Məhkəmə qərarları › İş №2-1(103)-712/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-712/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-712/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10396/2023 nömrəli 29 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 yaşının tamam olduğu 15 iyun 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) e-2-1(112)-10396/2023 nömrəli 29 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmağla) yaşa görə əmək pensiyası hüquğu vardır. İddiaçı pensiya hüququnun yaranıb-yaranmaması məsələsi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsivə ödənilməsi Qaydaları”nın 4.1.20ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı yeraltı islərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Eləcə də, həmin icmal məktubunda qeyd olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın Nəqliyyat bölməsinin (21) Dəniz və çay donanması bəndinin (21.2) üzən heyət yarımbəndində (b) dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının qəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) nəzərdə tutulmuşdur. "xxxx" ASC-nin 3 saylı Tikinti Quraşdırma Dəstəsinin xx.xx.2020-ci il tarixli 12/k nömrəli arayışında İddiaçı xx.xx.1992-xx.xx.1995-ci illər ərzində sözügedən müəssisənin “Bleyxert” gəmisində elektrik çilingəri, xx.xx.1995-xx.xx.1998-ci illər ərzində baş elektrik mexaniki peşələrində, xx.xx.2001-xx.xx.2002-ci və xx.xx.2003xx.xx.2003-cü illər ərzində “Üzən kopyor-315” gəmisində baş elektrik mexaniki vəzifələrində işlədiyi geyd olunmuşdur. İş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı İddiaçı işlədiyi “Bleyxert” gəmisinin Bakı Sahil Buxtasında sahildə bərkitmə işləri zamanı dənizin sahillə birləşdiyi verlərə svayların vurulması işləri ilə məşğul olduğu, görülən işlər limanda aparıldığından həmin gəminin limandan kənarda olmadığı müəyyən edilmişdir. Bu fakt "xxxx" ASC-nin 3 saylı Tikinti Quraşdırma Dəstəsinin xx.xx.2023-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (7 il 10 ay 17 gün (xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.2007xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Beləliklə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-10396/2023 nömrəli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda bildirmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsinin (11) Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndinin (11.6) fəhlələr yarımbəndində (a): - sualtı qayıqların quraşdırılması, təmiri və modernləşdirilməsi zamanı bölmələrin daxili işlərində bilavasitə məşğul olan fəhlələr; istilik texniki nəzarət sistemlərinin və atom energetik qurğularının avtomatik tənzimlənməsinin sazlayıcıları, gəmi radioquraşdırıcıları, radioelektron aparatlarının və cihazlarının tənzimləyiciləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun sizə dair 21 dekabr 2021-ci il RM01/55 nömrəli arayışında xx.xx.2014-cü il tarixindən bu günədək sözügedən zavodun Elektrikquraşdırma bölməsində 6-cı dərəcəli radioelektron aparatların və cihazların tənzimləyicisi vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz radioelektron aparatların və cihazların tənzimləyici vəzifəsi sualtı qayıqların quraşdırılması, təmiri və modernləşdirilməsi zamanı bölmələrin daxili işlərində bilavasitə məşğul olan fəhlələr aid deyil. Bu səbəbdən də Sizin güzəştli iş stajınız 12 il 6 aydan az (6 il 3 ay 22 gün (xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirmişdir ki, “...Mərkəzi Filiala təqdim etdiyiniz 4 may 1979-cu il tarixli əmək kitabçanızda və əlavə olunmuş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, Sizin güzəştli iş stajınız 12 il 6 aydan az (10 il 2 ay 19 gün (xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1995-xx.xx.1998-ci il, xx.xx.2003-xx.xx.2003-cü il, xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın Nəqliyyat bölməsinin (21) Dəniz və çay donanması bəndinin (21.2) üzən heyət yarımbəndində (b) dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" ASC-nin 3 saylı Tikinti Quraşdırma Dəstəsinin xx.xx.2020-ci il tarixli 12/k nömrəli arayışında xx.xx.1992-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin “Bleyxert” gəmisində elektrik çilingəri, xx.xx.1995-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində baş elektrik mexaniki peşələrində, xx.xx.2001-xx.xx.2002-ci və xx.xx.2003-xx.xx.2003-cü il il tarixləri arasındakı dövrlər ərzində “Üzən kopyor-315” gəmisində baş elektrik mexaniki vəzifələrində işlədiyi geyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajınıza aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı işlədiyiniz “Bleyxert” gəmisinin Bakı Sahil Buxtasında sahildə bərkitmə işləri zamanı dənizin sahillə birləşdiyi yerlərə svayların vurulması işləri ilə məşğul olduğu, görülən işlər limanda aparıldığından həmin gəminin limandan kənarda olmadığı müəyyən edilmişdir. Bu fakt "xxxx" ASC-nin 3 saylı Tikinti Quraşdırma Dəstəsinin xx.xx.2023-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Bu səbəbdən də Sizin güzəştli iş stajınız 12 il 6 aydan az (7 il 10 ay 17 gün (xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 17523,57 manat, həmin tarixdən sonra olan dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kaptitalı 65443,91 manat olmaqla, cəmi pensiya kapitalı 82967,48 manat təşkil edir. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961ci ildə doğulmuşdur. İddiaçının 60 yaşı xx.xx.2021-ci ildə tamam olmuşdur. İş materiallarında olan NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilmiş 06 iyul 2022-ci il tarixli M-376/25 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixində 14 nömrəli Bakı Texniki Peşə Məktəbinin “Buruqlara xidmət üzrə elektrik montyoru” ixtisasına qəbul olmuş və xx.xx.1982-ci il tarixində həmin ixtisası əyani formada bitirmişdir. Onun adına yazılmış A №764532 nömrəli diplom Təhsil Nazirliyi tərəfindən təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. İş materiallarında olan A seriyalı 764532 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1981-ci ildə Bakı şəhəri 14 nömrəli Texniki Peşə Məktəbinə daxil olmuş, xx.xx.1982-ci ildə “Buruqlara xidmət üzrə elektrik montyoru” peşəsi üzrə texniki peşə məktəbin tam kursunu bitirmişdir. İş materiallarında olan "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodun tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 98 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək gəmi elektrik quraşdırıcısı vəzifəsində işləmişdir. İş stajı 1 il 6 ay 26 gün olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 11-ci bəndi, 11.6a yarımbəndinə nəzərdə tutulmuş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. İş materiallarında olan "xxxx" QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun Elektrikquraşdırma bölməsində 6-cı dərəcəli radioelektron aparatların və cihazların tənzimləyicisi peşəsində çalışır. xx.xx.2007-ci il “Xəzərdənizgəmitəmiri” İB “Zaqfederasiya” adına Gəmi Təmiri Zavodu Elektrikquraşdırma sahəsinə 4-cü dərəcəli gəmi elektrik quraşdırıcısı (Əmr 134, xx.xx.2007-ci il). xx.xx.2007-ci ildən işdən azad edilmişdir (Əmr 165, xx.xx.2007-ci il). xx.xx.2007-ci il “Xəzərdənizgəmitəmiri” İB Paris Kommunası adına zavod Elektrikquraşdırma sahəsinə 5-ci dərəcəli elektrikquraşdırıcısı (gəmi üzrə) (Əmr K-450, xx.xx.2007-ci il). xx.xx.2009-cu il həmin sahədə 6-cı dərəcəli elektrikquraşdırıcı (gəmi üzrə) (TK-18, xx.xx.2009-cu il). xx.xx.2011-ci il “Zaqfederasiya” adına BİV-nin Elektrikquraşdırma sahəsinə 6-cı dərəcəli gəmi elektrikquraşdırıcısı keçirilmişdir (Əmr 286/k, xx.xx.2011-ci il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 18 nömrəli Qərarı ilə “Zığ” Gəmi təmiri zavodu adlandırılıb. xx.xx.2014-cü ildən Elektrikquraşdırma sexində 6-cı dərəcəli gəmi radioelektron aparatların və cihazların tənzimləyicisi keçirilmişdir (Əmr 48, xx.xx.2014). xx.xx.2017-ci il "xxxx" QSC-nin “Zığ” Gəmi Təmiri zavodunun adı dəyişdirilərək "xxxx" QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi zavodu adlandırılmışdır. Hal-hazırkı vaxta kimi “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun Elektrikquraşdırma bölməsində 6-cı dərəcəli gəmi radioelektron aparatların və cihazların tənzimləyicisi peşəsində çalışır. Yuxarıda göstərilən peşələr güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 11.6 a bəndinə əsasən güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. İş materiallarında olan "xxxx" QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun Elektrikquraşdırma bölməsində 6-cı dərəcəli radioelektron aparatların və cihazların tənzimləyicisi peşəsində çalışır. xx.xx.2007-ci il “Xəzərdənizgəmitəmiri” İB “Zaqfederasiya” adına Gəmi Təmiri Zavodu Elektrikquraşdırma sahəsinə 4-cü dərəcəli gəmi elektrik quraşdırıcısı (Əmr 134, xx.xx.2007-ci il). xx.xx.2007-ci ildən işdən azad edilmişdir (Əmr 165, xx.xx.2007-ci il). xx.xx.2007-ci il “Xəzərdənizgəmitəmiri” İB Paris Kommunası adına zavod Elektrikquraşdırma sahəsinə 5-ci dərəcəli elektrikquraşdırıcısı (gəmi üzrə) (Əmr K-450, xx.xx.2007-ci il). xx.xx.2009-cu il həmin sahədə 6-cı dərəcəli elektrikquraşdırıcı (gəmi üzrə) (TK-18, xx.xx.2009-cu il). xx.xx.2011-ci il “Zaqfederasiya” adına BİV-nin Elektrikquraşdırma sahəsinə 6-cı dərəcəli gəmi elektrikquraşdırıcısı keçirilmişdir (Əmr 286/k, xx.xx.2011-ci il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 18 nömrəli Qərarı ilə “Zığ” Gəmi təmiri zavodu adlandırılıb. xx.xx.2014-cü ildən Elektrikquraşdırma sexində 6-cı dərəcəli gəmi radioelektron aparatların və cihazların tənzimləyicisi keçirilmişdir (Əmr 48, xx.xx.2014). xx.xx.2017-ci il "xxxx" QSC-nin “Zığ” Gəmi Təmiri zavodunun adı dəyişdirilərək "xxxx" QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi zavodu adlandırılmışdır. Hal-hazırkı vaxta kimi “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun Elektrikquraşdırma bölməsində 6-cı dərəcəli gəmi radioelektron aparatların və cihazların tənzimləyicisi peşəsində çalışır. Yuxarıda göstərilən peşələr güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 11.6 a bəndinə əsasən gəmi bölmələrinin daxilində gəmi elektrik quraşdırıcıları, gəmi elektrik radio quraşdırıcıları bəndi ilə güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti 3 saylı Üzən Tikinti Quraşdırma Dəstəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1992-ci ildə (Əmr № 67, xx.xx.1992) 3 saylı ÜTQD-nin “Bleyxert” gəmisində üzən heyətdə elektrik çilingəri işinə qəbul edilib. xx.xx.1995-ci ildə (Əmr № 84, xx.xx.1995) həmin gəmidə baş elektrik mexaniki vəzifəsinə keçirilib. xx.xx.1998-ci ildə (Əmr № 5, xx.xx.1998) işdən azad edilib. xx.xx.2001-ci il tarixdən (Əmr № 38, xx.xx.2001) xx.xx.2002-ci ilədək (Əmr № 56, xx.xx.2002) və xx.xx.2003-cü ildən (Əmr № 4, xx.xx.2003) xx.xx.2003-cü ilədək (Əmr № 23, xx.xx.2003) “Üzən kopyor - 315” gəmisinin üzən heyətində baş elektrik mexaniki vəzifəsində işləmişdir. Göstərilən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na daxildir (bölmə 21. Nəqliyyat. 21.2.b) Üzən heyət). İş materiallarında olan İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə Gədəbəy rayon istehsalat kombinatının Düzyurd kərpic zavodunda fəhlə qəbul edilmişdir, xx.xx.1979-cu ildə işdən azad edilmişdir, xx.xx.1982-ci il tarixindən “Xəzərdənizgəmi təmiri” İB “D.Bünyatzadə” adına Gəmi təmiri zavodunda elektrik mexaniki sahəyə 4-cü dərəcəli xidmət üzrə elektrik montyoru qəbul olunmuşdur, xx.xx.1983-cü ildə elektrokar sürücüsü İİ ixtisas verilmişdir, xx.xx.1985-ci ildə elektrik avadanlıqlarına xidmət üzrə 5-ci dərəcəli elektrik montyoru dərəcəsi verilmişdir, xx.xx.1988-ci ildə Gəmi-quraşdırma sexinə 5-ci dərəcəli gəmi elektrik montajçısı vəzifəsinə keçirilmişdir, xx.xx.1989-cu ildə Elektrikmexaniki şöbəsinə Elektrik avadanlıqlarına xidmət üzrə 5-ci dərəcəli elektrik montyoru keçirilmişdir, xx.xx.1990-cı ildə Rabitə xidməti üzrə elektrik montyoru keçirilmişdir, xx.xx.1990-cı ildə Qurğuların təmizlənməsi üzrə operator peşəsi birləşdirilmişdir, xx.xx.1992-ci ildə SPSS ustasının öhdəliklərini icra edən təyin edilmişdir, xx.xx.1992-ci ildə işdən azad edilmişdir, xx.xx.1992-ci ildə 3 saylı ÜTQD üzrə “Bleyxert” gəmisinə elektrik çilingəri qəbul edilmişdir, xx.xx.1995-ci ildə həmin gəmiyə baş elektrik mexaniki keçirilmişdir, xx.xx.1998-ci ildə işdən azad edilmişdir, xx.xx.2003-cü ildə 3 saylı Üzən Tikinti Quraşdırma Dəstəsi YK-315 gəmisinə baş elektrik mexanik qəbul edilmişdir, xx.xx.2003-cü ildə işdən azad edilmişdir, xx.xx.2007-ci ildə “Xəzərdənizgəmitəmiri” İB-nin “Zaqfederasiya” adına gəmi təmiri zavodunda elektrik quraşdırma sahəsində 4-cü dərəcəli elektrik quraşdırıcısı qəbul edilmişdir, xx.xx.2007-ci ildə əmək müqaviləsinə xitam verilmişdir, xx.xx.2007-ci ildə “Xəzərdənizgəmitəmiri” İB-nin “Paris Kommunası” adına zavodda elektrik quraşdırma sahəsinə 5-ci dərəcəli elektrik quraşdırıcısı (gəmi üzrə) 2 ay sınaq müddəti ilə qəbul edilmişdir, xx.xx.2009-cu ildə 6-cı dərəcə verilmişdir, xx.xx.2011-ci ildə Zaqfederasiya adına Bİİ-nin elektrik quraşdırma sexinə 6-cı dərəcəli gəmi elektrik quraşdırıcısı vəzifəsinə keçirilmişdir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 18 nömrəli qərarı ilə “Zığ” Gəmi Təmiri Zavodu adlandırılmışdır, xx.xx.2014-cü ildə elektrik quraşdırma sexi 6-cı dərəcəli radioelektron aparatlarının və cihazların tənzimləyicisi keçirilmişdir, xx.xx.2017-ci ildə "xxxx" QSC-nin “Zığ” Gəmi Təmiri zavodunun adıdəyişdirilərək "xxxx" QSC-nin “Zığ” Gəmi Təmiri və Tikinti zavodu adlandırılmışdır, xx.xx.2021-ci ildə elektrik quraşdırma bölməsində Avtomat nəzarət ölçü cihazları sahəsində 6-cı dərəcəli gəmi radioelektron aparatların və cihazlarının tənzimləyicisi qəbul edilmişdir, hal-hazırda işləyir. İşin faktiki hallarından görünür ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İmtinanın əsasları kimi iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olması bildirilmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin maddənin 1 iyul 2022-ci il tarixdən (hal-hazırda) qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İddiaçının pensiya kapitalı və ümumi stajı cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 17523,57 manat, həmin tarixdən sonra olan dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kaptitalı 65443,91 manat olmaqla, cəmi pensiya kapitalı 82967,48 manat təşkil edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hərbi xidmət və təhsil müddəti də daxil olmaqla 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixədək 25 ildən artıq ümumi sığorta stajına malikdir (xx.xx.1978-xx.xx.1979, xx.xx.1979xx.xx.1981 (hərbi xidmət), xx.xx.1981-xx.xx.1982 (təhsil), xx.xx.1982-xx.xx.1992, xx.xx.1992-xx.xx.1998, xx.xx.2003-xx.xx.2003, xx.xx.2007-xx.xx.2007, xx.xx.2007xx.xx.2021 - cəmi 33 il 01 ay 14 gün). Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı "xxxx" QSC-də xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək işlədiyi gəmi elektrik quraşdırıcısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur: Bölmə 11. Metal emalı; bənd 11.6. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri; yarımbənd (a) fəhlələr: gəmi elektrik quraşdırıcıları. Bundan başqa, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 3 saylı Üzən Tikinti Quraşdırma Dəstəsi “Bleyxert” gəmisində üzən heyətdə xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilədək elektrik çilingəri, xx.xx.1995-ci ildən xx.xx.1998-ci ilədək baş elektrik mexaniki vəzifələrində, “Üzən kopyor - 315” gəmisinin üzən heyətində xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilədək və xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilədək baş elektrik mexaniki vəzifəsində işləmişdir. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur: Bölmə 21. Nəqliyyat; bənd 21.2. Dəniz və çay donanması; yarımbənd b) üzən heyət: elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri. Bundan başqa, iddiaçı "xxxx" QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilədək, xx.xx.2007-ci ildən xx.xx.2014-cü ilədək Elektrikquraşdırma sahəsində gəmi elektrik quraşdırıcısı, xx.xx.2014-cü ildən halhazıradək Elektrikquraşdırma bölməsində gəmi radioelektron aparatların və cihazların tənzimləyicisi vəzifəsində işləyir. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur: Bölmə 11. Metal emalı; bənd 11.6. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri; yarımbənd (a) fəhlələr: gəmi elektrik quraşdırıcıları, gəmi elektrik radio quraşdırıcıları. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktublarında cavabdeh qeyd olunan dövrlərin güzəştli iş stajına aid edilməməsi ilə əlaqədar müxtəlif cavablar vermiş, bəzi illəri güzəştli iş stajına aid etməsə də sonradan daxil etmiş, bununla əlaqədar konkret mövqe göstərməmişdir. Lakin iş materiallarına əlavə edilmiş işəgötürən tərəfindən verilən yuxarıda qeyd edilən arayışlarda da iddiaçının işlədiyi sahə və vəzifələrin müvafiq sahə və vəzifələrə aid olduğu təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövrlər güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır (60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixədək cəmi 21 il, 10 ay, 21 gün). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2021-ci ilədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına malik olduğundan iddiaçının həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarında olan ərizədən görünür ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10396/2023 nömrəli 29 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar