Məhkəmə qərarları › İş №2-1(103)-714/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-714/2023

27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-714/2023 27.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə X3 qızının katibliyi ilə, Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması, yaranmış fərq məbləğinin ödənilməsi və vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3838/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsinə aparılan icraat : İddiaçı məhkəməyə müraciət edərək ona hüququnun yarandığı gündən, yəni 29 sentyabr 2020-ci ildən 47 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərq məbləğinin və ona vurulmuş maddi və mənəvi ziyana görə 5000 manat məbləğində təzminatın ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1973-cü ildə anadan olmuş və 47 yaşı tamam olana kimi 30 il ümumi və 23 il 10 ay güzəştli iş stajı vardır (xx.xx.1990xx.xx.1993, xx.xx.1993-xx.xx.1996-a kimi ümumi, xx.xx.1996-cı ildən hal - hazıra kimi Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsində hava hərəkəti idarə edilməsi dispetçeri vəzifəsində güzəştli iş dövrü). Ümumi iş stajının 15 il 03 ayı (xx.xx.1990 - xx.xx.1993, 20.12,1993— xx.xx.2006), güzəştli iş stajının isə 09 il 06 ayı (xx.xx.1996 - xx.xx.2006 - cı illər). 01 yanvar 2006-cı ilə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı” haqqında qanunun 13–cü maddəsinin “a” bəndinə əsasən AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısında təsdiq edilmiş XXİ Nəqliyyat bölməsinin 3-cü bəndinin 12003000-17541 koduna müvafiq olaraq hava hərəkəti idarəetmə dispetçeri kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajıdır. “Əmək pensiyaları haqqında” qanunun 9.8 və 9-cu maddəsində göstərilən işlərdə, bu qanunun qüvvəyə mindiyi günədək, yəni 01 yanvar 2006-cı ilə kimi güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı ( 15 il 03 ay ümumi və 09 il 06 ay güzəştli) olduğuna görə, əvvəllər qüvvədə olmuş Vətəndaşların pensiya təminatı haqqında qanunun 13-cü maddəsinin “a” bəndində müəyyən edilmiş tələblərə müvafiq olaraq hüququ yaranan 29 sentyabr 2020-ci ildən yəni 47 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və yaranacaq fərq məbləğinin ödənilməsi üçün 10 sentyabr 2021-ci ildə DOST xidməti vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etdi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9,8 və 9 maddələrinin tələbinə əsasən qanunun 32.1 və 32.1.1 maddələri ilə, 01 yanvar 2006-cı ilə kimi 15 il 03 ay ümumi və 09 il 06 ay güzəştli iş stajı olduğuna görə ona güzəştli şərtlərlə əmək pensiyasına hüququ yarandığı 29 sentyabr 2020-ci ildən yəni 47 yaşından pensiya təyinatı aparılmalıdır. Eyni zamanda cavabdehin ona qanuni hüququ olan pensiyanın, qanunsuz və əsassız olaraq təyin etməməsi, ona cox böyük mənəvi və maddi ziyan vurmuşdur. Onların bu özbaşına hərəkətlərindən çox pis əsəb, mənəvi sarsıntı və iztirab keçirmişdir. İş üzrə cavabdeh onun iş şəraitini, buna görə qanunla xüsusi olaraq güzəştlərin nəzərdə tutulduğunu bilə-bilə nəzərə almaması iddiaçıda qanunlara inamsızlıq yaratmışdır. İddiaçı hesab edir ki, cavabdehdən bu qanunsuz hərəkətləri nəticəsində ona vurduğu mənəvi və maddi ziyana görə 5000 manat məbləğində təzminatın alınaraq ona ödənilməsi barədə qərar da çıxarılmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3838/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı 47 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh tərəf apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim olunan sənədlərə əsasən, iddiaçının yaşı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “q” bəndinə uyğun olaraq tələb olunandan az olduğuna, eyni zamanda xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 20 ildən (15 il 03 gün 19 gün (xx.xx.1990-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1996-cı il və xx.xx.1996-31,12.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 10 ildən az (09 il 06 ay 29 gün( xx.xx.1996- 31,12.2005-ci il tarixləri arasındakı dövr)) olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu, bu səbəbdəndə ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 01 yanvar 2006-cı ilə kimi 15 il 03 ay ümumi və 09 il 06 ay güzəştli iş stajı olması əsası ilə ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə onun 2006-cı ilin yanvar ayına kimi 20 ildən az cəmi 15 il 03 ay 19 gün ümumi və 09 il 06 ay 29 gün güzəştli iş stajının olduğunu bildirərək pensiya təyinatından imtina etmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəməsi tərəfindən mübahisəli məsələ iddianın qismən təmin edilməsilə, yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən, Hər kəsin sosial təminat hüququ vardır. ... Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan redaksiyasının 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin q) bəndinə əsasən: Dispetçer şəhadətnaməsi olun hava hərəkətini idarə edən qadınlar 50 yaşına çatdıqda, azı 20 il ümumi iş stajı olduqda və bu müddətin azı 10 ilini bilavasitə hava gəmilərinin uçuşlarını idarəetmə işlərində çalışırlarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Beləliklə, yuxarda qeyd edilən normalardan da görünür ki, iddiaçıya hazırkı iddia tələbi ilə pensiya təyin edilməsi üçün 2 əsas şərt mövcuddur : 1) xx.xx.2006-cı il tarixədək 15 il iş stajı və bu müddətin azı 7 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlərdə işləməsi 2) İddiaçının 47 yaşa çatması İş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1973-cü il təvəllüdlüdür, onun xx.xx.2020-ci il tarixdə 47 yaşı tamam olmuşdur. Digər tələb (ümumi və güzəştli iş stajı) ilə bağlı isə Kollegiya bildirir ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.2006-cı il tarixədək 15 il 03 gün 19 gün ümumi iş stajı və 09 il 06 ay 29 gün güzəştli iş stajının olduğu bildirilir, yəni qeyd edilən hallar cavabdeh tərəfindən mübahisələndirilmir, eyni zamanda məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmışdır. Apelyasiya şikayətindən görünür ki, cavabdeh “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin q bəndinə istinad edərək, iddiaçının yaşının, ümumi və güzəştli iş stajının tələb olunandan az olduğunu bildirir. Bununla bağlı Kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdehin istinad etdiyi normaya əsasən iddiaçıya pensiya təyin edilməsi qanunidir. Lakin həmin maddənin a bəndinə əsasən də iddiaçıya pensiyanın təyin edilməsi qanuna zidd hesab olunmur. Belə olduğu halda Kollegiya hesab edir ki, iddiaçıya onun vəziyyətini ağırlaşdıran (yaş həddi və staj tələbi daha yüksək olan) “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “q” bəndi əvəzinə, həmin maddənin “a” bəndinin tətbiq olunması Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikasının Konstitusiyasının məqsəd və prinsiplərinə uyğun olaraq daha məqsədəmüvafiq hesab olunur. İş materiallarından müəyyən edilir ki, iddiaçının Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçi kimi yerinə yetirdiyi iş Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 saylı qərarının XXİ Nəqliyyat bölməsinin 3-cü bəndinin 12003000-17541 kodunda göstərilən Hava hərəkətini idarə edən dispetçer vəzifəsinə uyğundur və qeyd edilən hal iş yerindən arayışlada öz təsdiqini tapır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Doğrudur, yuxarda qeyd edilən hüquq norması geriyə qüvvə ilə bağlı olsa da, normanının məzmunundan görünür ki, vətəndaşın vəziyyətini yüngülləşdirən hüquqi aktların geriyə tətbiq edilməsinə icazə verilərək, vətəndaşın vəziyyətinin yaxşılaşdırılmasına üstünlük verilmiş, ağırlaşdıran normativ hüquqi aktların geriyə tətbiqinə qadağa qoyulmuşdur. Hazırkı vəziyyəti nəzərə alaraq qeyd olunmalıdır ki, cavabdehin istinad etdiyi maddənin “q” bəndi həmin maddənin “a” bəndi ilə müqayisə edildikdə iddiaçının vəziyyətinin ağırlaşmasına səbəb olur. Bundan əlavə hansı səbəbdən iddiaçının vəziyyətini ağırlaşdıran bəndin tətbiq edilməli olduğu cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsi, nədə apelyasiya instansiya məhkəməsi araşdırması zamanı əsaslanıdırlmamışdır. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı ilə eyni vəziyyətdə işləyən X1 və X2 cavabdehin özü tərəfindən, digər şəxslərə isə məhkəmə qərarı əsasında cavabdeh tərəfindən Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısının XXl-Nəqliyyat bölməsinin **********541 nömrəli koduna uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən : İ Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilməsinə dair yekun nəticəyə gəlinərkən prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, işin halllarına aid olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir. “İnzibati icraat haqqında” AR Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, cavabdehin apelyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Aapelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-3838/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Səadət Bəktaşi Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar