Məhkəmə qərarları › İş №2-1(103)-719/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-719/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-719/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədova Şərafət Asif qızı və X6 ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin (“PHŞ”) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb reyestrdən çıxarışın verilməsi və texniki pasportun tərtib olunması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5995/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 21a saylı evin, 120 saylı mənzilin onun adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslarındırmışdır: “...xx.xx.1954-cü ildə doğulmuş və xx.xx.2013-cü il tarixdən Bakı şəhəri, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 21a, mənzil 120-də pasport qeydiyyatındadır və həmin mənzildə yaşayır. Mənzidin yerləşdiyi bina əvvəllər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansında olmuşdur. O, Neft Şirkətində (“28 may” NQÇi) işləmiş, xx.xx.1989-cu ildən mənzil növbəsinə dayanmış və uzun müddət mənzilin növbəsinin çatmasını gözləmişdir. Neft Şirkəti tərəfindən 2010-cu ilin sentyabr ayında ona beş nəfər ailə tərkibində həmin binada 7-ci giriş, altıncı mərtəbədə, 3 otaqlı, sahəsi 53,04 kv.m olan 120 saylı mənzil verilmiş, daha sonra onun adına Səbail rayon İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2012-ci il tarixli 163 nömrəli müvafiq sərəncam imzalanmışdır. Həmin mənzili özəlləşdirilmək məqsədilə sənədləri toplayıb cavabdeh orqana ərizə ilə müraciət etmiş, lakin sonuncu müraciətinin təmin olunmasından əsassız olaraq imtina etmişdir...” Cavabdeh iddia ərizəsinə dair məhkəməyə təqdim etdiyi etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 21a saylı evin 120 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, mənzilə dair təqdim olunan Səbail rayonu İcra Hakimiyyəti başçısının 163 saylı sərəncamı xx.xx.2012-ci il tarixdə verilmişdir.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5995/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırılmışdır. “...Məhkəmə, qərarda iddiaçının həmin mənzilə qanuni əsasla 2009-cu il oktyabrın 1-dək köçməsinə və faktiki istifadə etməsinə dair sənəd mövcud olmadığına və işdə olan 119 saylı MKİS-in xx.xx.2022-ci il tarixli arayışına əsasən onun Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 21 a, 9 mərtəbəli evin 6-cı mərtəbəsində, sahəsi 53,4 kv.m olan mənzilə xx.xx.2013-cü ildə qeydiyyata alındığına istinadən iddianı əsassız hesab edərək rədd etmişdir. Məhkəmənin gəldiyi nəticə yanlışdır. Belə ki, o, yaşayış yeri olmadığı üçün xx.xx.1989-cu ildən mənzil növbəsinə dayanmış, mənzilin növbəinin çatmasını gözləmiş, mənzil ona 2010-cu ildə beş nəfər ailə tərkibi ilə verilmiş, xx.xx.2012-ci il tarixdə isə onun adına Səbail rayon İcra Hakimiyyəti Başçısının 163 nömrəli sərəncamı qəbul edilmişdir. 01 oktyabr 2009-cu ildən əvvəlki və sonrakı tarixlərdə verilmiş sərəncamlar (əgər 01 oktyabr 2009-cu ilədək mövcud olan əsasa söykənirsə) üzrə hüquqların qeydiyyata alınmasına fərq qoyulması, başqa sözlə eyni vaxtda mənzil növbəsinə götürülmüş şəxslərin, onların iradəsindən asılı olmayan hallardan irəli gələrək müxtəlif vaxtlarda mənzillə təmin edilmələri səbəbindən, sadəcə tarixə əsaslanmaqla ədalətli olmayan differensasiyanın aparılması eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının fərqləndirilməsinə gətirib çıxarır ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir. Belə ki, həmin tarixdən yeni Mənzil Məcəlləsi tətbiq edilsə də, o tarixdən əvvəlki və sonrakı vaxtda verilmiş sərəncamlar predmet, tərəflərin hüquq və vəzifələri baxımından eynilik təşkil edir. Cavabdehin ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun Səbail rayonu İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2012-ci il tarixdə 163 saylı sərəncam verildiyinə istinadən imtinası əsasızdır. Məhkəmənin iş materialında olan sənədlərə, arayışlara, sorğulara verilmiş cavab məktublarına düzgün qiymət verməmiş, qərəzli və qanunvericiliyin tələblərinə zidd olaraq, həm də eyni məhkəmənin digər hakiminin eyni əsaslar üzrə həmin binada yerləşən mənzilin özəlləşdirilməsi barədə qərarı olduğu halda hazırkı iş üzrə maddi hüquq normasının kobud pozuntusu ilə əsassız qərar qəbul etmişdir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı binanın Neft Şirkətinə aid olduğunu və 1989-cu ildən həmin binada növbəyə durub mənzili aldığını vurğulayaraq apellyasiya şikayətini müdafiə etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Q.Zeynalova apellyasiya şikayətini qəbul etməmiş, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddianın təmin olunması barədə yeni qərarı çıxarılmalıdır. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçının öhdəliyin icrası haqqında iddia vasitəsilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 21a saylı evin, 120 saylı mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, bu barədə reyestrdən çıxarış verilməsi və texniki pasport təqdim olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə tələbi birinci instansiya məhkəməsinin qərarı ilə rədd edilmişdır. Məhkəmə bu nəticəyə gələrkən hesab etmişdir ki, iddiaçının özəlləşdirilməsini tələb etdiyi mənzilə münasibətdə istifadə hüququ Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə mindikdən (2009- cu ilin oktyabrın 1-dən) sonra yarandığından “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa uyğun olaraq həmin mənzili özəlləşdirmək hüququ olan şəxs hesab edilmir, buna görə də cavabdehin imtinası qanunsuz hesab edilə bilməz. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsi isə nəzərədə tutur ki, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; -mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.” Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi həmin mənzil üzərində hüququn yaranması üçün əsasdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqularını saxlayırlar. İş materiallarına əsasən iddiaçı: - xx.xx.1989-cu il tarixdən Azərbaycan Respublikası Dövləd Neft Şirkətinin (“ARDNŞ”) vahid mənzil uçotu siyahısı üzrə mənzil uçotuna dayanmış; - ARDNŞ-in rəhbərliyinin və Azərbaycan Neft Qaz X4 İttifaqı (“ANQSİHİ”) Respublika Komitəsinin birgə iclasının xx.xx.2010-cü il 12 yanvar və 27 dekabr 2011-ci il və 07 mart 2012-ci il tarixli protokol (No.No. 10, 2, 6 və 3) qərarlarından çıxarışa əsasən 5 nəfər ailə tərkibi (1959-cu il təvəllüdlü X5, 1983-cü il təvəllüdlü X1, 1986-cı il təvəllüdlü X2 və 1992-ci il təvəllüdlü XXX Etibar Fərhad oğlu) ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 21a saylı evin, giriş 7, mərtəbə 6, yaşayış sahəsi 53,04 kv.m. ola 3 otaqlı 120 saylı mənzili ayrılmış; - həmin protokollar Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 163 saylı 20 iyul 2012-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş və iddiaçı ailə üzvləri ilə birlikdə mənzil növbəsindən çıxarılmış və hal-hazırda ailə üzvləri (arvadı və qızı) ilə birlikdə həmin mənzildə qeydiyyata alınmışlar. İddia ərizəsində qeyd olunur ki, mənzildə qeydiyyatda olan ailə üzvləri notarial qaydada verdikləri ərizələrində, mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına etiraz etməmiş, cavabdehə müraciəti zamanı ərizəsinə əlavə etdiyi onların həmin razılıq ərizələri və digər sənədlər ona qaytarılmamışdır. Cavabdehin işə əlavə ounmuş xx.xx.2023-cü il tarixli imtina cavabından da görünür ki, iddiaçının ailə üzvlərinin razılıq ərizələrinin təqdim olunduğu mübahsələndirilmir. Mübahisləndirilən imtinaya əsas olan hal yalnız ondan ibarətdir ki, iddiaçının adına mübahisələndirilən mənzilə dair Səbail rayon İcra Hakimiyyətinin başçısının 163 saylı sərəncamı xx.xx.2012-ci il tarixdə (yəni, AR Mənzil Məcəlləsi 1 oktyabr 2009-cu il tarixdə qüvvəyə mindikdən sonra) verilmişdir. Beləliklə, işin sübutlarla müəyyən edilən halları onu deməyə əsas verir ki, 1989-cu ildən etibarən Dövlət Neft Şirkətində mənzil növbəsinə dayanmış iddiaçıya verilən mübahisəli mənzil, dövlət mənzil fondundan deyil Neft Şirkətinin özü tərəfindən inşa edilmiş binaya məxsus olmuş, 2010-cu ildə iddiaçının mənzil növbəsi çatdığında Dövlət Neft Şirkətinin rəhbərliyi və Həmkarlar İttifaqının birgə protokol qərarına əsasən iddiaçıya ayrılmış, daha sonra, xx.xx.2012-ci il tarixdə həmin protokol Səbail RİHB-nın sərəncamı ilə təsdiq olunmuş və iddiaçı ailə üzvləri ilə həmin binaya qeydiyyata alınmışlar. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Dövlət Neft Şirkətinin özü tərəfindən inşa edilmiş binadan iddiaçının istifadəsinə verilmiş mənzil, qüvvədə olan Mənzi Məcələsinin 17.2-ci maddəsində nəzərdə tutulan hüquqi şəxsin mülkiyyətində olan özəl mənzil fonduna aid mənzil kimi qiymətləndirilməlidir. Bu baxımdan da, məhz, həmin mənzilin 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan olan Məcəlləsinin 146.2-ci maddəsi tətbiq olunmaqla, 1991-ci ildə Neft Şirkətində həmin vaxt qüvvədə olmuş mənzil qanuvericiliyin tələbləri qaydasında şirkətin mənzil tikintisi hesabına növbəyə durmuş iddiaçının 2012-ci ildə növbəsi çatdıqda Şirkət tərəfindən öz mənzil fondundan mənzillə təmin olunduğu halda onun həmin mənzilə dair mülkiyyət hüququnu məhdudlaşdıra bilməz. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 oktyabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “Saghinadze və başqaları Gürcüstana qarşı” işə dair Avropa Məhkəməsi qərarında (“27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər...” Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin iddiaçının adına qeydə alınmasından imtina etməklə onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmamışdır. Ona görə də, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarında işin halarına düzgün hüquqi qiymət vermədiyini, iddianı rədd edilməsi barədə gəldiyi nəticə maddi hüquq normalarına uyğun olmadığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5995/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və iddianın təmin olunması, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 21a saylı evin, 120 saylı mənzilin onun adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb ona reyestrdən çıxarış vrilməsi və texniki pasportun tərtib olunub ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə yeni qərar qəbul edilməlidir. Beləliklə də qeyd edilənlərə əsasən və İPM-in 52, 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5995/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı adına ünvan 1 ünvanında yerləşən evin 120 saylı mənzilinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb ona reyestrdən çıxarış verilməsi və mənzilin texniki pasportunun tərtib olunub təqdim olunması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar