Məhkəmə qərarları › İş №2-1(103)-721/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-721/2025

05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-721/2025 05.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinə qarşı "qərarların etibarsız hesab edilməsi və sair" tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7290/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin 05 fevral 2008-ci il tarixli (Protokol № 02) qərarının etibarsızlığının tanınması, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi arasında bağlanmış 06 fevral 2008-ci il tarixli, 02 nömrəli müqavilə (143800 kv.m.), 08 fevral 2008-ci il tarixli, 03 nömrəli müqavilə (157000 kv.m.), 15 fevral 2008-ci il tarixli, 04 nömrəli müqavilə (97000 kv.m.), 20 fevral 2008-ci il tarixli, 05 nömrəli müqavilə (50000 kv.m.), 22 fevral 2008-ci il tarixli, 06 nömrəli müqavilə (40000 kv.m.) və 03 mart 2008-ci il tarixli, 07 nömrəli müqavilə (36000 kv.m.) alqı-satqı müqavilələrinin etibarsız hesab olunması, cavabdeh Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsindən 1.424.736 (bir milyon dörd yüz iyirmi dörd min yeddi yüz otuz altı) manat məbləğində pulun tutulması və İddiaçınə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin 05 fevral 2008-ci il tarixli (2 saylı protokol) və 05 mart 2008-ci il tarixli (04 saylı protokol) qərarlarının etibarsız hesab edilməsi, İddiaçı MMC ilə cavabdeh Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi arasında bağlanmış 06 fevral 2008-ci il tarixli 02 nömrəli müqavilənin (143.000 kv.m), 08 fevral 2008-ci il tarixli 03 nömrəli müqavilənin (157.000 kv.m), 15 fevral 2008-ci il tarixli 04 nömrəli müqavilənin (97.000 kv.m), 20 fevral 2008-ci il tarixli 05 nömrəli müqavilənin (50.000 kv.m), 22 fevral 2008-ci il tarixli 06 nömrəli müqavilənin (40.000 kv.m), 03 mart 2008-ci il tarixli 07 nömrəli müqavilənin (36.000 kv.m) etibarsız hesab edilməsi, cavabdeh Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsindən 1.424.736 (bir milyon dörd yüz iyirmi dörd min yeddi yüz otuz altı) manat məbləğində pulun tutulması və İddiaçı MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı bələdiyyəsi 05 fevral 2008-ci il tarixli (Protokol № 02) qərar vermişdir. Sözügedən Qərar əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı bələdiyyəsi arasında Cavabdehin guya mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə İddiaçının mülkiyyətinə verilməsi haqqında aşağıdakı müqavilələr bağlanmışdır: 06 fevral 2008-ci il tarixli, 02 nömrəli müqavilə (143 800 kv.m.); 08 fevral 2008-ci il tarixli, 03 nömrəli müqavilə (157 000 kv.m.); 15 fevral 2008-ci il tarixli, 04 nömrəli müqavilə (97 000 kv.m.); 20 fevral 2008-ci il tarixli, 05 nömrəli müqavilə (50 000 kv.m.); 22 fevral 2008-ci il tarixli, 06 nömrəli müqavilə (40 000 kv.m.); 03 mart 2008-ci il tarixli, 07 nömrəli müqavilə (36 000 kv.m.). Həmin müqavilələr əsasında iddiaçı cavabdehdən ümumilikdə 52,38 ha torpaq sahəsi almış və bu torpaq sahəsinə görə aşağıdakı ödənişləri həyata keçirmişdir: 143 800 kv.m torpaq sahəsi - 391 136 manat (08 fevral 2008-ci il tarixli nömrəsiz ödəniş tapşmğı, həmin tarixdə icra edilmişdir); 157 000 kv.m torpaq sahəsi - 427 040 manat (12 fevral 2008-ci il tarixli, 01 nömrəli ödəniş tapşırığı, 13 fevral 2008-ci il tarixdə icra edilmişdir); 97 000 kv.m torpaq sahəsi - 263 840 manat (19 fevral 2008-ci il tarixli nömrəsiz ödəniş tapşırığı, həmin tarixdə icra edilmişdir); 50 000 kv.m torpaq sahəsi - 136 000 manat (22 fevral 2008-ci il tarixli nömrəsiz ödəniş tapşırığı, həmin tarixdə icra edilmişdir); 40 000 kv.m torpaq sahəsi -108 800 manat (25 fevral 2008-ci il tarixli 086 nömrəli ödəniş tapşırığı, 26 fevral 2008-ci il tarixdə icra edilmişdir); 36 000 kv.m torpaq sahəsi - 97 920 manat (04 mart 2008-ci il tarixli nömrəsiz ödəniş tapşırığı, həmin tarixdə icra edilmişdir). Bağlanmış 6 (altı) müqavilə üzrə ümumilikdə 52,38 ha torpaq sahəsinin alınması üçün iddiaçı cavabdehə cəmi 1 424 736 (bir milyon dörd yüz iyirmi dörd min yeddi yüz otuz altı) manat məbləğində pul vəsaiti köçürmüşdür. İddiaçı yuxarıda qeyd olunan 52,38 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə 01 iyun 2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Xidmət İddiaçının müraciətinə baxaraq, 04 iyul 2017-ci il tarixli məktubu ilə İddiaçının Sahəyə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İddiaçı, mülkiyyət hüquqlarının məhkəmə qaydasında qeydiyyata alınması üçün iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. Nəticədə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 fevral 2020-ci il tarixli 2-1(102)- 347/2020 nömrəli qərarı ilə yekun məhkəmə aktı çıxarılmış və İddiaçının iddia tələbləri təmin olunmayaraq, onun mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Məhkəmə aktlarından göründüyü kimi, Sahəyə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmamasının əsası odur ki, həmin Sahə bələdiyyənin deyil, dövlət mülkiyyətindədir. Cavabdehə dəfələrlə pretenziyalar göndərilmiş, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 fevral 2020-ci il tarixli 2-1(102)-347/2020 nömrəli qərarı təqdim edilmişdir. Lakin, Cavabdeh bu pretenziyalara ümumiyyətlə cavab verməmiş, hər hansı əməli tədbir həyata keçirməmişdir. Cavabdehə Mediasiya prosesi üçün təklif göndərilmiş, 2 saylı Mediasiya Təşkilatının mediatoru tərəfindən ilkin sessiya təyin edilmiş, lakin Cavabdeh ilkin sessiyada iştirak etməmişdir. Bu barədə mediator tərəfindən müvafiq arayış verilmişdir. Sonradan İddiaçı ödənilmiş vəsaitin geri qaytarılması məqsədilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Lakin Bakı Kommersiya Məhkəməsi hesab etmişdir ki, bu mübahisə Bakı İnzibati Məhkəməsinin aidiyyətində olduğundan, iddia ərizəsini geri qaytarmışdır. İddiaçı Bakı Kommersiya Məhkəməsinin müvafiq qərardadından şikayət versə də, yuxarı instansiya məhkəməsi qərardadı qüvvədə saxlayaraq, aidiyyətin Bakı İnzibati Məhkəməsinə aid olduğunu hesab etmişdir. İddiaçı Cavabdehə növbəti dəfə məktub göndərmiş və Qərarın və müqavilələrin ləğv edilməsi, ödənilmiş vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçının məktubunu 13 may 2022-ci il tarixdə alsa da, İddiaçıya nə vəsaiti geri ödəmiş, nə də ki əsaslandırmış imtina vermişdir. Cavabdeh barəsindən qərar verdiyi sahələr onun mülkiyyətindən deyil, dövlət mülkiyyətində olmuşdur. Sahələrin dövlət mülkiyyətində olması da onu ehtiva edir ki, Cavabdehin həmin sahələrlə bağlı qərar vermək səlahiyyəti olmamışdır. Digər tərəfdən, Cavabdeh sahələr barədə qərar verərək, İddiaçı ilə müvafiq müqavilələr bağlasa da, bu sahələr dövlət mülkiyyətində olduğuna görə, onlarla bağlı İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasını istisna etmişdir ki, qərarın icrası qabaqcadan mümkünsüz olmuşdur. Bakı İnzibati Məhkəməsinin (hakim Salahova Səlma) e-2-1(112)-7290/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin 05 fevral 2008-ci il tarixli (2 saylı protokol) və 05 mart 2008-ci il tarixli (04 saylı protokol) qərarları, həmin qərarlar əsasında İddiaçı MMC və Kürdəxanı Bələdiyyəsi arasında bağlanmış 06 fevral 2008-ci il tarixli 02 nömrəli, 08 fevral 2008-ci il tarixli 03 nömrəli, 15 fevral 2008-ci il tarixli 04 nömrəli, 20 fevral 2008-ci il tarixli 05 nömrəli, 22 fevral 2008-ci il tarixli 06 nömrəli və 03 mart 2008-ci il tarixli 07 nömrəli müqavilələr etibarsız hesab edilmiş, 1.424.736 (bir milyon dörd yüz iyirmi dörd min yeddi yüz otuz altı) manat məbləğində pulun İddiaçı MMC-yə ödənilməsi öhdəliyi cavabdeh Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün olmayan qanunsuz və əsassız qərar qəbul etmişdir. Məhkəmənin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Qərar əsassızdır və həmin qərar ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə inzibati aktları etibarsız hesab etməklə cavabdehin iddiaçıya ziyan vurması qənaətinə gəlmişdir. Lakin məhkəmənin bu yanaşması tamamilə əsassızıdr. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, mülki hüquq pozuntusuna – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də deliktə əsaslanan zərərin əvəzinin maddi olmayan formada ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və qeyd edilən dispozisiya şərtlərinin mövcud olduğu halda irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbin əsassız olmasına dəlalət edir. Qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə desək, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Eyni zamanda, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün də qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxs mülki məsuliyyətə cəlb edilə bilməz. İşin araşdırılması ilə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik deyil. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. İddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması, sübut olunmur. İnzibati iş üzrə aparılmış məhkəmə araşdırmasının nəticəsindən də görünür ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı 22 avqust 2022-ci il tarixli sorğuya cavab məktubunda qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir və müqavilələr fərdi qaydada Dövlət Arxivinin Bakı filialında saxlanılmır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, xx.xx.2008-ci il tarixli qərar Bələdiyyələrlə iş mərkəzində aşkar edilməmişdir. İddiaçının istinad etdiyi qərarlar və müqavilələr İdarənin arxivində də aşkar edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 98593 nömrəli cinayət işi ilə əlaqədar olaraq, Kürdəxanı Bələdiyyəsinin arxivində 01 yanvar 2007-ci il tarixdən 01 yanvar 2009-cu il tarixədək olan müddət ərzində saxlanılan sənədlərə aid protokolların, həmçinin maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən sənədlərin əsilləri götürülmüş və bugünə qədər geri qaytarılmamışdır. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində X1 Azərbaycan Respublikası CM-in 178.3.2, 193-1.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair istintaq olunan 98593 nömrəli cinayət işi xx.xx.2010-cu il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin 15 fevral 2012-ci il tarixli hökmü ilə Köçəri Həsənov barəsində ittiham hökmü çıxarılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində saxlanılan qeyd edilən cinayət işinin nəzarət icraatı materiallarında müraciətinizdə qeyd olunan sənədlər saxlanılmır. Barəsində ittiham hökmü çıxarılmış X2 İddiaçı MMC-də işləmiş və qanunsuz əməllərinə görə məsuliyyətə cəl edilərək məhkum edilmişdir. İddiaçının mübahisə açdığı məsələ İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir. Belə ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyrihüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqimüdafiə imkanları nəzərdə tutulmuşdu. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbuledilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqimüdafiə imkanı yaratmır. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Üstəlik, iddiaçının göstərdiyi kimiəgər torpaq sahəsi başqa şəxslərin istifadəsində idisə, niyə görə bunla bağlıaidiyyatı üzrə məhkəməyə müraciət edib bu halı mübahisələndirməmişdir?! Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalı idi. Məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməli olduğu halda, məhkəmə işə mahiyyət üzrə baxaraq yekun qərar qəbul etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin 2008-ci il tarixdə qəbul edilmiş qərarlarının mübahisələndirilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, 2000-ci ildən sonra ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası MPM-in “Müvafıq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat” adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə) (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-lVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə MPM-dən çıxarılmışdır). Bundan başqa, 01 yanvar 2011-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati Prosessual Məcəllənin qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçının mübahisə etdiyi qərarlar 2008-ci ildə qəbul edilmişdir. Həmin qərarların qəbul edilməsindən 14 ildən çox müddət keçmişdir. İddiaçı isə qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməyərək məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamış, iddiaçı qeyd edilən müddətdə bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtləri bildirməmişdir. Beləliklə, iddiaçı qərarların mübahisələndirilməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Başqa sözlə, iddianın mümkünlük şərti yerinə yetirilmir. Qeyd edilməlidir ki, artıq formalaşmış məhkəmə təcrübəsində eyni hallara dair iddialar mümkün sayılmamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-2081/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarında (01 yanvar 2011-ci il tarixədək çıxarılmış aktların mübahisələndirilməsi; iddia müddətinin ötürülməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması) qeyd olunur: 8. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur. 9. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul edilmiş qərardad(lar)da (xx.xx.2024-cü il tarixli 2-1(102)-2384/2024 nömrəli; xx.xx.2025-ci il tarixli 2-1(102)- 1567/2025 nömrəli; xx.xx.2025-ci il tarixli 2-1(102)-1874/25 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin XXVİİ fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, yeni qanuna görə də sözügedən aktları mübahisələndirə bilməz. 10. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığı üçün belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2087/2025 nömrəli xx.xx.2025ci il tarixli qərarında da eyni mövqe əks olunmuşdur. Ümumiyyətlə, qeyd olunduğu kimi, artıq formalaşmış məhkəmə təcrübəsində eyni hallara dair iddialar mümkün sayılmamışdır. Beləliklə, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığı üçün belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qərarların mübahisələndirilməsi hissəsində mümkün sayılmadığından və iddia tələbinin digər hissələri həmin hissə ilə bağlı olduğu və bundan irəli gəldiyi üçün iddia tələbi digər hissələrdə də mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və bu səbəbdən də hazırki iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, iddia mümkün sayılmamalıdır. İddia mümkün sayılmadığından apellyasiya şikayəti iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7290/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar