Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-722/2025 17.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məmmədova Musayeva Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (üçüncü şəxs X3) qarşı “pul vəsaitinin xəzinə hesabına geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8845/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı (bundan sonra – İddiaçılar) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8114,97 manat məbləğində vəsaitin tutularaq Filialın xəzinə hesabına geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sığorta olunan X2 (SSN: **********369) aid SN 00007 seriyalı ******* nömrəli, 11 aprel - 14 avqust 2022-ci il dövrünü əhatə edən əmək qabiliyyətinin olmaması vərəqəsi əsasında sığortaedən "xxxx" MMC tərəfindən təyin edilmiş hamiləliyə və doğuma görə müavinətlə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilən haqq-hesab cədvəlinə yenidən baxış keçirilmişdir. Baxış zamanı sığortaedən tərəfindən yol verilən ciddi qanun pozuntuları nəticəsində məcburi dövlət sosial sığorta haqları hesabına hamiləliyə və doğuma görə 8114,97 manat artıq müavinətin ödənildiyi müəyyən olunmuşdur. Araşdırma zamanı 11 aprel - 14 avqust 2022-ci il tarixlərinin G.Dostəliyevanın əmək qabiliyyətsiz olduğu dövrə təsadüf etməsinə baxmayaraq, həmin aylar ərzində sığortaolunanın həm əsas ("xxxx" MMC), həm də əlavə ("xxxx" MMC (VÖEN: **********)) iş yeri tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığorta üzrə hesabatlarda vəzifə maaşı ilə eyni məbləğdə gəlirinin olduğu müəyyən edilmişdir. MEİS-in “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş məlumatlara əsasən G.Dostəliyeva əsas iş yerində “satış üzrə menecer”, əlavə iş yerində isə “direktor” vəzifələrində çalışmışdır. Sözügedən müavinətlə bağlı ödənişə göndərilmiş haqq-hesab cədvəlinə baxış keçirilərkən əmək qabiliyyətinin olmaması vərəqəsinin əhatə etdiyi 2022-ci ilin aprel, may və iyun ayları üzrə sığortaolunanın fərdi şəxsi hesabında yer alan gəlirlərin əsaslandırması olaraq həmin dövrlər üzrə mükafat əmrlərinin təqdim edildiyi aşkar olunmuşdur. Hamiləliyə və doğuma görə sosial məzuniyyətdə olduğu iyul və avqust ayları üzrə hesabatda yer alan gəlirlərin əsaslandırması olaraq isə hər hansı sənədin haqq-hesab cədvəlinə əlavə edilmədiyi məlum olmuşdur. Əlavə edilmiş mükafat əmrlərinə baxış keçirilərkən sənədlərin tərtibatında bir neçə uyğunsuzluq aşkar edilmişdir. Belə ki, hər bir əmrin məzmununda mükafatlandırmanın təyinatı “işçinin həmin ayda (müvafiq olaraq aprel, may və iyun) əmək funksiyalarını yüksək səviyyədə yerinə yetirməsi” olaraq göstərilir. Lakin işçinin əmək qabiliyyətsiz olduğu aylarda “əmək funksiyalarını yüksək səviyyədə” yerinə yetirməsi mümkün deyildir. Həmçinin mükafat əmrlərində mükafatlandırılmanın aid olduğu dövr olaraq sığortaolunanın əmək funksiyası ilə məşğul olduğu hər-hansı dövr göstərilmədiyindən mükafat əmri imzalanan tarixə aiddir, yəni, əmrin aid edildiyi tarix sığortaolunanın hamiləliyə və doğuşa görə sosial məzuniyyətdə olduğu dövrü əhatə edir. Bundan əlavə, direktor vəzifəsində çalışdığı əlavə iş yeri olan "xxxx" MMC-nin müvafiq aylar üzrə mükafat əmrləri elə həmin aylarda əmək qabiliyyətsiz olan G.Dostəliyevanın öz imzası ilə rəsmiləşdirilmişdir. Əmr vermək və ya imzalamaq direktor vəzifəsini tutan şəxsin səlahiyyətlərindən biridir və həmin vəzifəli şəxsin əmək funksiyalarının əhatə dairəsinə daxildir. Əmək funksiyalarının əmək qabiliyyətli dövrdə həyata keçirildiyini nəzərə alaraq, əmək funksiyalarının qeyd olunan qaydada yerinə yetirilməsi qanunvericiliyə uyğun deyildir. Məsələyə hüquqi qiymət verilməsi məqsədilə Fond tərəfindən 18 iyul 2023-cü il tarixli 3-17-1/3-1-66760/2023 nömrəli məktubla Nazirliyin yanında X6 Xidmətinə müraciət olunmuşdur. Xidmət tərəfindən 7 noyabr 2023-cü il tarixli 3-17-5/3-1- 14019/2023 nömrəli cavab məktubunda "xxxx" MMC tərəfindən təqdim edilmiş sənədlərin araşdırıldığı və "xxxx" MMC-nin rəhbərinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətlərinin olduğu bildirilmişdir. Araşdırma zamanı Xidmət tərəfindən "xxxx" MMC-nin ünvanına məktub göndərilmiş, lakin müəssisə tərəfindən heç bir sənəd təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8845/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, sosial sığorta üzrə sahəvi qanunvericilikdə mübahisənin məhkəmə qaydasında həlli nəzərdə tutulmuşdur. Belə ki, “Sosial sığorta haqqında” (bundan sonra - Qanun) Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə əsasən, sosial sığorta ilə əlaqədar sığortaçı və sığortaedən arasında yaranan mübahisələrə bilavasitə məhkəmələrdə baxılır.Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin (bundan sonra - Əsasnamə) 116-cı bəndinə görə artıq verilmiş müavinət məbləği, müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən tutulur. Hər belə halda tutulan məbləğ sığortaolunanın əməkhaqqının 20 faizindən çox olmamalıdır. Artıq ödənilmiş məbləğ müavinət təyin edən komissiyanın qərarı əsasında müəssisənin mühasibatlığı tərəfindən tutulur və Fondun hesablarına köçürülür. Əgər sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır. Göründüyü kimi, artıq verilmiş müavinət məbləğinin məhkəmə qaydasında alınması halı Əsasnamədə birbaşa qeyd olunmuşdur.Əsasnamənin 119-cu və 123-cü hissələrinə əsasən müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Əgər müavinət təyin edilərkən, yaxud da işçinin sosial sığorta stajı müəyyən edilərkən qüvvədə olan qanunvericilik pozulmuşdursa və ya ödənilmə üçün təqdim edilmiş sənədlər düzgün rəsmiləşdirilməmişdirsə, belə hallarda baş (böyük) mühasib yol verilmiş nöqsanları yazılı surətdə göstərilməklə sənədləri, müdriyyətin müavinət təyin edən komissiyasına qaytarmalıdır. Göründüyü kimi, müavinətin artıq ödənilməsinə səbəb müəssisədir və işçi müəssisədə işləmirsə, yəni sığortaolunana hər hansı təsir mexanizmi yoxdursa həmin müavinəti geri qaytarmaq müəssisənin vəzifəsidir. Həmçinin, Əsasnaməyə 1 nömrəli əlavənin qeydində haqq-hesab cədvəlində göstərilən məlumatlara, o cümlədən məcburi dövlət sosial sığorta haqqı hesabına verilən müavinətə və fiziki şəxslərin gəlir vergisinin hesablanmış məbləğinin dəqiqliyinə görə işəgötürən müəssisə və təşkilatın məsuliyyət daşıdığı göstərilmişdir.Aydındır ki, qeyd olunan mübahisədə sığortaolunanın xeyrinə əsassız varlanma hadisəsi mövcuddur. Mübahisə predmeti olan halda G.Dostəliyeva Fondun vəsaiti hesabına əsassız varlanmışdır və onun üzərinə düşən öhdəlik əldə etdiyi artıq vəsaiti məhz sığortaedənə qaytarmaqdır. Çünki, sığortaedən artıq ödənilmiş məbləği öz büdcəsi hesabına qaytardığı üçün artıq məhrum olan tərəfə çevrilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.Qanunun 19.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasının vəsaitləri dövlət sosial müdafiə fondunda cəmləşdirilir, bu Qanuna və başqa müvafiq normativ hüquqi aktlara uyğun olaraq sosial sığorta ödəmələrinin, Nazirlik və Fondun saxlanma xərclərinin və digər xərclərin maliyyələşdirilməsinə sərf edilir. Sığorta vəsaitlərinin başqa məqsədlərə yönəldilməsinə yol verilmir. Dövlət sosial müdafiə fondu dövlətin mülkiyyətində olan, Nazirlik tərəfindən idarəçiliyi həyata keçirilən dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur.Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Fondun Nizamnaməsinin 3.1.13-cü bəndinə əsasən məcburi dövlət sosial sığortası vəsaiti hesabına əmək pensiyalarının və Qanunun 6-cı maddəsində göstərilən digər sosial sığorta ödəmələrinin maliyyələşdirilməsini və ödənilməsini təmin etmək və 3.1.34-cü bəndinə əsasən Fonda ayrılan dövlət büdcəsi vəsaitindən, məcburi dövlət sosial sığorta vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək Fondun vəzifələrinə aiddir. Göründüyü kimi sosial sığorta ödəmələri ilə bağlı fəaliyyət Fondun inzibati funksiyalarına daxildir.Yuxarıda qeyd edilənlərə əsasən bildiririk ki, artıq ödənilmiş müavinət məbləği Fondun əmlakı (həmçinin dövlət əmlakı) əsasında formalaşmış məbləğdir ki, həmin məbləğ hesabına ölkə üzrə pensiyalar və müavinətlərin ödənişi həyata keçirilir və artıq ödənilmiş məbləğ hər bir halda geri qaytarılmalıdır. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası şəxsin izahatını, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998- ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 116-cı bəndinə görə artıq verilmiş müavinət məbləği, müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən tutulur. Hər belə halda tutulan məbləğ sığortaolunanın əməkhaqqının 20 faizindən çox olmamalıdır. Hər bir belə halda geri qaytarılası məbləğ, sığortaolunana çatası vəsaitin 20 faizindən çox olmayaraq çıxılır. Artıq ödənilmiş məbləğ müavinət təyin edən komissiyanın qərarı əsasında müəssisənin mühasibatlığı tərəfindən tutulur və Fondun hesablarına köçürülür. Əgər sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır. Göründüyü kimi, qanunverici artıq ödənilmiş məbləğin işəgötürən tərəfindən tutulmasını, əgər şəxs həmin müəssisədə işləmirsə, Fondun deyil, müəssisənin məhkəməyə müraciət etmək yolu ilə pulun tələb edilməsini tənzimləmişdir. İddiaçı hazırda müəssisənin həmin məbləği sığortaolunandan tələb etməməsini nəzərə alaraq vəsaitin büdcəyə bərpası məqsədilə hazırkı iddianı qaldırsa da, qanunverici bu tələblə bağlı məhkəməyə müraciət edilməsini nəzərdə tutmamışdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı sığorta olunan X2 hamiləlik və doğuşla bağlı əmək qabiliyyətsiz olduğu dövrdə qanunsuz olaraq ödənilmiş 8114,97 manat müavinətin Filialın xəzinə hesabına qaytarılmasını xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün hesab etməmişdir. Əsas kimi isə qanunvericinin bu tələblə bağlı məhkəməyə müraciət edilməsini nəzərdə tutmadığını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul etməklə düzgün olmaya nəticəyə gəlmişdir. Belə ki iddianın mümkünsüzlüyünün səbəbi ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, məcburi dövlət sosial sığortası üzrə müavinətlərin hesablanması, təyin edilməsi və verilməsinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu (bundan sonra - Qanun), Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığorta edənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”(bundan sonra - Əsasnamə) ilə tənzimlənir. Sözügedən Əsasnamənin 116-cı hissəsinə əsasən artıq verilmiş müavinət məbləğinin müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən tutulduğu birbaşa qeyd olunmuşdur. Əgər, sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır. Əsasnamənin 119-cu və 123-cü hissələrinə əsasən müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Əgər müavinət təyin edilərkən, yaxud da işçinin sosial sığorta stajı müəyyən edilərkən qüvvədə olan qanunvericilik pozulmuşdursa və ya ödənilmə üçün təqdim edilmiş sənədlər düzgün rəsmiləşdirilməmişdirsə, belə hallarda baş (böyük) mühasib yol verilmiş nöqsanları yazılı surətdə göstərilməklə sənədləri, müdriyyətin müavinət təyin edən komissiyasına qaytarmalıdır. Göründüyü kimi, müavinətin artıq ödənilməsinə səbəb müəssisədir və işçi müəssisədə işləmirsə, yəni sığortaolunana hər hansı təsir mexanizmi yoxdursa həmin müavinəti geri qaytarmaq müəssisənin vəzifəsidir. Həmçinin, Əsasnaməyə 1 nömrəli əlavənin qeydində haqq-hesab cədvəlində göstərilən məlumatlara, o cümlədən məcburi dövlət sosial sığorta haqqı hesabına verilən müavinətə və fiziki şəxslərin gəlir vergisinin hesablanmış məbləğinin dəqiqliyinə görə işəgötürən müəssisə və təşkilatın məsuliyyət daşıdığı göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının əsassız olması ilə razılaşaraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8845/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8845/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul vəsaitinin xəzinə hesabına geri qaytarılması” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-722/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-722/2025
17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver