Məhkəmə qərarları › İş №2-1(103)-724/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-724/2022

04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-724/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 qızının, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5610/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, elektron alt sistemdə etibarsız hesab olunmuş əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, səhhətində problemlər olduğundan 2017-ci ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasında hərtərəfli müayinə edidikdən sonra ona "ürək çatışmazlığı” diaqnozu qoyulmuşdur. Bu əsasla da Bərdə Rayon Mərkəzi Xəstəxanasının 0232003AAJHQ göndərişi əsasında 10 may 2017-ci il tarixdən ona 5 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur. 10 may 2017-ci ildən ikinci dərəcəli əlilliyə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon Şöbəsi tərəfindən ona 480 manat məbləğində pensiya təyin edilmiş və həmin pensiya məbləğini 2019-cu ilin iyun ayına qədər almışdır. Onun ürəyində yaranmış bu problemlərə görə heç bir yerdə işləyə bilməmişdir. 2019-cu ilin iyun ayında onun ikinci dərəcəli əlilliyinin ləğv olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon Şöbəsi tərəfindən ona məktub göndərilmişdir. Bununla əlaqədar Səhiyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə etdiyi müraciətlərə, ona müxtəlif vaxtlarda 31.10.2019-cu il tarixdə və 13.12.2019-cu il tarixdə cavab verilmişdir ki, «Səhiyyə Nazirliyinin 02/02-45 nömrəli 29.01.2019-cu il tarixli məktubu ilə səhiyyə müəssisəsi tərəfindən verilmiş 0232003AAJHQ nömrəli göndəriş etibarsız hesab olunmuşdur. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********5 nömrəli 29.05.2019-cu il tarixli xidməti məktubu ilə əlilliyinizə dair qiymətləndirmə əlillik Altsistemində etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamə”də dəyişiklər edilməsi barədə 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarına əsasən, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə və müalicə edildikdən sonra göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, əlillik vəziyyəti iştirakı olmadan Tibbi-sosial ekspert komissiyaları tərəfindən adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib, müvafiq qiymət veriləcəkdir». Daha sonra onun etdiyi müraciətə sonuncu dəfə cavabdeh tərəfindən 16.04.2020-ci il tarixdə cavab verilmişdir ki, «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 29.01.2019-cu il tarixli 02/02-45 nömrəli məktubu ilə 105 nəfərə göndəriş rəsmiləşdirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydaları”nın 1.3.1 bəndinin tələblərinə əməl edilməməsi ilə bağlı Səhiyyə Nazirliyinin işçi qrupunun 13 may 2019-cu il tarixli aktına əsasən “Tibbi arayışların elektron registri”ndə etibarsız edildiyi bildirilmişdir. İddiaçı adı göndərişləri etibarsız edilmiş adlı siyahıda 60-cı sətirdə qeyd edilmişdir. Bununla əlaqədar əlillik alt sistemində İddiaçı aid qiymətləndirilmə etibarsız edilmişdir». Azərbaycan Respublikası Nazirlər Kabinetinin 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydaları” ləğv edilmişdir. Hazırda mövcud olmayan qərarla onun hüquqlarının pozulması qanunsuz və əsassızdır. Cavabdeh orqan etirazında bildirmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 29 yanvar 2019-cu il tarixli 02 /02-45 nömrəli məktubuna əsasən qeyd edilmiş 105 nəfər üzrə ( o cümlədən həmin siyahıda 60-cı sırada olan İddiaçı) rəsmiləşdirilmiş göstərişləri etibarsız hesab edildiyindən, iddiaçının əlillik təyinatı 4 iyun 2019-cu ildən etibarsız hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prossesual hüquq normalarının pozulmasına yol verildiyindən məhkəmə qərarı ləğv edilməlidir. Səhhətində problemlər olduğundan 2017-ci ildə Bərdə rayon Mərkəzi xəstəxanasında müayinə edilmiş və “urək catışmazlığı” diaqnozu ilə müalicə olunmuşdur. ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasında müayinədən keçərək ona 10 may 2017-ci il tarixdən 10 may 2022-ci il tarixinədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi-ümumi xəstəlik, diaqnoz-“ÜİX İnfaktdan sonrakı kardioskleroz, gərginlik stenokardiyası İİİ f.s.Qan dövranı çatışmamazlıgı, İİ dərəcə hipertonik nsfalopatiya” diaqnozu qoyulmuşdur. Bu əsasla da Bərdə rayon Mərkəzi Xəstəxanasının 0232003AAJHQ göndərişi əsasında 10 may 2017- cil tarixdən ona 5 il müddətinə 2-ci dərəcə əlillik təyin olunmuşdur. Həmin vaxtdan ona əlilliyə görə pensiya təyin edilmiş və həmin pensiya məbləğini 2019-cu ilin iyun ayına qədər almışdır. 2019 – cu ilin iyun ayında ona əlilliyin ləğv edilməsi ilə bağlı ona DSMF-nin Bərdə rayon .öbəsi tərəfindən məktub göndərilmiş və bununla əlaqədar Səhiyyə Nazirliyinə və ƏƏSMN yanında Dövlət Tibbi- Sosial Ekspertiza Reabilitasiya xidmətinə etdiyi müraciətlərə cavab olaraq Cavabdeh tərəfindən səhiyyə müəsissəsi tərəfindən verilmiş göndərişin etibarsız hesab olunduğundan əlilliklə bağlı qiymətləndirmənin altsistəmdə etibarsız hesab edildiyi bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 140 nömrəli qərarı ilə təsdiüq edilmiş “Tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydaları” ləğv edildiyindən hazırda mövcüd olmayan qərarla onun hüqüqları pozulmuşdur. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə ərizə (teleqram) ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, iddiaçının əlillik vəziyyəti Bərdə Rayon Mərkəzi Xəstəxanasının 10.05.2017-ci il tarixli 0232003AAJHQ saylı göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif – Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: ÜİX: İnfarktdan sonrakı kardioskleroz. Gərginlik stenokardiyası İİİ fs.Qan dövranı çatmamazlığı İİ dərəcə. Hipertonik ensefalopatiya; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0,İ13-İ13.2,İ20-İ25,...” əsas gətirilməklə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 29.01.2019-cu il tarixli, 02/02-45 nömrəli məktubuna əsasən qeyd edilmiş 105 nəfər üzrə rəsmiləşdirilmiş göndərişlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən etibarsız hesab edildiyi bildirilmişdir, buna görə də iddiaçının əlillik təyinatı 04.06.2019-cu ildən etibarsız hesab edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.2-ci maddəsinə uyğun olaraq, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nəelektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan başqa iddiaçı barəsində qərar 2019-ci il iyun ayında verilsə də o, 2021-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddia müddətini ötürmüşdür. Məhkəmə qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləgv edilməli, iddia tələbi təmin edilməklə İddiaçı Bərdə rayon Mərkəzi Xəstəxanasının 10 may 2017-ci il tarixli 0232003AAJHQ saylı göndərişi əsasında təyin olunmuş əlilliyin bərpa edilməsi öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən İddiaçı ünvanlanmış 31.10.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, onun əlillik vəziyyətinizin araşdırılması ilə bağlı məktubunuza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində aidiyyəti üzrə baxılmışdır. Müəyyən olunmuşdur ki, onun əlillik vəziyyəti Bərdə Rayon Mərkəzi Xəstəxanasının 0232003AAJHQ saylı göndərişi əsasında 10.05.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi səbəbdən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Bildirilmşdir ki, onun müalicə məlumatları səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş əsassız hesab edildiyindən əlilliyi əlillik Altsistemində etibarsız edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən İddiaçı ünvanlanmış 13.12.2019-cu il tarixli məktubda qeyd olunur: Sizin əlilliyinizin ləğv olunması barədə daxil olmuş məktubunuza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində baxılmışdır. Bildiririk ki, Səhiyyə Nazirliyinin 02/02-45 nömrəli 29.01.2019-cu il tarixli məktubu ilə səhiyyə müəssisəsi tərəfindən verilmiş 0232003AAJHQ nömrəli göndəriş etibarsız hesab olunmuşdur. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********5 nömrəli 29.05.2019-cu il tarixli xidməti məktubu ilə əlilliyinizə dair qiymətləndirmə Əlillik Altsistemində etibarsız hesab edilmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarına əsasən, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Siz səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə və müalicə edildikdən sonra göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, əlillik vəziyyətiniz iştirakınız olmadan Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib, müvafiq qərar veriləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən İddiaçı vəkili Vəkil ünvanlanmış 16.04.2020-ci il tarixli məktubda qeyd olunur: Sizin, Bərdə rayon sakini İddiaçı əlillik vəziyyəti ilə bağlı müracətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində baxılmışdır. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0232003AAJHQ saylı göndərişi əsasında 10.05.2017-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və beş il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 29.01.2019-cu il tarixli 02/02-45 nömrəli məktubu ilə 105 nəfərə göndəriş rəsmiləşdirilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 140 nömrəli Qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları»nın 1.3.1. bəndinin tələblərinə əməl edilməməsi ilə bağlı Səhiyyə Nazirliyinin işçi qrupunun 13 may 2019-cu il tarixli aktına əsasən «Tibbi arayışların elektron registri»ndə etibarsız edildiyi bildirilmişdir. İddiaçı adı göndərişləri etibarsız edilmiş adlı siyahıda 60-cı sətirdə qeyd edilmişdir. Bununla əlaqədar Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı 10.05.2017-ci il tarixdə 10.05.2022-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi - ümumi xəstəlik, diaqnoz – «ÜİX: İnfarkdan sonrakı kardioskleroz. Gərginlik stenokardiyası İİİ fs.Qan dövranı çatmamazlığı İİ dərəcə. Hipertonik ensefalopatiya», forma 88 № 0232003AAJHQ. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 21 nömrəli Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən məhkəməyə ünvanlanmış 20.07.2020-ci il tarixli məktubda qeyd edilir: İddiaçı əlillik vəziyyəti Səhiyyə Nazirliyinin Bərdə Rayon Mərkəzi Xəstəxanasının 0232003AAJHQ saylı göndərişi əsasında 10.05.2017-ci il tarixdə qiymətləndirilmiş və “ÜİX-yi, infarktdan sonrakı kardioskleroz. Gərginlik stenokardiyası İİİ f.s.QDÇ İİ dərəcə. Hipertonik ensefalopatiya” xəstəliyi ilə Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.2.1 bəndinə müvafiq olaraq beş il müddətinə ikinci (2) dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 29.01.2019-cu il tarixli, 02/02-45 nömrəli məktubu 105 nəfərə rəsmiləşdirilmiş göndərişlərin Səhiyyə Nazirliyinin işçi qrupunun 13 may 2019-cu il tarixli aktına əsasən “Tibbi arayışların elektron registrı”ndə etibarsız edildiyi bildirilmişdir. İddiaçı adı göndərişləri etibarsız edilmiş adlı siyahıda 60-cı sətirdə qeyd edilmişdir. Bununla əlaqədar Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”, eləcə də 2015-ci ildə qüvvədə olan Nazirlər Kabinetinin 19 avqust 1997-ci il tarixli 93 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməklə müəyyən edilir. İddiaçının əlillik vəziyyəti Bərdə Rayon Mərkəzi Xəstəxanasının 0232003AAJHQ saylı göndərişi əsasında 10.05.2017-ci il tarixdə qiymətləndirilmiş və ikinci (2) dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Səhiyyə Nazirliyi tərəfindən əlilliyin təyininə əsas olan 0232003AAJHQ saylı göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də, “Əlillik altsistemi”ndə iddiaçıya aid qiymətləndirmə etibarsız edilmişdir. İddiaçının əlilliyinin etibarsız edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 29.01.2019-cu il tarixli 02/02-45 nömrəli məktuba əsasən məktuba əlavə edilmiş siyahıda adları qeyd edilmiş 105 nəfər şəxsin adına rəsmiləşdirilmiş göndərişlər işçi qrupun 13 may 2019-cu il tarixli aktına əsasən «Tibbi arayışların elektron rejistri»ndə etibarsız hesab edilmişdir. Həmin məktuba əlavə edilmiş siyahıda 60-cı sırada İddiaçı adı qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır; 2.6-cı bəndinə əsasən Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir; 1.4-cü bəndinə əsasən göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir; 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. İşə baxan məhkəmə iddiani rədd edərkən ona əsaslanmışdır ki, İddiaçı əlillik vəziyyəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bərdə Rayon Mərkəzi Xəstəxanasının 0232003AAJHQ saylı göndərişi (forma 088) əsasında 10.05.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 105 nəfər şəxsin, o cümlədən iddiaçının adına rəsmiləşdirilmiş göndəriş 13 may 2019-cu il tarixli akta əsasən «Tibbi arayışların elektron rejistri»ndə etibarsız hesab edilmişdir. Bununla əlaqədar olaraq iddiaçının əlilliyinə dair qiymətləndirmə Əlillik altsistemində etibarsız hesab edilmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır və hesab edir ki, inzibati organ tərəfindən iddiaçının “Əlillik Altsistemi”ndə etibarsız hesab edilməsinin heç bir hüquqi və qanuni əsasları mövcud olmamışdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı əlillik vəziyyəti Səhiyyə Nazirliyinin Bərdə Rayon Mərkəzi Xəstəxanasının 0232003AAJHQ saylı göndərişi əsasında 10.05.2017-ci il tarixdə qiymətləndirilmiş və “ÜİX-yi, infarktdan sonrakı kardioskleroz. Gərginlik stenokardiyası İİİ f.s.QDÇ İİ dərəcə. Hipertonik ensefalopatiya” xəstəliyi ilə Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.2.1 bəndinə müvafiq olaraq beş il müddətinə ikinci (2) dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 29.01.2019-cu il tarixli, 02/02-45 nömrəli məktubuna əsasən 105 nəfərə rəsmiləşdirilmiş göndərişlərin Səhiyyə Nazirliyinin işçi qrupunun 13 may 2019-cu il tarixli aktına əsasən “Tibbi arayışların elektron registrı”ndə etibarsız edildiyindən, İddiaçı adı göndərişləri etibarsız edilmiş adlı siyahıda qeyd edildiyindən Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. Cavabdehin imtinasında qeyd olunan dəlillərindən göründüyü kimi, iddiaçının əlillik vəziyyəti Bərdə Rayon Mərkəzi Xəstəxanasının 0232003AAJHQ saylı göndərişi əsasında 10.05.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi səbəbdən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir, sonradan onun müalicə məlumatları səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş əsassız hesab edildiyindən əlilliyi “əlillik altsistemində” etibarsız edilmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən heçbir araşdırma aparmadan iddiaçıya əlilliyin təyin edilməsi haqqında 10 may 2019-cu il tarixli qiymətləndirmənin (qərarın) etibarsız hesab edilməsini əsassız hesab edir. Birincisi ona görə ki, iddiaçının müraciəti əsasında və onun iştirakı ilə Bərdə rayon Mərkəzi xəstəxanasının 0232003AAJHQ saylı göndərişinə görə cavabdeh tərəfindən 10 may 2017-ci il tarixində “Əlillik altsistemi”ndə qiymətləndirmə aparılaraq ona ikinci dərəcə əlillik təyin edildiyi halda, sonradan, əvvəlki praktikasına zidd olaraq cavabdeh tərəfindən heç bir məlumat verilmədən və iştirakını təmin etmədən, iddiaçıdan xəbərsiz xidməti məruzə əsasında iddiaçının əlilliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin Əlillik altsistemində etibarsız edilməsi qanunsuzdur. Çünki, “İnzibati icraat haqqında” Qanunun tələbilərindən görünür ki: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Digər tərəfdən, “ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.1-ci bənidinə əsasən əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Cavabdeh iddiaçının əlilliyini etibarsız hesab edərkən qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmamışdır. Bundan əlavə, ən azından, cavabdeh “İnzibati icraat haqqında” Qanunun 28.1.1 və 28.1.2-ci maddəsinin tələbləri baxımından, inzibati orqan kimi, öz təşübbüsü ilə iddiaçının birbaşa qanuni mənafeyinə toxunduğu nəzərə alınmaqla, onun iştirakını təmin etməklə, inzibati icraat başlamağa borclu idi. Çünki, tibb müəssisəsinin həmin məktubu iddiaçının əliliyinin “Əlillik Altsistemi”ndə etibarsız hesab edilməsi uşün əsas sayıla bilməzdi. Həmin Qanunun 36.3-cü maddəsi də məhz nəzərdə tutur ki, qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Göründüyü kimi, cavabdeh orqan inzibati icraat haqqında hüquq normaları ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının tələbinin təmin olunmasını və İddiaçı təyin olunmuş ikinci dərəcəli əlilliyin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir və hesab edir ki, İddiaçı Bərdə Rayon Mərkəzi Xəstəxanasının 10.05.2017-ci il tarixli 0232003AAJHQ saylı göndərişi əsasında təyin edilmiş əlilliyin bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh inzibati icraat haqqında hüquq normaları ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Beləliklə də qeyd edilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsi işin sübutlarla müəyyən edilən hallarına, maddi, inzibati icraa və prosessual hüquq normalarına uyğun olmamışdır. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5610/2021 saylı, 24.09.2021-ci il tarixli qərarı ləğv edilməli və iddianın təmin olunması və cavabdeh tərəfindən iddiaçının əlilliyinin etibarsız hesab edilməsi ilə bağlı hərəkətləri qanunsuz hesab edilərək əliliyin bırpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5610/2021 saylı, 24.09.2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı Bərdə Rayon Mərkəzi Xəstəxanasının 10.05.2017-ci il tarixli 0232003AAJHQ saylı göndərişi əsasında təyin edilmiş əlilliyin bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar