Məhkəmə qərarları › İş №2-1(103)-711/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-711/2020

18.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-711/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X23 və X5 ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının nümayəndəsi X11, vəkili Vəkil2 oğlunun, Cavabdehin nümayəndəsi X3 , Üçüncü şəxs X6 nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı “Azərbaycan” Nəşriyyatının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X12 və Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbə üzrə nümayəndəliyi üçüncü şəxs qismində cəlb olmaqla) torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi barədə iddiasına dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3196/2018 saylı, 01 oktyabr 2018-ci il tarixli qərarından üçüncü şəxs X12 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3196/2018 saylı, 01 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək X9 verilmiş **********07 reyestr nömrəli və onun verilməsinə əsas olmuş əvvəllər X18 verilmiş **********07 reyestr nömrəli torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi qərara alınmışdır. Qərarla razılaşmayan üçüncü şəxs X12 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,66 ha torpaq sahəsi 07 avqust 2014-cü il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestrində 515 nömrəli reyestr kitabının 48746 nömrəli vərəqində X16 adına qeydiyyata alınmışdır. X13 həmin torpaq sahəsini 13 avqust 2014-cü il tarixli 4Ə-499 nömrəli alqı-satqı müqaviləsi əsasında X2 almış və həmin torpaq sahəsi 01 sentyabr 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X7 adına qeydiyyata alınmışdır. İddiaçı “Azərbaycan” Nəşriyyatı məhkəməyə müraciət edərkən onun mülkiyyətində olan torpaq sahəsinin onun torpaq sahəsi ilə üst-üstə düşməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçının istifadəsində olan 15 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları onun mülkiyyətində olan torpaq sahələrinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşdüyünü sübut kimi əsas götürülən "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi məhkəmə prosesi zamanı işə əlavə olunub və həmin mütəxəssis rəyi digər mütəxəssis "xxxx" MMC tərəfindən verilmiş rəy ilə təkzib olunduğundan, iddiaçı tərəfindən onun mülkiyyətində olan torpaq sahəsini mübahisələndirilməsinə subyektiv hüququ olmamışdır. Mövcud mübahisənin əsasını «Azərbaycan» Nəşriyyatının istifadəsində olmasına istinad etdiyi «X10 X29» ilə müəyyən edilən torpaq sahəsi ilə onun mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin plan və ölçünün üst-üstə düşüb-düşməməsi təşkil edir. Göstərilən halın aydınlaşdırılması isə xüsusi bilik tələb edən elm sahəsinin mütəxəssisləri tərəfindən müəyyən edilməli olduğundan, iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizasının təyin edilməsinə dair vəsatət versə də, məhkəmə əsassız olaraq vəsatəti təmin etməmiş, nəticədə iddiaçının iddia etdiyi torpaq sahəsi ilə onun mülkiyyətində olan torpaq sahəsinə dair plan və ölçünün üst-üstə düşüb-düşməməsi müəyyən edilmədən əsassız olaraq iddianın təmin edilməsinə dair və beləliklə də onun mülkiyyət hüququnun pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 aprel 2019-cu il tarixli, 2-1(103)-795/2019 saylı qərarı ilə üçüncü şəxs X6 apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. AzərbaycanRespublikasıAliMəhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2019-cu il tarixli, 2-1(102)-3206/2019 saylı qərarı iləkassasiyaşikayətiqisməntəminolunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının18 aprel 2019-cu il tarixli, 2-1(103)-795/2019 saylı qərarı ləğvolunaraq,işyenidənbaxılmasıüçüngeriqaytarılmışdır. Əvvəlkiapellyasiya icraatızamanı Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 04.04.2019cu il tarixli qərardadı ilə X20 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Yeni apelyasiya baxışı zamanıüçüncü şəxs X6 nümayəndəsi və vəkili X4 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında apelyasiya şikayətinin əsaslı olduğunu göstərərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının keçirilən iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməlainin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq üçüncü şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarından müəyyən olunur ki, iddiaçı “Azərbaycan” Nəşriyyatı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək X9 verilmiş **********07 reyestr nömrəli və onun verilməsinə əsas olmuş əvvəllər X18 verilmiş **********07 nömrəli torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 06 may 1980-ci il tarixli, 195 saylı qərarı ilə Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi “Kommunist” Nəşriyyatına (indiki “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün ayrılmışdır. Bununla bağlı Abşeron ZDS İK tərəfindən 20 fevral 1981-ci il tarixli “X10 X29” verilmişdir. Həmin akt 20 fevral 1981-ci il tarixdə dövlət aktlarının qeydiyyatı kitabında 64 nömrə ilə qeydə alınmışdır. “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatı Sabunçu rayonun inzibati ərazisində, kənd təsərrüfatı təyinatlı 15 ha ölçüdə torpaq sahəsində yerləşir və həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının qanuni istifadəsindədir. Bu, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli, 2(102)-6123/2016 saylı qərarı ilə də müəyyən edilmişdir. Həmçinin, “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsi Maştağa Südçülük-Tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsində göstərilmişdir. Hal-hazırda iddiaçıya məlum olmuşdur ki, X6 X14 aldığı 0,66 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona **********07 reyestr nömrəli çıxarış və həmin reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********07 reyestr nömrəli çıxarışda 0,66 ha torpaq sahəsinin olduğu yer Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi kimi göstərilmişdir. Həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü isə bağ sahəsi kimi göstərilməklə xüsusi mülkiyyətə verildiyi qeyd edilmişdir. Lakin, X9 və həmin torpaq sahəsinin əvvəlki mülkiyyətçisi olmuş X19 verilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən əsas döngə nöqtələrinin koordinatları “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşür. Halbuki, iddiaçıya verilmiş 20 fevral 1981-ci il tarixli “X10 X29”nda 15 ha ölçüdə torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq kimi göstərilmişdir. Bundan başqa, həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının qanuni istifadəsindədir və hasara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin işçilərinin texniki səhvləri və yaxud vəzifələrindən suiistifadələri nəticəsində əvvəllər 0,66 ha torpaq sahəsinin mülkiyyətçisi X19, satıldıqdan sonra isə X9 verilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən əsas döngə nöqtələrinin koordinatları qanunsuz və əsassız olaraq “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşmüşdür. Bu da öz növbəsində “Azərbaycan” Nəşriyyatının nümayəndələri ilə vətəndaşlar arasında lüzumsuz mübahisələrə, qarşıdurmalara və bir sıra xoşagəlməz halların baş verməsinə səbəb olmuşdur. Buna görə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi 0.66 ha torpaq sahəsinin planı və ölçüləri etibarsız hesab edilməlidir. Lakin, “Azərbaycan” Nəşriyyatının müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müxtəlif bəhanələr gətirərək yaranmış vəziyyətin aradan qaldırılması ilə əlaqədar heç bir tədbir görməmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yüxarıda göstərilən qaydada həll edilmşdir. Kollegiya birinci instansiya məkəməsinin nəticəsi ilə razlaşmır. Belə ki, iş materiallarında olan Sumqayt İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2014-cü il tarixli qərarından görünür ki, iddia təmin olunaraq Bakı şəhəri,Sabuncu rayonu, Nardaran qəsəbəsiində yerləşən torpaq sahəsi üzərində X16 mülkiyyət hüququnun mövcud vəziyyətə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və dövlət reyestrindən çıxarışların verilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. İşin mübahisəsiz halıdır ki, X9 verilmiş **********07 reyestr nömrəli torpaq sahəsinin planı və ölçülərinin verilməsinə əsas olmuş X19 verilmiş **********07 reyestr nömrəli torpaq sahələrinin planı və ölçüləri, məhz Sumqayt İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2014-cü il tarixli qərarının icrasının nəticəsində əldə olunmuşdur. Cavabdeh orqan isə həmin daşınmaz əmlakların ilkin qeydiyyatını həyata keçirərkən, plan ölçü və reyestrdən çıxarış verərkən həmin məhkəmə aktına icra etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının yuxarıda istinad olunan sonuncu qərarında mövqeyi ondan ibarət olmuşdur ki, işə yenidən baxılarkən iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində araşdırma aparmalı, bu barədə müvafiq sorğular verilməli, torpaq sahələrinin yerləşdiyi yerlərə yerində baxış keçirməli, müvafiq məhkəmə ekspertizası təyin edilməklə, torpaq sahələrinin yerləşdiyi yerlərin və onların kateqoriyasının müəyyən edilməsi istiqamətində araşdırma aparmalı, buna qədər isə iddianın mümkünlük məsələsinə hüquqi qiymət verilməlidir. İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Qeyd edilməlidir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ malik olan şəxs tərəfindən qanunla müəyyən edilən müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozulması sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxılması mümkün olsun. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Göründüyü kimi, cavabdeh tərəfindən mübahisəli əmlaka mülkiyyət hüququ üzrə qeydiyyat Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 iyun 2014-cü il tarixli qərarı əsasında aparılaraq daşınmaz əmlakların ilkin qeydiyyatı həyata keçirilmiş, plan-ölçü sənədləri və reyestrdən çıxarış verilmişdir. Belə olan halda, həmin məhkəmə qərarı qüvvədə ola-ola, həmin qərar əsasında verilmiş plan ölçülərin etibarsız hesab edilməsi barədə iddiaçının iddiasının məhkəmə icraatı mümkün sayıla bilməz. İddiaçı uğurlu nəticəyə nail olmaq istədiyi və müvafiq subyektiv hüquqa malik olduğu halda məhz həmin məhkəmə aktının özünü mübahisələndirmək imkanına malik olmuşdur. Lakin hazırkı işin halları baxımından belə mübahisələndirmə ilə bağlı hərəkətlərin edilməsi müəyyən olunmur. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisələndirilən sənədlərin verilməsinə əsas olan məhkəmə aktının ləğv edilməsi halından həmin aktın icrası ilə bağlı edilmiş hərəkətlərə geriyə dönüş edilə bilər. Həmin aktın özünün qüvvədə olduğu halda isə onun icrası ilə bağlı edilmiş hərəkətlərin müstəqil iddia qaydasında etibarsızlığının tələb edilməsi yolverilməzdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Porosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında aşağıdakıları qeyd etmişdir: «İnzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın alqı-satqısı nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur.» İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Konkret halda isə, yuxarıda qeyd olunanlardan göründüyü kimi, hazırkı iddianın əsasına və tələbinə müvafiq olaraq inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsi qərarı qəbul edərkən isə işin qeyd olunan hallarını nəzərə almamış, iddia mümkün sayılmamalı olduğu halda (mübahisələndirilən plan, ölçülər məhkəmə aktının icrası qaydasında verildiyinə, həmin məhkəmə aktı qanuni qüvvədə olduğuna) onu mümkün sayaraq işi mahiyyəti üzrə həll edən qərar qəbul etmişdir. Ona görə də Kollegiya üçüncü şəxsin apelyasiya şikayətinin iş araşdırılmadan qərar çıxarıldığını və həmin qərarla hüquqlarının pozulduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və belə qənaətə gəlir ki, onun apelyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3196/2018 saylı 01 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara a l d ı: Üçüncü şəxsin apelyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3196/2018 saylı 01 oktyabr 2018ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən: M.N.Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar