Məhkəmə qərarları › İş №2-1(103)-714/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-714/2022

09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-714/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması, düzgün hesablanmama nəticəsində alınmamış pensiya məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3730/2021 saylı, 29.09.2021-ci i il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.09.1983-cü il tarixdən 15.07.1984-cü il tarixədək aldığı peşə təhsili müddətinin sosial sığorta stajına daxil edilməsi, iş stajına və alınan əmək haqqına müvafiq olaraq pensiyanın yenidən hesablanması və pensiyanın düzgün hesablanmaması nəticəsində alınmamış pensiya məbləğinin birdəfəlik ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər sırasından əsl cavabdeh olmayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinin çıxarılmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, O, xx.xx.1963-cü il tarixdə İsmayıllı rayonunda anadan olmuşdur. 01.09.1983-cü il tarixdən 15.07.1984-cü il tarixədək 62 saylı Texniki Peşə məktəbində təhsil almışdır. 16.07.1984-cü il tarixdə “Azon” zavoduna mikrosxemlərin və cihazların yığıcısı peşəsinə işə qəbul olunmuş və 06.05.2005-ci il tarixdə işdən azad olunmuşdur. İşlədiyi bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarının 2 saylı siyahısının XVİ bölgüsünə, istehsalatda zərərli maddələrlə işləyən sahəyə: şifr 2170200a, kod 18138-ə və 23.01.2007-ci il tarixli 12 saylı qərarının 13.1 (a) bölməsinə daxildir. 52 yaşı tamam olduqdan sonra ona Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 22 sentyabr 2016-cı il tarixli 1927 saylı qərarı ilə 30.12.2015-ci il tarixdən etibarən 143,40 (yüz qırx üç manat 40 qəpik) manat məbləğində ömürlük pensiya təyin edilmişdir. Pensiya təyin olunarkən peşə məktəbində aldığı təhsil müddəti iş stajına daxil edilməmiş, pensiyanın məbləği hesablanarkən əmək haqqı nəzərə alınmamış, hüquqları pozulmuşdur. Yol verilən hüquq pozuntularının aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə müraciət etsə də bugünədək müraciətinə heç bir münasibət bildirilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Baki İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci tarixli, 2-1(112)-3730/2021 saylı qərardadı ilə iddiaçının iddia tələbi üzrə “01.09.1983-cü il tarixdən 13.07.1984-cü il tarixədək peşə təhsili müddətinin sosial sığorta stajına daxil edilməsi və pensiyanın yenidən hesablanması” hissəsində iş üzrə icraata xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3730/2021 saylı, 29.09.2021-ci i il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3730/2021 saylı, 29.09.2021-ci i il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmamasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 16.07.1984-cü il tarixdən 06.05.2005-ci il tarixədək “AZON” zavodunda zərərli işdə işləmiş və bu fəaliyyət növü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarının 2 saylı siyahısının XVİ bölgüsünə, istehsalatda zərərli maddələrlə işləyən sahəyə: şifrə 2170200а, kod 18138-ə və 23.01.2007-ci il tarixli 12 saylı qərarının 13.1 (a) bölməsinə daxildir. İşin bu halı cavabdehin nümayəndəsinin yerində yoxlama keçirdikdən sonra tərib etdiyi AKT-la da öz əksini tapır. İddiaçı pensiya hüququnu məhkəmənin qeyd etdiyi kimi 2010-cu il tarixdən sonra deyil, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası qanunu qüvvəyə minənə qədər, yəni 2005-ci il tarixdə əldə etmişdir. Həmin tarixədək o, həm 20 il ümumi iş stajını, həm də 10 il xüsusi stajı toplamışdır. Deməli iddiaçı tərəfindən hər iki şərt 2005-ci ildə yerinə yetirildiyindən o, pensiya hüquqnu qazanmışdır. Sadəcə qanunun tələbinə görə 52 уaşı tamam olduqdan sonra ona pensiya təyin ediləcəyi nəzərdə tutulduğundan ona pensiya 30.12.2015-ci il tarixdə təyin edilmişdir. Lakin bu o anlama gəlməməlidir ki, iddiaçı pensiya hüququnu 2015-ci ildə qazanmışdır. Artıq qanun dəyişilənədək iddiaçı pensiya hüququnu qazanmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3730/2021 saylı, 29.09.2021-ci i il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı pensiyaçıdır. Müraciəti əsasında 30.12.2015-ci il tarixdən pensiya təyin edilmişdir. Son olaraq 02.06.2021-ci il tarixdən yenidən hesablanma nəticəsində 259,78 manat pensiya hesablanmışdır. İddiaçı texniki peşə təhsilli bir işçi kimi uzun illər ağır şəraitdə, zərərli sahədə çalışdığını, həmin müddət ərzində yüksək əmək haqqı aldığını bildirərək, hazırki əmək pensiyasının əmək haqqına əsasən hesablanmasını xahiş edir. Əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana müraciət etmiş, inzibati orqan müraciəti təmin etməmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “1 yanvar 2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək "Əmək pensiyaları haqqında" Qanunun 10.2, 27-ci maddələrini, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında" Qanunun 10.2, 27-ci maddələrini tətbiq etməklə belə qərara gəlmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə etməsi hər bir halda 01.01. 2010-cu il tarixdən sonrakı dövrə -30.12.2015-ci il tarixə təsadüf edir və iddiaçı isə qanuna müvafiq dəyişikliyin edildiyi 01.01.2010-cu il tarixədək qazanılmış pensiya hüququ əldə etmədiyindən, 01.01.2010-cu il tarixdən sonra yaranmış pensiyanın məbləği isə həmin tarixdən qüvvədə olan qanunvericiliyə uyğun olaraq hesablanmadığından, iddiaçının tələbi əsassızdır. Ona görə də iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, iddiaçı apellyasiya şikayətində "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsaslanaraq qeyd etmişdir ki, iddiaçının 52 yaşı 2015-ci ildə tamam olmasına baxmayaraq tam əmək stajını 01.01.2006-cı ilədək topladığından o, əmək pensiyası hüququnu həmin dövrdə əldə etmişdir. Ona görə də pensiya həmin dövrdə qüvvədə olmuş qanunvericiliklə nəzərdə tutulmuş qaydada hesablanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə əsasə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normalara əsasən müəyyən olunur ki, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün şəxsin staja malik olması ilə yanaşı, o, həm də pensiyaya imkan verən yaş həddinə də çatmalıdır. Qanunun 9-cu maddəsində isə pensiyaların yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməsi nəzərdə tutulmuşdur. Yəni, 01.01.2006-cı ilədək iddiaçı 20 il sığorta stajına və 10 il güzəştli staja malik olduğu halda ona yaşa görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq olaraq 52 yaşına çatdıqda onun pensiya hüququ yaranır. İddiaçının 52 yaşı 2015-ci ildə tamam olduğundan, onun pensiya hüququ da həmin vaxt yaranmışdır. Belə olan halda ona pensiyanın təyin olunma qaydası da həmin vaxt qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun surətdə təyin olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı hüququ pozulmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3730/2021 saylı, 29.09.2021-ci i il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar