Məhkəmə qərarları › İş №2-1(103)-719/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-719/2023

23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-719/2023 23.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5585/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Dövlət Sosial Universiteti tərəfindən iddiaçının adına verilmiş “Maliyyə və kredit” ixtisası üzrə ВСГ ******* nömrəli, xx.xx.2011-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Təhsildə Keyfiyyət Təminatı Agentliyi göstərilməklə iddia tələbinin “Rusiya Federasiyası Rusiya Dövlət Sosial Universiteti tərəfindən iddiaçının adına verilmiş ВСГ ******* nömrəli, xx.xx.2011-ci il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilməsi və cavabdehin əsl cavabdehlə əvəz edilməsi qərara alınmışdır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-2011-ci illərdə Rusiya Dövlət Sosial Üniversitetinin maliyyə və kredit fakültəsində iqtisadçı ixtisası üzrə təhsil almışdır. İddiaçıya xx.xx.2011-ci il tarixli, ВСГ ******* nömrəli diplom verilmişdir. İddiaçı xx.xx.2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmişdir. Lakin Təhsil Nazirliyi tərəfindən diplomun tanınmasından imtina edilmişdir. İmtinaya əsas kimi Rusiya Dövlət Sosial Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında (6 il) iddiaçının həmin ölkədə cəmi 3 gün olması göstərilir. Rusiya Federasiyasının adıçəkilən ali təhsil müəssisəsinin diploma əlavəsində göstərilən tədris proqramının bu müddət ərzində yerinə yetirilməsinin qeyri-mümkün olduğu bildirilir. Hesab edir ki, diplomun tanınmasından imtina əsassızdır. Cavabdeh iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur (xx.xx.2011-ci ildə 3 gün) və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5585/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsindən imtina edilməsi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən istinad edilən hallar qeyd olunan Qaydaların 3.7-ci bəndində göstərilən mənfi rəyin verilməsi üçün əsaslardan heç birinə uyğun gəlmir və formal xarakter daşıyır. İddiaçının təhsil aldığı təhsil müəssisəsi “Rusiya Dövlət Sosial Universitetinin Bakıda yerləşən tədris-məsləhət məntəqəsində” olduğu üçün iddiaçı da məhz Bakı şəhərində təhsil almış, bu səbəbdən də ölkəni tərk etməyə zərurət olmamışdır. Lakin məhkəmə işin bu hallarına düzgün qiymət verməmiş, iddiaçının “Rusiya Dövlət Sosial Universitetinin Bakıda yerləşən tədris-məsləhət məntəqəsində” təhsil almasını, Universitetin Bakı şəhərindəki səyyar təhsil məntəqəsində səyyar sessiyalar formasında təhsil almasını nəzərə almamış, həmin istiqamətdə araşdırma aparmamış, yanlışlıqla inzibati orqanın hərəkətlərində hər hansı qanunsuzluq olmadığı, iddiaçının hər hansı hüquqları və qanunla qorunan mənafeləri inzibati orqan tərəfindən pozulmadığı qənaətinə gələrək iddia tələbini təmin etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozuntusu ilə qərar qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. İddianın mahiyyəti: Məhkəmə kollegiyası hesab edir ki, iddia mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: - 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. - 27.4-cü maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - 29.0.21-ci maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biridir. - 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin: - 1.1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyriformal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. - 2.2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. - 3.1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. - 3.1.8-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27- 8.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin təsdiq edilməsi haqqında 4 iyun 2010-cu il tarixli 104 saylı qərarının 1.5-ci bəndinin ikinci hissəsində qeyd edilmişdir ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydalarının1.6-cı maddəsinə əsasən bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın: - 4.1-ci bəndinə əsasən tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). - 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. - 4.3. Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh "xxxx" ali peşə təhsili dövlət təhsili müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd edilən tədris yükünü yerinə yetirə bilməməsini mübahisələndirir. Məhkəmə kollegiyası ilk növbədə, iş materiallarında olan aşağıdakı sənədləri nəzərdən keçirir. Belə ki, iş materiallarında olan: - Rusiya Federasiyası "xxxx" ali peşə təhsili dövlət təhsili müəssisəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş ВСГ ******* nömrəli diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı “Maliyyə və kredit” ixtisası üzrə iqtisadçı Peşə-ixtisas dərəcəsi verilmişdir. Diplom xx.xx.2012-ci ildə 134138 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir; - Rusiya Federasiyası "xxxx" ali peşə təhsili dövlət təhsili müəssisəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş ВСГ ******* nömrəli diploma əlavənin azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı Rusiya Dövlət Sosial Universiteti” ali peşə təhsili dövlət təhsili müəssisəsində oxuduğu müddət ərzində “Maliyyə menecmenti” ixtisaslaşması üzrə 62 fəndən 4 kafi, 22 yaxşı, 5 əla və 31 məqbul qiymətləri almışdır; - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş sərhədkeçmə məlumatından görünür ki, İddiaçı 2005-2011-ci illər ərzində Rusiya Federasiyası istiqamətində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında olan məlumatlar belədir: xx.xx.2011-çıxış, xx.xx.2011-giriş. Həmçinin, hazırki işin apellyasiya araşdırması zamanı təqdim olunmuş Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin notarial qaydada tərcümə və təsdiq olunmuş ******* nömrəli 30 oktyabr 2022-ci il tarixli arayışından görünür ki, Tağızadə ilahə əvəz qızı 2005-2011-ci illərdə Rusiya Dövlət Sosial Universitetinin Maliyyə və Kredit fakultəsinin qiyabi şöbəsində təhsil alıb və oranı bitirdikdən sonra ona BCГ ******* saylı diplom verilib. 2005-2011ci illərdə Azərbaycan Respublikasının Bakı şəhərində Rusiya federasiyasının Rusiya Dövlət Sosial Universitetinin filialı fəaliyyət göstərmişdir. Vətəndaş təhsil aldığı müddətdə bu filialda dərslərdə iştirak edib, imtahan və məqbullardan keçib, filial bağlandıqdan sonra isə Moskvada yerləşən Rusiya Dövlət Sosial Universitetində buraxılış dövlət imtahanı veribdir. Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin notarial qaydada tərcümə və təsdiq olunmuş U-3420 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki,Tağızadə (Mirişli) İlahə Avaz qızı həqiqətən "Maliyyə və kredit” - 080105.65 ixtisası üzrə ödənişli təhsil xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə qiyabi təhsil formasında "xxxx" X12 üzrə Dövlət Təhsil Müəssisəsində təhsil almışdır (X9 Universitetinin (MDİU) 1-ci kursuna qəbul haqqında xx.xx.2005-ci il tarixli 5245-Ф/C saylı əmr, Təhsilin əldə edilməsi (tədrisin başa çatması) ilə əlaqədar xaric edilmə haqqında xx.xx.2011-ci il tarixli 56-C saylı əmr). İ.A.Tağızadə ’’Maliyyə və kredit" ixtisası üzrə "İqtisadçı" peşəsinə yiyələnmiş və ona 83557 qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixli BCГ ******* saylı diplom verilmişdir. Əlavə olaraq, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ali təhsil sahəsində həmrəylik haqqında dövlətlərarası sazişə müvafiq olaraq, Moskva Dövlət Sosial Universiteti (bundan sonra - ’’MDSU”) ilə "Texnoloq" Elm-istehsalat firması (bundan sonra - "Firma") arasında 12 iyul 1996-cı il tarixli birgə fəaliyyət müqaviləsinə uyğun olaraq, 29 İyul 1996-cı il tarixli 298 saylı əmr əsasında Firmanın Azərbaycan Respublikasının Bakı şəhərindəki bazasında MDSU-nun Beynəlxalq Sosial Təhsil Mərkəzi (UKP) açılmışdır. 2002-ci ildə MDSU-nun Beynəlxalq Sosial Təhsil Mərkəzi (UKP) MDSU-nun Bakı şəhərindəki nümayəndəliyi adlandırılmışdır. 2005-ci ildə MDSU-nun nümayəndəliyi Rusiya Dövlət Sosial Universitetinin nümayəndəliyi adlandırılmışdır. Rusiya Dövlət Sosial Universitetinin (RDSU) Bakıdakı nümayəndəliyi Rusiya Federasiyası Mülki Məcəlləsinin 55-ci maddəsi, RDSU-nun Nizamnaməsi, habelə Nümayəndəlik haqqında X7 Dövlət Reyestrinə daxil edilmiş məlumatlar əsasında fəaliyyət göstərir. X3 xx.xx.2019-cu il tarixli 236 saylı "Dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların fəaliyyəti zamanı yaradılan tipik idarəetmə arxiv sənədlərinin saxlanma müddəti göstərilməklə, siyahılarının təsdiq edilməsi haqqında" əmrinə əsasən attestasiya, təsnifat komissiyalarının protokolları 10 il ərzində saxlanılır. Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyinin 13 mart 2003-cü il tarixli 50 saylı əmrinə əsasən Moskva Dövlət Sosial Universiteti "Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyinin Moskva Dövlət Sosial Universiteti Ali Peşə Təhsili üzrə Dövlət Təhsil Müəssisəsi adlandırılmışdır. Rusiya Federasiyası Hökumətinin xx.xx.2005-ci il tarixli 64-p saylı Sərəncamına əsasən "Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyinin Moskva Dövlət Sosial Universiteti" Ali Peşə Təhsili üzrə Dövlət Təhsil Müəssisəsi Federal Təhsil Agentliyinin (Rosobrazovanie) səlahiyyətinə verilmişdir. Federal Təhsil Agentliyinin (Rosobrazovanie) 21 iyul 2005-ci il tarixli 711 saylı əmrinə əsasən "Rusiya Federasiyası Əmək və Sosial İnkişaf Nazirliyinin Moskva Dövlət Sosial Universiteti" Ali Peşə Təhsili üzrə Dövlət Təhsil Müəssisəsi "Rusiya Dövlət Sosial Universiteti” (RDSU) Ali Peşə Təhsili üzrə Dövlət Təhsil Müəssisəsi adlandırılmışdır. Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin 23 may 2011-ci il tarixli 1701 saylı əmrinə əsasən "xxxx" Ali Peşə Təhsili üzrə Dövlət Təhsil Müəssisəsi "xxxx" Ali Peşə Təhsili üzrə X10 Təhsil Müəssisəsi adlandırılmışdır. Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin 29 oktyabr 2015-ci il tarixli 1255 saylı əmrinə əsasən "xxxx" Ali Peşə Təhsili üzrə X10 Təhsil Müəssisəsi "xxxx" Ali Təhsil üzrə X10 Təhsil Müəssisəsi adlandırılmışdır. Göründüyü kimi, iddiaçının təhsil aldığı təhsil müəssisəsi Rusiya Dövlət Sosial Universitetinin Bakıda yerləşən tədris-məsləhət məntəqəsində olduğu üçün iddiaçı da məhz Bakı şəhərində təhsil almış, bu səbəbdən də ölkəni tərk etməyə zərurət olmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda da hüquqi mövqe bu cür əsaslandırılmışdır (2-1(102)-1671/2021 saylı xx.xx.2021-ci il tarixli Qərar). Belə ki, həmin işlərdən aydın olduğu kimi iddiaçılar Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialında təhsil almışlar, baxmayaraq ki, həmin filial ölkə ərazisində akkreditasiyadan keçməmiş və dövlət lisenziyası əldə etməmişdir, lakin yaranmış məhkəmə praktikasına əsasən qeyd edilən hallar təhsil alan tələbələrin təhsil hüquqlarının pozulmasına səbəb ola bilməz. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq haqqında 05 mart 2004-cü il tarixli, 595-İİQ saylı Qanunla Azərbaycan Respublikası 05 oktyabrın 1961-ci il tarixli həmin Haaqa Konvensiyasına qoşulmuşdur. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 05 oktyabr 1961- ci il tarixli Haaqa Konvensiyasının 1-ci maddəsinə görə, bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən, razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən, 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. İş üzrə materiallardan görünür ki, Rusiya Federasiyası da qeyd olunan Konvensiyaya qoşulmuşdur və həmin ölkənin səlahiyyətli orqanı tərəfindən iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla, həmin diplomun qanuniliyi Rusiya Federasiyası tərəfindən tanınmışdır. Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli, 455-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin 6-cı maddəsinə əsasən dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, hazırkı iddia “məcburetmə haqqında iddia” olduğundan inzibati aktın qəbul edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə olan halda hazırkı işdə iddiaçı xeyrinə müvafiq inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə bu sübutetmə iddiaçı tərəfindən yerinə yetirilsə də, cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, şikayət təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5585/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5585/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı adına Rusiya Federasiyası Rusiya Dövlət Sosial Universiteti tərəfindən verilmiş ВСГ ******* nömrəli, xx.xx.2011-ci il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar