Məhkəmə qərarları › İş №2-1(103)-718/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-718/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-718/2023 27.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X6 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4228/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə öhdəliyin icrası haqqında iddia ərizəsi ilə müraciət edərək və sonradan iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən Əzizbəyov rayon XDS İK-nin 12 saylı, 13 iyul 1990-ci il tarixli qərarı ilə ünvan 1 tikmək üçün 73 saylı ayrılmış torpaq sahəsinin mərhum (əri) X4 məxsusluğu haqqında arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı ərizə ilə cavabdehə müraciət edərək Əzizbəyov rayon XDS İK-nin 12 saylı, 13 iyul 1990-ci il tarixli qərarı ilə ünvan 1 tikmək üçün 73 saylı ayrılmış torpaq sahəsinin mərhum (əri) X4 məxsus olması barədə arayışın verilməsini xahiş etmiş, lakin sonuncu ona ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubunda müraciətin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim edilmiş torpaq sahəsinin yerləşmə cizgisi ilə faktiki sahə arasında uyğunsuzluq mövcuddur, həmçinin, sözügedən torpaq sahəsinin X3 adına (əcnəbi) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qanunvericiliyinin tələblərinə ziddir. İddiaçı hesab edir ki, imtina əsassızdır, onun hüquqlarının pozur. Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmişdir. Etirazın əsaslarında iddiaçıya ünvanlanmış imtina məktubunda göstərilənlərə uyğun olaraq qeyd olunmuşdur ki, torpaq sahəsinin yerləşmə cizgisindəki istinad məsafələri ilə faktiki sahə arasında uyğunsuzluq mövcuddur. X1 əcnəbi (Rusiya Federasiyası vətəndaşı) olduğundan, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə əsasən sözügedən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4228/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Əzizbəyov rayon XDS İK-nin 12 saylı, 13 iyul 1990-ci il tarixli qərarı ilə ünvan 1 tikmək üçün 73 saylı ayrılmış torpaq sahəsinin X4 məxsusluğu haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakıllarla əsaslandırılmışdır. “...Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, X1 əcnəbi (Rusiya Federasiyası vətəndaşı) olduğundan sözügedən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Həmçinin, təqdim edilmiş torpaq sahəsinin yerləşmə cizgisindəki istinad və məsafələr ilə faktiki sahə arasında uyğunsuzluq mövcuddur. Məhkəmə mübahisəsi dövründə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş və xx.xx.2017-ci il tarixdə M-172/2-091/2 nömrəli müşayiət məktubu ilə iddiaçı tərəfindən təqdim olunmuş yeni torpaq sahəsinin yerləşmə cizgisində sahənin perimetrik ölçülərinə (əvvəlki vəziyyətdə 25x24 metr) 28.15 x 20.90 metr olaraq düzəliş edilmişdir. Düzəliş ilə bağlı cizgiyə əlavə möhür vurulsa da, dəyişikliyin tarixi göstərilməmişdir. İstinad və məsafələrdə olan fərqlər eyni ilə mövcuddur. Qeyd olunan səbəblərə görə iddiaçının ərizələrinin icrası mümkün olmamış, qanunamüvafiq qaydada cavab məktubları ünvanlanmışdır. Məhkəmə qərarının nəticə hissəsində ünvan 1 tikmək üçün 73 saylı ayrılmış torpaq sahəsinin hansı hüquq üzrə (mülkiyyət, icarə, istifadə və s.) mərhuma məxsus olması barədə arayışın verilməsi göstərilməmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rzazadə apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının 30 noyabr 2022-ci il tarixli iclasında iştirak edən iddiaçı Ş,Məmmədova birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir (Hazırkı məhkəmə iclası barədə məlumatı olsa da, gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir). ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə mərhum əri məhkəmədən Əzizbəyov rayon XDS İK-nin 12 saylı, 13 iyul 1990-ci il tarixli qərarı ilə ünvan 1 tikmək üçün 73 saylı ayrılmış torpaq sahəsinin məruhm (əri) X4 məxsusluğu haqqında arayışın verilməsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinin tələbindən də görünür ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İş materiallarından görünür ki, cavabdeh qeydiyyat orqanı tərəfindən iddia olunan arayışın verilməsini zəruri edən faktiki şərtlər mövcuddur. Belə ki, əlavə olunmuş xx.xx.2013-cü il tarixli Bakı şəhər İHB-nın arayışıa əsasən iddiaçıya təqdim olunmuş Əzizbəyov rayon X5 İcraiyyə Komitəsinin xx.xx.1990-ci il tarixli, 12 №-li qərarından görünür ki, Şüvəlan qəsəbəsi, 8 mart ev 22-də yaşayan, “Metallurq” sovxozunda briqadir işləyən, Əzizbəyov RİH-nin №16, xx.xx.1988-ci ildən ev növbəsində duran ailə tərkibi 1 nəfərdən ibarət X4 Şüvəlan qəsəbəsində 73 №-li sahədə ev tikmək üçün 600 kv.m torpaq sahəsinin ayrılmış, daha sonra onunla müddəsiz istifadəsinə verilmiş həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisin inşa olunmasına dair müqavilə bağlanmışdır. Eyni zamanda, Xəzər rayon İHB-nin iddiaçıya ünvanlanmış 31.2017-ci il tarixli məktubundan görünür ki, sonuncunun müraciətinə əsasən mərhuma ayrılmış torpaq sahəsinin cizgisi (24x25)və xərtiəsin hazırlanaraq ona təqdim olunmuşdur (işə əlav olunur). Göründüyü kimi, mübahisəli torpaq sahəsi mərhuma SSRİ məkanı mövcud olduğu və hər kəsin vətəndaşı olduğu SSRİ pasportunu daşıdığı vaxt Bakı şəhəri Şüvəlan qəsəbəsində yaşayan və Metallurq sovxozunda işləyən, həm də mənzil növbəsinə duran zaman ayrılmışdır. Həmçinin, işə əlavə olunmuş Bakı şəhəri Əzizbəyov rayon qeydiyyat şöbəsinin 19 yanvar 2010-cu il tarixli arayışından görünür ki, mərhum Eldar Məmmədov ilə İddiaçı ilə arasında 22 sentyabr 1990-cı il tarixdə nikah qeydi tərtib olunmuş və sonuncunun, yəni İddiaçı işə əlavə olunmuş ********* saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən olunur ki, Azərbaycan Respublikasının vətəndaşıdır və yaşayış yeri üzrə ünvan 3 ünvanında rəsmi qeydiyytdadır. İşdə olan, xx.xx.2013-cü il tarixdə Rusiya Federasiyasının İvanov vilayəti “Privoljsk” şəhəri “VVAQ”(“ZAQS”) qürumu tərəfindən verilmiş 839604 No-li ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, xx.xx.1964-cü ildə Azərbaycanda doğulmuş X7 09 iyul 2013-cü il tarixdə vəfat etmiş və onun ölümü barədə 265 N-li qeyd aparılmışdır. Beləliklə də işin tədqiq olunan sübutlarla müəyyən olunan hallarından göründüyü kimi, iddiaçının mərhum əri Eldar Məmmədov sonradan Rusiya Federasiyasının vətəndaşı olsa da, mübahisəli torpaq saəhsin ona keçmiş SSRİ dövründə, Bakıda yaşadığı və işlədiyi və mənzil növəbsində olduğu zaman, qanuni əsaslarla ayrılmışdır. Onunla 1990-cı ildən rəsmi nikaha daxil olmuş həyat yoldaşı olan İddiaçı isə Azərbaycan Respublikasının vətəndaşıdır, hal-hazırda Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbisində yaşayış yeri üzrə rəsmi qeydiyyatdadır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin artıq dünyasını dəyişmiş Eldar Məmmədovun əcnəbi olmasını mübahisələndirərək, mübahisəli torpaq sahəsinin ona məxsusluğu barədə arayış verilməsindən iddiaçıya imtina cavabı verməsi əsasızdır. Cavabdehin apellyasiya şikayətinin torpaq sahəsinin əvvəlki ölçüləri (24x25=600) ilə faktiki (28.15x20.90=588,34) ölçüləri arasında uyğunsuzluq olduğunu mübahisələndirən dəlillərinə gəlikdə, birincisi, mərhuma 1990-cı ildə torpaq sahəsi ayrılarkən torpağın cizgisi tərtib olunmamış, 2017-ci ildə yalnız, Xəzər rayon İH tərəfindən tərtib olunmuşdur ki, bu halda da en-uzun ölçülərində fərqli olması istsna olunmur. Hər bir halda qeyd olunan ölçülərə nəzərə saldıqda, torpağın faktiki sahəsi iddiaçıya qərar əsasında ayrılmış sahədən azdır. Yəni, artıq torpaq sahəsi zəbt olunmamışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh qeydiyyat orqanının qeyd olunan dəlillri formal xarakter daşıyır. Birinci instansiya məhkəməsinin qərarından da göründüyü kimi, məhkəmə işdə olan sübutlar üzrə hərtərəfli araşdırma aparılmaqla, onlara düzgün hüquqi qiymət vermiş, əsaslı olaraq da iddiaçının tələbi təmin olunmuşdur. Cavabdehin apellyasiya şikayətinin qərarın nəticə hissəsində, məhkəmənin, ayrılmış torpaq sahəsinin hansı hüquq üzrə (mülkiyyət, icarə, istifadə və s.) mərhuma məxsus olması barədə arayışın verilməsi göstərilmədiyini bildirən dəlilləri də formal xarakterli dəlillər kimi qiymətləndirilməlidir. Çünki, birincisi, məhkəmə tərəfindən qərarın nəticə hissəsində, Əzizbəyov rayon XDS İK-nin xx.xx.1990-ci il tarixli, 12 №-li qərarındakı ifadə formasında “fərdi ev tikmək üçün” torpağın ayrıldığı qeyd olunmuşdur. Hər bir halda, avabdehin özünə də sözügedən qərar, müqavilə və digər sənədlər təqdim olunmuşdur. Digər tərəfdən isə qeyd olunmalıdır ki, 16 iyul 1996-cı il 155-İQ nömrəli Qanunla təsdiq olunmuş “Torpaq islahatı haqqında” Qanunun 9-cu ( vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi) maddəsinin tələbinə görə “vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Göründüyü kimi, fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşların qanuni istifadəsində olan torpaqlar faktiki olaraq, əhəmin Qanunun qüvvəyə mindiyi vaxtdan əvəzsiz olaraq onların mülkiyyətinə verilmiş hesab edilir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin bir daha iddiaçının ərizəsinin təmin olunması istiqamətində əngəllik yaratmasının qarşısının alınması məqsədilə, məhkəmə kollegiyası hər bir halda qərarın nəticə hissəsində, baxmayaraq ki, iddianın tələbində belə bir ifadə tərzində tələbi mövcud deyil, “mübahisəli torpaq sahəsinin mərhuma, mülkiyyət hüququ ilə məxsus olması barədə müvafiq əlavənin edilməsini məqsədəuyğun sayır və hesab edir ki, bu iddianın mahiyyətinə uyğun olub, iddia tələbinin həddini aşmır. Beləliklə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılığını mübahisələndirən dəlilləri ilə razılaşimır və yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, hər bir halda qeyd olunanları nəzərə alınmaqla, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4228/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı, nəticə hissəsindədə “fərdi ev tikmək üçün 73 saylı ayrılmış torpaq sahəsinin” sözlərindən sonra, “mülkiyyət hüququ ilə” sözləri əlavə edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 33, 73, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4228/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı, nəticə hissəsində, “fərdi ev tikmək üçün 73 saylı ayrılmış torpaq sahəsinin” sözlərindən sonra, “mülkiyyət hüququ ilə” sözləri əlavə edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar