Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-713/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X6 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 10433/2024 saylı 11 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri X8 İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli 1/12 №-li qərarından çıxarışa əsasən X13 massivində 48 №-li bağ-tikinti kooperativinə üzv qəbul edilmiş və ona BTK nəzdində torpaq sahəsi ayrılmışdır. 20 avqust 1989-cu il tarixli 44 nömrəli Orderi ilə Bakı Şəhəri X8 İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli 1/12 №-li qərarına əsasən X3 48 №-li BTK-nın tərkibində Ləhiş massivində 0,12 ha torpaq sahəsi olan 4628 saylı bağ sahəsi ayrılmışdır. Eyni zamanda 20 avqust 1989-cu il tarixli 45 nömrəli Order ilə Bakı Şəhəri X8 İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli 1/12 №-li qərarına əsasən X3 48 №-li BTKnın tərkibində Ləhiş massivində 0,12 ha torpaq sahəsi olan 4627 saylı bağ sahəsi ayrılmışdır. İddiaçı həmin bağ sahələrinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, “idarənin arxiv məlumatlarına əsasən eyni Bağ-Tikinti Kooperativi nəzdində eyni nömrəli və tarixli qərarla “34” nömrəli order əsasında “4641” saylı torpaq sahəsi sizin adınıza daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, təqdim edilmiş orderlərin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır”. Həmin imtina məktubundan narazı qalan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ləyiş bağ massivində 4627 və 4628 saylı bağ torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 1989-cu ildə Bağlar İdarəsinin 48 saylı bağ tikinti kooperativindən Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ləyiş bağ massivində 4627 və 4628 saylı torpaq sahələrini alıb və həmin sahələrə 44 və 45 nömrəli orderlər verilmişdir. 1991-1992-ci illərdə iddiaçı tərəfindən həmin sahələr daş hasara alınıb, bir otaqlı ev tikilib və hal-hazırda da iddiaçı həmin bağda yaşayır. 2006-cı ildən Kürdəxanı bələdiyyəsi ilə müqavilələr əsasında torpaq və ev vergiləri bu vaxta qədər ödəmişdir. Həmçinin su, elektrik və qazdan istifadəyə görə də davamlı ödəmələr olunur. Sahələrin hər biri 12 sot olmaqla elektrik və qaz xətlərindən, dəmir yolundan kənardadır, başqa şəxslərin həmin sahələrə iddiaları yoxdur, sahələr abadlaşdırılıb, meyvə ağacları və üzüm tənəkləri əkilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsində hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından və torpaq sahələrinə dair ayrı-ayrılıqda koordinat cədvəli olmadığından sənəd üzrə torpaq sahəsinin yerləşməsini təyin etmək mümkün olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsinin şərq hissəsindən yüksək gərginlikli elektrik xəttinin keçdiyi məlum olmuşdur. Torpaq sahəsinin faktiki ölçüsü 0.2405 ha təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10433/2024 saylı 11 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı məxsus Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ləyiş bağ massivində 4627 və 4628 saylı torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Belə ki, əlavə olaraq bildirilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən eyni Bağ-Tikinti Kooperativi nəzdində eyni nömrəli və tarixli qərarla “34” nömrəli order əsasında “4641” saylı torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin təqdim edilən orderlərin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. İddiaçı tərəfinən şərti göstərilən torpaq sahəsində hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından və torpaq sahələrinə dair ayrı-ayrılıqda koordinat cədvəli olmadığından sənəd üzrə torpaq sahəsinin yerləşməsini təyin etmək mümkün olmamışdır. Torpaq sahəsinin faktiki ölçüsü 0.2405 ha təşkil edir. Bakı İnzibati Məhkəməsi tərəfindən bağ sahəsinin həqiqi yerləşməsi dəqiq müəyyən edilməmiş və torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus “4641” saylı torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınmışdır. “4627” və “4628” saylı torpaq sahələrinin hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamışdır və torpaq sahələrinə dair ayrı-ayrılıqda koordinat cədvəli mövcud deyil. Qeyd etmək lazımdır ki, Kürdəxanı bələdiyyəsi tərəfindən İddiaçı verilmiş yuxarıda qeyd olunan “4627” və “4628” saylı torpaq sahələrinə koordinatları göstərməklə xəritə verilmiş və həmin xəritə Bakı şəhər Bağlar idarəsi tərəfindən bağ sahələrinin planına uyğundur. Şikayətdə qeyd olunmuşdur ki, mütəxissislər tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsinin şərq hissəsində yüksək gərginli elektik xəttinin keçdiyi məlum olmuşdur. Bu məsələ ilə əlaqədar Azərişıq ASC-yə sorğu verilmiş və 23.01.25-ci il tarixdə Azərişıq ASC-nin nəzarət idarəsi tərəfindən verilmiş 13- 13/2-2/15-D-17841-5\2024 saylı arayışdan görünür ki, İddiaçı məxsus Kürdəxanı qəsəbəsi Ləyiş bağları ünvanında yerləşən bağ evi və torpaq sahəsi elektrik verilişi xəttinin istismarına maneçilik törətmir və həmin bağ sahəsinin qeydiyyata alınmasına etirazları yoxdur. Şikayətdə qeyd olunmuşdur ki, Bakı İnzibati Məhkəməsi tərəfindən bağ sahəsini həqiqi yerləşməsi dəqiq müəyyən edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixində 3-21-3-30/2-32232/2024 **********32 saylı məktubla Bakı İnzibati Məhkəməsinə göndərilən “4627” və “4628” saylı sahələrə aid 12 vərəqədən ibarət sənədlər arasında “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktında” qeyd edilmişdir ki “4628” və “4627” saylı bağ sahələri birlikdə ümumi hasarlar daxilindədir və həmin torpaq sahələrinin planı əlavə edilmişdir. Həmin xx.xx.2020-ci il tarixli aktda qeyd edilmişdir ki, bağ sahəsində heç bir tikili yoxdur, halbuki sonralar həmin sahədə ev tikilmiş, 1 saylı Bakı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən 2024-cü ildə baxış keçirilmiş, lakin akt iş materiallarına əlavə edilməmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2024-cü il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “ona məxsus Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ləyiş bağ massivində 4627 və 4628 saylı torpaq sahələrinə dair mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. İddiaçı həmin torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “idarənin arxiv məlumatlarına əsasən eyni Bağ-Tikinti Kooperativi nəzdində eyni nömrəli və tarixli qərarla “34” nömrəli order əsasında “4641” saylı torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və təqdim edilmiş orderlərin nüsxəsinin idarənin arxivində aşkar edilməməsi”nə istinad olunaraq tələbin təmin olunmasından imtina olunmuşdur. Həmin imtinadan narazı qalan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Hazırki işdə iddiaçının tələbinin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi çıxış edir. Həmin maddənin 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər...., 8.0.8-ci bəndinə görə isə bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsində qeyd olunmuşdu ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və ya bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər qismində: 1.4-cü bəndində rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Cavabdeh inzibati orqan imtina məktubunda əsas dəlil kimi “idarənin arxiv məlumatlarına əsasən eyni Bağ-Tikinti Kooperativi nəzdində eyni nömrəli və tarixli qərarla “34” nömrəli order əsasında “4641” saylı torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və təqdim edilmiş orderlərin nüsxəsinin idarənin arxivində aşkar edilməməsini” göstərmişdir. Cavabdeh iddiaya dair etiraz məktubunda və apellyasiya şikayətində əlavə imtina dəlili kimi “elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsində hasarlanma işlərinin bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığı, torpaq sahələrinə dair ayrı-ayrılıqda koordinat cədvəli olmadığından sənəd üzrə torpaq sahəsinin yerləşməsinin təyin edilməsinin mümkün olmaması, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsinin şərq hissəsindən yüksək gərginlikli elektrik xəttinin keçdiyinin məlum olması və torpaq sahəsinin faktiki ölçüsünün 0.2405 ha olması” kimi dəlillərini göstərmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla, yuxarıda da qeyd olunduğu kimi, iddiaçının tələbinin əsasını Bakı şəhəri X8 İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli 1/12 №-li qərarı və həmin qərar əsasında verilmiş 20 avqust 1989-cu il tarixli 44 və 45 nömrəli Orderlər təşkil edir. Həmin orderlərə əsasən X3 48 №-li BTK-nın tərkibində Ləhiş massivində hər biri 0,12 ha torpaq sahəsi olan 4627 və 4628 saylı bağ sahələri ayrılmışdır. Beləliklə, iş materiallarından müəyyən olunur ki, iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və çıxarışın verilməsini tələb etdiyi hər biri 0,12 ha olan 4627 və 4628 saylı bağ torpaq sahələri ilə bağlı hüquqmüəyyənedici sənədləri mövcuddur. Həmin sənədlərin nüsxəsinin İdarənin arxivində olmaması halı iddiaçının məsuliyyət sferasına aid deyil. Cavabdehin həmin dəlillər əsasında iddia tələbinin təmin olunmasından imtinası əsassız olmuşdur. “İddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsində hasarlanma işlərinin bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığı, torpaq sahələrinə dair ayrı-ayrılıqda koordinat cədvəli olmadığından sənəd üzrə torpaq sahəsinin yerləşməsinin təyin edilməsinin mümkün olmaması” barədə cavabdehin dəlilinə münasibətdə qeyd olunur ki, bu uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaq vəzifəsi cavabdeh inzibati orqana aid edilmişdir. Bundan başqa Kürdəxanı bələdiyyəsi tərəfindən İddiaçı verilmiş yuxarıda qeyd olunan “4627” və “4628” saylı torpaq sahələrinə koordinatları göstərməklə xəritə verilmiş və həmin xəritə Bakı şəhər Bağlar idarəsi tərəfindən bağ sahələrinin planına uyğundur. Koordinatlar aşağıdakı kimi göstərilmişdir. XY 411003.03 4491727.14 410961.60 4491712.78 410947.86 4491757.05 410989.45 4491770.76 48 №-li BTK-nın tərkibində Ləhiş massivində yerləşən bağların Planında 4625 və 4628 saylı bağlar da qeyd olunmuşdur. Məhkəmə kollegiyası “İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsinin şərq hissəsindən yüksək gərginlikli elektrik xəttinin keçdiyinin məlum olması” dəlilinə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasən torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Sözügedən normanın məzmunundan görünür ki, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətə verilməsində heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Eyni zamanda işin apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunan "xxxx" ASC tərəfindən iddiaçıya verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirtar Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli Qərarı ilə “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri ve həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair" Tələblərin 2.2 saylı bəndinə əsasən iddiaçıya məxsus Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağlar ünvanında yerləşən bağ evi və torpaq sahəsi 6 kV-lıq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir, qeyd olunan torpaq sahəsi və bağ evi elektrik verilişi xəttinin istismarına maneəçilik törətmir va qeydiyyata alınmasına etiraz edilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan məsələ ilə bağlı göstərdiyi dəlil əsassızdır və bu dəlil iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənədləri təqdim etdiyi halda onun mülkiyyət hüququnun qeydə alınıb, daşınmaz əmlakın dövlət reyestrindən adına çıxarışın verilməsindən imtina edilməsi üçün əsas ola bilməz. Oxşar işlər üzrə kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi də qərarlarında belə əsaslandırılmışdır (2-1(102)-445/2021 saylı xx.xx.2021-ci il tarixli qərar). Beləliklə, iş üzrə aydın oldu ki, iddiaçının iddia etdiyi bağ torpaq sahələrinin onun adına rəsmiləşdirilməsi ilə bağlı cavabdeh qurumun verdiyi imtinada göstərdiyi dəlillər əsassız olmuşdur. Digər tərəfdən, iddiaçının iddia etdiyi torpaq sahələri hər hansı şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür və həmin torpaq sahəsinə heç kimin tələbi də yoxdur. Bu faktı təkzib edə biləcək hər hansı sübut cavabdeh qurum tərəfindən məhkəmə araşdırmaları zamanı təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7, 8.0.8 və 10.2.1-ci maddələrinə əsasən hər iki bağ torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan hər iki bağ torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə qeyd olunur ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10433/2024 saylı 11 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X10 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-713/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-713/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver