Məhkəmə qərarları › İş №2-1(103)-721/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-721/2021

27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-721/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızından və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili X1 (Bakı şəhəri 18 saylı Vəkil Bürosu) iştirakları ilə , İddiaçı (21.02,1985-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən faktiki ünvanı - ünvan 2mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin verilməsi ” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4268/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 28.04.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xəstəliyinə görə əlillik dərəcəsinin verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ildən 11 yanvar 2020-ci il tarixədək Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Post Patrul Xidmətində fəaliyyət göstərmişdir. 2017-ci ildə xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq, bronxial astma xəstəliyinə tutulmuş, aparılmış ambulator müayinə nəticəsində ona kəskin traxeobronxit diaqnozu qoyulmuşdur. O. 2018-ci ilin aprel ayından 2019-cu ilin may ayınadək müxtəlif tarixlərdə həmin xəstəliklə bağlı stasionar müalicələr almış, bununla birlikdə qeyd edilən vəzifədə çalışmağa davam etmişdir. Müalicə aldığı dövrdə xəstəliyinin əlamətlərində ağırlaşmalar müşahidə olunduğundan, AR Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən verilmiş 11 dekabr 2019-cu il tarixli tibbi arayışa əsasən “bronxial astma qarışıq forma, nəzarət olunmayan formada ventilyasiya pozğunluğu” diqanozu ilə onun 11 dekabr 2019-cu il tarixdən 11 yanvar 2020-ci il tarixədək olan dövrdə idman və fiziki ağır işdən azad olunması qərara alınmışdır. Halbuki, bu stasionar müalicədən sonra onun xəstəliyinin ağır mərhələdə olması aşkar idi və onun ümumiyyətlə işə davam etməsi mümkünsüz idi. Ona görə də, sənədləri ona əlillik təyin olunması və işi davam etdirmək iqtidarında olmamasının müəyyən edilməsi üçün Xüsusi Həkim Komissiyasına göndərilməli idi. Lakin işi davam etdirmək məcburiyyətində qalmasına görə onun xəstəliyi daha da ağırlaşmış və o, iş qabiliyyətini tamamilə itirmişdir. İş qabiliyyətini itirdikdən sonra o, xidməti vəzifələrini icra edərkən ağır xəstəlik nəticəsində xidmətə yararlı olmaması barədə rəy verilməsi üçün AR DİN Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasına müraciət etmişdir. Həmin müraciət əsasında adıçəkilən Komissiya tərəfindən verilmiş 8 saylı qərarla müəyyən olunur ki, ona “Bronxial astma, qarışıq forma, nəzarət olunmayan. Əhəmiyyətli ventilyasiya pozulması, İİ dərəcəli tənəffüs çatışmazlığı” diaqnozu qoyulmuş və həmin xəstəlik DİO-da xidmətkeçmə dövründə alınmışdır. Həmin qərar əsasında ona əlillik dərəcəsinin təyin olunması üçün o, hazırkı cavabdeh AR ƏƏSM Nazirliyi yanında Dövlət Tibbi-Sosial Reabilitasiya Xidmətinə müraciət etsə də, cavabdeh tərəfindən əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyinatından imtina olunduğu bildirilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 2.2.3 və 2.2.4-cü bəndlərinə görə ağciyərlərin xroniki, proqressiv gedişi fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə, ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəliklərinə görə ikinci dərəcə əlillik təyin edilir. Göründüyü kimi, DİN Xüsusi Həkim Komissiyasının qərarı ona əlillik təyin olunması üçün əsas verir. Belə ki, həmin qərarda qeyd olunan “İİ dərəcəli tənəffüs çatışmazlığı” diaqnozu yuxarıda qeyd olunan Əsasnamənin bəndlərinə uyğun olaraq ikinci dərəcə əlillik təyin edilməsi üçün əsas meyar kimi göstərilmişdir. Hazırda aradan keçən müddətdə xəstəliyin daha da kəskinləşmişdir və müalicə ilə bərpa olunması mümkün deyildir. Həmçinin, sənədlərdən də göründüyü kimi, indiyədək dəfələrlə xəstəliyi ilə bağlı stasionar müalicələr almasına baxmayaraq, xəstəlik müalicə olunmamış, əksinə daha da ağır mərhələyə keçmişdir. Buna görə də hesab olunur ki, cavabdeh orqan əlilliyin təmin olunmasından tamamilə əsassız olaraq imtina etmişdir. Göstərilənlərə və İPM-in 2.2.2, 33.1-ci maddələrinə, «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 1.4, 3.1.3, 5.5-ci bəndlərinə əsaslanaraq, iddiaçıya əlillik dərəcəsinin verilməsi barədə müvafiq akt qəbul olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Reabilitasiya Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4268/2020 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, İddiaçı ikinci dərəcə əlillik verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 30.11.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4268/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının barəsində tərtib edilmiş forma 88-də son 12 ay ərzində stasionar müalicədə olma vaxtı “Qayda”da göstərilən müddətə uyğun gəlmədiyindən əlilliyin təyin edilməsi mümkün olmamışdır. İddiaçı işin apellyasiya icraatı zamanı 25.01.2021-ci il tarixdə apellyasiya şikayətinə dair etiraz təqdim edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə iclasına gəlməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: İş materiallarında olan: - İddiaçı aid iş materiallarında olan DİN Xüsusi Həkim Komissiyasının 8 saylı qərarında aşağıdakılar əks olunmuşdur: - İddiaçı, 1985-ci il təvəllüdlü, xəstəlik: “bronxial astma qarışıq forma, nəzarət olunmayan, əhəmiyyətli ventilyasiya pozğunluğu, İİ dərəcəli tənəffüs çatışmazlığı”. DİO-da xidmət dövründə alınmışdır. Əsas: AR ETACXİ tərəfindən verilmiş 16 oktyabr tarixli 11748 nömrəli müayinə aktı, 10 yanvar 2019-cu il, 31 may 2019-cu il tarixli ambulator kartoçkadan çıxarışlar, DİN-in Respublika Hospitalı tərəfindən verilmiş 20 oktyabr – 18 dekabr 2017-ci il tarixli 6477 nömrəli, 10 dekabr – 21 dekabr 2018-ci il tarixli, 24 yanvar – 4 fevral 2019-cu il tarixli, 22 may – 3 iyun 2019-cu il tarixli xəstəlik tarixlərindən çıxarış epikrizi, Xüsusi Həkim Komissiyasının 6 mart 2020-ci il tarixli protokolu. Məhkəmə Kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: - (2.2.3) ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); - (2.2.4) ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8). Qanunvericiliyin tələblərindən göründüyü kimi ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri zamanı ikinci dərəcə əlillik təyin edilir. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işdə olan sənədlərə (qərar, epiqriz) əsasən İddiaçı səhhətində ikinci dərəcəli tənəffüs çatışmazlığı, habelə ən azı dörd dəfə belə halın müxtəlif formalarda təkrarlanması olduğunu qeyd etsə də, iddiaçının xəstəliyi ilə bağlı il ərzində neçə dəfə və hansı müddətlərdə xəstəxanada (müvafiq səhiyyə müəssisəsində) olma müddəti araşdırılmamışdır. Məhkəmə kollegiyası əlavə olara qeyd edir ki, İddiaçı TSEK-in ona əlillik dərəcəsinin verilməsindən imtina etdiyini bildirsə də, hazırkı iddianı TSEK-ə qarşı yox, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı qaldırmışdır. Halbuki, sonuncu inzibati orqana iddiaçının ilkin müraciəti olması iş materialları ilə müəyyən edilmir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdeh qismində Dövlət Tibbi Sosial Ekspert Reabilitasiya Xidmətini qeyd etsə də, 30.06.2020-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yaradılmış və həmin tarixdən sonra əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət sözügedən Agentliyə verilmiş, yəni işə baxılan zaman Dövlət Tibbi Sosial Ekspert Reabilitasiya Xidməti artıq ləğv edilmişdir. Göründüyü kimi, birinci instansiyası məhkəməsi ləğv olunmuş inzibati orqana qarşı işə baxmış və bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya məhkəməsi işin xüsusi hüquqi əhəmiyyətə malik hallarına düzgün qiymət vermədən iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, işin yenidən birinci instansiya icraatı zamanı yuxarıda qeyd edilən hal məhkəmə tərəfindən araşdırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.7-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2- 1(112)-4268/2020 nömrəli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87,90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4268/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xəstəliyinə görə əlillik dərəcəsinin verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar