Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-720/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və X6 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2, Üçüncü şəxs Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi) “sərəncamda qismən dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2-1(112)-45/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “X10” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29 may 2003-cü il tarixli, 266 nömrəli sərəncamında qismən dəyişiklik edilməsi barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 02 iyun 2020-ci il tarixli, 116 nömrəli sərəncamının qanunsuz sayılaraq ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "X10” MMC 17 yanvar 2003-cü il tarixdə vergi orqanında dövlət qeydiyyatından keçərək Nizamnaməsinə əsasən bu günə qədər qanuni fəaliyyət göstərir. Cəmiyyət 05 mart 2003-cü il tarixli, REF 36/03 saylı məktubla Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Qutqaşenli küçəsi 476 saylı məhəllədə 0.70 ha torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsini və həmin torpaq sahəsində binaların inşa edilməsinə icazə verilməsini xahiş etmişdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən MMC-nin müraciətinə müsbət cavab verilərək Bakı şəhəri, Yasamal rayonu, Qutqaşenli küçəsi 476 saylı məhəllədə 0.70 ha torpaq sahəsi binalarının layihələşdirilməsi və tikintisi üçün Cəmiyyətə icarəyə verilmişdir. Cəmiyyətin müraciətinə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti 10 may 2003-cü il tarixli, 110/d- MŞ saylı məktubla razılıq vermişdir. Belə ki, torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29 may 2003-cü il tarixli 226 saylı Sərəncamı ilə Yasamal Rayon İcra Hakimiyyətinin 10 may 2003-cü il tarixli, 110/d-MŞ saylı razılıq məktubu, “X10” müəssisəsinin 05 mart 2003-cü il tarixli, REF 36/03 saylı müraciəti nəzərə alınaraq, Bakı şəhəri, Yasamal rayonu, Qutqaşenli küçəsi 476 saylı məhəllədə 0.70 ha torpaq sahəsi binaların layihələşdirilməsi və tikintisi üçün MMC-yə icarəyə verilmişdir. Qeyd olunan torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 16/27 nömrəli ayrıc aktı verilmişdir. Sərəncamla ərazidə yaşayış və qeyri-yaşayış tikililərinin köçürülməsi və inşaat işlərinə çəkilmiş xərclərin mövcud qanunvericilik əsasında ödənilməsi “X10” MMC-yə tapşırılmışdır. Bu sərəncam əsasında 27 fevral 2004-cü il tarixdə DTXK-nin Bakı şəhər Şöbəsi tərəfindən torpaqdan müvəqqəti istifadə hüququna dair JN-4182, KOD 01100003 saylı şəhadətnamə verilmişdir. İşçi layihələrinə əsasən sərəncamla ayrılmış torpaq sahəsində yeraltı qarajlar da mövcud olmaqla 3 ədəd yaşayış binasının inşa edilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı işçi layihəsi hazırlanmış və müəyyən olunmuş formada Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırılmış qaydada tikinti işlərinə, başlanılmış, bir binanın tikintisi icra edilmiş və binada tikinti işlərinin mənzillərə dair hissəsi tam olaraq yekunlaşdırılmışdır. Lakin, Şirkətin maddi vəziyyəti çətinləşdiyindən ərazidə olan digər 2 binanın, inşa edilmiş mövcud binanın qeyri-yaşayış sahələri və binanın tamamlanma işləri yekunlaşdırılmamışdır. Tamamlanmayan işlərə mövcud binanın sağ və sol tərəfində yerləşən qeyri-yaşayış sahələrini, həmin sahələrin altında yerləşən qarajları, həmçinin binanın alt hissəsində yerləşən qarajlara və ofislərə girişi inşa edilməsi və s. işləri aid etmək olar. Hazırda inşa edilmiş binada mövcud olan 64 ədəd mənzillərin hər biri müqavilələr əsasında vətəndaşlara satılmış, mənzillərin əksəriyyətində təmir işləri aparılmışdır. Binada təmir işlərinin qısa müddət ərzində tam olaraq yekunlaşdırılması və sakinlərin tam istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. MMC-nin maliyyə vəziyyəti düzəlmək üzrə olduğundan mövcud inşa edilmiş binada tamamlanmayan işlərin görülməsi, yeraltı ofis və qarajlara girişlərin inşa edilməsi, icazəsi alınmış, lakin tikilməyən digər 2 binanın tikinti işlərinə başlamaq istəyərkən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər məsul qurumlar tərəfindən tikintiyə icazə verilməmiş, tikinti işlərinin dayandırılması tələb edilmişdir. Tikintinin dayandırılması səbəblərini öyrənərkən bəlli olmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 02 iyun 2020-ci il tarixli, 116 nömrəli Sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29 may 2003-cü il tarixli, 266 nömrəli Sərəncamında qismən dəyişiklik edilmiş, əvvəlki Sərəncamın 1-ci bəndində 0.70 ha ifadəsi 0.2155 ha ifadəsi ilə əvəz edilmişdir. Sərəncam 02 iyun 2020-ci il tarixdə qəbul edilsə də, MMC-yə rəsmi olaraq 22 iyun 2020-ci il tarixdə təqdim edilmişdir. Sərəncamın qəbulu zamanı MMC-yə və binanın sakinlərinə heç bir məlumat verilməmişdir. Sərəncamla tanış olarkən Sərəncamın qanunsuz və əsassız olması, heç bir hüquqi əsası olmadan qəbul edilməsi açıq aydın görünmüşdür. Heç bir maddi hüquq normasına istinad edilmədən qərara alınmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 02 iyun 2020-ci il tarixli, 116 nömrəli Sərəncamı ilə Sərəncamın 1-ci bəndində 0.70 ha ifadəsi 0.2155 ha ifadəsi ilə əvəz edilsin. Aparılan tikinti işləri qanunvericilik normalarına uyğun olaraq bütün zəruri prosedur qaydalara əməl edilməklə, müvafiq qaydada razılaşdırılmaqla aparılmışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi, xx.xx.2024-cü il tarixli qərardadı ilə isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2-1(112)-45/2024 saylı qərarı ilə (hakim S.Salahova) iddia tələbinin təmin olunmaması qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək, “Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29 may 2003-cü il tarixli, 266 nömrəli Sərəncamında qismən dəyişiklik edilməsi barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 02 iyun 2020-ci il tarixli, 116 nömrəli sərəncamının faktiki olaraq parka aid olmayan hissədə yəni 0.032 ha (320 kv metr) hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 02 iyun 2020-ci il tarixli, 116 nömrəli sərəncamı qəbul edilərkən və sərəncama qədər aparılan inzibati icraat barədə “X10” MMC-yə və mənzil mülkiyyətçilərinə məlumat verilməmiş, inzibati icraat onların iştirakı olmadan aparılmış, onların dinlənmə və sübut təqdim etmə hüquqları təmin edilməmişdir. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti 02 iyun 2020-ci il tarixli, 116 nömrəli sərəncamını qəbul edərkən, "X10” MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Qutqaşenli küçəsi 476 saylı məhəllədə inşa edilmiş bir bloklu 64 mənzilli yaşayış binasında mənzil mülkiyyətçilərinin hüquqlarını pozmuş və qanunla qorunan maraqlarını nəzərə almamışdır. Belə ki, xx.xx.2006-cı il tarixdə Bakı şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış layihəsindən görünür ki, tikintisi başa çatmış binanın sağ və sol tərəfində əlavə qeyri-yaşayış sahələri, eləcə də sol tərəfdə olan yaşayış sahəsinin altında binaya qaraj tikintisi nəzərdə tutulmuşdur. Qarajın tikintisi müəssisənin mənzil sahibləri qarşısında əsas öhdəliklərindən biridir, hal-hazırda isə mübahisələndirilən sərəncam səbəbindən binanın tam tikintisinin başa çatdırılması və qaraj inşası mümkün deyildir. Belə ki, razılaşdırılmış layihəyə əsasən binanın sol tərəfində yerləşən qeyri-yaşayış sahəsinin altında qaraj tikilməsi nəzərdə tutulmuşdur. Hazırki vəziyyətdə 9 m eni olan sahədə qaraj tikilməsi şəhərsalma normaları baxımından mümkünsüzdür. Belə olan halda isə mənzil mülkiyyətçilərinin hüquqlarını kobud şəkildə pozulur. Bu hal həm də müəssisənin mənzil mülkiyyətçiləri qarşısında öhdəliklərin icra edilməməsi ilə nəticələnir və müəssisə ilə mülkiyyətçilər arasında mübahisələrə yol açacaqdır. Eləcə də, nəzərə alınmalıdır ki, mübahisələndirilən sərəncam ləğv olunmazsa, tikinti tamamlanma işləri 0,2155 ha ərazidə yekunlaşdırılmalıdır ki, belə olan halda binanın eni 75m-dən 64 m-ə azaldılmış olur, nəticədə binanın sağ hissəsində yerləşən qeyri-yaşayış sahəsinin eni 20m, sol tərəfdə yerləşən qeyri-yaşayış sahəsinin eni isə 9 m olacaqdır. Bu isə Bakı şəhərinin baş planına zidd olmaqla şəhərin görünüşünə ciddi xələl gətirəcək və binanın ümumi görüntüsünü bərbad hala salacaqdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 02 iyun 2020-ci il tarixli, 116 nömrəli sərəncamı əsaslandırılmamış, işin faktiki (xx.xx.2003-cü il tarixli 266 nömrəli sərəncamın 1-ci bəndinə hansı səbəbdən dəyişiklik edilməsi zərurəti) və hüquqi halları, bu halları təsdiq edən sənədlər habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməmişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 266 nömrəli Sərəncamında tikintinin həyata keçirilməsi üçün müddət müəyyən edilməmiş, həmin müddətdə işlərin başa çatdırılmaması halında torpaq sahəsinin geri alınması şərtləndirilməmişdir. Eləcə də, qeyd edilməlidir ki, hazırda müəssisənin istifadəsinə olan 2475 kv. m sahədən yaşayış və qeyri-yaşayış tikililərinin köçürülməsi və inşaat işlərinə çəkilmiş xərclərin ödənilməsi müəssisə tərəfindən təmin edilmişdir. Eyni zamanda, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)- 4264/2021 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə qaydasında istifadə üzrə yaranmış 125241,49 manat borcun “X10” MMC-dən (VÖEN 1********) tutularaq dövlət büdcəsinə ödənilməsi barədə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədə qeyd olunmuşdur ki, işdə olan şəxsi hesab vərəqəsinə baxış keçirilən zaman cavabdeh tərəfindən sonuncu icarə haqqı ödənişinin xx.xx.2015-ci il tarixdə edildiyi müəyyən olunmuşdur. İddia ərizəsi ilə məhkəməyə 16 avqust 2021-ci il tarixdə müraciət olunduğuna görə iddiaçı tərəfindən 16 avqust 2018-ci il tarixə kimi yaranmış borclarla bağlı iddia müddəti də ötürülmüşdür. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(103)-195/2022 saylı qətnaməsinə əsasən təmin edilməmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 2(113)-4264/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi məhkəmənin əsaslandırması həqiqəti əks etdirmir və yuxarıda sadalanan xüsusatlarla təkzib olunur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin dəqiqləşməsi barədə ərizəni nəzərə alaraq, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə digər üçüncü şəxsin nümayəndəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən digər üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi apellyasiya icraatında verilmiş dəqiqləşdirilmə ərizəsinə uyğun olaraq təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 266 nömrəli, xx.xx.2003-cü il tarixli sərəncamına əsasən Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 110/d-MŞ saylı razılıq məktubu, «X10» müəssisəsinin xx.xx.2003cü il tarixli, REF 36/03 saylı müraciəti nəzərə alınaraq, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsindəki 476-cı məhəllədə 0,70 ha torpaq sahəsi yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün həmin müəssisəyə icarəyə verilmişdir. Sərəncama əsasən ərazidən yaşayış və qeyri-yaşayış tikililərinin köçürülməsinə və inşaat işlərinə çəkilmiş xərclərin mövcud qanunvericilik əsasında ödənilməsi «X10» müəssisəsinə tapşırılmışdır. JN-4182 KOD 01100003 nömrəli xx.xx.2004-cü il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 266 saylı sərəncamı və xx.xx.2003-cü il tarixli 0231 saylı icarə müqaviləsi ilə Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 476-cı məhəllədə yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün 49 il müddətinə, 0.7 hektar kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi müvəqqəti istifadə üçün, yaşayış binalarının layihələşdirilməsi və tikintisi şərtilə «X10» MMC-yə verilmişdir. İ.Qutqaşınlı küçəsi 476-cı məhəllədə layihələndirilən yaşayış kompleksinin layihəsi xx.xx.2006-cı ildə Bakı şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmışdır. 2016-cı ildə iddiaçıya ayrılmış həmin torpaq sahəsinin 16/27 nömrəli ayrıc aktı tərtib edilmişdir. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2019-cu il tarixli 3/14-8212 nömrəli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il tarixli 2258 nömrəli, 5 avqust 2016-cı il tarixli 2260 nömrəli Sərəncamlarının tərkib hissəsi olan Bakı şəhəri, Yasamal rayonu, keçmiş “Sovetski” kimi tanınan ərazidə yerləşən “Mərkəzi Park”ın tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında aparılır. Sözügedən parkın İ mərhələsi tikilərək başa çatdırılmış və 22 may 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən açılış edilərək vətəndaşların istifadəsinə verilmişdir. “Mərkəzi Park”ın İİ mərhələsinin tikintisi üçün sözügedən ərazidə yaşayış və qeyri-yaşayış tikililəri dövlət vəsaiti hesabına alınaraq sökülmüş və həmin ərazidə parkın tikilməsi üçün layihə sənədləri hazırlanmışdır. Layihə sənədləri hazırlanarkən məlum olmuşdur ki, şəhərin Nəriman Nərimanov prospekti, Bəşir Səfəroğlu, Mirzəağa Əliyev və İsmayıl bəy Qutqaşınlı küçələri ilə əhatə olunmuş parkın tikintisi üçün nəzərdə tutulmuş sahənin bir hissəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 29 may 2003-cü il tarixli 266 nömrəli Sərəncamı ilə yaşayış binalarının tikintisi məqsədilə “X10” MMC-yə verilmişdir. Məktubda “X10” MMC-yə ayrılan sahənin bir hissəsinin (60,0 sot) parkın tikintisi altına düşməsini, həmin sahədə yerləşən tikililərin parkın tikintisi üçün dövlət vəsaiti hesabına alınaraq söküldüyünü nəzərə alaraq, yuxarıda qeyd olunan sərəncamın ləğv olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin 76/g-7 saylı, xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilir ki, Bakı şəhər İcra Hakimiyyətinə bildirilmişdir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikasın Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən və Yasamal Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 dekabr 2018-ci il tarixli, 572 nömrəli Qərarı ilə Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd olmaqla, ümumilikdə 2010 yaşayış və qeyriyaşayış obyektinin dövlət ehtiyacları üçün alınması Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Qeyd olunan ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin sahiblərinə müvafiq kompensasiya ödənilməklə ərazinin dövlət ehtiyacları üçün alındığını nəzərə alaraq, “X10” MMC-yə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 266 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin sərhədlərinə yenidən baxılması xahiş edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 116 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamı ilə müəyyən edilir ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli 3/14-8212 nömrəli, Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 76/g-7 nömrəli müraciətlərini, Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********344500 nömrəli məktubunu, Bakı Şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən "İnzibati icraatla bağlı Komissiya"nın rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamənin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin və Azərbaycan Respublikasının "İnzibati icraat haqqında" Qanunun tələblərini rəhbər tutaraq, qərara alınmışdır ki: 1."Torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında" xx.xx.2003-cü il tarixli 266 nömrəli Sərəncama və bu Sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşdirmə işlərinə qismən dəyişiklik edilsin: 1.1.Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 266 nömrəli Sərəncamının 1-ci bəndində "0.70 ha" ifadəsi "0.2155 ha" ifadəsi ilə əvəz edilsin. 1.2.Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Hüquq və kadr məsələləri şöbəsi (R.Qədimquliyev) "X10" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 476-cı məhəllədə yerləşən 0.4845 ha torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri həyata keçirsin. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il tarixli 2258 nömrəli, 5 avqust 2016-cı il tarixli 2260 nömrəli Sərəncamlarına, Yasamal Rayon İcra Hakimiyyəti isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 dekabr 2018-ci il tarixli, 572 nömrəli Qərarına istinad edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 266 nömrli sərəncamı ilə “X10” MMC-yə ayrılmış torpaq sahəsinin həmin sənədlərdə göstərilən əraziyə aid olduğunu və həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin sahiblərinə müvafiq kompensasiyanın onlar tərəfindən ödənildiyini bildirməklə, həmin sərəncamın ləğv edilməsi xahiş edilmişdir. Cavabdehin “İnzibati icraatla bağlı komissiyanın” 11 mart və 13 mart 2020- ci il tarixli iclas protokollarından görünür ki, iddiaçının nümayəndəsinin iştirakı ilə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli 3/14-8212 nömrəli, Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 76/g-7 nömrəli müraciətləri əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 266 nömrəli Sərəncamının ləğv edilməsi məsələsinə baxılmış və müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, keçmiş "Sovetski" adlanan ərazidə yerləşən, Nəriman Nərimanov prospekti, Bəşir Səfəroğlu, Mirzəağa Əliyev və İsmayıl bəy Qutqaşınlı küçələri ilə əhatə olunmuş "Mərkəzi Park"ın İİ mərhələsinin tikintisi uçun sözügedən ərazidə yerləşən (bir qismi "X10" MMC-nin icarə əsasında istifadəsində olan torpaq sahəsi də daxil olmaqla) yaşayış və qeyri-yaşayış tikililəri dövlət vəsaiti hesabına alınaraq sökülmüş, vaxtilə icarə əsasında iddiaçının istifadəsinə verilmiş torpaq sahəsində gələcəkdə hər hansı tikinti işlərinin aparılması hazırda qüvvədə olan memarlıq və şəhərsalma qanunvericiliyinə uyğun olaraq mümkün olmayacağı müəyyən edilmişdir (digər iki binanın tikintisi nəticəsində Cəmiyyətə ayrılmış ərazinin tikinti sıxlığı əmsalı yolveriləndən çox olacaqdır). Hazırda iddiaçı “Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29 may 2003-cü il tarixli, 266 nömrəli Sərəncamında qismən dəyişiklik edilməsi barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 02 iyun 2020-ci il tarixli, 116 nömrəli sərəncamının faktiki olaraq parka aid olmayan hissədə yəni 0.032 ha (320 kv metr) hissədə ləğv edilməsi xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 266 nömrəli Sərəncamı ilə iddiaçıya 0,70 ha torpaq sahəsi ayrılsa da, iddiaçı 20 il ərzində həmin torpaq sahəsinin böyük bir hissəsindən istifadə etməmiş, yaşayış binalarının tikintisini həyata keçirməmiş, sərəncamla üzərinə qoyulan vəzifəni icra etməyərək yaşayış və qeyri-yaşayış tikililərinin köçürülməsi xərclərini ödəməmiş, həmin xərclər dövlət büdcəsi vəsaiti hesabına ödənilmiş, həmçinin iddiaçı tərəfindən həmin torpaq sahəsinə dair icarə haqqı da ödənilməmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, tikintisi başa çatmış “Mərkəzi Parkı”nın 2-ci mərhələsinin naturada yerləşdiyi torpaq sahəsi “Bakı Şəhər İcra Hakimiyyəti başçısının 29 may 2003-cü il tarixli 266 nömrəli Sərəncamı ilə “X10” MMC-yə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı ona ayrılmış torpaq sahəsindən ayrılma məqsədlərinə uyğun istifadə etmədiyindən həmin sahədə dövlət vəsaiti hesabına yaşıllaşdırma və abadlaşdırma işləri aparılaraq park salınmışdır və hazırkı halda cavabdehin xx.xx.2020-ci il tarixli sərəncamının ləğv edilərək həmin torpaq sahəsinin yaşayış binasının tikintisi üçün iddiaçının istifadəsinə qaytarılması mümkünsüzdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsnin mövqeyi ilə razılaşmır və qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmənin qərarının icrası ilə bağlı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 mart 2024-cü il tarixli, 3-16-16/2- 10/6826 nömrəli rəydə qeyd edilir ki, ‘‘X10” MMC tərəfindən inşa edilən binanın yerləşdiyi torpaq sahəsinin, həmçinin binanın ətrafında boş qalan torpaq sahəsinin koordinatlarına əsasən müəyyən edilmişdir ki, ‘‘X10” MMC tərəfindən inşa edilən binanın yerləşdiyi torpaq sahəsinin 902,4 kv.m binanın ətrafında qalan boş sahənin 1572,6 kv.m, ümumilikdə isə ‘‘X10” MMC-nin faktiki istifadəsində olan torpaq sahəsinin 2475 kv.m olduğu müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 116 nömrəli sərəncamına əsasən ‘‘X10” MMC-nin istifadəsində qalan boş torpaq sahəsinin konfiqurasiyası ilə binanın Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş 18/04-150 nömrəli xx.xx.2006-cı il tarixli eskiz layihədə göstərilən forma arasında fərq olduğundan həmin torpaq sahəsində tikinti işlərinin başa çatdırılmasının mümkün olmadığı müəyyən edilmişdir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. "xxxx" MMC tərəfindən təqdim edilmiş 31 may 2022-ci il tarixli, 01/22-291 nömrəli mütəxəssis rəyində qeyd edilir ki, tikintisi başa çatmış “Mərkəzi Parkı”nın 2-ci mərhələsinin naturada yerləşdiyi torpaq sahəsi “Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29 may 2003-cü il tarixli, 266 nömrəli Sərəncamı ilə ‘‘X10” MMC-yə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. ‘‘X10” MMC-yə ayrılmış torpaq sahəsinin faktiki olaraq “Mərkəzi Parkı”nın 2-ci mərhələsinin yerləşdiyi torpaq sahəsinə aid olmayan hissəsinin ölçüləri 3670 kv.m təşkil edir. İş üzrə təqdim edilmiş rəylərdən müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 116 nömrəli sərəncamına əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü 0.2155 ha müəyyən edilsə də, ‘‘X10” MMC-nin faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,2475 ha-dır. (2475kv.m) «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt – əlverişsiz (yükləyici) inzibati aktdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Qeyd edilən Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (maddə 67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (maddə 67.2). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır (maddə 67.3). Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər (maddə 67.12). Qanunun 68-ci maddəsində qeyd edilir ki, qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. Qanunun 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. İşdən göründüyü kimi məhkəmə kollegiyası mübahisələndirilən əraziyə yerində baxış keçirib müəyyən etmişdir ki, orada tikilən hündürmərtəbəli yaşayış binasının altında 3 mərtəbədən ibarət qeyri-yaşayış sahəsinin tikintisi tamamlanmamış (yarımçıq qalmışdır), binanın təməl çuxurunun (kotlovan) bir hissəsi açıq qalmışdır. İddiaçının nümayəndəsi və vəkilinin bildirdiyinə görə həmin hissədə yeraltı qaraj inşa olunaraq üstü bağlanmalıdır. Lakin mübahisələndirilən sərəncamda müvafiq düzəliş edilmədiyindən binanın tamamlama işləri yekunlaşa bilmir və təməl çuxurunun bir hissəsi (kotlovan) açıq şəkildə qaldığına görə oraya yağış suları düşərək gələcəkdə yaşayış binasının təməlini qəzalı vəziyyətə gətirib çıxara biləcəkdir. Həmçinin, mübahisələndirilən əraziyə yerində baxış keçirilməsi zamanı müəyyən olunmuşdur ki, ərazidə parkın salınması işləri yekunlaşıb və park yerli əhalinin istifadəsinə verilmişdir. Parkla qeyd olunan yaşayış binasının arasında hasar quraşdırılaraq parkı yaşayış binasının açıq qalmış təməl çuxurunundan (kotlovandan) ayırmışdır. Beləliklə, işin faktiki hallarından göründüyü kimi mübahisə predmeti olan inzibati akt (Bakı şəhər İcra Hakimiyyəti Başçısının 02 iyun 2020-ci il tarixli, 116 nömrəli Sərəncamı) mübahisələndirilən hissədə (faktiki olaraq parka aid olmayan 0.032 ha (320 kv metr) hissədə) qüvvədə qalacağı təqdirdə dövlət və ictimai maraqlara ziyan vuracaqdır. Belə ki, yaşayış binasının yuxarıda təsvir olunan vəziyyətdə qalması şəhərin ümumi görünüşünə xələl gətirir, eyni zamanda bu cür vəziyyətin davam etməsi həmin yaşayış binasında yaşayan sakinlərin hüquq və maraqlarına toxunur. İşin hallarından müəyyən olunur ki, iddiaçının hüquqi marağı faktiki vəziyyəti hüquqi vəziyyətə uyğunlaşdırmaqdır. Yuxarıda qeyd olunduğu kimi iddiaçı MMC-nin faktiki istifadəsində 2475 kv.m olduğu halda müvafiq inzibati aktda 2155 kv.m göstərilmişdir ki, bu hal iddiaçının maraqlarına toxunur. Müvafiq dövlət orqanları tərəfindən verilmiş icazələr əsasında təsdiq olunmuş layihəyə əsasən binanın tikinti işlərinin tamamlanması mümkün olmur. Belə olan halda isə iddiaçı ilə yanaşı həmin MMC ilə müvafiq müqavilələr bağlamış vətəndaşların hüquqları pozulur. Belə olan halda iddiaçı MMC ilə yanaşı həmin yaşayış binasında mənzil hüquqları olan şəxslərin müvafiq kompensasiya tələbilə bağlı hüquqları istisna olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29 may 2003-cü il tarixli, 266 nömrəli Sərəncamında qismən dəyişiklik edilməsi barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 02 iyun 2020-ci il tarixli, 116 nömrəli sərəncamının faktiki olaraq parka aid olmayan hissədə yəni 0.032 ha (320 kv metr) hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin ərizə məhkəmə kollegiyası tərəfindən icraata qəbul edilmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2-1(112)-45/2024 saylı qərarı ləğv edilməli, iddia tələbi apellyasiya icraatında verilmiş dəqiqləşdirilmə ərizəsinə uyğun olaraq təmin edilməli, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29 may 2003-cü il tarixli, 266 nömrəli Sərəncamında qismən dəyişiklik edilməsi barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 02 iyun 2020-ci il tarixli, 116 nömrəli sərəncamı faktiki olaraq parka aid olmayan hissədə, yəni 0,032 ha (320 kv.m) hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2-1(112)-45/2024 saylı qərarı ləğv edilsin. İddia tələbi apellyasiya icraatında verilmiş dəqiqləşdirilmə ərizəsinə uyğun olaraq təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29 may 2003-cü il tarixli, 266 nömrəli Sərəncamında qismən dəyişiklik edilməsi barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 02 iyun 2020-ci il tarixli, 116 nömrəli sərəncamı faktiki olaraq parka aid olmayan hissədə, yəni 0,032 ha (320 kv.m) hissədə ləğv edilsin. İşə birinci instansiya məhkəməsində baxılması zamanı ekspertizanın keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində ekspertiza xərci cavabdeh Bakı şəhəri İcra Hakimiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Mirzə Tağızadə Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-720/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-720/2025
06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver