Məhkəmə qərarları › İş №2-1(103)-722/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-722/2022

11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-722/2022 11.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1974cü il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır, apellyasiya şikayətinə əsasən ünvan- ünvan 2iə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) «iddiaçının dövlət hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, e-2- 1(112)-4981/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 12.03.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq iddiaçının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və hüquqi yardım üçün 5 №li Vəkil Bürosuna ödədiyi 262 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı 1 avqust 1992-ci il tarixdən etibarən 23 may 2018- ci il tarixədək AR Silahlı Qüvvələrində xidmət etmişdir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə AR Müdafiə Nazirliyinin 23 may 2018-ci il tarixli əmrinə əsasən polkovnik-leytenant rütbəsi ilə ehtiyata buraxılmışdır. İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi ilə bağlı AR Müdafiə Nazirliyinə dəfələrlə müraciət etmişdir. Həmin Nazirliyin Mənzil İstismar İdarəsinin 22 noyabr 2019-cu il tarixli 11/5674 saylı məktubu ilə ona bildirilmişdir ki, xidmət dövründə 2008-ci ildə hərbi xidmət əleyhinə cinayət törətdiyinə görə dövlət vəsaiti hesabına mənzillə təmin edilmək üçün xidməti Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən komissiya tərəfindən qüsursuz hesab edilməmişdir. Bu cavab tamamən Azərbaycan Respublikasının qanunlarına zidd olduğu üçün o (iddiaçı), Azərbaycan Respublikasının Milli Məclisinə müraciət etmiş, məhz bundan sonra ona təxminən 2020-ci ilin mart ayında Müdafiə Nazirliyindən 19 mart 2020-ci il tarixli məktub gəlmişdir. Həmin məktubda onun adının 1992-ci ildə Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmətə başlamış və həqiqi hərbi xidmət dövründə məhkum olunmuş hərbi qulluqçuların adlı siyahısına daxil edilərək Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» 29 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının İİ hissəsinə əsasən yaradılmış komissiyaya təqdim edildiyi bildirilmişdir. İddiaçı gözləmiş, lakin xeyli müddət keçdikdən sonra iddiaçı komissiyanın rəyi ilə maraqlanmaq üçün yenidən AR Müdafiə Nazirliyinə müraciət etmişdir. 25 avqust 2020-ci il tarixdə Müdafiə Nazirliyindən eyni məzmunlu cavab almışdır. Həmin vaxt o, komissiya hazırlanmasının bir neçə ay çəkəcəyini düşünmüş və yenidən gözləməyə başlamışdır. Təxminən 2020-ci ilin dekabr ayının əvvəllərində təkrarən Müdafiə Nazirliyinə məktub yazaraq komissiyanın cavabı ilə maraqlanmış, lakin bu dəfə ona ümumiyyətlə cavab verilməmişdir. Bundan sonra o, vəkillə müqavilə bağlamış və vəkil məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmişdir. Mart ayının əvvəllərində isə, Müdafiə Nazirliyindən vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, 1992-ci ildə Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmətə başlamış və həqiqi hərbi xidmət dövründə məhkum olunmuş hərbi qulluqçuların adlı siyahısına daxil edilərək, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının İİ hissəsinə əsasən yaradılmış komissiyaya təqdim edilmiş və komissiya tərəfindən müvafiq qərar qəbul edildikdə bu barədə əlavə məlumat veriləcək. Qeyd olunur ki, həmin Fərmana əsasən AR Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin olunmalıdırlar. İddiaçı isə, AR Silahlı Qüvvələrində 25 il, 9 ay xidmət etmişdir. Belə ki, 1992-ci ildə iddiaçı Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi hissə komandirinin şəxsi heyəti ilə is üzrə müavini kimi məsul vəzifədə işləmişdir. Müharibə və Silahlı Qüvvələr veteranıdır. Hərbi xidmətdə olduğu müddət ərzində dəfələrlə medallarla təltif edilmişdir: 1) 25 iyun 2005-ci il tarixdə "Qüsursuz xidmətə görə” İİİ dərəcəli medal; 2) 21 iyun 2006-cı il tarixdə "AR Silahlı Qüvvələrinin 10 illiyi” Yubiley medalı; 3) 26 iyun 2009-cu il tarixdə "Qüsursuz xidmətə görə” İİ dərəcəli medal; 4) 26 iyun 2009-cu il tarixdə “AR Silahlı Qüvvələrinin 90 illiyi” Yubiley medalı; 5) 27 iyun 2013-cü il tarixdə “AR Silahlı Qüvvələrinin 95 illiyi” Yubiley medalı; 6) 24 iyun 2014-cü il tarixdə “Qüsursuz xidmətə görə” İ dərəcəli medal. İddiaçı hərbi xidmətdə olduğu zaman, dəqiqliyi ilə desək, 1 fevral 2008-ci il tarixdə Lənkəran Hərbi Məhkəməsinin hökmü ilə AR CM-nin 341.1-ci maddəsi ilə təqsirli bilinib, AR CM-nin 63-cü maddəsinə əsasən şərti maliyyə vahidi məbləğinin 300 misli miqdarında cərimə cəzasına məhkum edilmişdir. 8 fevral 2008-ci il tarixdə ona təyin olunmuş cəriməni tam ödəmişdir. AR Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində – onlar cəza çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Göstərilən normaların tələblərindən göründüyü kimi, məhkumluqla bağlı olan bütün hüquqi nəticələr – şəxsin cinayət törətməsi, törətdiyi əmələ görə cəza təyin olunması, onun məhkum olunması məhkumluğun ödənilməsi ilə ilə aradan qalxmış olur. Başqa sözlə, həmin şəxs cinayət törətməmiş hesab olunur. Əgər xidmətində həqiqətən də qüsur olmuş olsaydı, o (iddaçı), “qüsursuz xidmətə görə” medallar almazdı. Əgər Müdafiə Nazirliyinin məktubunda göstərilənlərdən belə məlum olur ki, onun adı komissiyaya bir ildən artıqdır ki, təqdim edilib. Komissiyanın rəy verməsi illərlə uzana bilməz. Yəni, bütün bunlar bir daha onu sübut edir ki, Müdafiə Nazirliyi onu mənzillə təmin etməkdən imtina edir. Göstərilənlərə və İPM-in 33-cü maddəsinə əsaslanaraq, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» 29 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, iddiaçının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh AR Müdafiə Nazirliyinin üzərinə qoyulması və hüquqi yardımn üçün ödənilmiş 262 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2-1(112)-4981/2021 nömrəli qərardadı ilə (hakim A.Hüseynov) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, e-2-1(112)-4981/2021 nömrəli qərarı ilə (hakim R.Kərimli) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) «iddiaçının dövlət hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməmiş, iddia qaldırılarkən İddiaçı tərəfindən vəkilə etdiyi kömək üçün ödənilmiş 262 manat xərc iddiaçının özünə aid edilməsi qərara alınmışdır. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. İşin apellyasiya icraatı zamanı cavabdeh məhkəməyə vəsatət ünvanlayaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatətdə qeyd edilmişdir ki, 15.11.2021-ci il tarixli Fərmanın icrası ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirlyi məktubla “1992-ci ildən həqiqi hərbi xidmət keçmiş dövlət vəsaiti hesabına mənzillə təmin olunmayan hərbi qulluqçular adlı siyahısı” Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilmişdir, həmin adlı siyahıda İddiaçı adı qeyd olunmuşdur və iddiaçı mənzil növbəsinə salınmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddaçı izahat verərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Quliyeva Elnarə Tahir qızı izahat verərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 370-983N-3222 nömrəli, 07.02.2022-ci il tarixli arayışına əsasən qeyd edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxxxx 1974-cü il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş İddiaçı məhkumluğu yoxdur. Belə ki, işin apellyasiya icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş vəsatətdən də göründüyü kimi iddiaçının tələbi təmin edilmişdir. Eyni zamanda müvafiq vəsatətə əlavə edilmiş 24 noyabr 2021-ci il tarixli, 1184 nömrəli məktuba əlavə edilmiş “1992-ci ildən həqiqi hərbi xidmət keçmiş dövlət vəsaiti hesabına mənzillə təmin olunmayan hərbi qulluqçular adlı siyahısı”ndan çıxarışdan görünür ki, İddiaçı ehtiyatda olan polkovnik-leytenant,Azərbaycan Ordusunda xidmət müddəti- 01.08.1992-23.05.2018, xidmət müddəti -25 il 09 ay 22 gün müvafiq siyahıya daxil edilmişdir. Göründüyü kimi tərəflər arasında artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 82,87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» 29 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, iddiaçının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh AR Müdafiə Nazirliyinin üzərinə qoyulması və hüquqi yardım üçün ödənilmiş 262 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar