Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-717/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızından və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (19.02.1970-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-4511/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) baxaraq, müəyyən etdi: İddiaçı 12.05.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (maraqlı şəxs X1 göstərilməklə) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun 1993-1994-cü illərdə Qarabağ müharibəsində gedən döyüşlərdə iştirak etməyinə görə müharibə veteranı adının və müharibə veteranı vəsiqəsinin verilməsi vəzifəsinin Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o 1993-1994-cü illərdə Quba batalyonu tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən müharibə veteranlarına verilən imtiyaz və güzəştlərdən istifadə etməlidir. Dəfələrlə də müvafiq instansiyalara müraciət etməsinə baxmayaraq ona, heç bir köməklik göstərilməmiş, müxtəlif bəhanələrlə tələbini təmin etməmişlər. 28.09.2020-ci il tarixdə iddiaçı ərizə təqdim edərək, işdə göstərilmiş maraqlı şəxsin prosessual iştirakına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-4511/2020 nömrəli qərardadı ilə (hakim M.Qarayeva) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 18.12.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2-1(112)-4511/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-4511/2020 nömrəli qərardadı 06 noyabr 2020-ci il tarixli müşayət məktubu ilə göndərildiyindən, iddiaçı tərəfindən apellyasiya şikayətində Bakı İnzibati Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qərardadının göstərilməsini yazı xətası kimi qəbul edilir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib ,apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İş materiallarında olan cavabdehin 20.10.2020-ci il tarixli iddiaya münasibət məktubuna əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, eyni tərəflər arasında və eyni mübahisəyə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində baxılmış və mahiyyəti üzrə müvafiq məhkəmə qərarı qəbul edilmişdir. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 1993- 1994-cü illərdə Quba batalyonunun tərkibində, Azərbaycan Respublikasının ərazi bütövlüyü ugrunda gedən döyüşlərdə iştirakı nəzərə alınaraq, ona “müharibə veteranı” adının verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27.12.2018-ci il tarixli, 2-1(85)-962/2018 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiasının təmin edilməsi qərara alınmış, həmin qərardan cavabdeh apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04.06.2019-cu il tarixli 2-1(105)-253/2019 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia təmin edilməmişdir, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25.12.2019-cu il tarixli 2-1(102)-3025/2019 saylı qərarı ilə (hakimlər S.Hüseynova, İ.Dadaşov, K.Bədəlov) təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04.06.2019-cu il tarixli, 2-1(105)-253/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, eyni iddia ilə bağlı əvvəllər mahiyyəti üzrə qərar qəbul edildiyindən, başqa sözlə, mövcud mübahisəyə məhkəmə müstəvisində artıq bir dəfə mahiyyəti üzrə hüquqi qiymət verildiyindən və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04.06.2019-cu il tarixli 2-1(105)-253/2019 saylı qanuni qüvvəyə minmiş qərarı olduğundan hazırkı iddia tələbinin mümkün sayılmaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan ona birinci instansiya məhkəməsi tərəfindən zəng olunmaması və bildiriş göndərilməməsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan 18.08.2020-ci il tarixli teleqramla iddiaçı 19.08.2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Həmçinin məhkəmə tərəfindən iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri ünvanlanmış, iddiaçı 28.09.2020-ci il tarixli məhkəmə iclasında da şəxsən iştirak etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87-ci, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-4511/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-717/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-717/2021
20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver