Məhkəmə qərarları › İş №2-1(103)-72/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-72/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-72/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" MMC) qarşı iş üzrə QƏRARİ (Açar sözlər:“qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1257/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********860100 saylı “Yaşayış və qeyriyaşayış sahələrinə görə X6nin qaytarılmasından imtina edilməsi haqqında“ Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X6nin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödəməlidir.

2. Lakin alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-li) ödəniş tapşırığı ilə banka ödənildiyi müəyyən edilmişdir.

3. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır (VÖEN: **********; Təşkilati-hüquqi forması: məhdud məsliyyətli cəmiyyəti). Cəmiyyət xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMCnin (VÖEN **********), xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMCnin (VÖEN **********), xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Zərgər” müəssisəsinin (VÖEN **********) və xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin (VÖEN **********) ona qoşulmaları nəticəsində yenidən təşkil edilmişdir və onların hüquqi varisidir.

4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, hazırda İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanı xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-nin ("xxxx" MMC) adına ilkin qeydiyyata alınmışdır.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakaın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın (elektron) surətindən görünür ki, ünvan 3 ünvanına xüsusi mülkiyyət hüququ (tam) "xxxx" X5 Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.

6. Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış 05 noyabr 2022-ci il tarixli Beh razılaşmasına əsasən ünvan 4 "PMD Group” MMC-yə məxsus olan yaşayış binasının 18-ci mərtəbəsində yerləşən, 1 saylı mənzilin, (bundan sonra mənzil adlandırılacaq) 1 m2 sahənin qiyməti 2,317.00 AZN (ikimin üç yüz on yeddi manat) (ƏDV daxil) olmaqla, alınmasına dair müqavilənin (bundan sonra müqavilə adlandırılacaq) bağlanılmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə Beh verən (iddiaçı) 5,000.00 (beş min) manat (ƏDV daxil) məbləğində vəsaiti beh qismində Beh alana (üçüncü şəxsə) ödənilməsi razılaşdırılmışdır.

7. Tərəflər razılaşmışdırlar ki, mənzil üzrə 30 noyabr 2022-ci il tarixədək müqavilə bağlanılacaq və müqavilə qiymətinə dair razılaşdırılmış şərtlərin tam icrası üçün (beh məbləğindən başqa) qalıq pul vəsaitinin ödənişi nağd olaraq və ya köçürmə yolu ilə müqavilə üzrə təyin olunmuş müddətdə təmin ediləcək.

8. Reyestrdə 4Ə-3499 nömrə ilə qeyd edilmiş notariat işində olan 22 noyabr 2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona məxsus olan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 156,8 kv.m olan mənzili alıcı İddiaçı mülkiyyətinə vermişdir.

9. İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********860100 saylı inzibati aktın ləğv edilməsi və nağdsız qaydada ödənilmiş 57469.58 AZN ƏDV məbləğinin 30 %-nin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinin xahiş etmişdir.

11. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “PMD GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) arasında 22.11,2022-ci il tarixində notarial qaydada AN-İ ******* saylı alqı-satqı müqaviləsi (bundan sonra “müqavilə”) bağlanılmışdır. Müqaviləyə uyğun olaraq ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 156.8 m2 olan mənzil İddiaçı tərəfindən 376745 AZN-ə (X6 daxil) satın alınmışdır. Mənzilin ƏDV daxil dəyəri olan 376745 AZN (üç yüz yetmiş altı min yeddi yüz qırx beş manat) iddiaçı tərəfindən tam şəkildə nağdsız qaydada 53 saylı notariat ofisinin depozit hesabına, xx.xx.2022-cü il tarixində isə notariusun depozit hesabından satıcının - “PMD GROUP" MMC-nin bank hesabına ödənilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində elektron qaydada İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə tərəfindən nağdsız qaydada ödənilmiş 57469.58 AZN ƏDV məbləğinin 30%nin Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 165.6-cı maddəsinə müvafiq olaraq geri qaytarılması üçün elektron ərizə ilə müraciət etmişdir. Həmin müracətlə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin qəbul etdiyi xx.xx.2023-cü il tarixli **********860100 saylı Qərara əsasən ƏDV-nin geri qaytarılmasından imtina edilmişdir. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Qərarını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş X6nin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-li) ödəniş tapşırığı ilə banka ödənildiyi müəyyən edilmişdir. Hesab edirəm ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş Qərar tamamilə qanunsuz və əsassızdır.

12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə yazılı vəsatət təqdim olunaraq İddiaçı iddia tələbi üzrə Dövlət Vergi Xidmətinin cavabdehlər siyahısından çıxarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

13. İddiaçı daha sonra xx.xx.2023-cü il tarixdə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti çıxarılaraq iddia tələbinin "xx.xx.2022-ci il tarixli, AN-İ ******* alqı-satqı müqaviləsinə əsasən aldığı ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 156.8 m2 olan mənzilə görə iddiaçıya qaytarılacaq X6nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Premium Bank ASC – 1 saylı Filialı) ötürülməsi öhdəliyinin Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir.

14. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə Dövlət Vergi Xidmətinin cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir, iddia tələbi "xx.xx.2022-ci il tarixli, AN-İ ******* alqı-satqı müqaviləsinə əsasən aldığı ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 156,8 m2 olan mənzilə görə iddiaçıya qaytarılacaq X6nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Premium Bank ASC – 1 saylı Filialı) ötürülməsi öhdəliyinin Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

15. Cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı vergi orqanının xx.xx.2023-cü il tarixli **********860100 nömrəli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X6nin qaytarılmasından imtina edilməsi haqqında" qərarın ləğv edilməsi və yaşayış sahəsi üçün ödənilmiş ƏDV-nin qaytarılması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh hesab edir ki, iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. Mübahisələndirilən məsələnin mahiyyəti ilə bağlı bildirilir ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X6nin qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixdə vergi orqanına müraciət etmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli elektron ərizəyə xx.xx.2022-ci il tarixli AN-1101848 nömrəli mənzilin alqı-satqısına dair müqavilə, 21.11 2022-ci il və xx.xx.2022-ci il tarixli ödəniş sənədləri əlavə etmişdir. Müraciət araşdırılarkən Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli **********8888003 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X6nin qaytarılması Şərtləri və Qaydası”nın (bundan sonra Qayda adlanacaq) tələblərinə cavab vermədiyi müəyyən edilmişdir. Belə ki, Qaydanın 5.1.2-ci bəndinin müddəalarına əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-li) ödəniş tapşırığı ilə bank hesabına ödənildiyi müəyyən edilmişdir. Bundan başqa, iddiaçıya mənzili satan şəxs təsis paylarını almaqla əldə etdiyi yaşayış sahələrini sonradan fiziki şəxs olan istehlakçılara təqdim etdiyi zaman Qaydanın məqsədləri üçün satıcı sayılmadığından, yəni həmin binanın tikintisini həyata keçirmədiyindən Qaydada nəzərdə tutulan müddəalar və Vergi Məcəlləsinin 165.6-cı maddəsi həmin şəxsə şamil edilmir. Belə ki, Qaydanın 2.0.3-cü bəndinə əsasən satıcı - ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

16. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə Bakı şəhəri 53 saylı Notariat Ofisinin iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilmişdir.

17. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1257/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

19. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə o qənaətə gəlir ki, yaşayış sahəsinə ödənişin qəsdən fərqli qaydada həyata keçirilməsi iddiaçıya münasibətdə hər hansı əlverişli şərait yaratmır. Qeyd edilən dövrdə ƏDV məbləğinin əsas vəsaitdən ayrı ödənilməsi üçün texniki imkanların mövcud olmasına dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən üçüncü şəxs "xxxx" MMC tərəfindən həmin ƏDV məbləği ilə bağlı hesabat təqdim etməsi və depozit hesabına köçürülmüş olması ilə bağlı da hər hansı şübhə və mübahisə yoxdur. Odur ki, iddiaçının yaşayış sahəsinə görə ödənişi müvafiq olaraq iki fərqli hesaba deyil, vahid hesaba köçürməsi formal xəta olaraq qəbul edilməli və iddiaçının hüquqların həyata keçirilməsinə mane olan hal kimi dəyərləndirilməməlidir.

20. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları c) Apellyasiya şikayətinin dəlilləri

21. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eyni olmaqla əsaslandırılmışdır.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Prosses iştirakçılarının izahatları

23. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

24. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

25. Vergi Məcəlləsinin: 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. 175.8. ƏDV ödəyiciləri, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaimə-fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir. ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDVnin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

26. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X6nin qaytarılması Şərtləri və Qaydası”nın: 5.1-ci maddəsinə əsasən, alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:

1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;

2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;

3. ödənişin təyinatı. 5.4-cü bəndinə əsasən, alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar 4 olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. 5.6-cı bəndinə əsasən, operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1.məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

31. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, aşağıdakılara görə cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1257/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək iiddia rədd edilməsi ilə bağlı yeni qərar qəbul edilməlidir.

32. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1257/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Premium Bank ASC-nin 1 saylı filialı) ötürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması nəticəsinə gəlinmişdir.

33. İşin mahiyyəti ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X6nin qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixdə vergi orqanına müraciət etmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli elektron ərizəyə xx.xx.2022-ci il tarixli AN-1101848 nömrəli mənzilin alqı-satqısına dair müqavilə, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ödəniş sənədləri əlavə etmişdir.

34. Müraciət araşdırılarkən Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X6nin qaytarılması Şərtləri və Qaydası”nın tələblərinə cavab vermədiyi müəyyən edilmişdir.

35. Belə ki, həmin Qaydanın 5.1.2-ci bəndinin müddəalarına əsasən alıcı yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir.

36. Lakin alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) ödəniş tapşırığı ilə bank hesabına ödənildiyi müəyyən edilmişdir.

37. Bundan başqa, iddiaçıya mənzili satan şəxs təsis paylarını almaqla əldə etdiyi yaşayış sahələrini sonradan fiziki şəxs olan istehlakçılara təqdim etdiyi zaman Qaydanın məqsədləri üçün satıcı sayılmadığından, yəni həmin binanın tikintisini həyata keçirmədiyindən Qaydada nəzərdə tutulan müddəalar və Vergi Məcəlləsinin 165.6-cı maddəsi həmin şəxsə şamil edilmir.

38. Belə ki, məhkəmə iddia tələbini təmin edərkən "xxxx" Qanuna istinad edərək MMC tərəfindən payların alınmaqla fiziki şəxsə təqdim edildiyi səbəbindən MMC-nin satıcı hesab edilməli olduğunu bildirmişdir.

39. Bununla bağlı məhkəmə Kollegiyası ilk növbədə bildirir ki, "xxxx" MMC tərəfindən qeyd edilən mənzillərin satışı zamanı fiziki şəxslər tərəfindən “ƏDV gerial” hüququndan istifadə edə bilməsi məsələsinə münasibət bildirilməsi üçün vergi orqanına müraciət edilmiş və müraciətə cavab olaraq **********850900 nömrəli xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, “"xxxx" MMCnin təsis paylarını almaqla əldə etdiyi yaşayış sahələrini sonradan fiziki şəxs olan istehlakçılara təqdim etdiyi zaman Qaydanın məqsədləri üçün satıcı sayılmadığından, Qaydada nəzərdə tutulan müddəalar və Vergi Məcəlləsinin 165.6-ci maddəsi Cəmiyyətə şamil edilmir.”

40. MMC tərəfindən bununla bağlı hər hansı iddia qaldırılmamışdır. Başqa sözlə MMC tərəfindən onun satıcı kimi hesab edilmədiyi qəbul edilmişdir.

41. Belə ki, "xxxx" MMC-nin vergi qanunvericiliyin müvafiq tələblərinin ona aid edilməsinə dair müraciətində 2019-cu ilin dekabr ayında "xxxx" MMC və "xxxx" MMC tərəfindən onlara məxsus "xxxx" MTK-dan alınmış yaşayış sahələrinin “Prime Estates“ MMC-nin nizamnamə kapitalına qoyulduğu, xx.xx.2020-ci il tarixdə Cəmiyyət tərəfindən həmin hüquqi şəxslərin “Prime Estates“ MMC-dəki paylarının nominal dəyəri həddində alındığı və sonradan “Prime Estates“ MMCnin Cəmiyyətə qoşulduğu, habelə dolayısı ilə Cəmiyyətin mülkiyyətinə keçmiş mənzillərin fiziki şəxs olan istehlakçılara satılmasının planlaşdırıldığı və ƏDV-nin istehlakçılara qaytarılması ilə əlaqədar məlumatların portala işlənilməsinin qeyri-mümkün olduğu qeyd edilmişdir.

42. Göründüyü kimi, müvafiq cəmiyyətlər tərəfindən "xxxx" MTK-dan alınmış yaşayış sahələri “Prime Estates“ MMC-nin nizamnamə kapitalına qoyulmuş, sonradan həmin təsisçilər tərəfindən əmlakdan ibarət payları Cəmiyyətə təqdim edilmişdir.

43. Bu faktı iddiaçı da mübahisələndirmir.

44. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X6nin qaytarılması Şərtləri və Qaydası”nın 2-ci hissəsinin müddəalarına əsasən alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı, satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdir.

45. Qaydanın 5-ci hissəsinin müddəalarına əsasən alıcı alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədini skan edərək portala göndərməlidir. Qeyd olunanlara əsasən müraciətdə göstərilən halda, Cəmiyyət təsis paylarını almaqla əldə etdiyi yaşayış sahələrini sonradan fiziki şəxs olan istehlakçılara təqdim etdiyi zaman Qaydanın məqsədləri üçün satıcı sayılmadığından, Qaydada nəzərdə tutulan müddəalar və Vergi Məcəlləsinin 165.6-cımaddəsi Cəmiyyətə şamil edilmir.

46. Mübahisələndirilən halda fiziki şəxs, yəni iddiaçı tərəfindən nəinki binanı tikən şəxslərdən mənzil alınıb, mənzil digər şəxslərin nizamnamə kapitallarına qoyulmaqla əldə edən digər şəxslərdən əldə edilmişdir. Başqa sözlə PMD Group MMC tərəfindən həmin mənzillərin tikilməsi ilə əlaqədar hər hansı investisiya qoyuluşu edilməmişdir. İnvestisiya qoyuluşu o vaxt hesab edilməlidir ki, satıcı eyni şəxs qalmaqla payını digər şəxslər alsın.

47. İndiki halda isə satılan mənzillər xüsusi mülkiyyət kimi digər hüquqi şəxslər tərəfindən bina tikintisi fəaliyyəti ilə məşqul olan şəxslərdən alınmaqla digər şəxsin nizamnamə kapitalına qoyulmuş daha sonra həmin mənzillər PMD group MMC tərəfindən alınmış və onları təqdim etmişdir.

48. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdıqda demək olar ki, bütün hüquqi şəxslərin balansında olan və bina tikintisi fəaliyyətinə aidiyyəti olmayan şəxslər tərəfindən mənzillər təqdim edilərkən ƏDV gerial hüququndan istifadə edilməlidir ki, bu da ümumilikdə qəbul edilən fərmana və qaydalara ziddir.

49. Bundan başqa birinci instansiya məhkəməsi əsas kimi “yaşayış sahəsinə ödənişin qəsdən fəqli qaydada həyata keçirilməsi iddiaçıya münasibətdə hər hansı əlverişli şərait yaratmır” bildirmişdir.

50. Bununla bağlı bildirilməlidir ki, Qaydaların 4.1-ci bəndinə əsasən satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir.

51. Həmçinin Qaydaların 5.1.2-ci bəndinə əsasən Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılmasıməqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakıməlumatların dəqiq göstərildiyi bank ödəniş sənədini əlavə edir.

52. Yuxarıda qeyd edilən müddəalardan da göründüyü qanunvericilik istisnasız olaraq ƏDV-nin depozit hesabına ödənilməsi şəklində ƏDV gerial hüququndan istifadənin mümkünlüyünü təsdiq etmişdir.

53. Əlavə olaraq məhkəmə tərəfindən bildirilmişdir ki, ƏDV məbləğinin əsas vəsaitdən ayrı ödənilməsi üçün texniki imkanların mövcud olmasına dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir.

54. Bununla əlaqədar məhkəmə Kollegiyası bildirir ki, bu cür texniki imkan bütün ödəyicilərdə olmuşdur və bu texniki imkanının olmaması barədə iddiaçı tərəfindən hər hansı müraciət daxil olmamışdır. Ümumiyyətlə bu hissə texniki imkanla bağlı olan məsələ deyildir.

55. Belə ki, ƏDV depozit hesaba pul ödənilməsi bank vasitəsi ilə aparılır ki, bu ödənişi iddiaçı tərəf yerinə yetirməmişdir.

56. Apellyasiya baxışı zamanı məhkəmənin sorğusu əsasında digər fiziki şəxslərlə bağlı “ƏDV qaytarmaq ərizəsinin təsdiqi barədə bildiriş”lər də təqdim olunmuşdur.

57. Bundan başqa Vergi Məcəlləsinin 165.6-cımaddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

58. Həmin Məcəlləsinin 175.8-ci maddəsinə əsasən ƏDV ödəyiciləri, habelə ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaimə-fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir.

59. Qaydanın 5-ci bəndinin müddəalarına əsasən alıcı alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədini müvafiq portala göndərməlidir.

60. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Kollegiyasının xx.xx.2020- ci il tarixli 1 nömrəli qərarına əsasən “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə verilməli məlumatın forması” təsdiq edilmişdir.

61. Həmin formaya baxdıqda da hazırki mübahisə üzrə mənzilləri təqdim edən hüquqi şəxs bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs hesab edilmir.

62. Belə ki, məlumat formasında satıcı təqdim edilən mənzillər üzrə qaimə fakturanın əldə edilməsi məqsədi ilə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704- VQD nömrəli Qanununa əsasən Vergi Məcəlləsinin 16.8-ci maddəsinə uyğun olaraq bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı bu məlumat formasını hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim etməlidir.

63. Həmçinin məlumat formasında podratçı haqqında məlumat, tikintiyə icazə verən orqanın adı, tikintinin aparıldığı ünvanda layihə üzrə inşa edilməsi nəzərdə tutulan binaların sayı(tikinti komplekslərinə münasibətdə), tikintiyə icazənin verilməsi barədə sənədin tarixi və nömrəsi, bina üzrə tikinti-quraşdırma işlərinin başlama tarixi, tikintiquraşdırma işlərinə başlanılmış binaların layihə-smeta dəyəri (manatla), bina üzrə tikintiquraşdırma işlərinin başa çatma tarixi və digər məlumat qeyd edilməlidir ki, indiki halda mənzilləri təqdim edən şəxs bu mənzillərin tikilməsini həyata keçirmədiyi üçün satıcı qismində tanına bilməz.

64. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlməmişdir.

65. Beləliklə, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1257/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək iddianın rədd olunması barədə yeni qərar qəbul olunmalıdır .

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1257/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar