Məhkəmə qərarları › İş №2-1(103)-723/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-723/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-723/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “pul vəsaitinin geri qaytarılması və sair” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X3 ibarət tərkibdə, Ramiz Vüqar oğlu Əsgərlinin katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdehin nümayəndəsi X4 iştrakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7550/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. 10177 nömrəli, xx.xx.2018-ci il tarixli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsindən görünür ki, icarəyəverən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli, 87 nömrəli Sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 132.5 m2 təşkil edən Mənzil Kommunal Təsərrüfatı Departamenti, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsi xidmət məqsədi ilə icarəçi İddiaçı müddətli istifadəsinə verilmiş, icarə müqaviləsinin müddəi xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci ilə kimi müəyyən edilmişdir.

2. İcarəyə verilmiş əmlakın alqı-satqısına dair 6889 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, satıcı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 63 ünvanında yerləşən 132,5 kv.m. qeyri-yaşayış sahəsini tam dəyərlə 30000.00 - otuz min manata alıcı İddiaçı satmışdır.

3. xx.xx.2018-ci il tarixli özəlləşdirilmiş qeyri-yaşayış sahələrinin hesab vərəqindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 63 ünvanında yerləşən 132,5 kv.m qeyri-yaşayış sahəsi 6889 nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 30000 manat ödənilməklə İddiaçı adına özəlləşdirilmişdir.

4. Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli, 294 nömrəli arayışından görünür ki, İddiaçı ilə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 63 ünvanda yerləşən qeyri yaşayış sahəsi üçün xx.xx.2018 il tarixdə bağlanmış «10177» saylı icarə müqaviləsi üzrə 06 aprel 2018-cı il tarixə kimi mövcud olan borc tam ödənilmiş və Əmlak Məsələləri Dövlət Komitəsinə icarə haqqı borcu yoxdur.

5. xx.xx.2018-ci il tarixli 11 nömrəli qəbzdən görünür ki, İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinə 29.000 manat məbləğində, xx.xx.2018-ci il tarixli 09 saylı qəbzə əsasən isə 1000 manat məbləğində ödəniş etmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-229/2019 saylı,xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və İddiaçı qarşı “icarə müqavilələrinin etibarsız hesab edilməsi və mənəvi zərər tələbinə dair” ilk, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “sökülmüş qeyri-yaşayış sahəsinin bərpa edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair" qarşılıqlı iddia ərizələri üzrə mülki işə baxılmış, ilk iddia təmin edilmiş, ilk iddia üzrə cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 63 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair xx.xx.2018-ci il tarixli, 13137 saylı icarə müqaviləsi bağlandığı andan etibarsız hesab edilmiş, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı alqısatqı müqaviləsi əsasında özünə məxsus olmuş ünvan 2 ünvandakı binanın zirzəmisində yerləşən sahəsi 146,8 kv.m. olan qeyri-yaşayış sahəsinin qanunsuz və özbaşına sökdüyü üçün tam bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və ya qiymətləndirərək dəyərinin ödənilməsi, zirzəmidən götürülmüş dəyəri 11143 manat olan əşyaların dəyərinin cavabdehdən xeyrinə tutulması, verdiyi əzab, əsəb və iztirablara görə, eləcə də bütün bu müddətdə yerdən istifadə etmək imkanından məhrum olduğu üçün 15000 manat təzminat ödəməsi barədə qarşılıqlı iddiası təmin edilməmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8120/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 2(011 )-229/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı və ilk iddia üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxılmış, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı və ilk iddia üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-8167/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxılmış, kassasiya şikayətləri təmin edilməmişdir.

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, müraciətdə qeyd edilən qeyri-yaşayış sahəsinin yerləşdiyi bina sökülərək yerində çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Bu səbəbdən həmin qeyri-yaşayış sahəsinin onun adına rəsmiləşdirilməsi mümkün olmamışdır.

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 yanvar 2024-cü il tarixli, 3-21-3/2-D-0075/03-8/2023 nömrəli və 01 fevral 2024-cü il tarixli, 3-21- 3/2-D-0010/02-8/2024 nömrəli imtinanın əsassız hesab edilməsi, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə 09 aprel 2018-ci il tarixli 6889 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsi üzrə tərəfindən ödənilmiş 30000 (otuz min) manat məbləğində pul vəsaitinin geri qaytarılması (bank uçot dərəcəsi, hüquqi xidmətə görə ödəniş də daxil olmaqla) öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Sonradan iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona pul vəsaitinin geri qaytarılması öhdəliyinin 75%-nin cavabdeh qismində çıxış edən Maliyyə Nazirliyinin, yerdə qalan 25%-nin isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cavabdeh qismində cəlb edilməklə, iddianın dəyişdirilməsi qəbul edilmişdir.

12. İddiaçı bildirir ki, onunla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında 09 aprel 2018-ci il tarixində 6889 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 63 ünvanında yerləşən sahəsi 132,5 kv.m. olan qeyri-yaşayış sahəsi 30000 manata ona satılmışdır. Müqavilə əsasında tərəfindən Komitənin hesabına 30000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 09 aprel 2018-ci il tarixli 6889 nömrəli müqavilə ilə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 63 ünvanında yerləşən sahəsi 132,5 kv.m olan qeyri-yaşayış sahəsi onun adına keçirilməli olduğu halda, həmin öhdəlik indiyədək Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yerinə yetirilməmişdir. Belə ki, tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə məktub ilə müraciət olunaraq 09 aprel 2018-ci il tarixli 6889 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsi üzrə öhdəliklərinin icra edilməsi və Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 63 ünvanında yerləşən sahəsi 132,5 kv.m olan qeyri-yaşayış sahəsinin 20 gün ərzində onun adına rəsmiləşdirilməsi və onun istifadəsinə verilməsini təmin edilməsi və ya ödədiyi pul vəsatinin ona geri qaytarılması xahiş olunmuşdur. Lakin, həmin orqan tərəfindən 15 yanvar 2024-cü il tarixli, 3-21-3/2-D-0075/03-8/2023 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, müraciətdə qeyd olunan qeyri-yaşayış sahəsinin yerləşdiyi bina sökülərək yerində çoxmərtəbəli yaşayış binası inşa edilmişdir və buna görə də qeyri-yaşayış sahəsinin adına rəsmiləşdirilməsi mümkün olmamışdır. 01 fevral 2024cü il tarixli, 3-21- 3/2-D-0010/02-8/2024 nömrəli məktub ilə də eyni məzmunlu cavab verilmişdir. Halbuki məlum olduğu kimi həmin ərazidə qeyri-yaşayış sahəsinin inşa edilməsi Əmlak Məsələləri Dövlət Xidmətini müqavilə üzrə öhdəliklərin icrasından azad etmir. 09 aprel 2018-ci il tarixində 6889 nömrəli icarəyə verilmiş əmlakın alqısatqısı müqaviləsindən əvvəl cavabdehlə aralarında dövlət əmlakının icarəyə verilməsi haqqında 29 mart 2018-ci il tarixli, 10177 nömrəli müqavilə bağlanmışdır. Lakin daha sonra "xxxx" MMC tərəfindən həmin müqavilənin etibarsız hesab edilməsi ilə bağlı Xətai Rayon Məhkəməsinə müraciət olunmuşdur və Xətai Rayon Məhkəməsinin 2(011)-229/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə həmin müqavilə etibarsız hesab edilmişdir. Daha sonra, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8120/2019 saylı, 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 26 dekabr 2019-cu il tarixli, 2(102)-8167/2019 nömrəli qərarı ilə cavabdehlər tərəfindən verilən kassasiya şikayətləri təmin edilməmişdir. Lakin 09 aprel 2018-ci il tarixində 6889 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsi hələ də qüvvədədir və göründüyü kimi Əmlak Məsələləri Dövlət Xidməti müqavilə üzrə öhdəliklərini indiyədək yerinə yetirməmişdir. Hazırda Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 63 ünvanında yerləşən sahə "xxxx" MMC şirkətinin faktiki istifadəsindədir. Buna görə də, hazırda 09 aprel 2018-ci il tarixində 6889 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsi üzrə ödədiyi pul vəsatinin ona geri qaytarılması barədə qərarın qəbul olunması zərurəti vardır.

13. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi iddiaya etiraz edir və bildirir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Qeyd edilən vəsait dövlət büdcəsindən ödənildiyindən, Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə ödənilmiş vəsaitin iddiaçıya qaytarılması səlahiyyətinə və imkanına malik deyildir. Qeyd edilən səbəbdən, iddiaçı tərəfindən yuxarıda qeyd edilən əmlakın özəlləşdirilməsinə görə dövlət büdcəsinə ödənilmiş 30000 (otuz min) manat vəsait qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanı tərəfindən dövlət büdcəsindən iddiaçıya qaytarıla bilər.

14. Cavabdeh Maliyyə Nazirliyi təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, iddiaçı D.Pakizə və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi arasında ünvan 3 ünvanında yerləşən sahəsi 132.5 kv.m olan qeyri-yaşayış sahəsinin satın alınması barədə xx.xx.2018 ci il tarixdə 6889 nömrəli “İcarəyə verilmiş əmlakın alqı-satqısı” Müqaviləsi imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Göründüyü kimi, tərəflər arasında müqavilə imzalanarkən yəni sözügedən məsələ ilə bağlı iddiaçı və cavabdeh arasında hüquq və vəzifələr müəyyənləşdirilərkən bu hüquq münasibətlərində Maliyyə Nazirliyi tərəf kimi çıxış etməmiş və müqavilədə nəzərdə tutulan məsələlərlə bağlı hər hansı öhdəlik götürməmişdir. Bu səbəbdən Maliyyə Nazirliyinin bu prossesə cavabdeh kimi cəlb olunması və üzərinə hər hansı öhdəliyin qoyulması tələbi əsassızdır. Həmçinin Maliyyə Nazirliyinin 1-193 saylı Əmri ilə təsdiq edilmiş “Dövlət büdcəsinin xərcləri üzrə öhdəliklərin qəbul olunması haqqında Təlimat”ın 4-cü hissəsinə əsasən köhnə borclar üzrə yeni öhdəliklər qəbul edilə bilməz. Yəni xəzinədarlıq qaydalarına görə köhnə illərin borclarına görə öhdəlik götürülmür. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"nın 13- cü bəndinə istinad edərək qeyd edir ki, özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur və bu vəsaitdən 25 %-i Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin hesabına ayrılır. Lakin sözügedən Fərmanda qeyd olunan müddəa hər hansı bir orqanın səhv hərəkəti nəticəsində dövlət büdcəsinə tutulmanın yönəldilməli olduğu anlamına gəlməməlidir, iş materiallarından tam aydın olaraq görünür ki, inzibati orqan olaraq Maliyyə Nazirliyi ilə iddiaçı arasında heç bir hüquq münasibətləri olmadığından və Maliyyə Nazirliyi tərəfindən iddiaçıya hər hansı ziyan vurulmadığından iddia tələbinin və bununla bağlı hər hansı öhdəliyin Maliyyə Nazirliyinə və dövlət büdcəsinə qarşı yönəldilməsi yolverilməzdir və əsassız hesab edilməlidir. Mülki Məcəllənin 43.3cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.”. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş əsasnaməsinin 1.1-ci yarımbəndində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurum olması qeyd olunur. Dövlət büdcəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatı üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (bu halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur.

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7550/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 63 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üçün ödənilən 30.000 (otuz min) manat pul vəsaitinin İddiaçı qaytarılması öhdəliyi cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (məbləğin 25% hissəsində) və dövlət büdcəsi hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin (məbləğin 75% hissəsində) üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

16. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, inzibati orqan olaraq Maliyyə Nazirliyi ilə iddiaçı arasında heç bir hüquq münasibətləri olmadığından və Maliyyə Nazirliyi tərəfindən iddiaçıya hər hansı ziyan vurulmadığından iddia tələbinin və bununla bağlı hər hansı öhdəliyin Maliyyə Nazirliyinə və dövlət büdcəsinə qarşı yönəldilməsi yolverilməzdir və əsassız hesab edilməlidir. Qanunvericiliyə əsasən əmlakın özəlləşdirilməsi və digər bu kimi xidmətlər Maliyyə Nazirliyi tərəfindən deyil, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. Odur ki, iddia tələbinin Maliyyə Nazirliyinə yönəldilməsi əsassız olduğundan və Maliyyə Nazirliyinə heç bir aidiyyatı olmadığından məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Göründüyü kimi məhkəmə tərəfindən iş üçün əhəmiyyət kəsb edən məsələlər araşdırılmamış və lazımi sübutlar əldə edilməmişdir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

19. Məhkəmədə iddiaçıının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək təmsil etdiyi şəxs tərəfindən ödənilmiş 30.000 manat pulun cavabdeh olan təşkilatdan geri qaytarılmasını məhkəmədən xahiş etmiş, cavabdehin nümayəndəsi isə 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

21. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun: Maddə 1.0.1. Dövlət əmlakının özəlləşdirilməsi-dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Maddə 11.1. Dövlət əmlakının özəlləşdirilməsində əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür.

22. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydaları”: Bənd 1. Bu Qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na (bundan sonra - İİ Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydalarını müəyyən edir. Bənd 2. Özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və onların səhmlərinin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir.

4. Ödəmə məbləği alıcı tərəfindən özəlləşdirilən obyektin satış şərtlərinə uyğun olaraq dövlət büdcəsinə köçürülür.

8. Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunun aparılmasını və onun dövlət büdcəsinə köçürülməsinin təmin edilməsini, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir.

23. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”: Bənd 13.1. Özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və səhmlərin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. 13.2. Özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur.

24. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təstiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması” Qaydalarının 3-cü bəndinə əsasən özəlləşdirilən obyektlərə görə subyektlər tərəfindən tarnzit özəlləşdimə hesabına ödənilən pul vəsaitləri hər iş gününün sonuna Mərkəzi Bank tərəfindən Maliyyə Nazirliyinin Baş X2 Bankdakı cari hesabına köçürülür.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) 29.Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən verilmiş ilkin iddia tələbi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı qaldırılmış və 09 aprel 2018-ci il tarixli müqavilə üzər ödənilmiş 30.000 manat pulun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən tutulması ilə bağlı olmuşdur. Lakin, birinci instansiya məhkəməsinin göstərdiyi hüquqi yardımın nəticəsi olaraq, iddiaçı iddia tələbinə xx.xx.2024-cü ildə dəqiqləşdirmə ərizəsi verərək, ödənilmiş vəsaitin 25 % hissəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən, 75% hissəsinin isə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulmasını xahiş etmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsində aparılan araşdırma zamanı iddiaçının həqiqi niyyətinin 09 aprel 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödədiyi 30.000 manat pulun geri qaytarılması ilə bağlı olması müəyyən edilmişdir. Ona görə də məhkəmə kollegiyası iddiaçıdan yenidən dəqiqləşdirmə ərizəsinin alınmasını zəruri hesab etmədi. 30.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 21-24-cü bəndləri) əsaslanaraq qeyd edir ki, apellyasiya şikayəti təmin edilməli və ödənilmiş məbləğin 75% hissəsinin də iddiaçıya ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmalıdır.

31. Belə ki, iddiaçı ünvan 2 ünvandakı binanın zirzəmisində yerləşən dövlət əmlakının özəlləşdirilməsi çərçivəsində cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə 30000 manat məbləğində pul ödədiyini, lakin sonradan məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında özəlləşdirmə ilə bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edildiyinə görə cavabdehə ödədiyi məbləğin geri qaytarılmasını tələb edir.

32. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən müvafiq qurumlara sorğular verilmişdir.

33. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 04 dekabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı ödənilmiş pul vəsaiti Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikasının Mərkəzi Bankındakı tranzit hesabı vasitəsilə dövlət büdcəsinə daxil olur və dövlət büdcəsinə daxil olan 100 faiz vəsaitdən yalnız 25 faiz həcmində Xidmət üçün ayrılmalar nəzərdə tutulur.

34. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 09 yanvar 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən 132.5 kv.m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün alıcı tərəfindən müxtəlif tarixlərdə ABB Xətai filialında ödənilmiş 30.000 manat pul vəsaitinin 1000 manatı bank tərəfindən 10 aprel 2018-ci il tarixli 148 nömrəli ödəniş tapşırığı ilə köçürülən 574850 manat vəsaitin tərkibində, 29000 manat isə 12 aprel 2018-ci il tarixli 151 nömrəli ödəniş tapşırığı ilə köçürülən 59865 manat vəsaitin tərkibində Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası Mərkəzi Bankındakı tranzit hesabı vasitəsilə dövlət büdcəsinə köçürülmüşdür.

35. Azərbaycan Respublikası Mərkəzi Bankının Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı 26 dekabr 2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2018-ci ildə ƏMDX-nin özəlləşmə hesabına İddiaçı adından tranzit hesaba vəsait daxil olmayıb.

36. Hazırki işin hallarından görünür ki, qeyri-yaşayış sahəsinin xidmət məqsədilə icarəçi İddiaçı müddətli istifadəsinə verilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2018-ci il tarixli, 87 nömrəli Sərəncam verilmiş və icarəyə verilmiş əmlakın alqı-satqısına dair 6889 nömrəli, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən satın alınmışdır. İddiаçı alqı-satqı müqaviləsinə əsasən özəlləşdirilmiş əmlaka görə 30 000 manat pul vəsaitini bilavasitə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına köçürmüşdür. Belə ki, ƏMDX-nin məhkəməyə təqdim etdiyi Mərkəzi Bankın tranzit hesab vasitəsi ilə dövlət büdcəsinə köçürülmüş əməliyyatlardan görünür ki, 10 aprel 2018-ci ildə 09 saylı orderdə qeyd olunmuş və İddiaçı alınan 30.000 manat puldan 1.000 manatı M/H:AZ74 NABZ ******************** saylı müxbir hesabla Mərkəzi banka, yerdə qalan 29.000 manatı 09 aprel 2018-ci ildə yuxarıda qeyd olunan hesaba köçürülmüşdür. Lakin ƏMDX-nin məhkəməyə təqdim etdiyi 09 yanvar 2025-ci il tarixli müşaiyət məktubuna əlavə edilmiş 09 və 10 aprel 2018-ci il tarixli müxbir hesabın çıxarışda olan müxbir hesabdan fərqli olmasını göstərir. Belə ki, müxbir hesab ******************** olmaq əvəzinə çıxarışlarda ******************** kimi qeyd olunmuşdur. Bu isə ƏMDX-nin İddiaçı aldığı vəsaitin 75 % hissəsinin 10 və 12 aprel 2018-ci ildə Mərkəzi Bankın tranzit hesabına köçürülən 57.4850 və 59.865 manat vəsaitin içərisində olmamasını istisna etmir.

37. Ona görədə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 30.000 manat vəsaitin ona geri qaytarılması ƏMDK-nin üzərinə qoyulmalıdır.

38. Bununla bağlı kollegiya hesab edir ki, sonradan özəlləşmənin etibarsız sayılması barədə qətnamə qəbul edildiyindən, əmlak iddiaçıya təqdim edilmədiyindən tərəflərin əvvəlki vəziyyəti bərpa edilməli, iddiaçının ödədiyi pul vəsaiti ona qaytarılmalıdır.

39. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-229/2019 saylı,xx.xx.2019-cu il tarixli qətnaməsi ilə baxılan mübahisədə iddianın predmetinin “icarə müqavilələrinin etibarsız hesab edilməsi və mənəvi zərər tələbinə dair” olmasına baxmayaraq, həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-8167/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının sonuncu vərəqində tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinin Mülki Məcəllənin 203.1-ci maddəsinin tələbləri baxımından əhəmiyyətsiz olması öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcələnin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının alqısatqı müqaviləsi üzrə ödədiyi 30.000 manat pulun xx.xx.2018-ci il tarixli 6889 saylı alqısatqı müqaviləsinin məhkəmə qaydasında ləğv edilmədən də cavabdeh təşkilatdan tələb etməkdə subyektiv hüququ var.

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Qeyd olunan maddi hüquq normalarının sadalanmasında məqsəd Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-8167/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının əsaslandırma hissəsinin sonuncu vərəqində ƏMDX ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 6889 saylı alqı-satqı müqaviləsinin əhəmiyyətsiz olmasına dair müəyyən etdiyi halın predyudisial əhəmiyyətli olmasını diqqətə çatdırmaqdır.

42. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na (bundan sonra - İİ Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydalarını müəyyən edir.

43. Həmin Qaydaların 4-cü bəndinə əsasən ödəmə məbləği alıcı tərəfindən özəlləşdirilən obyektin satış şərtlərinə uyğun olaraq dövlət büdcəsinə köçürülür. Həmin Qaydaların 8-ci bəndinə əsasən dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunun aparılmasını və onun dövlət büdcəsinə köçürülməsinin təmin edilməsini, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir.

44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7550/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı qismən ləğv olunmalı, 30.000 manat pul vəsaitinin 75% hissəsinin də İddiaçı geri qaytarılması öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulmalıdır.

45. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7550/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı qismən ləğv edilsin. xx.xx.2018-ci il tarixli, 6889 nömrəli alqı-satqı müqaviləsinə əsasən dövlət büdcəsinə ödənilmiş 30.000 manat pul vəsaitinin 75% hissəsinin də İddiaçı geri qaytarılması öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar