Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-723/2022 18.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X19 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzilə kirayə müqaviləsinin bağlanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27.09.2021-ci il tarixli, 2-1(112)-2044/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 15-18 mart 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Bakı şəhəri, Ələt qəsəbəsi, ünvan 1 saylı evin, 1 saylı mənzilinə dair “kirayə müqaviləsinin bağlanması” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 onun göstərdiyi rəsmi sənədlərə (mənzilin orderi və şəxsi hesab vərəqəsinə) əsasən dəyərini ödəməklə Ələt qəsəbəsi, ünvan 1 ünvanında yerləşən, bərbad vəziyyətdə olan 1 saylı mənzili almış və həmin şəxsin notarial razılığı əsasında Bakı şəhəri Qaradağ rayon Polis İdarəsində həmin mənzilə qeydiyyata düşmüşdür. Lakin sonradan X6 arvadı X27 ilə aralarında baş vermiş mübahisəyə görə sonuncu iddiaçıdan X7 ödədiyi qədər pul tələb etməyə başlamışdır. Belə olan halda aralarında narazılıq yaranmışdır. Məlum olmuşdur ki, iddiaçıdan və X6 ailəsindən da başqa həmin mənzildə qeydiyyatda olan şəxslər var. Həmin şəxslər X35 və onun Rima və Günay adlı iki qızı olmuşlar. Mübahisəyə həmin şəxslərin qoşulması və onların şikayəti əsasında X6 və onun ailə üzvlərinin həmin mənzildən istifadə hüquqlarının tanınmasına dair Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2014-cü il tarixli qətnaməsi ləğv edildi. Bundan əlavə məlum olub ki, X12 öz vəzifə səlahiyyətlərindən istifadə edərək iddiaçını və başqa şəxsləri də aldatma yolu ilə külli miqdarda pul ələ keçirib. Buna görə də onun barəsində cinayət işi açıldı və 3 il 6 ay müddətinə həbs edildi. Belə ki, həmin mənzilləri satarkən X12 Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil- Kommunal Təsərrüfat Birliyi 128 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuşdur. Amma X1 arvadı Elmira adlı qadın iddiaçıdan əl çəkməmiş, Qaradağ rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin əməkdaşları ilə əlbir olub, mənzildə rahat yaşamağa imkan verməmiş, mənzilin qazını, işığını, suyunu kəsdirmişdir. Halbuki mənzili əldə etməzdən əvvəl həmin binada baş vermiş partlayışla əlaqədar mənzil bərbad gündə olmuşdur. Hətta qapı və pəncərəsi belə olmamışdır. İddiaçının şəxsi vəsaiti hesabına həmin mənzilə dəmir qapı, PVC (plastik) qapı və pəncərələr, dəmir barmaqlıqlar qoyulmuşdur. Abadlıq işləri aparılmışdır. Lakin iddiaçı mənzildən çıxan kimi Elmira (Hüseynin keçmiş arvadı) qapının açarını dəyişdiyinə görə Bakı şəhəri Qaradağ rayon məhkəməsində onlara qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilərək MKTD-nin işçilərinin iştirakı ilə həmin mənzilə köçürülmüşdür. Lakin üzərindən uzun müddət keçdikdən sonra cavabdeh iddiaçının və həmin mənzildə qeydiyyatda olan digər şəxslərin həmin mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdilər. İddialarının təmin edilməyəcəyini görüb, mənzilə köçürülmə barədə qətnamədən apelyasiya şikayəti verərək, onun ləğv edilməsinə və bundan sonra iddiaçının iştirakını təmin etmədən Bakı şəhəri Qaradağ rayon Məhkəməsində iddiaçının və eləcə də digərlərinin həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasına nail olmuşlar. Həmin qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. İddiaçı qeyd etmişdir ki, xəstə (iki dəfə ürəyindən cərrahi əməliyyata məruz qalmışdır), öhdəsində xəstə və azyaşlı uşaqları, nəvəsi olan qadındır. İllərlə topladığı pulu ödəməklə özünə mənzil əldə edib, onu min zəhmətlə təmir etdirmişdir. Lakin bu günkü gün çöllərdə, onun, bunun evində qalmağa məcbur qalmışdır. Dəfələrlə müraciət etsə də, cavabdeh hər dəfə bir bəhanə gətirərək onunla kirayə müqaviləsi bağlamaqdan dolayısı yolla yayınmışdılar. Sonuncu dəfə etdiyi müraciətə isə mübahisəyə məhkəmədə baxıldığını əsas gətirərək, nəticəni gözləməyi tövsiyə etmişdilər. Bütün bu göstərdiklərinə əsasən həmin mənzilin onun şəxsi vəsaiti hesabına abadlaşması, həmin mənzildən daimi istifadə etdiyi və qeydiyyatının hüquqi cəhətdən qanuna uyğun şəkildə həyata keçirilməsini nəzərə alaraq hesab edir ki, onunla kirayə müqaviləsi bağlanmalıdır. Bakı İnzibati Məhkəməsinin 27.09.2021-ci il tarixli, 2-1(112)-2044/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: F.Mədətli) Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı strukturunda mənzil-kommunal xidməti sahələri bazasında vahid idarəetmə orqanı kimi yaradılmış və ona şəhər təsərrüfatının ən mühüm sahəni əhatə edən dövlət və ictimai mənzil fondunun istismarını, idarə olunmasını və qorunmasını təşkil etmək, bu sahədə fəaliyyət göstərən idarələrin fəaliyyətini əlaqələndirmək və digər funksiyaları həyata keçirmək vəzifələri həvalə edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının verdiyi səlahiyyətlər həddində Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti mənzilkommunal təsərrüfatı üzrə idarəetmə orqanı funksiyalarını həyata keçirir. Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 saylı yaşayış binası əvvəllər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mənzil fonduna aid olmuş, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15.03.2001-ci il tarixli, 193 saylı sərəncamı ilə dövlət mənzil fonduna keçirilməklə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Bakı Şəhər icra Hakimiyyəti Başçısının qeyd edilən sərəncamının icrası ilə əlaqədar Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 01.08.2002-ci il tarixli, 73 saylı sərəncamına əsasən Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və 128 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyində olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 128 saylı Mənzil-Kommunal İstismar Sahəsinin məlumatına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 saylı evin, yaşayış sahəsi 17,52 m2 olan bir otaqlı, 1 saylı mənzili vaxtı ilə X17 istifadəsində olmuş, sonradan həmin şəxs Azərbaycan Respublikasından köçüb getmişdir. Bundan istifadə edərək bu günədək faktiki olaraq Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 54 saylı evin, 5 saylı mənzilində yaşayan X35, X25 və X20 dövlət mənzil fonduna aid yaşayış sahəsini ələ keçirmək məqsədi ilə məlum olmayan əsaslarla 14.04.2005-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 saylı evin, yaşayış sahəsi 17,52 m2 olan bir otaqlı, 1 saylı mənzilinə qeydiyyata düşmüşlər. Bu mənzildən X18 başqa heç kimin istifadə hüququ olmamışdır. X35, X25 və X8 həmin mənzildə qeydiyyatda olmaları barədə əraziyə xidmət edən 128 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti kitablarında 2017-ci ilədək heç bir qeydiyyat aparılmamış və bu barədə heç bir məlumat yoxdur. Əlavə olaraq bildiririk ki, X35, X25 və X20 xeyli müddətdir ki, heç bir qanuni əsas olmadan fasiləsiz olaraq Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 54 saylı evin, 5 saylı mənzilində yaşayırlar. Bundan əlavə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07.01.2014-cü il tarixli, 2(002)-144/2014 saylı qətnaməsi ilə iddiaçılar X6, X13 və X26 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 saylı evin 1 saylı mənzilinə istifadə hüquqları tanınmışdır. 13.01.2017-ci il tarixdə X35, X25 və X20 faktiki olaraq Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 saylı evin 5 saylı mənzilində yaşamalarına baxmayaraq Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 saylı evin 1 saylı mənzilində qeydiyyatda olmalarını əsas gətirərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07.01.2014-cü il tarixli, 2(002)-144/2014 saylı qətnaməsindən məhkəmə aktının mənafelərinə toxunan, məhkəmə prosesinə cəlb edilmədiklərinə görə işdə iştirak etməyən maraqlı şəxs qismində apelyasiya şikayəti verərək qeyd edilən qətnamənin ləğv edilməsini xahiş etmişlər. Həmin apelyasiya şikayətinə baxılaraq Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.09.2017-ci il tarixli 2(103)-8447/2017 saylı qətnaməsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07.01.2014-cü il tarixli, 2(002)-144/2014 saylı qətnaməsi ləğv edilmiş, iddiaçılar X6, X13 və X26 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 saylı evin 1 saylı mənzilinə istifadə hüquqları tanınması barədə iddialarının təmin edilməməsi qət edilmişdir. Salyan rayonu, Xalac kəndində faktiki yaşayan İddiaçı isə məhkəmə qətnaməsi (sonradan ləğv edilmiş) ilə qeydiyyata alınmış mənzilə dair heç bir sərəncam vermək hüququ olmayan şəxs X6 yazılı razılığı əsasında qanunsuz olaraq 10.08.2016-cı il tarixdən sözügedən mənzilə qeydiyyata alınmışdır. Belə ki, dövlət mənzil fonduna aid yaşayış sahəsində 12,0 m2 sahə üzrə bir nəfərin qeydiyyata alınması nəzərdə tutulsa da, cəmi 17,52 m2-dən ibarət olan bir otaqlı mənzilə 4-cü şəxs qeydiyyata alınmışdır. Bununla da, dövlət mənzil fonduna aid Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 saylı evin, 1 saylı mənzilinin balans saxlayan təşkilatın xəbəri olmadan adıçəkilən şəxslər tərəfindən qanunsuz olaraq ələ keçirilmişdir. Yuxarıda göstərilənlərə əsasən, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən "cavabdehlər X12, X28, X38, X35, X25, X20, İddiaçı və digər şəxslərin Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 saylı evin 1 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi və başqa yaşayış sahəsi verilmədən həmin mənzildən çıxarılmaları barədə" 07.06.2017-ci il tarixli, 171 saylı iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət olunmuşdur. İddia tələbinə dair 2(002)-347/2018 saylı mülki iş üzrə şifahi məhkəmə araşdırması zamanı təqdim edilmiş sənədlərlə Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi tanış olarkən müəyyən edilmişdir ki, binanın balans saxlayan təşkilatı cəlb edilmədən qanunsuz olaraq Qaradağ Rayon Məhkəməsi tərəfindən İddiaçı cavabdehlər X7, X21 və X14 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilərək, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 saylı evin 1 saylı mənzilinə köçürülməsi barədə" 02.08.2017-ci il tarixli, 2(002)- 3427/2017 saylı qətnamə qəbul edilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 2 ünvanında qeydiyyata alınması üçün əsas olmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07.01.2014-cü il tarixli, 2(002)- 144/2014 saylı qətnaməsinin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.09.2017-ci il tarixli 2(103)-8447/2017 saylı qətnaməsi ilə ləğv edildiyini, mübahisə edilən mənzillə bağlı Qaradağ Rayon Məhkəməsində məhkəmə araşdırılması aparıldığını nəzərə almadan, balans saxlayan təşkilatı tərəf kimi işə cəlb etmədən, X22, X10 və X8 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 saylı evin 1 saylı mənzilində qeydiyyatda olmalarına hüquqi qiymət vermədən əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 saylı evin 1 saylı mənzilində heç vaxt yaşamamışdır, hal-hazırda da ailə üzvləri ilə birlikdə faktiki olaraq Salyan rayonunun Xalac kəndində yaşayırlar. Qeyd edilən mənzil boşdur. Həmin mənzilə İddiaçı adına heç bir hüquq müəyyənedici sənəd verilməmişdir. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 saylı evin 1 saylı mənzilinə köçürülməsinin qət edilməsi barədə Qaradağ Rayon Məhkəməsinin 02.08.2017-ci il tarixli qətnaməsi Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin apelyasiya şikayəti əsasında Bakı Apelyasiya Məhkəməsinin MK-nın 13.11.2018-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4638/2019 saylı mülki iş üzrə qəbul edilmiş 12.07.2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13.11.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Bundan sonra Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti cavabdeh İddiaçı və digərlərinə qarşı 07.06.2017-ci il tarixli, 171 saylı iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 saylı evin 1 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi və həmin şəxslərin başqa yaşayış sahəsi verilmədən həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-21/2019 saylı 28.10.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən cavabdeh İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Verilmiş şikayət əsasında 2(103)-7139/2020 saylı mülki iş Bakı Apelyasiya Məhkəməsinin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə ərizə təqdim edərək iş üzrə icraatın dayandırılmasını xahiş etmiş, ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı "kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, iş hazırda Bakı İnzibati Məhkəməsinin icraatındadır. Məhkəmə kollegiyası vəsatəti təmin edərək, 2(103)-7139/2020 saylı mülki iş üzrə icraatın dayandırılması qənaətinə gəlmiş və İddiaçı iddia tələbi əsasında Bakı İnzibati Məhkəməsinin icraatında olan işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək Bakı Apelyasiya Məhkəməsinin icraatında olan mülki işin icraatının dayandırılması barədə 2(103)-7139/2020 nömrəli 22.10.2020-ci il tarixli qərardad qəbul etmişdir. Göründüyü kimi İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 saylı evin 1 saylı mənzilinə köçürülməsinin qət edilməsi barədə Qaradağ Rayon Məhkəməsinin 02.08.2017-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İddiaçı qeyd edilən ünvanda yerləşən mənzilə dair heç bir hüququ (hüquqmüəyyənedici sənədi) yoxdur. Qeyd edilən mənzildə heç vaxt yaşamamış və hal-hazırda da yaşamır. Qüvvədə olan qanunvericiliyə əsasən yaşayış sahəsinə qeydiyyata alınması isə onun mübahisəli mənzil üzərində istifadə hüququ əldə etməsi demək deyildir. Bakı İnzibati Məhkəməsi tərəfindən 27.09.2021-ci il tarixli 2-1(112)-2044/2021 saylı qərar qəbul edilərkən yuxarıda sadalanan xüsusatlar nəzərə alınmamış, qanunsuz və əsassız qərar qəbul edilmişdir. Ona görə də, aşağıda göstərilənlərə əsasən qəbul edilmiş qərar ləğv edilməlidir. Belə ki, İddiaçı ailə üzvləri ilə birlikdə faktiki olaraq Səlyan rayonunun Xalac kəndində yaşamasına baxmayaraq (bu barədə iş üzrə təqdim edilmiş 06.01.2021-ci il tarixli etirazda da göstərilmişdir), məhkəmə qərarının 6-cı səhifəsinin 3-5-ci abzasında və 7ci səhifəsinin 5-ci abzasında tamamilə yanlış olaraq hazırda İddiaçı ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşamaqda davam etdiyi, keçmiş kirayəçinin həmin mənzildə yaşamadığı və iddiaçının yaşamağa başqa yaşayış yeri olmadığı göstərilmişdir. Bir daha bildirilir ki, bu məlumatlar düzgün göstərilməmişdir, İddiaçı ailə üzvləri ilə birlikdə faktiki olaraq Salyan rayonunun Xalac kəndində yaşayırlar. İstənilən vaxt mənzilə baxış keçirmək də olar. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X36 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Nümayəndə apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı onunla Bakı şəhəri, Ələt qəsəbəsi, ünvan 1 saylı evin, 1 saylı mənzilinə dair “kirayə müqaviləsinin bağlanması” öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və iş materiallarında olan sənədlər əsasında müəyyən etmişdir ki, iddiaçı mübahisəli mənzilin əvvəlki kirayəçisinin rəsmi razılığı ilə mənzilə daimi pasport qeydiyyatına alınmış, mənzilin əvvəlki kirayəçisinin istifadə hüquqlarına 12.09.2017-ci il tarixdə xitam verilmiş və həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. Hazırda İddiaçı mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşamaqda davam etməsi və keçmiş kirayəçinin yaşamadığı müəyyən olunur. Həmçinin mənzilə dair verilmiş yaşayış yeri üzrə qeydiyyat barədə arayışda onun adı qeyd olunmuş, mənzil hər hansı başqa şəxsə verilməmişdir. Uzun müddət ərzində iddiaçının həmin mənzildən çıxarılmaması və ya digər qaydada mübahisələndirilməməsi onu göstərir ki, balans saxlayan və həmin evi istismara qəbul edən mənzil istismarı orqanları onun yaşamasını qəbul etmiş və uzun müddət ərzində ona bütün kommunal xidmətləri göstərmişdir. Mənzildə isə iddiaçıdan başqa qeydiyyatda olan digər iki şəxs mənzilin onun adına sənədləşdirilməsinə heç bir etirazlarının olmadığını notarial qaydada təsdıq etmişlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının qeyd edilən mənzilə dair icarə münasibətləri yarandığını və faktiki olaraq qeyd olunan mənzildə yaşayaraq ailəsi ilə birlikdə birgə təsərrüfat apardığını, mənzilin bütün kommunal xərclərini ödədiyini nəzərə alaraq, o cümlədən hazırki qanunvericiliyin tələblərinə əsasən kirayə müqaviləsinin bağlanması üçün əsaslar olduğundan, iddiaçının müraciətinin təmin edilməsi üçün kifayət qədər əsasların mövcud olduğu halda, cavabdehin əsassız imtinası nəticəsində iddiaçının konstitusion hüquqlarının pozulduğunu nəzərə alaraq, iddiaçı ilə uzun müddət yaşadığı mübahisəli yaşayış sahəsinə (mənzilə) dair kirayə müqaviləsi bağlanmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən iddiaçıya ünvanlanmış 359 saylı, 19.07.2017-ci il tarixli imtina məktubundan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdehlər X7 və qeydlərinə qarşı Ələt qəsəbəsi, ünvan 1 saylı evin 1 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi Qaradağ rayon məhkəməsinin icraatındadır. Həmin mülki iş yekunlaşdıqdan sonra ərizədə qeyd edilən məsələyə baxıla bilər. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının müavini tərəfindən iddiaçıya ünvanlanmış X-18-091 saylı, 28.09.2020-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçının istifadəsində olan mənzilin Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olduğu üçün aidiyyəti üzrə həmin qurumun rəhbərliyinə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən iddiaçıya ünvanlanmış X-12 saylı, 10.09.2020-ci il tarixli imtina məktubundan görünür ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 28.10.2019-cu il tarixli 2(002)-21/2019 saylı qətnaməsi ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdehlər X7, X21, X29, X23, X15, X11 və İddiaçı qarşı Ələt qəsəbəsi, ünvan 1 saylı evin 1 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Hal-hazırda həmin qətnamədən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır. Qeyd edilən mülki iş üzrə məhkəmənin qəbul edəcəyi yekun qərardan asılı olaraq müvafiq tədbirlər görüləcəkdir. İş materiallarında olan Qaradağ rayon Polis İdarəsi tərəfindən verilmiş 02.08.2016-cı il tarixli AZE № 15060470 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci tarixdə Salyan rayonunun Şikarlı kəndində anadan olmuş, Bakı şəhəri, Ələt qəsəbəsi, ünvan 7 ünvanda pasport qeydiyyatındadır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 128 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 10.01.2017-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 7 ünvanında qeydiyyatdadır. 60 saylı, 25.01.2017-ci il tarixli arayışının surətindən görünür ki, X12, X30, X39, X40, X31 həmin ünvanda qeydiyyatda olmaqlarına baxmayaraq həmin ünvanda yaşamırlar. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-144/2014 saylı, 07 yanvar 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X6, X16, X26 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 7-ə olan istifadə hüquqları tanınmışdır. İş materiallarında olan Həmin mənzilin X6 adına tərtib edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, X12, X30, X39, X40, X32 və İddiaçı, X33, X20 və X25 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 7 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan İddiaçı ilə X12 arasında 45 saylı notariat kontorunda 03 avqust 2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, X2 Vəfa Güloğlan qızından 6500 manat borc pul almışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-1476/2019 saylı, 02 iyul 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı və X34 cavabdeh X7 qarşı «ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilərək, cavabdeh X5 8500 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılar İddiaçı və X34 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8447/2017 saylı, 12 sentyabr 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-144/2014 saylı, 07 yanvar 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq iddiaçılar X6, X16, X26 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 7-ə olan istifadə hüquqlarının tanınması barədə iddiaları təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon polis idarəsinin 28.07.2017-ci il tarixli, 069-12566- 1217 saylı məktubunun surətindən görünür ki, X4 nümunəli forma-9 arayışını 27.07.2005-ci il tarixdə AZE 03977159 nömrəli şəxsiyyət vəsiqəsinə, X33 14.04.2005-ci il tarixdə köhnə nümunəli sovet pasportunu AZE 03817210 nömrəli şəxsiyyət vəsiqəsinə və X20 27.07.2005-ci il tarixdə köhnə nümunəli forma-9 arayışını AZE 03977103 nömrəli şəxsiyyət vəsiqəsinə dəyişdirmişlər. Yəni hər üç şəxs ilk dəfə şəxsiyyət vəsiqəsi aldıqları 2005-ci il tarixdən əvvəl köhnə nümunəli sənədlərlə Bakı şəhəri, Ələt qəsəbəsi, ünvan 7 ünvanında qeydiyyatda olmuşlar. Eləcə də İddiaçı Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-144/2014 saylı, 07 yanvar 2014-cü il tarixli qətnaməsi ilə istifadə hüquqları tanınmış X6 ona yaşayış sahəsi verməsi barədə ərizəsi əsasında 02.08.2016-cı il tarixdə qeydiyyata düşməsi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 15.03.2018-ci il tarixli 449 saylı Registrdən çıxarışın surətindən görünür ki, 1976-cı il tarixdə istismara verilmiş, Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat № 1179) balansındadır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 02.08.2017-ci il tarixli 2(002)-3427/2017 saylı qətnaməsi ilə İddiaçı Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 saylı evin 1 saylı mənzilinə köçürülmüşdür. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 13.11.2018-ci il tarixli 2(103)- 11796/2018 saylı qətnaməsi ilə 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 02.08.2017-ci il tarixli 2(002)-3427/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 12.07.2019-cu il tarixli, 2(102)-4638/2019 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 13.11.2018-ci il tarixli 2(103)-11796/2018 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 28.10.2019-cu il tarixli 2(002)-21/2019 saylı qətnaməsi ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin cavabdehlər X7, X21, X29, X23, X15, X11 və İddiaçı qarşı Ələt qəsəbəsi, ünvan 1 saylı evin 1 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi təmin edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7139/2020 saylı, 19.10.2020-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-144/2014 saylı, 07 yanvar 2014-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə hazırki işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək icraat dayandırılmışdır. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla – mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icraədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan Məcəllənin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 84-cü maddəsinə görə icarədarın ailə üzvlərinin payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş) 4.0.2-ci maddəsinə əsasən dövlət orqanları öz səlahiyyətləri daxilində müəyyən edilmiş qaydada dövlət fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Həmin Məcəllənin 8.0.3-cü maddəsinə əsasən məhkəmə qərarları mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi üçün əsasdır. Həmin Məcəllənin 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən bir neçə kirayəçinin və mülkiyyətçinin yaşadığı kommunal mənzildə boşalmış yaşayış sahəsi onların ərizəsi əsasında sosial kirayə müqaviləsinə əsasən həmin mənzildə yaşayan kirayəçilərə və mülkiyyətçilərə verilir bu şərtlə ki, onlar yaşayış sahəsinin boşaldığı günə müəyyən edilmiş qaydada aztəminatlı və yaşayış sahəsinə ehtiyacı olan hesab edilir və ya hesab edilə bilərlər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin – vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən edilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi 46 saylı evin 1 saylı mənzili Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansındadır. Həmin mənzilə dair dövlətin adında çıxış etmək səlahiyyətinə Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti malikdir. Həmçinin müəyyən edilir ki, İddiaçı Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-144/2014 saylı, 07 yanvar 2014-cü il tarixli qətnaməsi ilə istifadə hüquqları tanınmış X6 ona yaşayış sahəsi verməsi barədə ərizəsi əsasında 02.08.2016-cı il tarixdə qeydiyyata düşmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının X6 yazılı razılığının verilməsi yolu ilə qeydiyyata alınması onun mübahisəli mənzilə üzərində istifadə hüquq əldə etməsi demək deyildir. Həmçinin nəzərə alınmalıdır ki, X6 istifadə hüquqlarının tanınmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 yanvar 2014-cü il tarixli qətnaməsi Bakı Apelyasiya Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və iddia təmin edilməmişdir. Eyni zamanda Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 28.10.2019cu il tarixli 2(002)-21/2019 saylı qətnaməsi ilə X6 mübahisəli mənzilindən istifadə hüququna xitam verilmişdir. Bundan başqa iş materiallarında olan Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-1476/2019 saylı, 02 iyul 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı və X34 cavabdeh X7 qarşı «ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilərək, cavabdeh X5 8500 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılar İddiaçı və X34 xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədə iddiaçı tələbini onunla əsaslandırılmışdır ki, əslində tərəflər arasındakı borc münasibətləri deyil, rəsmi sənədləri olmayan, dövlətin balansında olan ünvan 9 ünvanında yerləşən mənzili satmaq adı ilə cavabdeh X6 İddiaçı ümumilikdə 8500 manat nağd pulunu ələ keçirməsidir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 may 2018-ci il tarixli 1(002)-148/2019 saylı hökmü ilə X12 Azərbaycan Respublikası CM-nin 178.2.2-ci, 178.2.3-cü və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X12 Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən X7 təyin olunmuş cəzalar qismən toplanmaqla qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən olunur ki, İddiaçı cavabdehlər X7, X24 və X29 qarşı Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 saylı evin 1 saylı mənzilinə köçürülməsi barədə iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12.07.2019-cu il tarixli, 2(102)-4638/2019 saylı qərarı ilə müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehlər arasında qohumluq münasibətləri olmamışdır. Hətta onlar arasında qohumluq münasibəti olmuş olsa belə bu fakt iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranması əsası kimi qəbul edilə bilməz. İlkin olaraq ona görə ki, cavabdehlərin özləri müəyyən edildiyi kimi mənzil üzərində hər hansı hüquqa malik deyildirlər. Cavabdehin mənzilə hüququ olmadığı halda iddiaçının cavabdehin razılıq verməsinə istinad edərək mənzil üzərində istifadə hüququnun yaranmasını göstərə bilməz. Mübahisəli mənzildə iddiaçının və ya cavabdehlərin birlikdə və ayrı-ayrı olaraq yaşayaraq təsərrüfat idarə etmələri də müəyyən edilməmişdir. İddiaçı ilkin olaraq sübut etməli idi ki, mənzil üzərində hər hansı hüquq malikdir və həmin hüquqa istinad edərək mənzilə köçürülməsi mütləqdir. Lakin iddiaçı mübahisəli mənzil üzərində hər hansı hüququnun olmasına dair sübutlara malik deyildir, belə hüququnun olması təsdiq olunmadığından o, mənzilə köçürülməyini tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının mübahisəli mənzildə yaşamadığı müəyyən olunmuşdur. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək iddiaçının həmin evdə yaşamadığını, iddiaçının nümayəndəsi-vəkili isə iddiaçının yaşamamasının səbəbini evə kommunal xidmətlərin göstərilmədiyini (su, qaz, işıq) bildirmişdir. İşin müəyyən olunmuş hallarından göründüyü kimi iddiaçının mübahisəli mənzilə hər hansı hüquqa malik olmamışdır. X6 isə mübahisəli mənzilə istifadə hüququ olmadığı halda onun razılığı ilə iddiaçının həmin mənzilə qeydiyyata alınmasının hüquqi əsası olmamışdır. Bundan başqa iddiaçının adına tələb etdiyi mənzilə dair hər hansı hüquq müəyyənedici sənədlər iş materialları ilə müəyyən olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının mübahisəli mənzilə kirayə müqaviləsinin bağlanmasından imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün cavabdeh apelyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 27.09.2021-ci il tarixli, 2-1(112)-2044/2021 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzilə kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-723/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-723/2022
18.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver