Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-722/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, iddiaçının vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhər Qaradağ rayon xidmət nümayəndəliyinin nümayəndəsi X1 iştirakı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və pensiyanın hesablanması zamanı yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5754/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin üzərinə xx xxxxxxx 2015-ci il tarixdən yaşa görə pensiya təyin olunması, pensiyanın yenidən hesablanaraq aradakı fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, məhkəmə öz qərardadında cavabdehin xx.xx.2020-ci il tarixli **********2 saylı məktubla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin etməkdən faktik olaraq imtina etməsini nəzərə almamışdır. Cavabdehin həmin cavabı əsassız və qanunsuzdur. Belə ki, iddiaçı cavabdehə göndərdiyi xx.xx.2020-ci il tarixli ərizəsinə əmək kitabçasını əlavə etmiş, həmin sənəd pensiyanın güzəştli şərtlərlə yenidən hesablanması üçün əsasdır və iş yerindən arayışdan daha mötəbər sənəd hesab olunur. Məhkəmə nəzərə almamışdır ki, iddiaçıya təqdim etdiyi sənədlər (əmək kitabçası və şəxsiyyət vəsiqəsi) əsasında pensiya təyin olunmuşdur, yəni iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün zəruri sənədlər artıq cavabdehdə vardır. Lakin cavabdeh müxtəlif bəhanələrlə güzəştli şərtlərlə pensiya hesablamaqdan imtina edib, pensiyanı adi şərtlərlə hesablamışdır. Əgər cavabdeh qanunsuz olaraq əlavə sənədlər tələb edirsə və həmin sənədlərin təqdim olunmayacağı təqdirdə pensiyanın yenidən hesablanmayacağını rəsmi bildirirsə, bu imtina hesab olunur. Məhkəmə mümkünlük məsələsinə iddiaçının və onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2020-ci il tarixdə məhkəməyə vəsatət verərək, xəstə olduğunu bildirmiş və xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə öz qərardadında həmin vəsatətə qiymət verməmiş və işə üzrlü səbəbdən iştirak etməmiş nümayəndənin və vəkilin iştirakı olmadan baxaraq, iddiaçının hüquqlarını, çəkişmə prinsipini pozmuşdur. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayətə uyğun izahat vermiş, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsaslıdır. İlk olaraq, İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, birinci instansiya məhkəməsinin qərardadının əsaslarına görə, “... iddiaçı hazırkı iddia ərizəsində mahiyyət etibarilə ona güzəştli şərtlərlə pensiya təyinatının aparılmasına dair vəzifənin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, o, müvafiq məsələ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş sənədləri aidiyyəti orqana təqdim etməmiş, habelə, sonuncu tərəfindən ona imtina edilməmişdir.” Məhkəmə kollegiyası qərardadın əsasları ilə razılaşmır. Belə ki, “İnzibati icraat haqqında” AR Qanununun: 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır;
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır; 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir; 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur; 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur; 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz; 32.2. Ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər; 34.1. Ərizə səlahiyyətli inzibati orqan tərəfindən aşağıdakı hallarda baxılmamış saxlanıla bilər: 34.1.1. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizə vermiş şəxs (şəxslər) barəsində və ərizədə göstərilmiş həmin əsaslar üzrə həmin inzibati orqan və ya müvafiq yuxarı inzibati orqan tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə; 34.1.2. həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda; 34.1.3. bu Qanunun 30-cu və 35.5-ci maddələrində nəzərdə tutulmuş tələblərə əməl olunmadıqda; 34.2. Ərizənin baxılmamış saxlanılması barədə inzibati orqan tərəfindən inzibati akt formasında qərar qəbul edilir; 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur; 52.1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir;
66. Maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən əsas qanunvericilik aktı ilə nəzərdə tutulmuşdur ki, inzibati orqanların maraqlı şəxslərin hüquq və azadlıqlarına müdaxiləsi yalnız qanuna əsaslanmalıdır, onların maraqlı şəxslərdən tələbləri formal xarakterli olmamalıdır, maraqlı şəxslərin hüquqi statusuna müdaxilə qanuni məqsədə mütənasib olmalıdır, inzibati orqanlar inzibati icraat barədə maraqlı şəxslərə məlumat verməli, işdə onların iştirakını təmin etməli və mülahizələrini dinləməli, buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməli, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmalı, bu yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamalı, yalnız qanunla nəzərdə tutulan üç halda ərizəni inzibati akt formasında qərar qəbul etmək yolu ilə baxılmamış saxlamalı, maraqlı şəxsləri inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməli, müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətdə inzibati akt və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. Qanunvericiliyin sadalanan tələblərinin təhlili göstərir ki, cavabdeh, inzibati orqan olaraq, iddiaçının müraciəti əsasında inzibati aktın qəbul edilməsi üzrə qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirdiyi fəaliyyət kimi başlanan inzibati icraatda üç hüquqi aktdan birini qəbul etməlidir: 1. müraciəti inzibati akt formasında qərar qəbul etmək yolu ilə baxılmamış saxlamalı; 2. müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətdə inzibati akt qəbul etməli; 3. müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətdə onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. Bu baxımdan, cavabdehin xx.xx.2020-ci il tarixli məktubu inzibati akt formasında qərar qəbul etmək yolu ilə ərizənin baxılmamış saxlanılması olmamışdır. Sözügedən cavab ərizənin təmin edilməsi barədə inzibati akt da deyil. O halda, cavabdehin mübahisəli məktubu, məcburi üçüncü imkan qismində, iddiaçının ərizəsinin qəbul edilməsindən imtina olunması haqqında qərar kimi qəbul edilməlidir. İşdən, həmçinin, aşkar olunur ki, birinci instansiya məhkəməsi, qərardadının əsasları kimi istinad etdiyi halları araşdırmamışdır. Belə ki, həmin məhkəmə iddiaçının müraciəti əsasında cavabdehdə inzibati icraatın başlayıb-başlamadığını, başlamışdırsa iddiaçının cavabdehə hansı sənədləri təqdim etdiyini, bu sənədlərin inzibati icraatda müvafiq qərarın qəbul edilməsi üçün kifayət edib-etmədiyini və sair zəruri halları inzibati icraat materiallarının tələb edilməsi və bilavasitə məhkəmə iclasında öyrənilməsi yolu ilə tədqiq etməmiş, cavabdehin xx.xx.2020-ci il tarixli məktubunun dəlillərini müzakirəsiz qəbul edib, onlara əsaslanmaqla kifayətlənmişdir. Halbuki, cavabdehin, iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə qanunla nəzərdə tutulmayan (“təxirə salınma”, “baxıla bilər”) qaydada cavab vermək yerinə, müraciəti inzibati akt formasında qərar qəbul etməklə baxılmamış saxlamaq və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətdə inzibati akt qəbul etmək yaxud da həmin müddətdə onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etmək üçün iddiaçını istənilən məqbul (yazılı və ya elektron məktub, telefon zəngi, sms və sair) yolla inzibati orqana dəvət edərək, sənədlərin əsllərinin təqdim olunmasını tələb etmək imkanı daim mövcud olmuşdur. Belə olan halda, yəni, cavabdeh “İnzibati icraat haqqında” Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati akt qəbul etmədiyi üçün, iddiaçı məhz bu əsasla, eyni Qanunun 66-cı maddəsi ilə verilən hüquqi imkandan istifadə edərək, məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusu ilə qəbul etdiyi qanunsuz qərardad ləğv edilməli, inzibati iş həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti təmin edilməlidir (İPM-in 87.6-cı maddəsi). İPM-in 90.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Məhkəmə kollegiyası bildirir ki, işin hazırkı mərhələsində iddiaçının tələbi (apellyasiya şikayəti) təmin olunduğu, cavabdehin isə heç bir, o cümlədən təmin olunmayan tələbi olmadığı və qərardad ona münasibətdə hər hansı əlverişsiz hüquqi nəticə meydana gətirmədiyi üçün, tərəflərin kassasiya şikayəti vermək hüquqları qanunla istisna olunur. Göstərilənlərə əsasən və İPM-in 68 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5754/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, inzibati iş həmin məhkəməyə göndərilsin. İddiaçı apellyasiya şikayəti təmin edilsin.
HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova