Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-714/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Hüseyn Aida Əli qızı və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs: Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti) qarşı mənzilə mülkiyyət hüquqlarının qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2-1(112)-3205/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2-1(112)-3205/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməmişdir (hakim Ş.Həsənova). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 52, 46 A saylı mənzilinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 01 dekabr 1998-ci il tarixdən 01 noyabr 2013-cü il tarixə qədər Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 35 saylı Mənzil-Kommunal İstismar Sahəsində fəhlə vəzifəsində işlədiyinə görə ona Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən 2006-cı ildə Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 52, 46 A saylı mənzil istifadəsinə verilərək ailə üzvlərində birlikdə həmin mənzilə köçüb orada yaşayıb ümumi təsərrüfat aparmışlar. Həmin vaxtdan o, oz ailə üzvləri ilə həmin mənzildə yaşayır, daimi pasport qeydiyyatındadır, mənzil haqqını və kommunal xidmətlər üzrə bütün xərcləri ödəyir. Buna görə də həmin mənzilə onunla kirayə müqaviləsinin bağlanması üşün Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısına müraciət etmişdir. Həmin müraciətinə əsasən 2006-cı ildən həmin mənzildə yaşadığını nəzərə alaraq Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 07 sentyabr 2016- cı il tarixli, 288 saylı Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, 52 saylı evin 46 A saylı mənzilinin kirayə müaviləsinin onun adına bağlanması haqqında sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, İ. Dadaşov küçəsi, 52 saylı evin ümumi sahəsi 23,0 kv.m., yaşayış sahəsi 16,5 kv.m. olan 1 otaqlı 46 A saylı mənzilə dair adına icarə müqaviləsi bağlanmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir. Həmin sərəncamın 4-cü bəndinə əsaslanaraq ünvan 1 ünvanda yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsini cavabdehdən xahiş etsə də, 17 yanvar 2020-ci il tarixli məktubu ilə müraciətinə imtina etmişdir. Həmin məktubu poçt vasitəsi ilə 24 yanvar 2020ci il tarixdə almışdır. Hesab edir ki, həmin imtina əsassız və qərəzli olmaqla onun mülkiyyət hüquqlarını pozmuş olur. Belə ki, 01 dekabr 1998-ci il tarixdən 01 noyabr 2013-cü il tarixə qədər Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 35 saylı Mənzil-Kommunal İstismar Sahəsində fəhlə vəzifəsində işlədiyinə görə ona Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən 2006-cı ildə Bakı şəhəri, Nərimanov rayonu, İ Dadaşov küçəsi, ev 52, 46 A saylı mənzil istifadəsinə verilərək ailə üzvləri ilə birlikdə həmin mənzilə köçüb orada yaşayıb ümumi təsərrüfat aparmışlar. Hal-hazırda o, oz ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır, daimi pasport qeydiyyatındadır, mənzil haqqını və kommunal xidmətlər üzrə bütün xərcləri ödəyir. Sözügedən mənzilə dair müvafiq müqavilə "sosial kirayə müqaviləsi" deyil, "kirayə müqaviləsi"dir. Bundan başqa ünvan 1 ünvanda yerləşən mənzilinə dair kirayə müqaviləsinin bağlanması haqqında Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 288 saylı sərəncamı 07 sentyabr 2016-cı il tarixdə verilsə də belə mənzil münasibətləri 01 oktyabr 2009-cu il tarixdən əvvəlki dövrə təsadüf etdiyindən, yəni 2006-cı ildən istifadəsinə verildiyindən, həmin mənzil Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinin tələblərinin tətbiq dairəsinə düşmür. Məhkəmənin 13.02.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçı izahatında göstərmişdir ki, Bakı İnzibati Məhkəməsi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1, 59.1, 59.4,146.2-ci maddələrinə tam qanunsuz, əsassız və qərəzli olaraq istinad edib qəbul etdiyi 2-1(112)-3205/2020 saylı, 22 oktyabr 2020-ci il tarixli Qərarı ilə onun Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası İnzibati - Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununun, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri ilə və Azərbaycan Respublikası 2009-cu il oktaybrın 1-də qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsində göstərilən hüquqlarını kobud şəkildə pozaraq düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası 2009-cu il oktaybrın 1-də qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsində əsasən, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 01 oktyabr 2009-cu il tarixədə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin üçüncü bölməsinin (sosial kirayə müqaviləsi ilə verilənyaşayış sahələri) vıı fəsilinin (sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin verilməsi qaydası və əsasları), vııı fəsilinin (yaşayış sahəsinin sosial kirayəsi) dördüncü bölməsinin (xüsusi təyinatlı mənzil fondu) ıx fəsilinin (xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələri) X fəsilinin (üsusi təyinatlı yaşayış sahələrinin verilməsi və onların istifadə edilməsi) sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilməsi, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilməsi, yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması, vətəndaşların sosial ükirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları, yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması, yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin verilməsi, yaşayış sahəsinin sosial kirayə müqaviləsinin şərtləri, sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən istifadə qaydaları, Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin forması, xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri, xidməti yaşayış sahələrinin təyinatı, xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi üçün əsasları, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin bağlanması və s. müvafiq maddələri ilə tənzimlənir və mənə həmin mənzilin verilməsinə heç bir aidiyyəti yoxdur və həmin mənzil ona göstərilən Məcəllənin üçüncü bölməsində (sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahələri) və dördüncü bölməsində (xüsusi təyinatlı mənzil fondu) göstərilən əsaslarla verilməyib. Buna görədə məhkəmənin həmin Məcəllənin 142.2ci maddəsinə istinad edib iddiamı təmin etməməsi tam qanunsuz, əsassızdır və qərəzlidir. Sözügedən mənzilə dair müvafiq müqavilə "sosial kirayə müqaviləsi" deyil "kirayə müqaviləsi"dir. Bundan başqa ünvan 1 ünvanda yerləşən mənzilinə dair kirayə müqaviləsinin bağlanması haqqında Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 288 saylı Sərəncamı 07 sentyabr 2016-cı il tarixdə verilsədə belə mənzil münasibətləri 01 oktyabr 2009-cu il tarixdən əvvəlki dövrə təsadüf etdiyindən, yəni 2006-cı ildən istifadəsinə verildiyindən, həmin mənzil Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsində göstəriliən üçüncü bölməsinin (sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahələri) dördüncü bölməsinin (xüsusi təyinatlı mənzil fondu) tələblərinin tətbiq dairəsinə düşmür. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 288 saylı, 07 sentyabr 2016- cı il tarixli Sərəncamın birinci cümləsində görünür ki, o, İ. Dadaşov küçəsindəki 52 saylı evin 46 A saylı mənzilində uzun müddət yaşadığını nəzərə alıb onun adına həmin mənzilinə kirayə müqaviləsinin bağlanması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon icra Hakimiyəti həmin mənzili 1998-ci ildən Nərimanov rayon 35 saylı MKİS-də fəhlə işlədiyinə gorə 2006-cı ildə ona verilməsi və həmin mənzildə həmin vaxtdan ailə üzvü ilə köçüb orada yaşamağı və 2006-cı ildən həmin mənzilin kommunal xərclərini ödəməyi və hal-hazırda kommunal xidməti borcunun olmaması Bakı şəhəri Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 35 saylı Mənzil Kommunal İstismar Sahəsinin 35/132 saylı, 06 fevral 2020-ci il tarixli arayışı ilə tam subut olunur. Bakı şəhəri, Nərimanov rayonu, İ. Dadaşov küçəsi, ev 52, 46 A mənzilə münasibət 2006- cı idə yaranıb. (01 oktyabr 2009-cu il tarixədək). Məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozaraq, mübahisəni kifayət qədər araşdırmadan və prosessual qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsindən kənara çıxaraq qanunsuz nəticəyə gəlmiş və istər milli və istərsədə Beynəlxalq hüquq normaları ilə qorunan hüquqlarını pozaraq ziyanımıza olan qərar qəbul etmişdir. İnsan Hüquqları üzrə X1rşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. Buna görə də məhkəmənin sözügedən qərarı əsaslandırılmış və kifayətedici hesab edilə bilməz və buna görədə ləğv edilməlidir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsi tərəfindən 28.10.2016-cı il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildə Füzuli şəhərində doğulmuşdur. Yaşayış yeri ünvan 1 ünvanıdır. -ASAN 1 tərəfindən 16.03.2017-ci il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE 16581733 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 10.11.1981-ci ildə Füzuli rayonu, Şükürbəyli kəndində doğulmuşdur. Yaşayış yeri Füzuli rayonu, Şükürbəyli kəndidir. - Füzuli rayon VVAQ Şöbəsinin İİ-AZ 038718 №-li, 03.10.2002-ci il tarixli nikahin bağlanması haqqında şəhadətnamənin notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X4 ilə 03.10.2002-ci il tarixdə nikah bağlamışlar. - İddiaçıya məxsus 083194 №-li, 21.12.1998-ci il tarixli əmək kitabçasının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01.12.1998- 01.07.2006, 02.10.2006-01.05.2009 və 01.04.2010-01.10.2013-cü il tarixlərədək Bakı şəhəri Nərimanov rayonu 35 saylı MKİS-də fəhlə, çilingər vəzifələrində işləmişdir. - Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyətinə ünvanlanmış x/0-197 №-li, 18.08.2016-cı il tarixli məktubundan görünür ki, İddiaçı 1998-2013-cü illər ərzində tabeçiliklərindəki 35 saylı Mənzil-Kommunal İstismar Sahəsində çilingər işləmiş və həmin tarixdən etibarən İ.Dadaşov küçəsi, ev 52, mənzil 46a ünvanında ailə üzvləri ilə birlikdə qeydıyyatsız yaşayır. İşlədiyi müddət ərzində o, özünü müsbət tərəfdən göstərmiş və verilmiş tapşırıqların öhdəsindən vaxtında gəlmişdir. İşlədiyi dövr ərzində onun nümunəvi işçi olduğunu və uzun illərdir həmin ünvanda yaşadığını nəzərə alaraq O.C.Nəbıyevin yaşadığı mənzilə kirayə müqaviləsinin bağlanılmasına köməklik göstərilməsi xahiş edilmişdir. - Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının “İ.Dadaşov küçəsindəki 52 №-li evin 46 A №-li mənzilinin kirayə müqaviləsinin vət. İddiaçı adına bağlanması haqqında” 288 №-li, 07.09.2016-cı il tarixli sərəncamından görünür ki, İ.Dadaşov küçəsindəki 52 №-li evin ümumi sahəsi 23,0 kvm., yaşayış sahəsi 16,5 kv.m. olan 1 otaqlı 46 A №-li mənzilinə alə tərkibi 1 nəfər olmaqla (özü) vət. İddiaçı adına kirayə müqaviləsinin bağlanması və onun həmin mənzilin icarədarı hesab edilməsi, vətəndaş İddiaçı qeyd edilən ünvana pasport qeydiyyatına alınmasının Nərimanov RPİ-nin Qeydiyyat və şəxsiyyət vəsiqələri bölməsinə həvalə edilməsi, İddiaçı ilə həmin mənzilə kirayə müqaviləsinin bağlanılması və onun adına şəxsi maliyyə hesabının açılmasının 35 №-li MKİS-ə tapşırılması, sərəncamın 1-ci bəndinə uyğun olaraq İddiaçı adına mövcud vəziyyətdə texniki pasport tərtib edilməsi və qeydiyyat vəsiqəsinin verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə tövsiyyə olunması qərara alınmışdır. - Kirayədar Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 35 saylı MKİS ilə kirayəçi İddiaçı arasında bağlanmış 07.09.2016-cı il tarixli dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında birtipli müqaviləsindən görünür ki, Nərimanov rayon İcra Başçısının 288 №-li, 07.09.2020-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 52 nömrəli evin 1 otaqlı, yaşayış sahəsi 16,3 kv.m. (ümumi 23 kv.m.) 46A nömrəli mənzildə ümumi sahəsi 23 kv.m. yaşayış sahəsini müddətsiz istifadə üçün kirayəçi İddiaçı verilmişdir. - Bakı şəhəri, Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 35 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 25/133 №-li, 06.02.2020-ci il tarixli Forma 2 arayışından görünür ki, 0631Q şəxsi maliyyə haqq-hesabı 07.09.2016-cı ildə açılmışdır. İddiaçı ünvan 5 ünvanında 2016-cı il tarixdən, həyat yoldaşı X4 2017-ci il tarixdən, oğlu X6 2016-cı il tarixdən, oğlu X7 2016-cı il tarixdən qeydiyyatdadırlar. - Bakı şəhəri, Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 35 saylı Mənzil Kommunal İstismar Sahəsinin 35/132 №-li, 06.02.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, 52 №-li evin 46a №-li mənzilində pasport qeydiyyatdadır. 1998-ci ildən 2014-cü ilə gədər ünvan 6 ünvanda ailəsi ilə birlikdə yaşayırlar və mənzilin kommunal xərclərin özü ödəyib. Halhazırda kommunal xidməti borcu yoxdur. - X3 notarial qaydada təsdiq edilmiş 06.02.2020-ci il tarixli ərizəsindən görünür ki, X4 ünvan 5 ünvanında yerləşən mənzilin əri İddiaçı adına sənədləşdirilməsinə, özəlləşdirilməsi və çıxarış almasına etiraz etmir. - Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının müavininin 1/487 №-li, 22.07.2020-ci il tarixli məhkəməyə ünvanlanan məktubdan görünür ki, Nərimanov RİH başçısının 07.09.2016-cı il tarixli 288 №-li Sərəncamı ilə İddiaçı mübahisə predmeti olan yaşayış sahəsinin kirayəçisi hesab edilmişdir. Sərəncamın 3-cü bəndinə əsasən sözügedən yaşayış sahəsi üzrə mənzil-kirayə müqaviləsinin İddiaçılə bağlanması və onun adına maliyyə-şəxsi hesabının açılması ərazi aidiyyətli 35 №-li MKİS-ə həvalə edilmiş və həmin bəndin icrası 35 №-li MKİS tərəfindən təmin edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanan **********22 №-li, 17.01.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı adına Bakı şəhəri, Nərimanov rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş 288 saylı sərəncamının 07.09.2016-cu il tarixdə verildiyi müəyyən edilmişdir. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - 59.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin – vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. - 59.4-cü maddəsinə görə sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. - 146.1-ci maddəsinə görə bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar. - 146.2-ci maddəsinə görə «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. - 146.3-cü maddəsinə görə bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarnın, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. - 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir - 5-ci maddəsinə görə mənzillər (evlər), özəlləşdirilməsi üçün müraçiət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. - 9-cu maddəsinin 1-ci hissəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 8.0.11-ci maddəsinə görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Göründüyü kimi sadalanan qanunvericilik normalarına, o cümlədən «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci, 5-ci və 9-cu maddələrinə əsasən 01.10.2009-cu il tarixədək krayə müqaviləsi əsasında vətəndaşların istifadəsində olan dövlət mənzil fonduna aid mənzillərinin orada yaşayan yetkinlik yaşına çatan şəxslərin razılığı ilə (bu, işin mübahisəli hallarına aid deyil) onların mülkiyyətinə verilməsi imkanını nəzərdə tutur və həmin mülkiyyət hüquqlarının qeydiyyatının aparılması səlahiyyətlərini DƏDRX-ə həvalə etmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, 01.10.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına görə «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu 01.10.2009-cu il tarixdən sonra vətəndaşlara həmin Məcəlləyə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Həmin (qeyd olunan tarixdən sonrakı dövrdə verilən sosial və xüsusi təyinatlı) mənzillərin özəlləşdirilməsi başqa qaydada həyata keçirilə bilər. Belə olan halda, birinci instansiya məhkəmənin qənaətinə görə İddiaçı (mənzildə yaşayan şəxslərin razılığı olsa belə) Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, 52 №-li evin 46A №-li mənzilinə mülkiyət hüquqlarının qeydiyyata alınması yolverilən deyil. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanuna zidd qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2-1(112)-3205/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-714/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-714/2021
30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver