Məhkəmə qərarları › İş №2-1(103)-712/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-712/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-712/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1506/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı cavabdeh Binəqədi RİH-nin Biləcəri qəsəbə nümayəndəsinin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 31.000 manat maddi, 10.000 manat mənəvi ziyana görə kompensasiyanın alınıb iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İHB-nın 1-ci müavinin imzaladığı xx.xx.1992-ci il tarixli 678 saylı “Torpaq sahəsinin ayrılması haqqında” Sərəncamı iddiaçıya zeytun ağaclarını əkmək məqsədi ilə 2 ha torpaq sahəsi ayrılmışdır. 1993-cü ildə torpaq sahəsinə su verilməsi dayandırıldığından 2 ha torpaq sahəsinin 7 sot hissəsini nəvələrinə ev tikmək üçün çəpərləmişdir. 2021-ci ilin yanvar ayından 2 mərtəbəli ev tikmişdir. xx.xx.2021-ci ildə evin şiferi vuruldu. Evin üst örtüyü vurulan zaman Binəqədi rayon İH-nin və Bələdiyyənin nümayəndələri çox böyük zəhmət və külli miqdarda pul xərcləyərək tikdiyi fərdi yaşayış evini traktorla sökərək tikinti materiallarını naməlum istiqamətə aparmışlar. Binəqədi rayon İH-nın əməkdaşları tərəfindən 2 mərtəbə evinin qanunsuz sökülməsi nəticəsində ona ümumilikdə 31.000 manat maddi, 10.000 manat mənəvi ziyan vurulmuşdur. Ona məxsus olan 2 mərtəbəli fərdi yaşayış evinin sökülməsini və maddi zərərin vurulmasını hadisəni özündə əks etdirən video disk, şahidlər təsdiq edə bilərlər. Bakı Şəhər İHB-nın 1-ci müavinin imzaladığı xx.xx.1992-ci il tarixli 678 saylı “Torpaq sahəsinin ayrılması haqqında” Sərəncamı ilə ona torpaq sahəsi ayrıldığı müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1506/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 27.000 (iyirmi yeddi min) manat maddi zərər kimi kompensasiyanın cavabdehdən tutularaq İddiaçı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. İddiaçı qanunları pozmaqla qanunsuz əməllərə yol verir özbaşına hüquqmüəyyənedici sənədləri olmadan dövlət torpaq fonduna aid torpaq sahəsində qanunsuz fərdi yaşayış evinin tikintisini aparır. Məhkəmə qanunsuz əməllərə hüquqi qiymət verməklə iddiaçının qanunsuz tələbini təmin etməklə onun qanunazidd hərəkətlərini qanuniləşdirir. İddiaçı tələbində və məhkəmə prosesi zamanı söküntü zamanı Xocəsən bələdiyyəsinin əməkdaşlarının orda olmasını, bələdiyyənin müavininin söküntüyə rəhbərlik etdiyini bildirsə də, kompensasiya Rayon İcra Hakimiyyətindən tutulur. Həmçinin bildirilir ki, Bakı Şəhəri İcra Hakimiyyətinin 678 saylı xx.xx.1992-ci il tarixli Sərəncamına əsasən Dövlət Neft Şirkətinin balansında olan Xocəsən qəsəbəsi ərazisində 2.0 ha torpaq sahəsində şəhid ailəsi kimi İddiaçı zeytun ağacları əkməyə icazə verilmişdir. İddiaçı 2.0 ha torpaq sahəsini 1992-ci ildən etibarən hissə-hissə 1 (bir) sotu 400,0 manata kənar şəxslərə fərdi yaşayış evlərinin tikintisinin aparılması üçün satmış, öz ailəsinə qanunsuz bir neçə fərdi yaşayış evi tikmiş, bir çox şəxslərin fərdi yaşayış evlərinin tikintisinə şəhid ailəsi kimi rəhbərlik edərək qanunsuz tikintilərin aparılmasına nail olmuş, dövlətə məxsus 2.0 ha torpağ sahəsini qanunsuz olaraq satmışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, sözügedən ev tam tikilib, damı vurulmuşdu, ancaq təmirə başlanılanda ev inzibati orqanın işçiləri tərəfindən sökülmüşdü. Sözügedən torpaq sahəsinin də daxilində olduğu 2 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə ona ayrılmışdır. Sərəncamda zeytun ağaclarının ərazidə əkilməsi qeyd edilsə də, bugünkü gün həmin ərazilərdə 1 dənə də olsun zeytun ağacı mövcud deyildir. Ətrafda hər kəs fərdi yaşayış evi tikərək, çıxarış almışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən göründüyü kimi, iddia qismən təmin olunsa da, iddianın təmin olunmayan hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, Məhkəmə kollegiyası yalnız cavabdehin verdiyi apellyasiya şikayəti həddində qərarı – iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusıyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkıyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir: İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyətinin 678 nömrəli xx.xx.1992-ci il tarixli Sərəncamından görünür ki, vətəndaş İddiaçı Binəqədi rayonun Sulu-Təpə qəsəbəsindən cənub-qərb hissəsində zeytun ağaclarının əkilməsi məqsədilə torpaq sahəsi ayrılmışdır. İşin faktiki hallarından müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ona ayrılmış torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. Həmin evin tikintisi başa çatdıqdan sonra cavabdeh inzibati orqan tərəfindən həmin tikili sökülmüşdür. Tikilinin iddiaçıya ayrılmış torpaq sahəsində mövcud olması və cavabdeh inzibati orqanın tapşırığı əsasında sökülməsi işin mübahisəsiz halıdır. Belə ki, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış 26 oktyabr 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində İddiaçı tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı müəyyən olunmuş və qanunsuz tikintinin dayandırılması tövsiyyə olunmuşdur. Göründüyü kimi, inzibati orqana iddiaçı tərəfindən tikilinin inşası məlum olubdur. Lakin inzibati orqan qanunsuz tikilinin sökülməsini tövsiyyə etdiyini qeyd etsə də, lakin iş üzrə məhkəmə araşdırmaları zamanı müvafiq qaydada iddiaçının xəbərdar edilməsi, məlumatlandırılması aydın olmur. Həmçinin, iddiaçının istinad etdiyi sərəncamda torpaq sahəsinin tikinti işlərinin aparılması üçün deyil, zeytun ağacları əkilməsi üçün ayrıldığı qeyd edilsə də, həm birinci instansiya məhkəməsi tərəfindən yerində müayinə protokolundan, həm də təqdim edilmiş fotoşəkillərdən aydın olur ki, sözügedən torpaq sahələrində zeytun ağacları mövcud deyildir. Ətrafda yaşayış məntəqələri tikilmişdir. Qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası diqqətə çatdırır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X3rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun birinci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun birinci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. Həmin qərarın 141-ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Qərarın 142-cı bəndində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Avropa Məhkəməsi “X3rşı” iş üzrə qərarında həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilib-edilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir. Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” qərarında ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmamasını onun mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. Bundan başqa, cavabdeh inzibati orqan apellyasiya şikayətində qeyd edir ki, söküntü işlərinin aparılması zamanı Xocəsən bələdiyyəsinin əməkdaşları iştirak etmiş və bələdiyyənin müavini söküntüyə rəhbərlik etmişdir, lakin kompensasiya Rayon İcra Hakimiyyətindən tutulur. Göstərilən dəlillə bağlı da məhkəmə kollegiyası qeyd edir ki, rayon icra hakimiyyətinin idarəçiliyində olan ərazilərdə müəyyən söküntü işlərinin həyata keçirilməsi və bunun rəsmiləşdirilməsi rayon icra hakimiyyətlərinin məsuliyyət sferasına aiddir. Bu baxımdan cavabdehin nümayəndələrinin iddiaçıya məxsus torpaq sahəsində yerləşən tikililərdə söküntü işlərinin bilavasitə iş üzrə cavabdeh Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən aparılmaması onun məsuliyyətini istisna edən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki işin məhkəmələr tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, tikilinin sökülməsinə dair müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarının olmasına dair müvafiq sübut cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçının sahiblik, istifadəsinə cavabdeh tərəfindən qanunsuz müdaxilə olmuş və nəticədə iddiaçı öz vəsaiti hesabına tikmiş olduğu tikilisindən məhrum olmuş, cavabdeh inzibati orqanın təqsirli hərəkəti nəticəsində ona maddi ziyan vurulmuşdur. Eyni zamanda, iş materiallarından görünür ki, "xxxx" MMC-nin 01//22-388 nömrəli xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 678 nömrəli Sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsində aparılmış tikinti işlərinə çəkilən tikintinin xx.xx.2022-ci il tarixə: Tikinti-təmir işlərinin həcmi: 27 000 (iyirmi yeddi min) manat təşkil edir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının tələbinin qismən, maddi ziyanın tutulması hissəsində təmin olunmaqla, cavabdehdən onun xeyrinə 27.000 (iyirmi yeddi min) manat məbləğində pul tutulması ilə bağlı gəldiyi nəticə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1506/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar