Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-72/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3873/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, ona Abşeron rayon İcra Hakimiyyəti başçısının 1999-cu il tarixli səərəncamı ilə 0,10 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Müəssisə tərəfindən ona 2003-cü il tarixdə naturada təhvil verilmiş, bununla bağlı sxem də təqdim edilmişdir. Lakin, cavabdeh hüquqmüəyyənedici sənədləri nəzərə almadan müraciətin təminindən imtina etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, torpaq sahəsi Sovxoz və X1 ayrıc aktından kənarda yerləşir. Eyni zamanda torpaq sahəsinin faktiki olaraq ölçüsü 979 kv.m təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3873/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 nömrəli sərəncamına əsasən X4 tərəfindən verilmiş torpaq sahəsinin verilməsi haqqında əmrə əsasən X3 ərazisində Bakı şəhəri, Buzovna qəsəbəsi 221 saylı 0,10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydə alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirak olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3873/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Məhkəmə kollegiyası qeyd edir ki, adıçəkilən torpaq sahəsində dair hüquqmüəyyənedici sənədlər mövcuddur. Belə ki, iş materiallarında olan 15 aprel 1999- cu il tarixli 096 nömrəli sərəncamdan çıxarışdan görünür ki, sovxoz işçilərinə 0,10 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmin sərəncam əsasında qəbul edilmiş 21 may 2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışdan görünür ki, həmin əmrə əsasən iddiaçıya 0,10 ha torpaq sahəsi naturada təhvil verilmişdir. X1 471 nömrəli 06 dekabr 2019-cu il tarixli arayışdan görünür ki, torpaq sahəsinin yuxarıda adıçəkilən hüquqmüəyyənedici sənədlər əsasında ayrılması təsdiq edilmiş, torpaq sahəsinin sənəd üzrə uyğunluğu və həmin torpaq sahəsi ilə bağlı heç bir uyğunsuzluğun olmadığı bildirilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin imtinasının əsaslarından birini torpaq sahəsinin vahid elektron kadastr baza məlumatlarına əsasən Azərbaycan Respublikası Prezidenti İşləri İdarəsinin X4nə ayrılmış ərazinin ayrıcından kənarda yerləşməsi təşkil etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən təyin edilmiş ekspertiza ilə bağlı ekspert rəyi cavabdehin imtina şərtinin əsassız olduğunu təsdiq edir. Belə ki, ekspert rəyi və məhkəmənin sualına cavab olaraq ekspert rəyinə əlavədən də görünür ki, torpaq sahəsinin koordinatları, onun təqdim edilən sxemə uyğun olması, ölçüsü və ayrıc aktından kənarda olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin rəyin mötəbərliyinə şübhə yaranacaq hər hansı hal mövcud olmamış, ekspert rəyi torpaq sahəsinin koordinatları və digər aidiyyəti suallara cavab təqdim edilməklə verilmiş, məhkəmənin ekspert rəyinə əlavə tələbi də yerinə yetirərək hazırkı iş üzrə bütün ziddiyyətli məqamlara aydınlıq gətirilmişdir. Digər tərəfindən işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə sorğusuna cavab olaraq cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda ərazinin faktiki sahəsinin 984.0 kv.metr olması göstərilsə də, apellyasiya şikayətinin dəlillərində torpaq sahəsinin 979 kv.m olması öz əksini tapmışdır. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlili ilə sonradan təqdim edilmiş cavab məktubu arasında ziddiyyətlər mövcuddur. Digər tərəfdən torpaq sahəsinin sənəd üzrə göstərilən ölçüdən az olması imtinanın əsası kimi də qiymətləndirilə bilməz. Belə ki, iddiaçı ona ayrılmış 10 sot torpaq sahəsindən artıq torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatını yox, məhz sənəd üzrə ona verilmiş torpaq sahəsinə hüquqlarının dövlət qeydiyyatını tələb etmişdir. Həmçinin, qeyd edilir ki, torpaq sahəsinin faktiki ölçüsünün 979 kv.m (və ya 984.0 kv.metr) olması onun sənəd üzrə ona ayrılmış torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina səbəbi qismində çıxış edə bilməz. Həmçinin Ali Məhkəmənin 2-1(102)-1446/2020 saylı iş üzrə xx.xx.2020 saylı qərarında qeyd edilmişdir ki, cavabdehin kasasiya şikayətindəki ikinci və sonuncu dəlili isə ondan ibarətdir ki, «bundan əlavə göstərilən ərazi 57 nömrəli X1 aid deyildir. Həmçinin torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200 kvadrat metr olsa da, faktiki olaraq göstərilən ərazidə torpaq sahəsinin ölçüsü 1121,0 kvadrat metr təşkil edir». Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır, belə ki, əvvəla cavabdeh özü yazır ki, sözügedən bağ torpaq sahəsi sənəddəkindən çox deyil, əksinə 79 kvadrat metrdir, digər tərəfdən İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiaçının nnn saylı bağ sahəsinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. hkəməsinə müraciət etmişdir. Sözügedən iddia tələbinin əsasında adıçəkilən order durur ki, orderdə də bağ torpaq sahəsinin ərazisi 0,12 hektar qeyd edilmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, torpaq sahəsinin ayrıc aktından kənarda olması həmin torpaq sahəsinə hüququn qeydiyyata alınmasından imtinanın əsası qismində çıxış da edə bilməz. Belə ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar) Hüquqi dövlətdə publik idarəçilik sahəsində nəzərə alınmalı olan prinsiplərdən bir də şəxsin inzibati orqanın fəaliyyətinə qərar və ya hərəkətlərinə olan etimadın qorunması prinsipidir. İnzibati icraatla bağlı qanunvericilikdə təsbit edilmiş şərtlər daxilində “contra leqem” etimadın qorunması imkanı tanınmalıdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, onun qəbul etdiyi inzibati aktı (və ya etdiyi hərəkəti) qanunauyğun və düzgün hesab etmək, onun məzmununa uyğun davranmaq və ona “apriori” etimad göstərmək haqqına malik olmalıdır. Şəxsin mövcud hüquqi vəziyyətə etimad göstərməsi və ona uyğun davranması həmin şəxs üçün neqativ nəticələrə səbəb olmamalıdır. Əksinə, inzibati orqanın qərar və hərəkətləri hüquqi təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət etməlidir. Bunun əsasında inzibati orqanın öz fəaliyyətində Konstitusiyaya və qanuna bağlılığı prinsipi dayanır. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, öz təbiətləri etibarilə inzibati icraat nəticəsində qərarın (konkret halda torpağın ayrılması barədə) qəbulunda iştirak xarakteri daşıyan prosedurlara riayət edilməməsi, özüözlüyündə hüququn qeydə alınmasından imtinanın əsasını təşkil edə bilməz. Hüquqların qeydə alınmasından imtina edən inzibati orqan, sözügedən prosedurlara riayət edilməməsinin yekun inzibati aktın qəbuluna təsir edəcək dərəcədə pozuntu yaratdığını əsaslandırmalıdır. Belə əsaslandırma işin konkret faktiki və hüquqi halları ilə əlaqəli şəkildə aparılmalı, xüsusən də istinad edilən halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İşin faktiki hallarından isə müəyyən edilir ki, iddiaçıya torpaq sahəsinin ayrılması ilə bağlı sonrakı sənədləşmənin keçirilməsinə əsas olmuş sənəd yerli icra hakimiyyəti orqanının sərəncamıdır ki, həmin sərəncam inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktdır və həmin aktın ləğv edilməsi, onun qüvvəsinin olmaması ilə bağlı hər sənəd təqdim edilmədiyindən məhkəmə kollegiyası imtinanın qeyd olunan dəlilini əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda Göründüyü kimi hazırkı iş üzrə daşınmaz əmlakın dövlət qeydiyyatından imtinasının əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3873/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3873/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-72/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-72/2024
18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver