Məhkəmə qərarları › İş №2-1(103)-715/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-715/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-715/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya əlillik dərəcəsi təyin edilməsi zamanı hərbi travmanın Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6918/2023 nömrəli, 08 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya əlillik dərəcəsi təyin edilməsi zamanı hərbi travmanın Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2015-ci il tarixdən MAHHXHO kimi N saylı hərbi hissədə xidmət etmişdir. 2016-cı il tarixdə aprel döyüşlərində iştirak etmiş, 03 aprel 2016-cı il tarixdə döyüş tapşırığını yerinə yetirən zaman idarə etdiyi döyüş maşının üzərinə düşən mərmi partlayışı zamanı ağır dərəcədə xəsarət almışdır. Həmin vaxtı hərbi hospitalda müalicə almış və ona “hər iki ağciyərin yuxarı payının infıltrativ vərəmi, sorulma və bərkimə məhrələsində. KB(-) mənfi xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”, Barotravma (xx.xx.2016) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağır eşitmə,pıçıltı nitqinin hər iki qulaqda 4,5 metr məsafədən eşitməsi ilə hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır." diaqnozu qoyulmuşdur. xx.xx.2017-ci il tarixdə “Ağciyərin vərəmi, histoloji təsdiq edilməsi, hər iki ağ ciyərin infiltrativ vərəmi-dağılma mərhələsində, xroniki respirator çatışmamazlığı, xroniki tənəffüz çatışmamazlığı İİ dərəcə eşitmə sinirinin xəstəliyi, ikitərəfli xroniki koxlear nevrit, eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, ikitərəfli neyrosensor ağıreşitmə İİİ dərəcəli (xx.xx.2016 Barotravma nəticəsində)" Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar beş illik müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə təkrar müayinə olunmuş və “Ağciyərin vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla Ağciyərin ocaqlı vərəmi, infiltrasiya və səpələnmə mərhələsi, TDM(-) xroniki respirator çatışmamazlıq, Restruksiyanın üstünlüyü ilə arışıq tipli əhəmiyyətli ventiliyasiya pozğunluğu" diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Göründüyü kimi iddiaçı hərbi travmanı Azərbaycanın Respublikasının müdafiəsi zamanı almış və hazırda əsassız olaraq ona əlillik təyin edilərkən hərbi xidmət dövrü ilə əlaqədar kimi qeyd edilmişdir. Ona birinci dəfə 2016-cı ildə ümumi xəstəlik kimi əlilik dərəcisi verilmişdir. Sonradan müraciəti və hərbi əməlliyatlar zamanı xəsarət almağı təsdiq olunaraq, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar beş illik müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əgər onun hərbi əməliyyatlar zamanı xəsarət aldığı müəyyən olunmasaydı sonradan düzəliş edilməzdi. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına rəsmi olaraq müraciət etmiş və həmin təşkilat xx.xx.2023-cü il tarixdə ərizəni almasına dair poçt xəbərnaməsində imzaları olsa da indiyə kimi heç bir cavab verilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6918/2023 nömrəli, 08 avqust 2023-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçının xəstəliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi travma ilə əlaqəli olması işdə olan - Azərbaycan Respubikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiqlənir. Həmin qərarın qanunsuz və əsassız olmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, belə sübutlar barədə məlumatlar məhkəməyə bildirilməmişdir. Qeyd edirlər ki, Həmin Qərarda “Hər iki ağciyərin yuxarı payının infiltrativ vərəmi, sorulma və bərkimə mərhələsində, KB(-) mənfi” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi və “Barotravma (xx.xx.2016) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağır eşitmə, pıçıltı nitqinin hər iki qulaqda 4,5 metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qərarda qeyd olunan “Barotravma (xx.xx.2016) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağır eşitmə, pıçıltı nitqinin hər iki qulaqda 4,5 metr nəsafədən eşitməsi diaqnozu vətəndaşın adına rəsmiləşdirilmiş göndərişdə qeyd olunmamaqla yanaşı, onun əyani müayinəsi zamanı da aşkarlanmamışdır. Digər diaqnoz- Hər iki ağciyərin yuxarı payının infiltrativ vərəmi diaqnozu isə aparılan tibbi araşdırma zamanı vətəndaşda öz əksini tapdığı üçün həmin qərarda da qeyd edildiyi kimi səbəbli əlaqəsi Hərbi xidmət dövrü olmaqla əlillik dərəcəsi təyin edilmişdir. Göründüyü kimi məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin T 408/2023 nömrəli Ekspert Rəyində ’’Əsasnamənin 2.2.3. bəndinə müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə verilmiş qərarı düzgün hesab etmək olar” kimi qeyd edilməsinə baxmayaraq məhkəmə rəydə qeyd olunanları nəzərə almamışdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, o. 2016-cı il aprel döyüşlərində iştirak zamanı mərmi partlaması nəticəsində xəsarət almış, eşitmənin kəskin pozulması, hər iki qulağın ağır eşitməsi və bu travmanın hərbi travma olması Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması ilə bağlı akt mövcuddur. O, 44 günlük müharibə zamanı da döyüş bölgəsinə könüllü getmiş, meyitlərin daşınmasında köməklik etmişdir. Hazırda da məhkəmə zalında deyilənləri tam eşidə bilmir. Əvvəllər ona təyin edilmiş əlilliyin səbəb-əlaqəsi Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması ilə bağlı olsa da, sonuncu dəfə əliliyin səbəbli əlaqəsi dəyişdirilmişdir. Baxmayaraq ki, eyni xəstəliklər onda hələ də qalır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Birinci instansiya məhkəməsi iddianın mahiyyət üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: Bənd 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu; 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”: Bənd 3.1.2. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan: -AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1991-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. -005450 nömrəli, 23 may 2017-ci il tarixli vəsiqənin surətinə əsasən, İddiaçı əlildir və əlilliyin səbəbi Azərbaycan Respublikasının müdafiəsi zamanı qeyd edilmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Şöbəsinin xx.xx.2017-ci il tarixli, 297 nömrəli arayışına əsasən bildirilmişdir ki, 1991-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası SQ-də müddətdən artıq hərbi xidmət edib, xx.xx.2016-cı il tarixdə N nömrəli h/h komandirinin 294 nömrəli əmri ilə Azərbaycan Respublikası SQ-dən ehtiyata buraxılmışdır. xx.xx.2016-cı il tarixdə MN MHHK-nın qərarı ilə Xəstəliklər Cədvəlinin 3-cü qr. 2 b maddəsinə (Azərbaycan Respublikası NK-nin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı) həm dinc dövrdə hərbi xidmətə yararsız, həm müharibə dövründə hərbi xidmətə yararsız sayılmışdır. -747 nömrəli, 040.2015-ci il tarixli təyinat vərəqəsinə əsasən, əsgər İddiaçı xx.xx.2015-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin sərəncamına getməyi əmr edilmişdir. Əsas – 2-ci ordu korpusu komandirinin 065 DÇ nömrəli, xx.xx.2015-ci il tarixli əmr. -Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin N nömrəli hərbi hissə komandirinə ünvanladığı 694 nömrəli, xx.xx.2016-cı il tarixli məktubuna əsasən bildirilmişdir: İddiaçı 2016-cı il tarixdə saat 11:45-də N nömrəli hərbi hissəyə zədələnmə ilə gətirilmişdir. Diaqnoz: Alın nahiyyəsinin yumuşaq toxumalarının əzilməsi, hər iki ağciyərin yuxarı payının infiltrativ vərəmi. Səbəb: dediyinə görə, döyüş əməliyyatları zamanı xəsarət almışdır. -xx.xx.2016-cı il tarixli çıxarış epikrizində qeyd edilmişdir- İddiaçı xx.xx.2016-ci il tarixdə daxil olmuş, diaqnoz : hər iki ağciyərin yuxarı payının infiltrativ vərəmi, dağılma və səpələnmə mərhələsində KB(-) mənfi, ikitərəfli xroniki koxlyar nevrit.ikitərəfli davamlı nevrosensor ağır eşitmə...Müayinədən sonra xəstədə ağciyər vərəminə şübhə olduğundan stasionar müayinə və müalicə üçün N nömrəli hərbi hissəyə köçürülmüşdür. Aparılan müalicə nəticəsində xəstədə kliniki və rentgenoloji yaxşılaşma yarandığından xəstə MNnin xx.xx.2008-ci il tarixli, 123 saylı əmrinin 2b maddəsinin İİ qrafası ilə HHK-ya təqdim olunmuş və “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı qəbul edilmişdir. Qərar MN-nin Ştatlı Hərbi Həkim Komissiyası tərəfindən təsdiq olunmuşdur. -N nömrəli hərbi hissənin “Travma haqqında arayışı”na əsasən bildirilmişdir ki, MAHHXHQ əsgər İddiaçı 03 aprel 2016-cı il tarixə saat 21:00 radələrində döyüş tapşırığının yerinə yetirərkən düşmən tərəfindən atılan mərmi MAHHXHQ əsgər İddiaçı oğunun idarə etdiyi BMP2 döyüş maşınının üzərinə düşərək partlayış yaratmışdır. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 22.1.2021-ci il tarixli məlumatdan görünür ki, İddiaçı xx.xx.2017-ci ildə ikinci dərəcə əlillik təyin olunub, əlilliyin səbəbi – Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar. -01 sentyabr 2016-cı il tarixli, 563 nömrəli Xəstəlik haqqında Şəhadətnamənin 12 –ci bəndinə əsasən, diaqnoz və yaralanmanın (travmanın, xəsarətin, kontuziyanın), xəstəliyin səbəbi haqqında Hərbi Həkim Komissiyasının qərarı aşağıdakı kimi olmuşdur: “Barotravma (xx.xx.2016) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağır eşitmə, pıçıltı nitqinin hər iki qulaqda 4,5 metr nəsafədən eşitməsi ilə Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 21 noyabr 2022-ci il tarixli, **********2 nömrəli Qərarına əsasən, İddiaçı barəsində xx.xx.2022-ci il tarixli Hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərarın qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin T 408/2023 nömrəli Ekspert Rəyinin nəticə hissəsində göstərilmişdir: “İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı tibbi Sosial Ekspert Komissiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015- ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.3.bəndinə müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə verilmiş qərarı düzgün hesab etmək olar”. Hazırkı mübahisənin predmeti iddiaçıya təyin edilmiş ikinci dərəcə əlilliyin səbəbli əlaqəsinin dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” kimi yazılmasıdır. Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarına əsasən iddiaçıda mövcud olan travmaların səbəbi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi qeyd edilmişdir. Həmçinin, əlilliyin qiymətləndirilməsinə əsas olan tibbi göndərişdən də göründüyü kimi, iddiaçıda mövcud olan xəstəliklər-xroniki respirator çatmamazlıq, restruksiyanın üstünlüyü ilə qarışıq tipli əhəmiyyətli ventiliyasiya pozğunluğu, ikitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşıtmə, barotravma, ikitərəfli neyrosensor ağıreşitmə, İİİ dərəcə, digər xorniki obstruktiv ağciyər xəstəliyi, xroniki obstruktiv bronxitin kəskinləşməsi kimi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı ona əvvəllər verilmiş əlilliyə görə səbəbin sonradan dəyişdirilməsindən narazı olmuş, onun hüquqlarının pozuntusu kimi qəbul etmiş və əlilliyinin səbəbinin dəyişdirilməsi barədə cavabdeh inzibati orqana müraciət etsə də, müraciətinə cavab verilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, kollegiya qeyd edir ki, iddiaçının hərbi xidmətlə əlaqədar əlillik səbəbləri HHK tərəfindən tərtib edilmiş qərar əsasında təyin edildiyindən cavabdeh iddiaçının xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsini müəyyən etməyə borclu olmuş, bu barədə hər hansı əlavə sənədlərin tələb edilməsinə zərurət qalmamışdır. Həmçinin iddiaçıya cavabdeh inzibati orqan tərəfindən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilsə də, əvvəlki təyinat zamanı da sonrakı təyinat zamanı da eyni xəstəliklərdən əziyyət çəkməsi, əlililiyin səbəb əlaqəsi ilə bağlı hərbi həkim komissiyasının mübahisələndirilməyən qərarının mövcud olması və həmin sənəd əsasında əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı şəxsin özünün də müraciət etmək hüququnun olması nəzərə alınmamış, bununla da cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. İnzibati icraat haqqında Qanunun: -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; -19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası həmçinin, diqqətə çatdırır ki, müharibə iştirakçılarının, xüsusən də Vətən uğrunda sağlamlığını itirmiş qazilərin müxtəlif istiqamətlərdə ehtiyac və qayğıları cəmiyyətdə hər zaman həssas mövzulardan biridir. Beləliklə, məhkəmə kollegiyası tərəfindən HHK-ın və cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin edilməsi barədə qərarlarda göstərilən xəstəliyin hərbi əməliyyatlar zamanı alınan travma olduğu, Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı, yəni 2016-cı il aprel ayında baş vermiş mərmi partlayışı nəticəsində əmələ gəldiyi müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının sonrakı əlilliyinin təyinatı zamanı göndərişdəki xəstəliklərin əvvəlki əlillik zamanı mövcud olan xəstəliklər olmasına baxmayaraq Əsasnamənin yuxarıda bəhs edilən tələbləri pozulmuş, düzgün olmayaraq əlilliyin səbəbinin dəyişdirilməsindən imtina edilmişdir Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6918/2023 nömrəli, 08 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6918/2023 nömrəli, 08 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar