Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-717/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon Şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1397/2018 nömrəli, 19 sentyabr 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1397/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2009-cu ildən, yəni 52 yaşı tamam olan tarixdən həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun şərtləri əsasında, yəni 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülərək 1 nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1164/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1397/18 saylı iş üzrə qəbul etdiyi 06 mart 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1893/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 may 2018-ci il tarixli 2-1(103)-1164/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1397/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı xx.xx.2018-ci ildə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün xx.xx.2019cu ildə cavabdehə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1397/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı üzrə Bakı İnzibati Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə icra vərəqəsi verilmiş, xx.xx.2020-ci il tarixdə icra edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1397/2018 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yeni açılmış hallarla bağlı ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı iddiasına dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1397/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1397/2018 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1397/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1727/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1397/2018 saylı 11 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1731/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1727/2021 saylı, 30 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)- 312/2023 nömrəli Qərardadı ilə Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Sevinc Qurbanovanın Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(82)-1397/2018 saylı icra vərəqəsinin icrasına xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, Bakı inzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(82)-1397/2018 saylı icra vərəqəsi icra edilməsi üçün yenidən Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)-312/2023 nömrəli Qərardadında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X2 rayon icra şöbəsinə xx.xx.2023-cü il tarixli 3-17-1/2-70877/2023 saylı “İddiaçı dair məhkəmə qərarının icrası haqqında” məktubla müraciət etmiş, məktubda Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən aparılan xidməti araşdırma zərurəti ilə əlaqədar İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin olunmuş pensiyanın ödənişinin dayandırıldığı, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun xx.xx.2014-cü il tarixində 57 yaşdan olduğu, ona həmin tarixdən hesbalanmaqla 841,36 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi bildirilmiş, lakin icra sənədi üzrə tələbin - İddiaçı xx.xx.2009-cu il tarixdən, yəni 52 yaşı tamam olan tarixdən həmin tarixə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun şərtləri güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi göstərilməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qərarının icra olunmaması ilə əlaqədar inzibati orqanın 50000 manat məbləğində cərimə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1397/2018 nömrəli, 19 sentyabr 2024-cü il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 300 (üç yüz) manat miqdarında cərimə edilməsi və həmin qurumdan tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Hazırda qeyd olunan qərardaddan cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və həmin qərardadla müəyyən edilmiş 300 (üç yüz) manat məbləğində cərimənin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. İddiaçı Fondun Xəzər rayon şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixindən (52 yaşının tamamlandığı) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Adıçəkilən şəxsin əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından pensiya ödənişi 1 fevral 2020-ci il tarixindən dayandırılıb. Araşdırma zamanı onun güzəştli şərtlərlə pensiya hüququnun 52 yaşdan deyil, 57 yaşdan, yəni xx.xx.2014-cü il tarixindən olduğu müəyyən edilib. Nəticədə İddiaçı qanunazidd əmək pensiyası təyin olunduğu xx.xx.2009-cu il tarixindən pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-ci il tarixinədək ümumilikdə 77933,36 manat vəsaitin əsassız ödənildiyi aşkar edilib. Adıçəkilən şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunvericiliyin tələbələrinə uyğun qaydada hesablanaraq 841,36 manat olmaqla xx.xx.2022-ci il tarixindən bərpa edilib. Həmçinin pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-xx.xx.2022ci il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan 19083,05 manat pul vəsaiti hesablanıb. Həmin 19083,05 manat vəsait ona artıq ödənilmiş 77933,36 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Qalıq artıq ödənilmiş 58850,31 manat vəsait hər ay 168,27 manat olmaqla əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Əlavə olaraq, araşdırma nəticəsində İddiaçı qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 26 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2021-ci il tarixli 02/2-283-20/185 nömrəli məktubda sözügedən iş üzrə cinayət işinin başlanmasına dair qərar qəbul olduğu bildirilib. Lakin məhkəmə işdə olan sübutlara əhəmiyyət verməmiş və əsassız olaraq Mərkəzi Filialın cərimə olunması barədə qərardad qəbul etmişdir. Qeyd olunanlara əsasən Bakı İnzibati Məhkəməsinin inzibati orqanı 300 manat məbləğində cərimə etməsi qanunsuz və əsassız olduğundan qərardad ləğv edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İşin araşdırılmış hallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1397/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2009-cu ildən, yəni 52 yaşı tamam olan tarixdən həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun şərtləri əsasında, yəni 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülərək 1 nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərar qanuni qüvvəyə minmiş və icra edilməsi üçün cavabdehə göndərilmişdir. Lakin cavabdeh iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun 52 yaşdan deyil, 57 yaşdan, yəni xx.xx.2014-cü il tarixindən yarandığını qeyd etməklə iddiaçıya təyin edilmiş əmək pensiyasının ödənişini dayandırmışdır və pensiya ödənişini xx.xx.2014-cü il tarixdən həyata keçirir. Göründüyü kimi, qeyd olunan məhkəmə qərarı cavabdeh tərəfindən icra edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin İİ hissəsinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra – qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir (maddə 15.1). Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır (maddə 15.2). Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir (maddə 15.3). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair» 4 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli Qərarının: - 25-ci bəndinə əsasən inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. - 26-cı bəndinə əsasən İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. - 27-ci bəndinə əsasən İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır. - 28-ci bəndinə əsasən cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. 116.2-ci maddəsinə əsasən məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. 118.2-ci maddəsinə əsasən icranın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununda nəzərdə tutulmuş qaydada həyata keçirildiyi hallarda, birinci instansiya məhkəməsində mübahisə ilə bağlı işə baxan hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim icra orqanı sayılır. 118.4-cü maddəsinə əsasən icra ilə bağlı borcluya tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri yalnız hakim tərəfindən müəyyən edilir. 118.5-ci maddəsinə əsasən hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2-ci maddəsinə əsasən bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3-cü maddəsinə əsasən cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4-cü maddəsinə əsasən cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Məhkəmə kollegiyası qeyd edir ki, əgər iddiaçıya pensiya təyin edilməsinə dair qanuni qüvvədə olan məhkəmə qərarı mövcuddursa, o halda pensiyanın dayandırılması məsələsi məhkəmə qərarının icrası qaydasında həll edilməlidir. İnzibati orqanlar qanuni qüvvədə olan məhkəmə qərarları əsasında təyin edilmiş əmək pensiyalarına münasibətdə həmin qərarların qanuni qüvvəsini və məcburi icra edilməli olmasını şübhə altına alacaq şəkildə davrana bilməz, o cümlədən məhkəmə aktı qüvvədə olmağa davam etdiyi halda qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla onun icrasını dayandıra bilməzlər. Bu qaydada yanaşma, faktiki olaraq məhkəmə qərarlarının təftişinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış həmin qərarların məcburi icrasını ortadan qaldırmış olur. Hazırki işdən də görünür ki, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməmiş, bundan sonra birinci instansiya məhkəməsi qərarın icra edilib-edilməməsi barədə məlumatın məhkəməyə verilməsini tələb etmiş, İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən qərar icra edilmədiyi halda 50000 manatadək məbləğdə cərimə tətbiq olunacağı barədə cavabdehi xəbərdar etmişdir. Göründüyü kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı cavabdeh tərəfindən uzun müddət icra edilməmişdir. Halbuki Azərbaycan Respublikasının Konstitusiyasının və digər qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunmamasına əsas vermir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1397/2018 nömrəli, 19 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-717/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-717/2025
15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver