Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-72/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Zaman qızının cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2- 1(112)-4620/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Zaman qızı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20.12.2012-ci ildən təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarix olan 01.08.2019-cu ildən bərpa edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinı xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı ildə Tovuz rayonunda doğulmuşdur. 13.06.1979-cu ildən 15.09.2004-cü ilədək "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsi adlanan, əvvəllər “Sənayekommunaltikinti” Birliyinin filialında izolyasiyaçı işləmişdir. İşdən azad olunduqdan bir müddət sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün DSMF-nin Yasamal rayon şöbəsinə müraciət etmiş və həmin müraciəti əsasında ona 20.12.2012-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bir middət güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişləri həyata keçirilsə də, daha sonra cavabdeh tərəfindən həmin ödənişlər dayandırılmışdır. Bununla bağlı olaraq cavabdehə müraciət etmiş və cavab olaraq bildirilmişdir ki, ona 20.12.2012-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Şöbədə aparılan inventarizasiya zamanı qarşılıqlı yoxlama zamanı güzəştli iş stajının olmadığı aşkarlanmışdır. Bu səbəbdən pensiyasının ödənişi 01.08.2019-cu ildən dayandırılmışdır. Halbuki iddiaçının 52 yaşı 20.12.2012-ci il tarixdə tamam olmuş və həmin tarixə qədər 25 il 3 ay 2 gün ümumi və güzəştli iş stajı mövcud olmuşdur. İşlədiyi izolyasiyaçı vəzifəsi isə güzəştli şərtlərlə pensiya hüququ verən peşələr siyahısında olan peşəyə uyğundur . Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında göstərilmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin 03.04.2017-ci il tarixli,514 nömrəli qərarı ilə 20.12.2012-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Daha sonra DSMF-nin Yasamal rayon şöbəsində aparılan inventarizasiya zamanı iddiaçının sənədləri qarşılıqlı yoxlanılarkən iddiaçının güzəştli şərtlərlə iş stajının təsdiq olunmadığı aşkarlanmışdır. Belə ki, sənədlərin qarşılıqlı yoxlanılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı işə qəbul olunması və işdən çıxarılması barədə 13 iyun 1979-cu il tarixli, 85-K nömrəli və 16.09.2004-cü il tarixli, 33-K nömrəli əmrlər, əmrlər kitabına sonradan əlavə olunmuş, vərəqlərin rəngi, şriftlər fərqlidir. Əmək haqqı cədvəlləri təqdim olunmamışdır, hər hansı məzuniyyət, mükafat, töhmət əmrlərinə də rast gəlinməmişdir. Bu səbəbdən də iddiaçının pensiyasının ödənişi 01.08.2019-cu ildən dayandırılmışdır Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4620/2020 saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı Zaman qızına 20.12.2012-ci ildən təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarix olan 01.08.2019-cu ildən bərpa edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, İddiaçı Zaman qızı xx.xx.1960-cı il tarixdə anadan olmuş, “Sənayetikinti”nin 2 №li Trestinin PMK-20-nin 13.06.1979-ci il tarixli, 85-k nömrəli əmrinə əsasən iddiaçı 13.06.1979-ci ildə izolyasiyaçı işinə qəbul edilmiş, 13.06.1979-cu ildən 15.09.2000-ci ilə qədər hazırda "xxxx" SC-nin 2 №li Müəssisəsi adlanan müəssisədə izoləedici peşəsində işləmiş, 15.09.2004-cü idən öz xahişi ilə həmin müəssisədən işdən azad edilmişdir. İşdə olan "xxxx" SC-nin 2 №li Müəssisənin möhürü ilə təsdiq edilmiş tabel vərəqlərinə əsasən iddiaçı 1997,1998,1999,2001,2000,2002-ci ilərdə həmin müəssisədə işləyərək əmək haqqı almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinin 12.12.2019-cu il tarixli bildirişinə əsasən iddiaçıya bildirilmişdir ki, iddiaçıya 20.12.2012-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Şöbədə aparılan inventarizasiya zamanı iddiaçının sənədləri qarşılıqlı yoxlanılarkən iddiaçının güzəştli iş stajının olmaması aşkar edilmişdir. Bu səbəbdən 01.08.2019-cu ildən pensiyanın ödənişi dayandırılmışdır, iddiaçıya 01.08.2019-cu ilə qədər ödənilmiş 13131,97 manat artıq vəsaitin şöbənin hesabına bərpa edilməsi təklif edilmişdir. İddiaçıya məxsus 305080 №li pensiya işinin kserosurətində olan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçıya 20.12.2012-ci ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin 514 №li, 03.04.2017-ci il tarixli qərarı ilə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. 29.07.2019-cu il tarixli “İş stajlarının və ya əmək haqlarının yoxlanılması barədə” akta əsasən iddiaçının 13.06.1979-cu ildən 15.09.2004-cü ilə qədər iş stajının və əmək haqlarının yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, 13 iyun 1979-cu tarixli, 85-k nömrəli əmr və 15.09.2004-cü il tarixli, 33-k №li əmr, əmrlər kitabına sonradan əlavə olunmuşlar, vərəqlərin rəngi, şriftlər fərqlənir, əmrlərin üzərində möhür yoxdur, əmək haqqı cədvəlləri təqdim olunmamışdır, məzuniyyət, mükafat, töhmət əmrlərinə də rast gəlinməmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsinin 057 nömrəli, 14.09.2020-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş “Sənayetikinti”nin 2 №li Trestinin PMK-20-nin 13.06.1979-ci il tarixli, 85-k nömrəli əmrinə əsasən iddiaçı 13.06.1979-ci ildə izolyasiyaçı işinə qəbul edilmiş, "xxxx" SC-nin 2 saylı Müəssisəsinin 15.09.2004-cü il tarixli, 33k nömrəli “Növbəti məzuniyyət və işdən çıxmaq haqqında” əmrinə əsasən iddiaçı 15.09.2004-cü ildən öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti. Cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin dəlillərinin əsasını iddiaçının işə qəbul olunması və işdən çıxarılması barədə 13 iyun 1979-cu il tarixli, 85-K nömrəli və 16.09.2004-cü il tarixli, 33-K nömrəli əmrlərin əmrlər kitabına sonradan əlavə olunması, vərəqlərin rənginin, şriftlərin fərqli olması, əmək haqqı cədvəllərinin təqdim olunmaması, hər hansı məzuniyyət, mükafat, töhmət əmrlərinə də rast gəlinməməsi təşkil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Birinci instansiya məhkəmməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Cavabdehin 13 iyun 1979-cu il tarixli, 85-K nömrəli və 16.09.2004cü il tarixli, 33-K nömrəli əmrlərin əmrlər kitabına sonradan əlavə olunması, vərəqlərin rənginin, şriftlərin fərqli olması barədə bildirdikləri yalnız fərziyyə və ehtimaldır, həmin ehtimalın həqiqət olması məhkəmədə sübuta yetirilməmişdir. Cavabdehin etirazında göstərilən əmək haqqı cədvəllərininin təqdim olunmamasına gəldikdə isə bu hal da iş materilları ilə təkzib olunur, belə ki, "xxxx" SC-nin 2 №li Müəssisənin möhürü ilə təsdiq edilmiş tabel vərəqələrinə əsasən iddiaçıya 1997,1998,1999,2001,2000,2002-ci illərdə həmin müəssisədə əmək haqqı hesablanmışdır, iddiaçının hər hansı mükafat və töhmət əmrlərinə rast gəlinməməsinə gəldikdə belə bir əmrlərin mütləq qaydada (həmin əmrlərin verilməsinə əsas olmadıqda) mövcud olması qanunvericilikdə nəzərdə tutulmamışdır, belə ki, işçinin mükafatlandırılması və intizam tənbehi ilə cəzalandırılması işəgötürənin müstəsna mülahizəsi əsasında həyata keçirilir, məzuniyyət əmrlərinə rast gəlinməməsi isə həmin əmrlərin mövcud olmaması demək deyildir və ya işçinin həmin dövrlərdə sadəcə məzuniyyət hüququndan istifadə etmədiyinə dəlalət edir. Bununla yanaşı, kollegiya qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə inzibati orqan fiziki və ya hüquqi şəxslərin ərizəsi, özünün təşəbbüsü, habelə inzibati aktdan şikayət verildiyi halda inzibati icraata başlamalı (28-ci maddə), bu barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli (21-ci maddə), maraqlı şəxsi inzibati icraat materialları ilə tanış etməli (38-ci maddə), yazılı formada qəbul edilmiş inzibati aktı əsaslandırmalı (61-ci maddə), inzibati aktda həmin akta qarşı mümkün müdafiə vasitələrini əks etdirməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Hazırkı işin hallarından isə aydın olur ki, 01.08.2019-cu il tarixində iddiaçının pensiyası dayandırılarkən, bu barədə cavabdeh inzibati orqan tərəfindən hər hansı inzibati akt (qərar) qəbul edilməmişdir. İddiaçının pensiyası inzibati icraatın aparılması qaydalarının tələbləri pozulmaqla, hər hansı qərar qəbul edilmədən dayandırıldığından, iddiaçının tələbi, artıq formal-hüquqi baxımdan əsaslı olmuşdur. Beləliklə, iddiaçının hüquqi vəziyyətinə müdaxilə inzibati icraat haqqında qanunvericiliyin tələblərini pozmaqla müvafiq əsaslandırılmış inzbati akt qəbul edilmədən həyata keçirilmişdir. Bu hal isə həm inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməməsinə səbəb olmuş, həm də iddiaçının hüquqlarının müdafiəsi imkanlarını məhdudlaşdırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2- 1(112)-4620/2020 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4620/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-72/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-72/2022
13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver