Məhkəmə qərarları › İş №2-1(103)-713/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-713/2021

10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-713/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-839/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 25 ildən artıq ümumi stajı olduğu və 12 il yarımdan artıq Bakı şəhəri XDS İK-nin Xüsusiləşdirilmiş Podrat Yol Təmir Tikinti Trestinin 4 saylı yol təmir tikinti İdarəsində bənna (kamenşik) vəzifəsində işləməsi nəzərə alınmaqla 57 yaşı tamam olduğu vaxtdan ona pensiya hüququnun yarandığı vaxt qüvvədə olan normalar əsasında güzəştli şərtlərlə pensiya təyin edilməsi və ödənilməmiş fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına dəyişdirilməsi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. Əmək kitabçasında olan qeydlərə əsasən 2 il əsgərlik müddəti də daxil olmaqla 26 il 2 ay 28 gün ümumi iş stajı var. Bakı şəhəri XDS İK-nin Xüsusiləşdirilmiş Podrat Yol Təmir Tikinti Trestinin 4 saylı Yol Təmir Tikinti İdarəsində asfalt beton daşlarının quraşdırılması üzrə bənna (kamenşik) vəzifəsində işlədiyi vəzifə zərərli işlərin 2 saylı siyahısının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində 2290000a-12680 kodla-bənna briqadalarında xüsusi bənna manqalarında daim işləyən bənna nəzərdə tutulmuşdur. Cavabdeh orqana ona 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün müraciət etmiş, ərizəsinin təmin edilməsindən 15.11.2019-cu il tarixli məktubla imtina edilmişdir. İmtinanın əsası kimi əsassız olaraq ümumi iş stajının 25 ildən az olduğu qeyd edilmişdir. Məhkəmə tərəfindən əmək kitabçasındakı qeydlər araşdırılarsa cavabdehin bu imtinasının əsassız olduğu müəyyən olunar. İddianın hüquqi əsası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-839/2020 saylı qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı 57 yaşı tamam olduğu 14.01.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün yaranmış pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasına əsasən onun 09.03.1981-ci il tarixdən “Xüsusi Tikinti” BGİ-nin 4 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsinə əməyin işəmuzd ödənilməsi ilə ikinci dərəcəli köməkçi işçi vəzifəsinə qəbul edilməsi, 31.12.1981-ci il tarixdən 4 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsinin adının 07.01.1982-ci il tarixli 2 saylı əmrə əsasən “Yol-təmir tikinti” Dövlət təbiəti mühafizə müəssəsinin 4 saylı İTİ-ə dəyişdirilməsi, 23.01.1985-ci il tarixdən “Yol-təmir” Dövlət təbiəti mühafizə müəssəsi üzrə 23.01.1985-ci il tarixli, 14 saylı əmrə əsasən 4 saylı İTİ-nin adı “Yol-təmir tikinti” Dövlət Təmir Tikinti Təbiəti mühafizə müəssisəsinin 4 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinə dəyişdirilməsi, 13.01.1989-cu il tarixdən Azərbaycan KPMK və Azərbaycan SSR Nazirlər Şurasının 03.07.1987-ci il tarixli 249 saylı Qərarına Əsasən 4 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinin adı 4 saylı X1 Təmir-Tikinti İdarəsinə dəyişdirilməsi, 01.04.1997-ci il tarixdə ixtisarla əlaqədar olaraq iddiaçının işdən azad edilməsi müəyyən edilmişdir. İddiaçının qeyd olunan idarədə işlədiyi dövr üzrə ümümi iş stajı 16 il 22 gün təşkil edir. Həmin Qanunun 31.2-1 maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. İddiaçı 25 il ümumi stajını təsdiq edən sənədləri Mərkəzi Filiala təqdim etmədiyi üçün ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi mümkün deyildir. Belə olan halda müəyyən olunur ki, iddiaçının 1 yanvar 2006-cı il tarixinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı 10 ildən az təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçının stajı 25 ildən azdır. 1997-ci ildən sonrakı dövr əmək kitabçasında yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, 1997-dən sonra dəmir yolunda işləmişdir. 1997-dən sonra boşluq olmuşdur. 2004-də işə düzəlmişdir. 1979-dan əmək fəaliyyətinə başlamışdır. Onun ümumi stajı 26 ilə yaxındır. Dəmir yolunda 2004-dən işləmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırda apellyasiya baxışının həddini qərarın iddia tələbinin təmin edilən hissədində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İş materiallarından müəyyən edilir ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 04 noyabr 2019-cu il tarixli, 5/1983 saylı məktubdan görünür ki, Azərbaycan SSR Bakı şəhər X5 İcraiyyə Komitəsinin (4 №-li “Спецремдорстрой”) İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İddiaçıya məxsus НЗ № ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı 18 may 1977-ci il tarixdən 21 iyun 1979-cu il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus 26 sentyabr 1979-cu il tarixdə doldurulmuş AT-İİ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 28.09.1979-cu il tarixdən 17.06.1980-cı il tarixədək “Pravdinskneft” Neft və Qazçıxarma İdarəsinin İşçi Təchizat Şöbəsinin bazasında yükvuran fəhlə, 19.01.1981-ci il tarixdən 23.01.1981-ci il tarixədək SSRİ Avtomobil Sənayesi Nazirliyinin “Soyuzavtobusprom” ümumittifaq sənaye Birliyinin Bakı İxtisaslaşdırılmış X2 hissələri sexinə ikinci dərəcəli dəlikaçan vəzifəsinə qəbul edilmiş, 09.03.1981-ci il tarixdən “Xüsusi Tikinti” BGİ-nin 4 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsinə əməyin işəmuzd ödənilməsi ilə ikinci dərəcəli köməkçi işçi vəzifəsinə qəbul edilmiş, 31.12.1981-ci il tarixdə üçüncü dərəcəli bənna ixtisas dərəcəsi verilmiş, 07.01.1982-ci il tarixdən 4 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsinin adı 07.01.1982-ci il tarixli 2 saylı əmrə əsasən “Yol-təmir tikinti” Dövlət Təbiəti mühafizə müəssisəsinin 4 saylı İTİ-ə dəyişdirilmiş, 23.01.1985-ci il tarixdən “Yol-təmir tikinti” Dövlət Təbiəti mühafizə müəssisəsi üzrə 23.01.1985-ci il tarixli, 14 saylı əmrə əsasən 4 saylı İTİ-nin adı “Yol-təmir tikinti” Dövlət Təmir Tikinti Təbiəti mühafizə müəssisəsinin 4 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinə dəyişdirilmiş, 13.01.1989-cu il tarixdən Azərbaycan KPMK və Azərbaycan SSR Nazirlər Şurasının 03.07.1987-ci il tarixli 249 saylı Qərarına əsasən 4 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinin adı 4 saylı X1 Təmir-Tikinti İdarəsinə dəyişdirilmiş, 01.04.1997-ci il tarixdə ixtisarla əlaqədar olaraq işdən azad edilmişdir. 01.09.2004-cü il tarixdən 01.03.2006-cı il tarixədək Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin Yolun təsərrüfat şöbəsi avtonəqliyyat bölməsində sürücü vəzifəsində, 04.11.2009-cu il tarixdən Yolun Təsərrüfat şöbəsi istehsalat ştatının 6-cı dərəcəli rəngsaz vəzifəsinə təyin edilmiş, 11.06.2010-cu il tarixdən Yolun Təsərrüfat şöbəsinin Vİ dərəcəli rəngsaz vəzifəsindən "xxxx" QSC-nin "xxxx" MMC-yə Vİ dərəcəli rəngsaz vəzifəsinə keçirilmiş, 01.12.2015-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Cavabdeh tərəfindən verilmiş 15 noyabr 2019-cu il tarixli, **********4 saylı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubdan görünür ki, iddiaçının ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə istinad olunaraq, iddiaçının ümumi iş stajının 25 ildən az təşkil etdiyi, qeyd olunanların nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla 57 yaşı 14.01.2015-ci il tarixdə tamam olmuşdur və həmin tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının 57 yaşı 14.01.2015-ci il tarixdə tamam olduğundan ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun həmin dövrdə qüvvədə olan normaları tətbiq edilməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanan normalarının tətbiqi ilə bağlı nəzərə alınmalıdır ki, vətəndaşa güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdaki əsaslar birgə mövcud olmalıdır: 1) şəxs pensiya almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddini çatmalı; 2) qanunvericilikdə nəzərdə tutulmuş ümumi sığorta stajına malik olmalı; 3) işlədiyi peşə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqan tərəfindən təsdiq olunmuş siyahısında təsbit olunmalı 4) həmin peşə qanunvericilikdə nəzərdə tutulmuş xüsusi sığorta stajına və 5) işlədiyi dövrlərə uyğun məcburi sosial sığorta haqlarının ödənilməsinə malik olmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına daxil edilməlidir. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 67- ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş NZ-3594368 nömrəli hərbi biletin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 18 may 1977-ci ildən 21 iyun 1979-cu ilə qədər hərbi xidmət keçmişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq hərbi xidmət dövrünü iddiaçının sosial sığorta stajına aid etmişdir. İddiaçının hərbi xidmət dövrü 2 il 1 ay 3 gün təşkil edir. İşin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının 09.03.1981-ci il tarixdən 01.04.1997-ci il tarixədək Bakı şəhəri XDS İK-nin Xüsusiləşdirilmiş Podrat Yol Təmir Tikinti Trestinin 4 saylı Yol Təmir Tikinti İdarəsində işlədiyi dövr nəinki güzəştli iş stajına, ümumiyyətlə ümumi iş stajına hesablanmasından imtina edərək, onun 57 yaşı tamam olan tarixədək ümumi iş stajının 25 ildən az təşkil etməsi əsası ilə pensiyanın təyin edilməsindən imtina edilmişdir. İşin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının Bakı şəhəri XDS İK-nin Xüsusiləşdirilmiş Podrat Yol Təmir Tikinti Trestinin 4 saylı Yol Təmir Tikinti İdarəsində işlədiyi dövrün ümumi iş stajına hesablanmasından imtina edilməsinə əsas qeyd olunan idarənin arxiv sənədlərinin Milli Arxiv İdarəsinə təhvil verilməməsi olmuşdur. Birinci instansiya məhkəməsində araşdırma dövründə göndərilən sorğular əsasında həqiqətən də idarəsinin arxiv sənədlərinin Milli Arxiv İdarəsinə təhvil verilməməsi və vergi uçotunda olması barədə məlumatın olmadığı müəyyən edilsə də, lakin iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçası əsasında onun həmin dövr üzrə işləməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir; 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçının 01.01.2006-cı il tarixədək işlədiyi ümumi iş stajı mübahisələndirilir. Göründüyü kimi 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı X7 əmək kitabçası və əmək kitabçası olmadığı halda isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasına əsasən onun 28.09.1979cu il tarixdən 17.06.1980-cı il tarixədək “Pravdinskneft” Neft və Qazçıxarma İdarəsinin İşçi Təchizat Şöbəsinin bazasında yükvuran fəhlə, 19.01.1981-ci il tarixdən 23.01.1981-ci il tarixədək SSRİ Avtomobil Sənayesi Nazirliyinin “Soyuzavtobusprom” ümumittifaq sənaye Birliyinin Bakı İxtisaslaşdırılmış X2 hissələri sexinə ikinci dərəcəli dəlikaçan vəzifəsində çalışması, 09.03.1981-ci il tarixdən “Xüsusi Tikinti” BGİ-nin 4 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsinə əməyin işəmuzd ödənilməsi ilə ikinci dərəcəli köməkçi işçi vəzifəsinə qəbul edilməsi, 31.12.1981-ci il tarixdə ona üçüncü dərəcəli bənna ixtisas dərəcəsi verilməsi, 07.01.1982-ci il tarixdən 4 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsinin adının 07.01.1982-ci il tarixli 2 saylı əmrə əsasən “Yol-təmir tikinti” Dövlət Təbiəti mühafizə müəssisəsinin 4 saylı İTİ-ə dəyişdirilməsi, 23.01.1985-ci il tarixdən “Yol-təmir tikinti” Dövlət Təbiəti mühafizə müəssisəsi üzrə 23.01.1985-ci il tarixli, 14 saylı əmrə əsasən 4 saylı İTİ-nin adı “Yol-təmir tikinti” Dövlət Təmir Tikinti Təbiəti mühafizə müəssisəsinin 4 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinə dəyişdirilməsi, 13.01.1989-cu il tarixdən Azərbaycan KPMK və Azərbaycan SSR Nazirlər Şurasının 03.07.1987-ci il tarixli 249 saylı Qərarına əsasən 4 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinin adı 4 saylı X1 Təmir-Tikinti İdarəsinə dəyişdirilməsi, 01.04.1997-ci il tarixdə ixtisarla əlaqədar olaraq iddiaçının işdən azad edilməsi müəyyən edilmişdir. İddiaçının qeyd olunan idarədə işlədiyi dövr üzrə ümumi iş stajı hərbi xidmət dövrü də daxil olmaqla 20 il 2 ay 18 gün təşkil edir. Əmək kitabçası ilə iddiaçının həmin dövr üzrə işləməsi öz təsdiqini tapdığından, cavabdeh tərəfindən həmin dövrün nəzərə alınmaması əsassız olmuşdur və həmin dövr ümumi iş stajına hesablanmalıdır. Belə olan halda iddiaçının həqiqi hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla, iş materiallarında olan əmək kitabçası əsasında onun 57 yaşı tamam olduğu 14.01.2015-ci il tarixədək ümumilikdə 26 il 11 ay 7 gün ümumi iş stajının olması müəyyən edilir. Bu da qanunvericiliklə tələb edilən ümumi iş stajından artıq müddətdir. Məhkəmə kollegiyası iddiaçının ümumi iş stajının ən az 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına aid olub-olmadığının müəyyən edilməsi üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddiaçı iddia tələbi üzrə Bakı şəhəri XDS İK-nin Xüsusiləşdirilmiş Podrat Yol Təmir Tikinti Trestinin 4 saylı Yol Təmir Tikinti İdarəsində asfalt beton daşlarının quraşdırılması üzrə bənna (kamenşik) vəzifəsində işlədiyi peşənin zərərli işlərin 2 saylı siyahısının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində 2290000a-12680 kodla-bənna briqadalarında xüsusi bənna manqalarında daim işləyən bənna peşəsinə uyğun olmasını göstərərək, həmin dövrün güzəştli iş stajına hesablanmasını tələb etmişdir. İşdə olan əmək kitabçasından görünür ki, iddiaçı 31.12.1981-ci il tarixdən 01.04.1997-ci il tarixədək Bakı şəhəri XDS İK-nin Xüsusiləşdirilmiş Podrat Yol Təmir Tikinti Trestinin 4 saylı Yol Təmir Tikinti İdarəsində 3-cü dərəcəli bənna vəzifəsində işləmişdir. Məhkəmə tərəfindən iddiaçının iddia ərizəsində qeyd etdiyi Bakı şəhəri XDS İK-nin Xüsusiləşdirilmiş Podrat Yol Təmir Tikinti Trestinin 4 saylı Yol Təmir Tikinti İdarəsində işlədiyi bənna peşəsinin güzəştli iş stajı verən peşələrə aid olub-olmaması araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçının işlədiyi həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri adlı XXVİİ bölməsinin 2290000a kod nömrəli güzəştli iş stajı verən “fəhlələr” a yarımbəndinin 2290000a-12680 kod nömrəli bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar peşəsinə uyğundur və həmin peşə üzrə iddiaçının güzəştli iş stajı 15 il 03 ay təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı buna dair güzəştli arayış təqdim edə bilməsə də, göstərilən dövr ərzində, yəni idarədə bənna vəzifəsində işləməsi iş materiallarına əlavə edilmiş əmək kitabçası ilə təsdiq olunur. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının təqdim edilməsi onun işlədiyi həmin idarənin ləğv edilməsi səbəbindən mümkün deyildir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin imtinası əsaslı olmamış, işə baxan birinci instansiya məhkəməsi də iddiaçının tələbini qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının pensiya hüququ 14.01.2015-ci il tarixdə yaransa da, hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən əmək pensiyaları müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ötən dövr üzrə hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli 08 oktyabr 2020-ci il tarixli «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməsi qərara alınmışdır. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2- 1(112)-839/2020 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı inzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-839/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar