Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-716/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti) qarşı iş üzrə QƏRAR (Açar sözlər: çıxarışın verilməsi) (İş № 2-1(103)-716/2023) Bakı şəhəri 11 aprel 2023-cü il Giriş hissə: Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X17 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı Əzizağa oğlunun, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti) “çıxarışın verilməsi” barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-310/2022 saylı, 26 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, dalan 9 ünvanda yerləşən 3a saylı fərdi yaşayış evi 4/8 hissədə İddiaçı, 1/8 hissədə X4 (1 otaq), 1/8 hissədə X2, 1/8 hissədə X5, 1/8 hissədə X8 paylı mülkiyyətindədir (daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış – qeydiyyat tarixləri, xx.xx.2011-ci il və xx.xx.2020-ci il). ünvan 1 ünvana dair tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasportdan görünür ki, həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin ölçüsü (cəmi meydançanın sahəsi) 130 kv.m təşkil edir. Qeyd edilən daşınmaz əmlakın paylı mülkiyyətçiləri X12, X9, X13 və X15 ayrıayrılıqda notarial qaydada ərizə verərək Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən yaşayış evləri və onlara xidmət edən binalar altında - 99 kv.m, həyətlər və sairləri - 31 kv.m. torpaq sahələrinin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər (xx.xx.2019, xx.xx.2019-cü il tarixli ərizələr). İddiaçı ilkin olaraq cavabdehə müraciət edərək, qeyd edilən torpaq sahəsinin adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmasını xahiş etmiş, lakin müraciətindən 05 iyul 2019-cu il tarixli məktubla imtina olunmuşdur. İmtinanın əsası kimi – Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasıya xətlərinin çəkilməsi, parkların salınması məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması nəzərdə tutulan ərazidə yerləşdiyindən həmin ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun tanınması məqsədəmüvafiq hesab edilmir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 606/d nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən dövlət ehtiyacları üçün satın alınmamışdır. Eyni zamanda, sözügedən ünvan hal-hazırda söküntü mərhələsinə düşmür. Söküntü mərhələsinə düşdüyü təqdirdə qanunvericiliyə uyğun olaraq bildiriş göndəriləcəkdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Torpaq islahatları haqqında” Azərbaycan Respublikası Qanunun 9 və 10-cu maddələrinin tələblərinə müvafiq olaraq iddiaçının qanuni istifadəsində olan 130 kv.metr həyətyanı torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması barədə cavabdehin üzərinə vəzifə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi bildirmişdir ki, DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvandakı fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə 3/8 hissədə iddiaçının adına qeydiyyata alınmaqla, mülkün 1/8 hissəsi - X4, 1/8 hissəsi - X11, 1\8 hissəsi - X6, 1/8 hissəsi - X8, 1/8 - hissəsi isə bacısı X7 adlarına qeydə alınmışdır. Sözügedən fərdi yaşayış evin “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarlaşdırması və qiymətləndirməsi aid” Pasportunda olan məlumatlara görə ev 1900ci ildə inşa edilmiş, sonrakı illərdə 1958-ci ilə qədər əlavə tikililər inşa edilmiş və həmin tikililərə də mülkiyyət hüququ qeydiyyata alınmışlar. Texniki pasporta görə evin torpaq sahəsinin ümümi ölçüsü 130.8 kv.m təşkil edir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş 24 yanvar 2018-ci il tarixli 2 nömrəli arxiv arayışından da müəyyən olunur ki, evin torpaq sahəsinin ümumi sahəsi 130 kv.m. təşkil edir. Həmin arayışda qeyd edilir ki, 1934-1936 illərə dair vergi uçotu kartotekasına əsasən - Proletarskaya (indiki Vidadi) küçəsi, dalan 9 ev 3 ünvanında yerləşən bir mərtəbəli daş evdən ibarət olan yaşayış evləri və onlara xidmət edən binalar altında - 99 kv. m., həyətləri və sairləri - 31 kv.m. mülkün sahibi X16 olmuşdur. Göstərilən ev onların mülkiyyətinə vərəsəlik qaydasında keçmişdir. Qeyd edilənlərə əsasən, onun bu barədə müraciətindən, cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. Bakı İnzibati Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2-1(112)-310/2022 qərarı ilə (sədrlik edən hakim Elvin Əliyev) iddia təmin olunaraq, ünvan 1 ünvanda yerləşən 130 kv.m həyətyanı torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından 17 oktyabr 2022-ci il tarixdə apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikaytinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubunda göstərilənlə uyğun əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qərarının əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, imtianının əsaslı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Şifahi məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını tələb edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. İcraat materialları Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə - daşınmaz əmlakla bağlı hüquq müəyyənedici sənədlər, cavabdehin imtina məktubu və s. aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 81.1-ci maddəsinə əsasən inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları tərəfindən baxılır. İlkin olaraq qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş, formal baxımından lazımı qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2-ci və 85.3-cü maddələri). «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İlkin olaraq qeyd edilməlidir ki, İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı əvvəl cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Mahiyyət baxımından apellyasiya şikayəti uğursuzdur. Birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia tələbi əsaslıdır. Çünki, cavabdehin müvafiq torpaq sahəsini iddiaçının adına qeydə almıq öhdəliyi müəyyən olunur. Qeyd edilməlidir ki, Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, dalan 9 ünvanda yerləşən 3a saylı fərdi yaşayış evinin 4/8 hissədə İddiaçı, 1/8 hissədə X4 (1 otaq), 1/8 hissədə X2, 1/8 hissədə X5, 1/8 hissədə X8 paylı mülkiyyətində olması, həmin daşınmaz əmlaka dair tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasporta əsasən - əmlakın yerləşdiyi torpaq sahəsinin ölçüsünün (cəmi meydançanın sahəsinin) 130 kv.m olması işin mübahisə olunmayan hallarıdır. Eyni zamanda, işdə olan notariat qaydasında təsdiq olunmuş ərizələrdən görünür ki, daşınmaz əmlakın paylı mülkiyyətçiləri olan X12, X9, X13 və X15 ayrı-ayrılıqda notarial qaydada ərizə verərək Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən yaşayış evləri və onlara xidmət edən binalar altında - 99 kv.m, həyətlər və sairləri - 31 kv.m. torpaq sahələrinin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmədiklərini göstərmişlər. İmtinanın əsası kimi – Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasıya xətlərinin çəkilməsi, parkların salınması məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması nəzərdə tutulan ərazidə yerləşdiyindən həmin ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun tanınması məqsədəmüvafiq hesab edilmir. Halbuki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 606/d nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən dövlət ehtiyacları üçün satın alınmamışdır. Eyni zamanda, sözügedən ünvan halhazırda söküntü mərhələsinə düşmür. Söküntü mərhələsinə düşdüyü təqdirdə qanunvericiliyə uyğun olaraq bildiriş göndəriləcəkdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1-ci bəndinə Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər: 1.11.Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar göstərilmişdir. Həmin Siyahının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda)... Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, dalan 9 ünvanda yerləşən 3a saylı fərdi yaşayış evi iddiaçının və digər payçıların mülkiyyətində olduğundan, həmçinin digər paylı mülkiyyətçilər torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmədiklərindən, həmin torpaq sahəsi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda göstərildiyindən cavabdehin imtinası qanuna zidd və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarı). Beləliklə, mülkiyyət hüququnun mahiyyətindən aydın olur ki, səlahiyyətli inzibati orqanın bu hüququn dövlət qeydiyyatına alınması sahəsində fəaliyyəti xüsusi əhəmiyyət kəsb etməklə, qanunverijiliyin tələblərinə tam uyğun şəkildə həyata keçirilməlidir. Eyni zamanda, hüquqların dövlət qeydiyyatının aparılmasını tənzimləyən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbayjan Respublikası Qanununun müvafiq normalarından görünür ki, inzibati orqan bu sahədə diskresion səlahiyyətlərə malik deyildir. Yəni, səlahiyyətveriji normanın dispozitiv şərtləri mövcud olduğu halda inzibati orqan hüquqların dövlət qeydiyyatını aparmağa məcburdur. Hüquqların dövlət qeydiyyatından imtina isə yalnız qanunda nəzərdə tutulmuş hallarda edilə bilər. «X19rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq, hesab edir ki, cavabdeh inzibati orqanın hərəkəti iddiaçının hüquqlarına qanunsuz müdaxilə təşkil etmişdir. Cavabdeh imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəsiyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-310/2022 saylı, 26 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Apellyasiya icraatı ilə bağlı prosessual xərclər cavabdehə aid edilir. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2-1(103)-716/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-716/2023
11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver