Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-721/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmədbağı qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8720/2021saylı, 03.11.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiaçıya Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8720/2021saylı, 03.11.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasını (tərxis olunmasını) təsdiq edən sübutlar nə inzibati orqana, nə də ki, məhkəməyə təqdim olunmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8720/2021saylı, 03.11.2021-ci il tarixli qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8720/2021saylı, 03.11.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əlavə edilmiş: - Müdafiə Nazirliyinin 09.08.2021-ci il tarixli 4/2-159 nömrəli məktubuna əsasən N №-li hərbi hissədən gəlmiş, Nərimanov RHK-dan çağırılmış, 1952-ci il təvəllüdlü sıravi İddiaçı N №-li hərbi hissə komandirinin 20.08.1992-ci il tarixli 16 №-li əmrilə (əsas: səh 32 § 2, sıra 10. əmrdə təvəllüdü “1952" yazılmışdır) batalyonunun tərkibinə daxil edilmişdir. N №-li hərbi hissə komandirinin 01 N -ci il tarixli 18 №-li əmrində (əsas: səh 39, § 2, sıra 29, əmrdə atasının adı yazılmamışdır) sıravi İddiaçı İ bölüyün İ tağımının İİ bölməsində “pulemyotçu" vəzifəsinə təyin edilmişdir İcazəsiz olaraq hərbi hissəni tərk etdiyi üçün İddiaçı N №-li hərbi hissə komandirinin 03.10.1992-ci il tarixli 32 №-li əmrilə (əsas: səh 71) ştatdan xaric edilmişdir. İddiaçı 3 (üç) ay müddətində hərbi xidmətə çağırılsa da Müdafiə nazirinin əmrini pozaraq noyabr və oktyabr aylarında ştatdan xaric edildiyinə görə N №-li hərbi hissə komandirinin 03.01.1993-cü il tarixli 97 №-li əmrilə (əsas: § 4, sıra 18) Füzuli Ərazi Hərbi Prokurorluğuna verilmişdir N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas:kıtab-1994, səh 87, sıra 4) Nərimanov RHK-dan çağırılmış, 1962-ci il təvəllüdlü İddiaçı komandirin 13.03 1994-cü il tarixli 71 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi barədə məlumat vardır, lakin şəxsi heyətin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır Nərimanov RHK-dan çağırılmış.1962-cı ıl təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin 12.03 1994-cü il tarixli 71 №-li əmrilə (əsas: § 16, sıra 6) hərbi hissəyə qəbul edilmiş, şəxsi heyət siyahılarına daxil edilərək, bütün növ təminatlarla təmin edilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin N .-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən İddiaçı xidməti barədə 19.03.2021-ci il tarixli 9/22528 №-li məktubla ünvanınıza cavab məktubu göndərilmişdir.” - Azərbaycan Respublikası Hərbi Prokurorluğu Füzuli Hərbi Prokurorluğunun 11.01.2018-ci il tarixli məktubuna əsasən İddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda təqsirləndirici material və ya cinayət işi olmamışdır. Birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçının döyüş tapşırığını yerinə yetirmək üçün döyüş əməliyyatları bölgəsinə ezam olunması (iştirak etməsi), İddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda təqsirləndirici material və ya cinayət işi olmaması, həmçinin hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə zidd olmuşdur. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, İddiaçı Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar planları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası müdafiə nazirinin 06.01.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində keçmiş DQMV ərazisində...aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə...- 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunan qanunvericilik normalarına əsasən müəyyən olunur ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi müvafiq orqan tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müəyyən edilir. Baxılan iş üzrə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsini sübut edən müvafiq sənədlərin mövcud olması məhkəmə kollegiyası tərəfindən müəyyən edilməmişdir. Belə ki, işin materiallarına iddiaçının hərbi biletinin surəti əlavə edilməmişdir, 1-ci instansiya məhkəməsi qərarında həmin sənədə istinad etməmişdir. İşin materiallarında olan və 1-ci instansiya məhkəməsinin istinad etdiyi uçot – qeydiyyat kartasının təsdiq olunmuş surətindən görünür ki, həmin sənəd hələ 05.01.1983-cü ildə tərtib olunub doldurulmuşdur. Həmin tarixdən əvvəlki qeydlər müvafiq imzalarla təsdiq olunmuşdur. Lakin burada iddiaçının yenidən hərbi xidmətə çağırılması və tərxis olunması haqqında qeydlər karandaşla tərtib olunmuş və imzalanmamışdır. Beləliklə, iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Ona görə də məhkəmə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddianın rədd edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2-1(112)-1288/2021 saylı qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8720/2021saylı, 03.11.2021-ci il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-721/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-721/2022
09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver