Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-717/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8310/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ι. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-18/1 nömrəli xx.xx.2023-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə onun 05 dekabr 2022-ci il tarixli vəsatətini təmin edərək qaçqın statusu verilməsi öhdəliyinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı İran vətəndaşıdır. xx.xx.1984-cü ildə İranın Şiraz şəhərində anadan olub, orada yaşayıb. Etnik türkdür və İslamın şiə etiqadına sadiqdir. Subaydır, valideynləri hazırda İranın Şiraz şəhərində yaşayır, bacısı və qardaşının onunla birlikdə Azərbaycan Respublikasına gəlmişdir. O, 1369-1379-cu illərdə (1990-2000) Şirazda 12 illik orta təhsil almış, 1383-cü ildə (2004-cü ildə) Şiraz Azad Universitetinin siyasi elmlər fakültəsinə daxil olmuş, 1388-ci ildə (2009) bakalavr pilləsini bitirdiyini bildirmişdir. 1389-1393-cü illərdə (2010-2014) Şəhre-Rza Azad Universitetində beynəlxalq əlaqələr üzrə magistr, 1395- 1400-cü illərdə (2016-2021) Peyam Nur Universitetində hüquq üzrə ali təhsilini davam etdirib. O, 1395-1397-ci illərdə (2016-2018) “Abzər Kimya” adlı özəl şirkətin tibb alətləri şöbəsində çalışıb. Şiraz şəhərində hicaba qarşı keçirilən etiraz aksiyalarında iştirak etdiyinə görə dövlət orqanlarından onun ofisinə yaxınlaşaraq özünü təqdim etməsini tələb edən bildiriş onun telefonuna gəlmiş və o, dövlət orqanına getmək istəməyib ölkəsini tərk etmək qərarına gəlmiş və bu səbəbdən 29 iyul 2022-ci ildə qardaşı və bacısı ilə birlikdə həyatları üçün təhlükə qorxusu ilə İranı tərk edib X1 səfər etmiş, 1 (bir) həftə qaldıqdan sonra 2022-ci ilin avqustun 3-də Azərbaycan Respublikasına gəlmişlər. İnqilab məhkəməsi və Sepah-ın kəşfiyyat (Ettelaat) ofisi tərəfindən təhdid edildiyi mənşə ölkəsini tərk etmək məcburiyyətində olmuşdur. İran hakimiyyəti tərəfindən təqib edilməsinə səbəb onun şəxsiyyətinin etiraz aksiyalarında iştirak edən insanlar arasında yoxlanılması ilə bağlıdır. 05 dekabr 2022-ci il tarixdə sığınacaq vəsatəti ilə cavabdehə müraciət etmiş, vəsatəti ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alınmış və onunla müsahibə aparıılmışdır. Bu zaman bildirib ki, Şirazda keçirilən etiraz aksiyalarında iştirak etdiklərinə görə özü və bacısı Məryəm İran dövlət orqanları tərəfindən hədələndiyi, təqib olunduğu üçün mənşə ölkəsinə geri qayıtmaq istəmir. Lakin onun vəsatəti əsassız olaraq cavabdehin 16 fevral 2023-cu ildə DMX İQ-17/1 saylı qərarı ilə 1951-ci il Konvensiyasına heç bir əlaqənin olmaması, habelə təqib və qərardan əsaslı qorxusu olmadığı üçün rədd edilmişdir. Cavabdeh iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti əsasında araşdırılma aparılmış və qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli İQ-18/1 nömrəli qərar qəbul edilmişdir. Miqrasiya Xidmətinin düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, - 1. Şəxsin müsahibəsindən görünür ki, onlar Azərbaycan Respublikasına işgüzar vizası ilə gəlmək istədiklərini, lakin geri qaytarılacaqlarından narahat olduqları üçün qaçqın statusu almaq məqsədilə müraciət etdiklərini bildirmişlər; 2. Dövlət orqanları tərəfindən ona bildiriş gəldiyini söyləsə də, hər hansı sübut təqdim edə bilməmişdir. O, İran İslam Respublikası, yəni dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Beləliklə, iddiaçı barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8310/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində qeyd olunanlara müvafiq olaraq onunla əsaslandırılmışdır ki, ərizəçi etirazlarda iştirak etdiyinə görə dövlət orqanları tərəfindən axtarışa məruz qaldığını, İnqilab və Sepah-ın kəşfiyyatı (Ettelaat), dövlət orqanlarından hədə-qorxu gələn telefon zəngləri aldıqdan sonra səfərinə hazırlaşmaq üçün mənşə ölkəsində 2 həftə qalmış, bu müddət ərzində o, təqib və ya pis rəftara məruz qalmayıb. O, ölkədən mümkün qədər tez çıxmağı qarşısına məqsəd qoyub, ona görə də əvvəlcə Dubaya gedib, daha sonra Azərbaycana gəlmək qərarına gəlib. İşə qiymət verilərkən qeyd olunan fakt mötəbər kimi qəbul edilməyib. Qiymətləndirmə zamanı İranla bağlı mənşə ölkə məlumatlarına istinad edilməyib. Ümumilikdə, ərizəçinin aksiyalarda fəaliyyətlərdə iştirakı ilə mənşə ölkəsində təhlükəsizlik problemlərinin olması etibarlı kimi qiymətləndirilir. DMXnın qərarı qanuni və əsaslı deyil, belə ki, sonuncu ərizəçinin əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. Ərizəçi bildirdi ki, 2022-ci ilin iyun ayında o, Şiraz şəhərində qadınların hüquqlarına, geyinmək azadlığına, habelə hicaba (məcburi örtünmə) etiraz etmək üçün yerli toplantılarda iştirak edib və bu səbəbdən onun təqib və axtarışları intensivləşib. İş materiallarında olan müsahibədən görünür ki, ərizəçinin izahatları ona verilən suallar çərçivəsində olub və ona verilməyən sualları əhatə etməyib. Nəticə etibarilə, ərizəçinin izahatları müfəssəldir, spesifıkdir və ziddiyətli deyil. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. Ərizəçinin müraciəti inandırıcı olmaması səbəbindən rədd edilib, lakin DMX tərəfindən müəyyən edilən hallar faktlara deyil, onların subyektiv fikrinə əsaslanıb. Başqa sözlə, ərizəçinin izahatında qeyd etdiyi xüsusatların mənşə ölkəsində baş verəbilən olduğu müəyyən edilir. Buna görə də ərizəçinin izahatları xarici mötəbərliyin tələbatını da ödəyir. Nəticə olaraq, ərizəçinin izahatları mötəbərliyin daxili (müfəssəlik və ardıcıllıq) və xarici (MÖM- lə uyğunluq) amillərinin tələbatlarını ödəyir. Buna görə də onun izahatları inandırıcılıq keyfiyyətinə malikdir. Beləliklə, ərizəçinin izahatları mötəbər sayılmalıdır... Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ΙΙ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının ona qaçqın statusu verilməsi ilə bağlı cavabdehə müraciəti sonuncu imtina qərarı ilə cavab vermiş, narazı qalan iddiaçı məcburetmə haqqında iddia vasitəsilə himtina qəranının əsassız hesab edilərək ləğvini və ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsinin cavabdehə ahavlə olunmasını tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən onun iddia tələbi rədd olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, «Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən «Qaçqın» - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin «Qayda»nın 7-9-cu bəndlrinə əsasən : «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir.” Qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla, iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri və işdə olan digər sənədlər əsasında təhlil edildikdə, iddiaçıya Azərbaycan Respublikasında qaçqın statusunun verilməsini zəruri edən faktiki şərtlər müəyyən edilmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə əsasən 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdehin iş materiallarına əlavə edilmiş imtina qərarından, iddiaçı ilə aparılmış müsahibənin nəticələrinə əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən qanunvericiliyin sadlalanan tələbləri qaydasında iddiaçının qaçqın statusu verilməsi ilə bağlı vəsatəti ətraflı araşdırılaraq qiymətləndirilmə aparılmış, nəticələrinə dair əsaslandırılmış qərar qəbul edilməklə, onun vəsatəti təmin edilməmiş, qaçqın statusu verilməsindən imtina olunmuşdur. O cümlədən, cavabdehə müraciəti üzrə iddiaçının doldurduğu ərizə-anket, vəsatəti ilə bağlı cavabdeh tərəfindən onunla aparılan müsahibənin nəticələrinə münasibətdə cavabdehin xx.xx.2023-cü il tarixli İQ-18/1 nömrəli qərarı aşkar olunun hallara və inzibati icraat haqqında hüquq normalarına uyğun qəbul edilmişdir. Belə ki, cavabdeh tərəfindən aparılmış inzibati araşdırma aşağıdakılardan ibarət olmuşdur: “ Tədqiq olunan sənədlərdən aydın olur ki, cavabdeh tərəfindən iddiaçının 05 dekabr 2022-ci il tarixli vəsatəti qeydiyyata alınaraq onun adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlər (surətləri) işinə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Müsahibə zamanı iddiaçı İranda hicaba qarşı keçirilən etiraz aksiyasında iştirak etdiyinə görə dövlət orqanları tərəfindən telefonuna bildiriş gəldiyini, ona idarəyə yaxınlaşaraq özünü təqdim etməli olduğu bildirilmişdir. O, dövlət orqanına getmək istəmədiyi üçün ölkəsini tərk etmək qərarına gəldiyini, 3 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasına gəldiyini qeyd etdiyi dəlillərin bir qismi inzibati araşdırma zamanı aparılmış təhlillərə əsasən öz təsdiqini tapsa da, ona dövlət qurumu tərəfindən bildiriş gəldiyini bildirməsi faktıını təsdiq edə biləcək heç bir sübut təqdim etməmiş, və bildirişin məhz kim tərəfindən, hansı nömrədən gəldiyi barədə sualları cavablandırmaqda çətinlik çəkmişdir. O, həmçinin etiraz nümayişində neçə nəfərin iştirak etdiyi, kim tərəfindən təşkil olunduğundan da məlumatsız olduğunu etiraf etmişdir. Pasportuna baxış keçirilən zaman isə məlum olmuşdur ki, o, Azərbaycana gəldikdən sonra təxminən 3 ay ölkə ərazisində yaşamış, bu müddət ərzində Türkiyə və Gürcüstana giriş-çıxış etmiş, sonradan qaçqın statusu ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Digər tərəfdən, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətinə, milliyyətinə, siyasi əqidəsinə görə təqib olunmamışdır. Beləliklə də, müəyyən edilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Göründüyü kimi, cavabdeh tərəfindən ərizəçinin qeyd etdiyi halların inandırıcılığı qiymətləndirilərkən onun söylədiyi faktlarda əsaslı ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmiş, ölkəsinə qayıdacağı təqdirdə onu əsaslı təqib qorxusunun tam əsaslılığı sübuta yetirilməmişdir. Beləliklə də cavabdeh tərəfindən hərtərəfli araşdırma aparılmaqla, iddiaçının İran Respublikasında təqibə və təsirə məruz qaldığını əsaslandıran dəlilləri həqiəqətə uyğun olduğu təkzib olunması və ona qaçqın statusunun verilməsi ilə bağlı öz ölkəsində əsaslı təqib qorxusunun mövcudluğu sübuta yetirilməməsi kimi bütün bu bunlar da ona qaçqın statusu verilməsi imkanını istisna etmişdir. Odur ki, qeyd olunanlar baxımından, iddiaçının “Qaçqın” statusu verilməsi haqqında vəsatəti - Komissiya tərəfindən “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndləri əsasında onun və ailə üzvlərinin öz ölkəsində təqib qorxusuna uyğun gəldiyi əsaslandırılmış hesab olunmamış, mübahisələndirilən qərarla ona qaçqın statusu verilməsindən imtina olunmuşdur (Komissiyanın 12 saylı protokolu).” Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin iddiaçıya qaçqın stausu verilməsindən imtina olunması barədə qərarı qanuni və əsaslıdır. Qanuni və əsaslı imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə, o halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunması, işin hallarına, maddi və prosessual hüquq normalarına uyğundur. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının əsaslandırılmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır, yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8310/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Göstərilənlərə əsasən və İPM-in 14, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8310/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasın Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-717/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-717/2024
25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver