarının Salyan siqnalizasiya və rabitə distansiyasında 3-cü dərəcəli elektrik montyoru, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər döşəmə üstü elektrik mexanik vəzifəsində, xx.xx.1983-cü ildən xx.xx.1991-ci ilə qədər Əli-Bayramlı MRM postunda növbətçi elektromexanik işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında 23000000 XXVİİİ. Nəqliyyat 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər 23001000—19825 magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları peşəsinə, xx.xx.1999-xx.xx.2000-ci il tarixlərdə X1 (bu müəssisənin bazasında "xxxx" OC yaradılmışdır) Mişovdağ sahəsinin traktor bölməsində və xx.xx.2000-xx.xx.2003-cü il tarixlərdə Əsaslı və yeraltı təmir sexinin Traktor bölməsində işlədiyi 4-cü dərəcəli çilingər peşəsi isə həmin Siyahıda 21302000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin 21302000 2. Neft-qaz və qaz kondensatının hasilatı 2130200a—18547 texnoloji qurğuların təmiri üzrə çilingərlər peşəsinə uyğundur və bu uyğunluq da onun iş yeri tərəfindən müəyyənləşdirilmişdir. Beləliklə, aparılmış araşdırmalar nəticəsində aydın oldu ki, iddiaçının xx.xx.2006-cı il tarixədək xüsusi iş stajı qanunla tələb olunan 12 il 6 aydan artıqdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. Odur ki, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Bununla yanaşı, birinci instansiya məhkəməsi “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2009-cu il tarixdən təyin edilmiş pensiyanın həmin tarixdən hal-hazıradək yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” qənaətinə gəlmişdir ki, məhkəmə kollegiyası bu nəticə ilə razılaşmır. Belə ki, kollegiya hesab edir ki, bu məsələyə “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyasının təyin edilməsi müddətlərini tənzimləyən 32-ci maddəsinin müddəaları işığında qiymət verilməlidir. Qanunun 32.1-1-ci müddəsinin hazırda qüvvədə olan redaksiyasında əmək pensiyalarının onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilməsi təsbit edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 08 oktyabr 2020-ci il tarixli 03/2020-ci saylı qərardadında belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi iddiaçı onun pensiya təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir. İddiaçının 57 yaşı tamam olduğu 18 may 2009-cu il tarixindən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət ərizəsi xx.xx.2020-ci il tarixdə cavabdeh inzibati orqana daxil olmuşdur. Bu halda iddiaçıya pensiya xx.xx.2020-ci il tarixdən əvvəlki üç ilə, yəni xx.xx.2017-ci ildən ödənilə bilər. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə qismən, “xx.xx.2009-cu il tarixdən təyin edilmiş pensiyanın hal-hazıradək yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, iddiaçıya xx.xx.2009-cu il tarixdən təyin edilmiş pensiyanın xx.xx.2020-ci il tarixdən əvvəlki üç ilə hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli, qərar qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5002/2020 saylı 05 avqust 2020-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə qismən, “xx.xx.2009-cu il tarixdən təyin edilmiş pensiyanın hal-hazıradək yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi” hissəsində ləğv edisin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2009-cu il tarixdən təyin edilmiş pensiyanın xx.xx.2020-ci il tarixdən əvvəlki üç ilə hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərar qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-710/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-710/2022
28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver