Məhkəmə qərarları › İş №2-1(103)-717/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-717/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-717/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 8563/2022 saylı 21 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarıqəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1950-cı il təvəllüdlüdür. DJ seriyalı 154418 saylı 25 mart 1974-cü il tarixli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək Naxçıvan MR Sədərək qəsəbəsində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 4/3 3596 saylı xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, onun “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar sənədlərinə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış, 659 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmiş və sənədləri geri qaytarılmışdır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək “ona müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 1991-1992-ci illərdə ermənilər torpaqlarına təcavüz edərkən o da Vətənin müdafiəsinə qalxmışdır. xx.xx.1992-ci ildən 07 avqust 1992ci ilədək Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsində gedən döyüşlərdə iştirak etmiş, lakin ona “Müharibə veteranı” adı verilməmiş, Müdafiə Nazirliyinə müraciəti müsbət həll olunmamışdır. Onun hərbi biletində bu barədə qeydlər vardır. Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəzifələrin verilməsi üzrə komissiya”nın katibinin ona ünvanlandığı xx.xx.2022-ci il tarixli 4/33596 saylı məktubunda göstərilir ki, müraciətinə xx.xx.2020-ci ildə baxılmış və müsbət qərar qəbul edilməmişdir. Lakin bu barədə ona məlumat verilməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8563/2022 saylı 21 sentyabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçı, onun vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. Lakin həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınmasını təsdiq edən sübut iş materiallarında mövcud deyildir. İddiaçı iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi “müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının döyüş bölgəsinə ezam olunması, döyüşlərdə iştirakı və ehtiyata buraxılması haqqında məlumatın məhkəmə araşdırılması zamanı aşkar edilməməsinə istinad edərək iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin qeyd hissəsinə əsasən isə bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanına əsasən «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsi və 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti, 7-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində (müharibə veteranı, Silahlı Qüvvələr veteranı adlarının verilməsi ilə əlaqədar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər. Həmin bəndin 11-ci yarımbəndinə görə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin (28 sentyabr 2018-ci il tarixə olan dəyişikliyə əsasən) 1-ci bəndinin tələbinə görə “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd 1.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.1.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin tələblərinə görə, hərbi biletdə olan qeydlər, müharibə veteranı vəsiqəsinin verilməsi üçün kifayət etmir, şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları cavabdeh inzibati orqana təqdim edilməlidir. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasınlan imtina edən cavabdeh inzibati orqan sənədlərdə iddiaçının döyüş bölgəsinə ezam olunması, döyüşlərdə iştirakı və ehtiyata buraxılması haqqında məlumatın olmamasına istinad edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Nizami rayon İdarəsinin 287 saylı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N №-li arxiv arayışında göstərilir ki, X1 Dövlət Mühafizə Komitəsi üzrə xx.xx.1991-ci il tarixli 16 nömrəli əmrlə (§1, sıra nömrəsi 3) Mənzil- İstismar rəisi təyin edilib və xx.xx.1992-ci il tarixli 99 nömrəli əmrlə (§1, sıra nömrəsi 1) dəfn mərasiminin təşkil edilməsi məqsədi ilə Mənzil-İstismar rəisi Süleymanov Tahirə tabut hazırlanması barədə tapşırıq verilib. X1 Dövlət Mühafizə Komitəsi üzrə xx.xx.1992-ci tarixli 131 nömrəli əmrlə (§1) (əmrdə T.Süleymanov qeyd olunub) N nömrəli hərbi hissənin döyüş hazırlığını, silah və texniki təchizatını, sənədlərini yoxlamaq məqsədi ilə təyin olunan komissiyaya üzv təyin edilib. X6 5-ci əlahiddə motoatıcı briqada üzrə xx.xx.1992-ci il tarixli 234 nömrəli əmrlə (§1) (əmrdə Tahir Süleymanov qeyd olunub) Naxçıvan şəhərində yerləşən keçmiş Sovet Ordusunun 745-ci diviziyasına məxsus mədəni-maarif müəssisələrinin təhvil alınması üçün təyin olunun komissiyaya üzv təyin edilib. X6 N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 28 nömrəli əmrlə (§2, sıra nömrəsi 21) ilə baş leytenant hərbi rütbəsində 15 sentyabr 1992-ci il tarixdən vakant Mənzil- İstismar rəisi vəzifəsinin icrasına başlamış və 23 11.1992-ci il tarixli 52 nömrəli əmri ilə həmin əmr ləğv edilib. X3 döyüş bölgəsinə ezam olunması, döyüşlərdə iştirakı ehtiyata buraxılması haqqında məlumat yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin N saylı xx.xx.2022-ci il tarixli və 4165 saylı xx.xx.2022-ci il arayışlarından görünür ki, X1 Dövlət Müdafiə Komitəsi üzrə xx.xx.1991-ci il tarixli 16 nömrəli əmrlə (§ 1, sıra nömrəsi 3) Mənzil- İstismar rəisi təyin edilib və xx.xx.1992-ci il tarixli 99 nömrəli əmrlə (§ 1, sıra nömrəsi 1) dəfn mərasiminin təşkil edilməsi məqsədi ilə Mənzil-İstismar rəisi Süleymanov Tahirə tabut hazırlanması barədə tapşırıq verilib. X1 Dövlət Müdafiə Komitəsi üzrə xx.xx.1992-ci il tarixli 131 nömrəli əmrlə (§ 1) (əmrdə T.Süleymanov qeyd olunub) N nömrəli hərbi hissənin döyüş hazırlığını, silah və texniki təchizatını, sənədlərini yoxlamaq məqsədi ilə təyin olunan komissiyaya üzv təyin edilib. X6 5-ci əlahiddə motoatıcı briqada üzrə xx.xx.1992-ci il tarixli 234 nömrəli əmrlə (§ 1) (əmrdə Tahir Süleymanov qeyd olunub) Naxçıvan şəhərində yerləşən keçmiş Sovet Ordusunun 745-ci diviziyasına məxsus mədəni-maarif müəssisələrinin təhvil alınması üçün təyin olunan komissiyaya üzv təyin edilib. X6 N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 28 nömrəli əmri (§ 2, sıra nömrəsi 21) ilə baş leytenant hərbi rütbəsində 15 sentyabr 1992-ci il tarixdən vakant Mənzil- İstismar xidməti rəisi vəzifəsinin icrasına başlayıb və xx.xx.1992-ci il tarixli 52 nömrəli əmri ilə həmin əmr ləğv edilib. X3 döyüş bölgəsinə ezam olunması, döyüşlərdə iştirakı və ehtiyata buraxılması haqqında məlumat yoxdur. Beləliklə, hazırki işdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri- şəxsin döyüş bölgəsinə qanuni əsaslarla ezam olunması, tərxis olunması və ehtiyata buraxılması halı iş materialları ilə təsdiq olunmur, iddiaçı isə həmin halların əksini təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçı tələbinin əsası kimi istinad etdiy halları sübuta yetirə bilmədiyi üçün cavabdeh inzibati orqan onun tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd olunur ki, həmin dəlillər əsassız olub, birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 8563/2022 saylı 21 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8563/2022 saylı 21 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar