Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-719/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7652/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə (hazırda Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş 16 oktyabr 2020-ci il tarixli, **********734500 saylı “Cari vergilərin hesablanması barədə Bildiriş”lə İddiaçı hesablanmış 35763,00 (otuz beş min yeddi yüz altmış üç) manat həcmində vergilərin və faizlər üzrə 5865,13 (beş min səkkiz yüz altmış beş manat, on üç qəpik) manat olmaqla, ümumilikdə 41 628,13 (qırx bir min altı yüz iyirmi səkkiz manat, on üç qəpik) manat məbləğində vergi borcunun onun “Şəxsi hesab vərəqəsi”ndən silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh vergi orqanı tərəfindən İddiaçı “Şəxsi hesab vərəqəsi”nə 35763,0 manat məbləğində əlavə hesablanmış vergi borcunun həmin “Şəxsi hesab vərəqəsi”ndən silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, avtomobillərə texniki xidmət göstərilməsi və onların təmir edilməsi məqsədi ilə İddiaçı 2018-ci ilin yanvar ayında vergi uçotuna duraraq ********** saylı VÖEN almışdır. İddiaçı vergi uçotuna dursa da o, vergi öhdəliyi yarada bilən heç bir əməliyyat həyata keçirməmişdir. Onun “şəxsi hesab vərəqəsi”ndə bu öz təsdiqini tapmışdır. Bakı Kommersiya Məhkəməsi İddiaçı barəsində 16 avqust 2021-ci il tarixli, e-2- 2(113)- 4148/2021 saylı qətnamə çıxarmışdır. 16 avqust 2021-ci il tarixli, e-2-2(113)- 4148/2021 saylı qətnamə “Vəkil sorğusuna” cavab olaraq 21 oktyabr 2022-ci il tarixində rəsmi qaydada təqdim edilmişdir. Həmin Qətnamə ilə tanış olduqda vergi öhdəliyinin yaranma səbəbləri göstərilmədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı dövlət büdcəsinə olan ümumilikdə 41.628,13 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırıldığı məlum olmuşdur. İddiaçı vergi öhdəlilərinin yaranma səbəblərinə aydınlıq gətirmək məqsədi ilə tərəfindən 10 noyabr 2022-ci il tarixli “vəkil sorğusu” ilə cavabdehə müraciət edilmişdir. Vergi ödəyicisi İddiaçı vergi öhdəliklərinin mənbəyinin araşdırmasına dair sorğuya cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən ünvanlanmış **********366700 saylı, 14 noyabr 2022-ci il tarixli məktubda vergi ödəyicisinin bank məlumatlarının araşdırılması zamanı onun tərəfindən 255 450,00 manat ekvivalentində 150 000,00 ABŞ dollarının mübadiləsinin aparılması, həmin gəlirin yaranma mənbələri barədə təsdiqedici sənədlərin və ya müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olduğu bildirilmişdir. Daha sonra həmin cavab məktubunda müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi İddiaçı tərəfindən təsdiqedici sənədlər və müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsi təqdim edilmədiyindən cavabdeh vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən ona 2020-ci ilin 3-cü rübü üzrə 35 763,00 manat cari vergi məbləği hesablandığı diqqətə çatdırılmışdır. Cavabdeh vergi orqanı özünün 14 noyabr 2022-ci il tarixli məktubuna kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul etdiyi hər-hansı bir qərar və ya bildiriş əlavə etməmişdir. Bunu nəzərə alaraq tərəfindən 17 yanvar 2023-cü il tarixli “vəkil sorğusu” ilə cavabdeh vergi orqanına İddiaçı kameral vergi yoxlaması ilə 2020-ci ilin 3-cü rübü üzrə 35 763,00 manat cari vergi məbləği hesablanmasına əsas olmuş qərarın təqdim edilməsinə dair yeni müraciət edilmişdir. Cavabdeh vergi orqanı özünün **********428800 saylı, 03 fevral 2023-cü il tarixli cavab məktubu ilə 16 oktyabr 2020-ci il tarixli, **********734500 saylı “Cari vergilərin hesablanması barədə Bildiriş”i rəsmi qaydada təqdim etmişdir. Həmin bildirişlə tanış olduqda cavabdeh vergi orqanı tərəfindən İddiaçı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 151.5.8-ci maddəsinə əsasən təqdim etdiyi bəyannamə məlumatlarına əsasən 35763,00 manat həcmində vergilər hesablandığı məlum oldu. Halbuki, İddiaçı həmin dövrdə müvəqqəti olaraq Rusiya Federasiyası, Moskva vilayəti, Pavlov Pasad şəhərində ailəsi ilə birlikdə yaşamış və cavabdeh vergi orqanına heç bir bəyannamə təqdim etməmişdir. 16 oktyabr 2020-ci il tarixli, **********734500 saylı “Cari vergilərin hesablanması barədə Bildiriş”də ondan təqdim olunduğu vaxtdan 30 gün müddətinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə uyğun olaraq məhkəməyə şikayət verilə bilməsi qeyd edilmişdir. Bundan sonra mübahisələndirmə iddiası qaydasında Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş 16 oktyabr 2020-ci il tarixli, **********734500 saylı “Cari vergilərin hesablanması barədə Bildiriş”-in ləğv edilməsinə dair Qərar qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-6986/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı “bildirişin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Bundan sonra 16 oktyabr 2020-ci il tarixli, **********734500 saylı “Cari vergilərin hesablanması barədə Bildiriş” ilə İddiaçı hesablanmış 35 763,00 manat və faizlər üzrə 5 865,13 manat olmaqla, ümumilikdə 41 628,13 manat məbləğində vergi borcunun onun “Şəxsi hesab vərəqəsi”ndən silinməsi məqsədi ilə tərəfindən cavabdeh vergi orqanına müraciət edilmişdir. Cavabdeh vergi orqanının 11 yanvar 2024-cü il tarixli “Müraciətə baxılması barədə” cavab məktubu ilə haqlı müraciəti təmin edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş etirazda qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2020-ci il ərzində 255450 manat ekvivalentində 150000 ABŞ dollarının mübadiləsinin aparılmasına baxmayaraq, həmin gəlirin yaranma mənbələri barədə təsdiqedici sənədlərin, həmçinin müvafiq dövr üzrə cari arayışın təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin 3-cü rübü üzrə 35763 manat cari vergi məbləği hesablanmışdır. Aparılmış hesablamalarla bağlı vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********734500 nömrəli Cari vergilərin hesablanması barədə Bildiriş göndərilmişdir. Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 iş günü keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. xx.xx.2020-ci il tarixli **********734500 nömrəli Cari vergilərin hesablanması barədə Bildiriş xx.xx.2020-ci il tarixdə saat 14:22:45-də elektron qaydada iddiaçının e-qutusuna göndərilmiş və xx.xx.2021-ci il tarixdə saat 16:05:41-də iddiaçı tərəfindən oxunmuşdur. Bu hallar iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddətin ötürülməsi faktını təsdiqləyir. Eyni zamanda, vergi ödəyicisinin şəxsi hesab vərəqəsində yaranmış 100 manat borca münasibətdə isə bildirilmişdir ki, xx.xx.2021-ci il tarixli **********222800 nömrəli “Vergi ödəyicisinin aktivləri barədə məlumat formasının təqdim edilməsi haqqında” bildiriş göndərilsə də vergi ödəyicisi tərəfindən aktivlər barədə məlumat vergi orqanına təqdim edilmədiyindən Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən vergi ödəyicisinə 100 manat maliyyə sanksiyası tətbiq edilmiş, xx.xx.2021-ci il tarixli **********300200 nömrəli qərar qəbul olunaraq xx.xx.2021-ci il tarixində saat 18:04-də vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş və tərəfindən xx.xx.2021-ci il tarixində saat 16:04-də oxunmuşdur. Cavabdeh iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7652/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilmiş, İddiaçı şəxsi hesab vərəqəsindən 35.763 manat vergi borcunun silinməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh inzibati orqan iddia ərizəsinə verilmiş etirazın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qərarında qeyd olunanların əksinə, indiki halda vergi orqanı tərəfindən kameral vergi yoxlaması aparılmışdır. Yoxlama zamanı 2020-ci il ərzində 255450 manat ekvivalentində 150000 ABŞ dollarının mübadiləsinin aparılmasına baxmayaraq, vergi ödəyicisinin qeyd olunan hal ilə bağlı gəlirini vergi orqanına bəyan etmədiyi müəyyən olunmuşdur. Məhkəmənin həmin bildirişin vergi ödəyicisi üçün hüquqi nəticə yaratmaması barədə əsaslandırmasına münasibətdə bildirilir ki, vergi ödəyicisinin 35.763,00 manat borcu həmin hesablama nəticəsində yaranmışdır. Eyni zamanda, İddiaçı (VÖEN: **********) tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 41628,13 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə tərəflərindən Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)- 4148/2021 nömrəli qətnaməsi ilə İddiaçı dövlət büdcəsinə olan ümumilikdə 41.628,13 manat (qırx bir min altı yüz iyirmi səkkiz manat on üç qəpik) məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Həmin qətnamədən maraqlı şəxs İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(103)- 125/2023 nömrəli qətnaməsi ilə maraqlı şəxsin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-4148/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi məhkəmənin “Cari vergilərin hesablanması barədə bildiriş”in vergi ödəyicisi üçün hüquqi nəticə yaratmaması barədə mövqeyi də tamamilə əsassızdır. Məhkəmə iddianın mümkünlük şərtlərinə əməl olunması halına düzgün qiymət verməmişdir. Belə ki, İddiaçı tərəfindən eyni predmet üzrə xx.xx.2023-cü il tarixli Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-1(112)- 6986/2023 saylı qərardadı ilə iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan apellyasiya şikayəti verilməmiş və qərardad qanuni qüvəyyə minmişdir. İndiki halda iddiaçının bildirişin deyil, bildiriş əsasında yaranmış borcun silinməsini tələb etməsi predmeti dəyişmir. Predmet eyni hesablama nəticəsində yaranmış borc məbləğidir. Qeyd olunan hal məhkəmənin diqqətinə çatdırılmasına baxmayaraq, məhkəmə tərəfindən iddianı mümkünlük halına düzgün qiymət verilməyərək, prosessual pozuntuya yol verilmişdir. İddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman cavabdehin müəyyən olunması hissəsində də iddianın mümkünlük şərtləri pozulmuş və məhkəmə tərəfindən həmin hissədə də iddianın mümkünlüyünə düzgün qiymət verilməmişdir. Belə ki, iddiaçı borcun silinməsi iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən cavabdeh qismində qeydiyyatda olduğu vergi orqanı işə cəlb edilməli idi. İddiaçının qeydiyyatda olduğu vergi orqanı isə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsidir. İndiki halda isə iddiaçı Bakı şəhər Lokal Gəlilər Baş İdarəsində uçotda olduğundan və Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinin həmin borcun silinməsi ilə bağlı hərəkət etmək səlahiyyəti olmadığından iddia qeyri-mümkün hesab edilməli idi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin və iddiaya etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 7652/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı apelyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər qərarın ləğvi və iddianın mümkün hesab edilməməsi üçün əsas deyil. Belə ki, apelyasiya şikayətinə əsasən “İddiaçı tərəfindən eyni predmet üzrə xx.xx.2023-cü il tarixli Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-1(112)-6986/2023 saylı qərardadı ilə iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan apellyasiya şikayəti verilməmiş və qərardad qanuni qüvəyyə minmişdir. İndiki halda iddiaçının bildirişin deyil, bildiriş əsasında yaranmış borcun silinməsini tələb etməsi predmeti dəyişmir. Predmet eyni hesablama nəticəsində yaranmış borc məbləğidir. Qeyd olunan hal məhkəmənin diqqətinə çatdırılmasına baxmayaraq, məhkəmə iddianı mümkünlük halına düzgün qiymət verməyərək, prosessual pozuntuya yol vermişdir. İddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman cavabdehin müəyyən olunması hissəsində də iddianın mümkünlük şərtləri pozulmuş və məhkəmə tərəfindən həmin hissədə də iddianın mümkünlüyünə düzgün qiymət verilməmişdir”. Halbuki, apelyasiya şikayətində istinad olunan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(112)-6986/2023 saylı qərardadında birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia ərizəsində iddiaçı “bildirişi cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt kimi qiymətləndirmiş və ləğv edilməsi tələbi irəli sürülmüşdür. Halbuki, yuxanda da qeyd edildiyi kimi, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bakı İnzibati Məhkəməsi həmin qərardadda həmçinin qeyd etmişdir ki, hazırkı mübahisəyə münasibətdə cavabdeh iddiaçının şəxsi hesab vərəqəsində faktiki xarakterli hərəkətlər vasitəsi ilə faktiki olaraq əlavə vergi məbləğləri hesablamışdır. Halbuki, bununla bağlı cavabdeh qanunla müəyyən olunmuş qaydada inzibati icraat aparmalı, icraat nəticəsində inzibati akt qəbui etməli, əlavə vergi məbləğləri müəyyən edən və iddiaçı üçün vergi öhdəliyi yaradan inzibati aktı əsaslandırmalı idi. Baxılan mübahisədə cavabdeh tərəfindən qeyd edilən qaydada inzibati akt qəbul etmədən vergi məbləğinin hesablanması vergi qanunvericiliyinin tələblərinə və yuxarıda istinad edilən qərardaddakı hüquqi mövqeyə ziddir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(112)-6986/2023 saylı qərardadı ilə iddiaçının həmin iddianı mümkün hesab etməməsi, iddiaçının hazırkı iddia ilə müraciət etməsinə maneə yaratmır. Hazırda iddiaçı cavabdeh vergi orqanı tərəfindən İddiaçı “Şəxsi hesab vərəqəsi”nə 35763,0 manat məbləğində əlavə hesablanmış vergi borcunun həmin “Şəxsi hesab vərəqəsi”ndən silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir ki, bu da İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aid olmaqla öhdəliyin icrası haqqında iddiadır. Bundan başqa, apelyasiya şiakyətində cavabdeh inzibati orqan iddianın mümkünlüyü ilə bağlı digər bir dəlili isə odur ki, iddiaçı borcun silinməsi iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən cavabdeh qismində qeydiyyatda olduğu vergi orqanı işə cəlb edilməli idi. İdddiaçının qeydiyyatda olduğu vergi orqanı isə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsidir. İndiki halda isə iddiaçı Bakı şəhər Lokal Gəlilər Baş İdarəsində uçotda olduğundan və Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinin həmin borcun silinməsi ilə bağlı hərəkət etmək səlahiyyəti olmadığından iddia qeyri-mümkün hesab edilməli idi. Halbuki, iddiaçı Bakı şəhər Lokal Gəlilər Baş İdarəsində uçotda olması, onun hazırkı iş üzrə cavabdeh Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iddia qaldırmasını istisna etmir. Belə ki, qeyd olunan borcun hesablanması hərəkətləri məhz Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən həyata keçirilmişdir və məhkəmə də işə baxaraq həmin inzibati orqanın iddiaçıya borcun hesablanmasında ifadə olunan hərəkətlərinin qanunsuz olması və bu səbəbdən də borcun silinməsi nəticəsinə gəlmişdir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin iddianın mümkün hesab edilməməsi barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı apelyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər qərarın ləğvi və iddianın təmin edilməməsi üçün əsas deyil. Belə ki, işdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı (VÖEN:**********) bank məlumatlarının araşdırılması zamanı 255450,0 manat ekvivalentində 150000 ABŞ dollarının mübadiləsinin aparılmasının müəyyən edilməsinə baxmayaraq, həmin gəlirin yaranma mənbələri barədə təsdiqedici sənədlərin və ya müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2020-ci il tarixdə **********556800 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər və müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsi təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixli **********734500 nömrəli bildiriş üzrə kameral vergi yoxlaması ilə 2020-ci ilin 3-cü rübü üzrə 35763,0 manat cari vergi məbləği hesablanmışdır. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” 2016-cı il 30 dekabr tarixli, 474VQ №-li Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Ali Məhkəmənin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli qərardadında ifadə olunmuş hüquqi mövqeyə əsasən, “Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq Vergi Məcəlləsində kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və X5 tədbirləri nəticəsində müvafiq qərar qəbul edilməsi müəyyən edilmişdir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Vergi ödəyicisi üçün yeni vergi öhdəliyi müəyyən edən, eləcə də mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyatlar bu barədə qəbul edilmiş qərara (inzibati akta) əsaslanmalıdırlar. Müvafiq olaraq belə inzibati aktlar mövcud deyilsə, həmin əməliyyatların aparılması qanunsuz sayılmalıdır. Çünki vergilərin hesablanması əməliyyatı bu halda, qanunvericiliyin ziddinə olaraq hüquqi əsasa söykənməyən əməliyyat olmuşdur. Yalnız, şəxsi hesab vərəqəsindəki əməliyyatlar verginin hesablanması (yeni vergi öhdəliyi müəyyən edən, eləcə də mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyatlar) əməliyyatı kimi qəbul edilə bilməzsə, bu halda, həmin əməliyyatların aparılması üçün ayrıca inzibati aktın qəbul edilməsi tələb olunmur. Belə halların mövcudluğundan o halda söz edilə bilər ki, həyata keçirilən əməliyyat hər hansı qanunun və ya inzibati aktın icrasını təmin etməyə yönəlmiş olsun. Bu halın xüsusiyyəti ondan ibarətdir ki, qanunun və ya inzibati aktın icrasının həyata keçirilməsi faktiki xarakterli hərəkətlərin edilməsini tələb edir. Bu halda isə inzibati orqanın əsas vəzifəsi qanunu və ya inzibati aktı onun məzmununa uyğun həyata keçirmək olduğundan, o, bunun üçün düzgün icranı təmin etməyə yönəlmiş əlavə faktiki xarakterli hərəkətlər etməlidir. Belə faktiki xarakterli hərəkətləri etmək üçün isə inzibati aktın qəbul edilməsinə ehtiyac yoxdur. Çünki qanunun və ya inzibati aktın icrası ilə bağlı ilkin olaraq icranın təmin edilməsinə dair ayrıca inzibati aktın qəbul edilməsi tələb olunmadığından, düzgün icranı təmin etmək üçün əlavə inzibati aktın qəbulu da müvafiq olaraq tələb olunmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 59.1-ci maddəsinə əsasən, yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. İnzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. İstinad edilən “bildiriş” yuxarıda sadalanan əlamətlərin hamısına malik deyil, “həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratma” əlamətindən məhrumdur. Hazırkı mübahisəyə münasibətdə cavabdeh iddiaçı barəsində hər hansı qərar qəbul etməmiş, iddiaçının şəxsi hesab vərəqəsində faktiki xarakterli hərəkətlər vasitəsi ilə faktiki olaraq əlavə vergi məbləğləri hesablamışdır. Halbuki, bununla bağlı cavabdeh qanunla müəyyən olunmuş qaydada inzibati icraat aparmalı, icraat nəticəsində inzibati akt qəbul etməli, əlavə vergi məbləğləri müəyyən edən və iddiaçı üçün vergi öhdəliyi yaradan inzibati aktı əsaslandırmalı idi. Baxılan mübahisədə cavabdeh tərəfindən qeyd edilən qaydada inzibati akt qəbul etmədən vergi məbləğinin hesablanması vergi qanunvericiliyinin tələblərinə və yuxarıda istinad edilən qərardaddakı hüquqi mövqeyə ziddir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi, İddiaçı şəxsi hesab vərəqəsindən 35.763 manat vergi borcunun silinməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinə həvalə edilməsi ilə bağlı gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7652/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-719/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-719/2025
21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver