Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-710/2024 09.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Bakı şəhər Lokal Gəlrlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2085/2023 nömrəli, 01 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 08 iyun 2022-ci il tarixli, FŞGV 2021 analoji olaraq hesablanmış 2811.50 manat hesablamaya səbəb olmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” kameral qərarın ləğv edilməsinə dair müvafiq qərar qəbul qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanı tərəfindən xx.xx.2022-ci il FŞGV 2021-ci il üzrə analoji olaraq kameral vergi yoxlaması nəticəsində analoji olaraq 2811.50 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı bildirmişdir ki, tərəfindənxx.xx.2016-cı il tarixində vergi orqanına fəaliyyətin dayandırılması barədə ərizə ilə müraciət edilmiş və müraciətinə əsasən fəaliyyətləri xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək dondurulmuşdur. Həmin tarixdən etibarən onun hər hansı fəaliyyətinin olmamasına baxmayaraq vergi oqanı tərəfindən qanunsuz olaraq hesablama aparılmışdır. İddiaçı tərəfindən fəaliyyətinin olmadığı üçün vergi orqanı tərəfindən qəbul edilmiş qərarla bu zamana qədər tanış olmamışdır. Yalnızca vergi orqanı ilə telefonla əlaqə saxlandıqdan sonra barəsiiində qərar qəbul edildiyi aydın olmuşdur. Yəni bu zamana qədər ona hər hansı kameral vergi yoxlamasının keçirilməsi barədə və kameral yoxlama əsasında qəbul edilmiş qərarlar təqdim ediməmişdir. İddiaşı hesab edir ki, fəaliyyəti olmadığı dövrdə barəsində kameral hesablamanın aparılması və maliyyə sanksiyasını tətbiq edilməsi Azərbaycan Respublikası Vergi məcəlləsinin müəyyən maddələri ilə ziddiyyət yaradır. Bu barədə tərəfindən vergi orqanına şifahi olaraq müraciətlər edilməsinə baxmayaraq lakin vergi orqanı şikayətlərinə məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qəbul etmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət etmişdir. Lakin müraciətinin cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləğləri azaldılmamışdır. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin yuxarıda qeyd olunan qərarları ilə aşağıda qeyd etdiyimiz xüsusatlara əsasən razılaşmırıq və hesab edirik ki, qərarlar “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, qtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir. Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Bildiririk ki, “Axtarış & Hesabat” informasiya sisteminin imkanlarında istifadə etməklə alınmış məlumatlara əsasən "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim edilmiş 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsinin 3 nömrəli “vergi ödəyicisinin ümidsiz borcları barədə məlumat” əlavələri üzrə İddiaçı aid olan 14.057,48 manat məbləğində ümidsiz borc göstərildiyi, İddiaçı tərəfindən isə 2021- ci il üzrə gəlir vergisi bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 13.2.16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur. Bundan əlavə, araşdırma zamanı E-VHF məlumatlarına əsasən "xxxx" MMC tərəfindən İddiaçı 2016-cı ilin fevral, aprel, may aylarında 15.752,4 manat dəyərində E- VHF təqdim edilmiş, İddiaçı tərəfindən "xxxx" MMC-yə 1.694,92 manat məbləğində ödəniş edilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar İddiaçı xx.xx.2022-ci il tarixli **********570200 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, cari (dəqiqləşdirilmiş) vergi bəyannaməsi, əsaslandırılmış izahat və zəruri hesab olunan müvafiq təsdiqedici sənədlərin araşdırmaya təqdim edilməsi tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən cari (dəqiqləşdirilmiş) vergi bəyannaməsi, əsaslandırılmış izahat və araşdırma üçün zəruri hesab olunan müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67ci, 83-cü maddələrinə əsasən, kameral vergi yoxlaması ilə 2021-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 2.811,5 manat əlavə vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********976500 nömrəli qərar vergiödəyicisinə göndərilmişdir. Vergi Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.3-cü maddəsində isə göstərilir ki, vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. Göründüyü kimi vergi ödəyicisi hesablanmış vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmağa cəhd göstərir. Əlavə olaraq bildiririk ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir.Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir.Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetiriiməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1- ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildiririk ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********976500 nömrəli qərara əsasən 2021-ci il üçün gəlir vergisi üzrə hesablanmış 2.811,50 manat əlavə vergi məbləği Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2085/2023 nömrəli, 01 sentyabr 2023-cü il tarixli qərarı (hakim: E.Əliyev) ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə “vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə uyğunsuzluq aşkar edildiyi halda bu barədə ödəyiciyə məlumat verilir və əlavə sənədlər tələb edilir, bundan sonra bəyannamənin düzgünlüyünə qiymət verilir” qənaətinə gələrkən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və işin materiallarında olan sübutları nəzərə almamışdır. Belə ki, aşkar edilmiş kənarlaşma ilə əlaqədar Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixli **********570200 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, cari (dəqiqləşdirilmiş) vergi bəyannaməsi, əsaslandırılmış izahat və zəruri hesab olunan müvafiq təsdiqedici sənədlərin araşdırmaya təqdim edilməsi tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən cari (dəqiqləşdirilmiş) vergi bəyannaməsi, əsaslandırılmış izahat və araşdırma üçün zəruri hesab olunan müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilməməmişdir. Əlavə olaraq bildiririk ki, işin faktiki halları baxımından məhkəmə tərəfindən mübahisələndirilən qərar qəbul edilən zaman Vergi Məcəlləsinin 67- ci maddəsinin tələblərinin gözlənilməməsi qənaətinə gəlməsi başa düşülən deyil. Vergi Məcəlləsinin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Qanunvericiliyin qeyd olunan normalarına istinad edərək bildirirlər ki, hazırkı iş üzrə vergilərin hesablanması üçün vergi orqanının uçot-baza məlumatlarından istifadə etməklə əldə etdiyi mənbəyi bəlli olan məlumat "xxxx" MMC tərəfindən təqdim edilmiş 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsinin 3 nömrəli “vergi ödəyicisinin ümidsiz borcları barədə məlumat” əlavələri üzrə İddiaçı aid olan 14.057,48 manat məbləğində ümidsiz borc göstərildiyi halda İddiaçı tərəfindən 2021-ci il üzrə gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Vergi Məcəlləsinin: 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergi tutma obyektinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 23.1.2-ci maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımı izahatlar, arayışlar və məlumat almaq hüququ vardır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) Kollegiyasının xx.xx.2019-cu il tarixli **********008600 nömrəli qərarı ilə təsdiq edilmiş “Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair” Qaydaların 2.0.1-ci bəndinə əsasən bəyannamə Vergi Məcəlləsinə müvafiq olaraq təqdim edilən vergi hesabatlarıdır. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Bundan əlavə, məhkəmənin “Hazırki iş üzrə mübahisələndirilən qərarın qəbul edilən zamanı hansı əlaqəli məlumatlara istinad edilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, həmçinin cavabdeh inzibati orqan tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir” dəlili ilə də aşağıda qeyd olunan səbəblərə görə razı deyillər. Belə ki, İddiaçı əlavə vergi məbləğinin hesablanması və qərarın qəbul edilməsi üçün əsas olmuş "xxxx" MMC tərəfindən təqdim edilmiş 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsində göstərilən məlumatlar Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinin tələbi baxımından mənbəyi bəlli olan əlaqəli məlumat hesab olunur və həmin məlumatdan istifadə etməklə İddiaçı hesablanmış vergi məbləği vergi qanunvericiliyinin tələblərinə uyğun, qanuni və əsaslıdır. Cavabdeh tərəfindən həmin sübutlar məhkəməyə təqdim edilməsinə və işin materiallarında olmasına baxmayaraq, inzibati iş üzrə aparılan araşdırmalar və sübutların qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bununla da İPM-nin 12.1-ci və 58.7-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə qərarında qeyd olunur: “Cavabdeh mübahisələndirilən qərarı qəbul edərkən Vergi Məcəlləsinin tələbini pozmuşdur. Belə ki, həmin vaxt qüvvədə olan 37.2-ci maddənin tələbinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Məhkəmə əlavə olaraq qeyd edir ki, vergi ödəyicisinin 2016-cı il tarixdən-2021-ci il tarixədək , 2021-ci il tarixdən-2025-ci il tarixədək fəaliyyətinin dayandırılması təmin edildiyi halda cavabdeh inzibati orqan tərəfindən kameral vergi yoxlaması keçirilərək, Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri pozulmuşdur. Göründüyü kimi, bəyannamə təqdim edilmədiyi halda kameral vergi yoxlamasının proseduru qaydasında vergi hesablanması Vergi Məcəlləsinin 37-ci maddəsində nəzərdə tutulmamışdır. Həmçinin mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********976500 nömrəli xx.xx.2022-ci il tarixli qərar qanunvericiliyin tələblərinin pozulması ilə qəbul olunduğundan “İnzibati icraat haqqında” Qanununun 58.1-ci və 67.1-ci maddələrinin tələblərinə əsasən qanunsuzdur. Odur ki, iddia tələbi əsaslı sayılmaqla həmin qərar ləğv edilməlidir”. Məhkəmənin gəldiyi nəticə ilə aşağıda göstərilən səbəblərə görə razı deyillər. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımı izahatlar, arayışlar və məlumat almaq hüququ vardır. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanı vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdir. Cavabdeh tərəfindən təqdim edilmiş və işin materiallarında olan sənədlərdən göründüyü kimi "xxxx" MMC tərəfindən təqdim edilmiş 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsinin 3 nömrəli “vergi ödəyicisinin ümidsiz borcları barədə məlumat” əlavələri üzrə İddiaçı aid olan 14.057,48 manat məbləğində ümidsiz borc göstərildiyi halda İddiaçı tərəfindən 2021-ci il üzrə gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Bununla əlaqədar Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən İddiaçı uyğunsuzluq məktubu göndərilmiş, cari (dəqiqləşdirilmiş) vergi bəyannaməsi, əsaslandırılmış izahat və zəruri hesab olunan müvafiq təsdiqedici sənədlərin araşdırmaya təqdim edilməsi tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən cari (dəqiqləşdirilmiş) vergi bəyannaməsi, əsaslandırılmış izahat və araşdırma üçün zəruri hesab olunan müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilməməmişdir. Vergi Məcəlləsinin tələblərinə uyğun əlavə vergi hesablanmışdır. Bundan əlavə qeyd etməyi zəruri hesab edirlər ki, işin faktiki halları baxımından məhkəmə tərəfindən Vergi Məcəlləsinin 37.2-1-ci maddəsinin tətbiqi anlaşılan deyildir. Vergi Məcəlləsinin 37.2-1-ci maadəsinə əsasən vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirlmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərilir. Qeyd etməyi zəruri hesab edirlər ki, 2021-ci ilin gəlir vergisi ilə bağlı vergi orqanı tərəfindən İddiaçı hər hansı bildiriş göndərilməmişdir. Məhkəmə qərarında qeyd olunur: “Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1117/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə kollegiyası qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə istinad etməklə məhkəmə kollegiyası bir daha xatırladır ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən, birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi hesablaması qanuni sayıla bilməz. Beləliklə, mübahisələndirilən inzibati akt qanunun tələblərinə uyğun olmayan inzibati icraatın nəticəsində qəbul edildiyindən, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsi baxımından qanunsuz əlverişsiz inzibati aktdır.” Bildirirlər ki, məhkəmənin Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1117/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyini iddianın təmin edilməsi əsaslarından biri kimi qəbul etməsi və həmin əsasla cavabdehin qərarının qanuni sayılmaması əsassızdır. Belə ki, məhkəmənin hüquqi mövqeyi kimi qeyd olunan qərarın mübahisəyə ümumiyyətlə aidiyyəti yoxdur və hazırkı iş üzrə formalaşmış məhkəmə təcrübəsi kimi qəbul etmək olmaz. Ona görə ki, hazırkı işdə Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinin tətbiq edilməsi və şərti rentabellik tətbiq etməklə verginin hesablanması halları mövcud deyildir. Göründüyü kimi məhkəmə maddi hüquq normalarını və məhkəmə təcrübəsini yanlış tətbiq etməklə inzibati iş üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili hüquqi məsələlərə dair izahat verərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddiaçı həmin aktın qəbul edilməsi əsaslarını mübahisələndirir. Kollegiya hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. -16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. - Məcəlləyə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.2 vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin vaxt qüvvədə olan Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. -Hazırda qüvvədə olan Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. -37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. -37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. -37.4-cü maddəsinə əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -94.0 maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən Məhkəmə kollegiyası həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd edir: İşin araşdırılmış hallarından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021ci il tarixədək “Fiziki şəxslərin fəaliyyətinin dayandırılması” barədə ərizəsinə əsasən və xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək “Fiziki şəxslərin fəaliyyətinin dayandırılması” barədə ərizəsinə əsasən fəaliyyəti dayandırılmışdır. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı barəsində 2021-ci ilin bəyannamə və hesabat dövrü üzrə 2811,50 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********976500 nömrəli 08.062022-ci il tarixli Qərar qəbul etmişdir. Vergi orqanı öz qərarını onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin müddəalarına əsasən gəlir vergisi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən gəlir vergisi hesablanmışdır. İş materiallarında olan cavabdeh vergi orqanının **********976500 nömrəli 08.062022-ci il tarixli “2021-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” məlumatında qeyd edilmişdir ki, 2021-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində araşdırılır. Aparılan araşdırma ilə əlaqədar aşağıda göstərilmiş istiqamətlər üzrə məlumatların, təsdiqedici sənədlərin 5 (beş) iş günü müddətinə vergi orqanına təqdim edilməsinə zərurət yaranmışdır: “ Vergi ödəyiciləri tərəfindən təqdim edilmiş 2021-ci il üzrə mənfəət vergisi bəyannamələri 3 nömrəli “vergi ödəyicisinin ümidsiz borcları barədə məlumat” əlavələri üzrə Sizə aid olan ümidsiz borc göstərildiyi halda tərəfinizdən təqdim edilən 2021-ci il üzrə mənfəət (gəlir) vergisi bəyannaməsində gəlir kimi göstərilməmişdir”. Hazırki tələbində iddiaçı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş "Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********976500 nömrəli xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edən kollegiya qeyd edir ki, qanunvericilik kameral vergi yoxlamasının keçirilməsi müddətini vergi bəyannaməsinin təqdim edilməsi ilə əlaqələndirmişdir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən vergi bəyannaməsinin təqdim edilməməsi işin mübahisəsiz halıdır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh mübahisələndirilən qərarı qəbul edərkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələbini pozmuşdur. Belə ki, həmin vaxt qüvvədə olan 37.2-ci maddənin tələbinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2- 1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Hazırkı halda, iddiaçı tərəfindən 2016-cı il tarixdən gəlir vergisi bəyannaməsi təqdim etmədiyi halda kameral vergi yoxlaması aparılmaqla vergi hesablanması Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərinə ziddir. Belə ki, kameral vergi yoxlamasını tənzimləyən normaların birgə təhlili onu deməyə əsas verir ki (Vergi Məcəlləsinin 37.3 və 37.4-cü maddələri), vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə uyğunsuzluq aşkar edildiyi halda bu barədə ödəyiciyə məlumat verilir və əlavə sənədlər tələb edilir, bundan sonra bəyannamənin düzgünlüyünə qiymət verilir. Mübahisələndirilən qərar qəbul edilən zaman həmçinin Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri gözlənilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar əlaqəli məlumat hesab edilir ki, bu məlumatlar əsasında onun 2021-cı ildə hər hansı gəlirinin olması təsdiq olunmur. Kollegiya həmçinin qeyd edir ki, vergi ödəyicisinin 2016-cı il tarixdən-2021-ci il tarixədək , 2021-ci il tarixdən-2025-ci il tarixədək fəaliyyətinin dayandırılması təmin edildiyi halda cavabdeh inzibati orqan tərəfindən kameral vergi yoxlaması keçirilərək, Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri pozulmuşdur. Göründüyü kimi, bəyannamə təqdim edilmədiyi halda kameral vergi yoxlamasının proseduru qaydasında vergi hesablanması Vergi Məcəlləsinin 37-ci maddəsində nəzərdə tutulmamışdır. Həmçinin mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********976500 nömrəli xx.xx.2022-ci il tarixli qərar qanunvericiliyin tələblərinin pozulması ilə qəbul olunduğundan “İnzibati icraat haqqında” Qanununun 58.1 və 67.1-ci maddələrinin tələblərinə əsasən qanunsuzdur. Cavabdeh vergi orqanı tərəfindən iddiaçıya əlavə vergilərin hesablanmasının əsası kimi Vergi Məcəlləsinin 67-ci maddəsinə (əlaqəli məlumat) istinad edilir. Lakin cavabdeh iddiaçı tərəfindən vergidən yayınma halının mövcudluğunu təsdiq edən mötəbər sübutlar (iddiaçının gəlirləri və xərcləri barədə) təqdim etməmiş, iddiaçının həqiqətən gəlir etdiyi halda vergi bəyan etməməsi halını sübuta yetirə bilməmişdir. Vergi Məcəlləsinin 16.3-cü maddəsinin 2-ci hissəsinə əsasən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur. Vergi Məcəlləsinin 149.2-ci maddəsinə əsasən Bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər. Vergi Məcəlləsinin 149.3-cü maddəsinə əsasən Vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-ci maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Belə ki, iddiaçının iş üzrə mübahisələndirdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********976500 nömrəli xx.xx.2022-ci il tarixli qərarda, yəni inzibati aktda yuxarıda qeyd olunan normaların tələblərinə uyğun hər hansı əsaslandırma aparılmamış, işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməmişdir. Digər tərəfdən, cavabdehin iddia tələbinə qarşı verdiyi etirazdan görünür ki, iddiaçıya əlavə vergilərin hesablanmasının əsası kimi Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddəsinə (əlaqəli məlumat) istinad edilir. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddənin 1-9-cu bəndlərində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə vergi orqanlarının ödənilməli olan verginin məbləğini hesablamaq hüququ vardır. Həmin maddədən göründüyü kimi qanunvericilik əlaqəli məlumatların dairəsini konkret olaraq müəyyən etmişdir. Vergi orqanı vergi məbləğini yalnız həmin maddədə qeyd olunan əlaqəli məlumatlardan istifadə etməklə hesablaya bilər. Hazırki iş üzrə mübahisələndirilən qərarın qəbul edilən zamanı hansı əlaqəli məlumatlara istinad edilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, həmçinin cavabdeh inzibati orqan tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1117/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə kollegiyası qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə istinad etməklə məhkəmə kollegiyası birdaha xatırladır ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən, birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi hesablaması qanuni sayıla bilməz. Beləliklə, mübahisələndirilən inzibati akt qanunun tələblərinə uyğun olmayaninzibati icraatın nəticəsində qəbul edildiyindən, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsi baxımından qanunsuz əlverişsiz inzibati aktdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 8 may tarixli **********008600 nömrəli qərarı ilə təsdiq edilmiş “Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”ın 6.8-cı bəndinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində dəqiqləşdirilmiş bəyannamənin və ya hesabatın 10 iş günü müddətində təqdim edilməsi üçün bu Qaydaların 5 nömrəli əlavəsində göstərilən forma üzrə “Vergi orqanına dəqiqləşdirilmiş vergi bəyannaməsinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə hesabatların təqdim edilməsi barədə Bildiriş” göndərir. Həmin Qaydaların 6.9-cu bəndinə əsasən bu Qaydaların 6.8-ci bəndinə müvafiq olaraq göndərilmiş bildirişlə bağlı daxil olmuş dəqiqləşdirilmiş bəyannamə və ya hesabatlar üzrə kameral vergi yoxlaması aparılmır, yalnız dəqiqləşdirilmiş bəyannamədə və ya hesabatda bildirişdə göstərilən əlavə sənəd və ya mənbəyi məlum olan məlumatların nəzərə alınıbalınmaması araşdırılır. Araşdırma zamanı kənarlaşma aşkar olunduqda bu Qaydaların 5 nömrəli əlavəsində göstərilən forma üzrə yeni bildiriş göndərilir. Qaydaların 6.10-cu bəndinə əsasən vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən bu Qaydaların 6.8-ci və 6.9-cu bəndlərinə müvafiq olaraq göndərilmiş bildiriş üzrə dəqiqləşdirilmiş bəyannamə və hesabat müəyyən edilmiş müddətdə təqdim edilmədikdə bu barədə məlumatlar səyyar vergi yoxlanılmasının və ya operativ vergi nəzarətinin keçirilməsi məsələsinə baxılması üçün vergi orqanının aidiyyəti strukturuna göndərilir. Sadalanan normaların təhlilindən belə nəticəyə gəlinir ki, vergi orqanı təqdim edilmiş bəyannamə üzrə 30 iş günü müddətində kameral yoxlama aparmaq hüququna malikdir və bu müddət bitikdən sonra həmin bəyannamə üzrə kameral vergi yoxlaması aparıla bilməz. Eləcə də, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı tərəfindən verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın təqdim edilməsi üçün bildiriş göndərilir. Qeyd olunan bildiriş və təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə kameral vergi yoxlaması keçirilmir. Odur ki, vergi orqanı tərəfindən “Vergilərin, sosial sıgorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********617300 nömrəli qərar maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası, hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2085/2023 nömrəli, 01 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-710/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-710/2024
09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver