Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-714/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “çıxarışın və texniki pasportun verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), X3 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi) qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9306/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. Bakı şəhər Sabunçu rayonu, Kürdəxanı Bələdiyyəsinin (bundan sonra – üçüncü şəxs) xx.xx.2007-ci il tarixli, 1416a saylı Qərarı ilə İddiaçı (bundan sonra – iddiaçı) Kürdəxanı qəsəbəsi cənub-şərq hissədə yerləşən 1200 kv.m torpaq sahəsinin icarəyə verilməsi qərara alınmışdır.
2. Bələdiyyə ilə iddiaçı arasında xx.xx.2007-ci il tarixdə 10 il müddətində torpağın icarəyə verilməsinə dair müqavilə bağlanmışdır.
3. İddiaçı (nümayəndəsi vasitəsi ilə) həmin torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir.
4. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…qeyd edilən torpaq sahəsi ilə bağlı bələdiyyənin mülkiyyət hüququ qeydə alınmamış və icarə müqaviləsinin müddəti bitmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbə bələdiyyəsi ərazisində yerləşən, bələdiyyəyə məxsus və hazırda icarəsində olan 0.12 ha bağ torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında ərizə təqdim edərək iddiaçı X1 əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iş üzrə əsl olmayan iddiaçı X4, əsl İddiaçı ilə əvəz edilmişdir.
7. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Sabunçu rayonu, Kürdəxanı Bələdiyyəsinin 1416a saylı icarə müqaviləsi əsasında iddiaçının itifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbə, Cənub-Şərq hissəsində yerləşən 1200 kv.metr, 27 № li torpaq sahəsinin iddiaçının adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
8. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq sahəsini abadlaşdırmış, həmin sahəni daş hasara almış, torpaq sahəsində çoxlu sayda meyvə ağacları əkmiş, bağ sahəsinə külli miqdarda maliyyə vəsaiti sərf etmişdir. İcarə müqaviləsində nəzərdə tutulan bütün ödənişləri ödəyir. Hazırda torpağın icarə müqaviləsi davam edir. Vergini və torpağın icarə haqqını vaxtında ödəyir. Cavabdehin imtinası onun insan və vətəndaş hüquqlarını pozur, eyni zamanda qeyd etdiyi məsələyə laqeyd yanaşılmadan savayı heç bir əhəmiyyət kəsb etmir.
9. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına əsasən qeyd edilən torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənədlərin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Torpaq sahəsinin faktiki ölçüsü 530 kv.m təşkil etməklə torpaq sahəsi bağ massivində yerləşir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9306/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilən sənədlərdə bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması ilə bağlı iclas keçirməsi, bu barədə qərar qəbul edilməsi, torpaq sahəsinin ayrılması ilə bağlı rəyin alınması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilməsi müəyyən edilməmişdir.
13. Bundan başqa iddiaçının təqdim etdiyi icarə müqaviləsindən görünür ki, torpaq 10 il müddətinə iddiaçıya icarəyə verilmişdir. Müqavilənin müddəti xx.xx.2017-ci ildə başa çatmışdır.
14. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9306/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsini xahiş etmiş, qeyd edilmişdir ki, güya elektron kadastr məlumatlarına əsasən qeyd edilən torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. İş üzrə məhkəmə tərəfindən Kürdəxanı Bələdiyyəsinə sorğu ünvanlanaraq ayrılmış torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması barədə sənədlərin (Müvafiq İcra Hakimiyyətinin Sərəncamı, ayrıc aktı, kordinatlar, xəritədən çıxarış və s.), torpaq sahəsinin situasiya planının və digər aidiyyəti sənədlərin təsdiq edilmiş surətlərinin, həmçinin torpaq sahəsinin ayrılması ilə bağlı rəylərin alınması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarına (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı şəhər ¡era Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi və s) müraciət edilib-edilməməsi, müraciətedilmişdirsə bununla bağlı rəylərin verilib-verilməməsi barədə məlumatın müvafiq təsdiq edici sənədlərlə birgə məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Üçüncü şəxs Kürdəxanı Bələdiyyəsi Məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli məktubda bildirmişdir ki, ayrılmış torpaq sahəsi, Kürdəxanı Bələdiyyəsinin inzibati ərazi hüdudları daxilində olsa da, bələdiyyənin mülkiyyətində deyildir, həmçinin torpaq sahəsinin ayrılması ilə bağlı İcra Hakimiyyətinə, Dövlət və Xəritəçəkmə Komitəsinə, Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilməmişdir. Lakin, Kürdəxanı Bələdiyyəsinin sədrinin 2024-cü ildə verdiyi və mənim tərəfimdən Məhkəməyə təqdim edilmiş arayışdan göründüyü kimi, İddiaçı Kürdəxanı Bələdiyyəsi tərəfindən 11 iyul 2007-ci il tarixdə 1416a saylı icarə müqaviləsi əsasında 1200 kv.metr torpaq sahəsi əynimişdir və Bələdiyyə sənədlər arxivində İcarə müqaviləsi mövcuddur. Buna baxmayaraq, Məhkəmə həmin mühüm fakta məhəl belə qoymamış, hətta ekspertiza təyin etməkdən belə imtina etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyasının:
35-ci maddəsinin İİ hissəsinə görə, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 145-ci maddəsinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (İ və İİ hissə).
19. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 1. Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilməlidirlər. Bələdiyyənin iclası iclasda iştirak edən bələdiyyə üzvlərinin qeydiyyatından başlanır. Üzrlü səbəbdən iclasda iştirak edə bilməyən bələdiyyə üzvü bu barədə əvvəldən bələdiyyə sədrinə məlumat verməlidir. Bələdiyyə iclasının bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıldığı hallar istisna olmaqla, iclasın gündəliyinin layihəsini bələdiyyə sədri təsdiq edilmək üçün iclasın müzakirəsinə çıxarır. Bələdiyyə, bələdiyyə iclasında təsdiq olunmuş reqlamentə müvafiq surətdə fəaliyyət göstərir. Reqlamentdə bələdiyyə iclasının çağırılması və əhali ilə görüşlərin təşkili qaydaları, bələdiyyənin fəaliyyəti ilə bağlı digər məsələlər əks olunur. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bələdiyyələr üçün nümunəvi reqlament tövsiyə edilə bilər. Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Maddə 4. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Maddə 6. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur.
20. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Maddə 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.
21. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” Qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət aktı tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir”.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:
15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:
32. İş materiallarından göründüyü kimi, iddiaçının hüquqi marağı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbə, Cənub-Şərq hissəsində yerləşən 1200 kv.metr, 27 nömrəli torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüqununun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın verilməsindən ibarətdir.
33. İddia tələbinin faktiki əsası kimi Kürdəxanı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı və həmin tarixli icarə müqaviləsi çıxış edir. Lakin hazırkı işin hallarına əsasən müəyyən edilir ki, icarə müqaviləsinin də müddəti bitmişdir.
34. Belə ki, iddiaçının təqdim etdiyi icarə müqaviləsindən görünür ki, torpaq 10 il müddətinə iddiaçıya icarəyə verilmişdir. Müqavilənin müddəti xx.xx.2017-ci ildə başa çatmışdır. Müqavilənin 5.1-ci bəndinə görə, müqaviləyə aşağıdakı hallarda xitam verilir: 5.1.1. torpaq sahəsinin icarəyə verildiyi müddət qurtardıqda.
35. Göründüyü kimi, torpaq sahəsi iddiaçıya 10 il müddətində icarəyə verilmiş və icarə müqaviləsinin müddəti bitdiyinə görə də müqaviləyə xitam verilmişdir. Həmin müqavilənin uzadılmasına dair iş materiallarında hər hansı sübut mövcud deyildir.
36. Həmçinin müqavilənin müddəti uzadılsa belə, hazırkı iddia tələbi icarə müqaviləsi əsasında mülkiyyət hüquqularının qeydə alınmasıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının istinad etdiyi sənədlər torpaq sahəsinin icarəyə verilməsi ilə əlaqədar olduğu halda, iddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş və iddia tələbində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Lakin iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün faktiki və hüquqi əsaslar mövcud deyildir.
37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əlavə edilməlidir.
38. İş materialları və məhkəmə tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilir ki, qeyd olunan daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının qeydə alınmasına əsas olan heç bir hüquqmüəyyənedici sənəd mövcud deyildir.
39. Belə ki, birinci instansiya məhkəməsi bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən qanunvericiliyin yuxarıda sadalanan tələblərinə əməl edilib-edilməməsinin müəyyən edilməsi müəyyən etmək üçün Səbail bələdiyyəsinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Dövlət Arxivinin Bakı Filialına, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinə müvafiq sorğular verilmişdir.
40. Lakin birinci instansiya məhkəməsinə təqdim edilən sənədlərdə bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması ilə bağlı iclas keçirməsi, bu barədə qərar qəbul edilməsi, torpaq sahəsinin ayrılması ilə bağlı rəyin alınması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilməsi müəyyən edilməmişdir.
41. Həmçinin, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən Kürdəxanı Bələdiyyəsinə sorğu ünvanlanaraq ayrılmış torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması barədə sənədlərin (Müvafiq İcra Hakimiyyətinin Sərəncamı, ayrıc aktı, kordinatlar, xəritədən çıxarış və s.), torpaq sahəsinin situasiya planının və digər aidiyyəti sənədlərin təsdiq edilmiş surətlərinin, həmçinin torpaq sahəsinin ayrılması ilə bağlı rəylərin alınması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarına (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi və s) müraciət edilibedilməməsi, müraciət edilmişdirsə bununla bağlı rəylərin verilib-verilməməsi barədə məlumatın müvafiq təsdiqedici sənədlərlə birgə məhkəməyə təqdim edilməsi tələb edilmişdir.
42. Üçüncü şəxs Kürdəxanı Bələdiyyəsinin Məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli məktubda bildirmişdir ki, ayrılmış torpaq sahəsi, Kürdəxanı Bələdiyyəsinin inzibati ərazi hüdudları daxilində olsa da, bələdiyyənin mülkiyyətində deyildir, həmçinin torpaq sahəsinin ayrılması ilə bağlı İcra Hakimiyyətinə, Dövlət və Xəritəçəkmə Komitəsinə, Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilməmişdir.
43. Göründüyü kimi, ayrılması iddia edilən torpaq sahəsinin ümumiyyətlə Kürdəxanı Bələdiyyəsinə Bakı şəhər İcra Hakimiyyəti tərərindən ayrılmış torpaqlara aid olması təsdiq olunmur.
44. Apellyasiya şikayətinin “ekspertiza təyin etməkdən imtina etmişdir” dəlili ilə bağlı kollegiya qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən ƏN Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri torpaq mübahisələri üzrə vahid elektron kadastr baza məlumatlarını cavabdeh İdarə tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi əsasında təkrarlayır.
45. Həmçinin, Kollegiya qeyd edir ki, ekspertiza təyin ediləsə belə iş üzrə əhəmiyyət kəsb etməyəcəkdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi torpaq sahəsi icara hüquqları əsasında iddiaçıya ayrılmış və həmin müqavilənin müddəti isə bitmişdir. İddiaçının tələbi isə müvafiq qərar və icarə müqaviləsi əsasında mülkiyyət hüququnun qeydə alınmasıdır ki, həmin sənədlər tələb edilən hüququn qeydə alınmasının əsası kimi çıxış edə bilməz.
46. Bundan başqa, Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)-819/2024 nömrəli oxşar iş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5032 nömrəli ekspert rəyində (“Tədqiqat prosesinin təsviri” hissəsinin 2-ci abzasında) ekspert bildimişdir ki, “Mərkəzdə torpaq sahələrinə dair elektron baza məlumatları olmadığından, hazırkı iş üzrə təyin olunmuş məhkəmə-tikinti ekspertizasında ekspert qarşısında qoylmuş sualların həlli məqsədi ilə, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə istinad olunmuşdur”.
47. Göründüyü kimi, iddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün hüquq müəyyənedici sənədə malik olmamaqla yanaşı, ayrılması iddia edilən torpaq sahəsinin Kürdəxanı Bələdiyyəsinə verilmiş torpaqlara aid olması da sübuta yetirilmir.
48. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun olmuş, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib olmuş, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
49. Bundan başqa “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunda daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır. Dövlət qeydiyyatı barədə müraciət olunan hüquq qeyd edilən qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.
50. Beləliklə, torpaq üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının həmin mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni olmuşdur.
51. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
52. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9306/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9306/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.