Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-724/2023 09.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçıya əlilliyin təyin edilməsi»tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1822/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlilliyin təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 7 iyun 1982-ci il tarixdə doğulmuşdur. Bir müddət sonra səhhətində problemlər yaranmışdır. Uşaq vaxtlarından həkim müayinəsində olarkən ayaqlarında və ayaq damarlarında ciddi xəstəliklər olub. Bununla əlaqədar olaraq, mütəmadi müayinə olunmuş, lakin səhhətində müsbət dəyişiklik baş verməmişdir. 2014-cü ildən başlayaraq, səhhəti daha da pisləşmyə başlamış, 2014–2021-ci illər ərzində müxtəlif dövrlərdə həmin xəstəliklə bağlı stasionar və ambulator müalicələr almış, o cümlədən hər ay Xətai rayonunda 7 saylı Poliklinikada müalicə olunmuşdur. Stasionar müalicələrdən sonra onun xəstəliyinin ağır mərhələdə olması aşkardır və sənədləri əlillik təyin olunması üçün müvafiq Həkim Komissiyasına ayrı-ayrı vaxtlarda göndərilsə də, hələ də ona əlillik təyin olunmamış, hər dəfə cavabdeh tərəfindən imtina verilmişdir. İmtinalarda müxtəlif bəhalər gətirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekpsert komissiyaları haqqında Əsasnamə»nin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulmuş hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik – xəstəlik, travma və anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 3.7-ci yarımbəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göstərilənlərə əsaslanaraq, iddiaçıya müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmənin qərardadı ilə iddia dəyişdirilərək «iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1822/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı orqanizmin funksiyalarının 61–80 faiz aralığında pozulmasının müəyyən edilməsi (ikinci dərəcə əlilliyin təyin edilməsi) öhdəliyi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, , iddiaçının əlillik vəziyyətinə Bakı 7 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli 0170003AAA6R saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ80-İ89 - Venalar, limfa damarları və limfa düyünlərinin başqa rubrikalarda təsnif edilməyən xəstəlikləri => İ83 - Aşağı ətraf venalarının vakrikoz gen...; Diaqnozun mətni: Hər iki a/ətrafın varikoz xəstəliyi.İV.xr.venoz çatmamazlıq. Sağ tərəfli flebektomiyadan s/v.xr.tromboflebit.Xr.xolesistit.Xr.dermatit; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Hər iki a/ətrafın varikoz xəstəliyi” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1 : İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ80-İ89 - Venalar, limfa damarları və limfa düyünlərinin başqa rubrikalarda təsnif edilməyən xəstəlikləri => İ83 - Aşağı ətraf venalarının vakrikoz gen...; Diaqnozun mətni:Hər iki a/ətrafın varikoz xəstəliyi.İV.xr.venoz çatmamazlıq.Sağ tərəfli flebektomiyadan s/v.xr.tromboflebit.Xr.xolesistit.Xr.dermatit; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Hər iki a/ətrafın varikoz xəstəliyi” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 7 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 0170003AAD15 saylı göndərişi əsasında baxılmış və “X1 : İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ80-İ89 - Venalar, limfa damarları və limfa düyünlərinin başqa rubrikalarda təsnif edilməyən xəstəlikləri => İ83 - Aşağı ətraf venalarının vakrikoz gen...; Diaqnozun mətni: Aşağı ətraf venalarının xora və iltihabı proseslə birgə müşahidə olunan varikoz genəlməsi, Aşağı ətrafların varikoz xəstəliyi V sinif (CEAP). (Xroniki) (periferik) venoz çatmamazlıq, Hər iki aşağı ətrafın xroniki venoz çatmamazlığı İİİ dərəcəli.Tez-tez residiv verən eqzema,dermatit,trofik xoralar. İşiasla gedən lümbaqo, Lumboişalgiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-əlavə ixtisaslaşmış müalicə təyin edilir” səbəbi ilə imtina verilmişdir. Bakı 7 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 0170003AAD8W saylı göndərişi əsasında təkrar baxılmış və “X1 : İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ80-İ89 - Venalar, limfa damarları və limfa düyünlərinin başqa rubrikalarda təsnif edilməyən xəstəlikləri => İ83 - Aşağı ətraf venalarının vakrikoz gen...; Diaqnozun mətni: Aşağı ətraf venalarının xora və iltihabı proseslə birgə müşahidə olunan varikoz genəlməsi, aşağı ətrafların varikoz xəstəliyi V sinif (CEAP); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müayinə və müalicənin davam etdirilməsi məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Bildirilmişdir ki, eyni predmetli anoloji məhkəmə işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1 (102)- 1561/2022 nömrəli qərarının 35-ci bəndində xəstəliklər və onun ağırlaşmaları ilə əlaqədar iddiaçının müalicə müddətinin az olması ona əlillik dərəcəsinin təyini üçün yetərli olmaması qeyd olunmuşdur. Bundan əlavə iddaçı İddiaçı əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 09 fevral 2022-ci il tarixli, **********3 nömrəli protokol tərtib edilmişdir. Protokolda qeyd edilmişdir ki, protokola əlavə olunmuş siyahıda adları qeyd edilmiş vətəndaşlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq 8 nəfərə əlillik dərəcəsi təyin edilsin, 6 nəfər isə DƏƏTE edilsin və bu barədə qərar qəbul edilərək əlillik altsisteminə daxil edilmişdir. Qyed edilən siyahıda İddiaçı adının qarşısında DƏƏTE (diaqnoz əlillik əlaməti təyin etmir) və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Tərəflərin izahatları: Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu, bu səbəbdən də ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətinin əsassız olduğunu, mübahisələndirilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyi ilə aşağıdakı əsaslara görə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına hərtərəfli yanaşılmamışdır. Birinci instansiya məhkəməsi qərardadı ilə təyin olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 31 mart 2022-ci il tarixli ekspetiza rəyini mötəbər hesab etməmiş və bunu onunla əsaslandırmışdır ki, “.............ekspetiza rəyini ekspert qismində imzalayan üç şəxsdən biri hazırkı cavabdeh inzibati orqanın tibbisosial eksperti olmuşdur. Məhkəmənin qənaətinə görə qeyd edilən hal həm proses iştirakçılarında, həm də kənar müşahidəçidə həmin rəyin qərəzsiz olaraq verilməsinə dair obyektiv şübhə yaranmasına əsas ola bilər. Odur ki, məhkəmə sözügedən rəyi mötəbər sübut qismində qiymətləndirmir” Kollegiya birinci instansiya məhkəməsinin ekspert rəyini şübhəli hesab etməsi ilə razılaşır. Lakin Kollegiya qeyd edir ki, qanunverici məhkəmələrə belə hallarda təkrar ekspertiza keçirilməsi imkanı yaratmışdır. Xüsusilə əlilliyin təyin edilməsi, əlillik dərəcəsinin müəyyən edilməsi kimi işlərdə Kollegiyanın qənaətinə görə ekspert rəyləri mühim əhəmiyyət kəsb edir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 18-ci maddəsinə əsasən : - Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. -Təkrar ekspertizanın aparılması başqa ekspertə və ya ekspertlərə tapşırılır. Əvvəlki ekspertizam aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən onlar iştirak etmirlər. Kollegiya işin obyektiv araşdırılması baxımından hazırki mübahisə üzrə ədalətli və obyektiv rəy verilməsi üçün ekspertizanın cavabdehin mütəxəssislərinin (nümayəndələrinin) iştirakı olmadan və başqa müstəqil ekspert tərəfindən aparılmasının zəruri olduğu qənaətinə gələrək, iş üzrə təkrar ekspertiza keçirilməsi barədə 2-1(103)-724/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardad qəbul etmiş və bundan sonra iddiaçının iştirakının təmin olunması məqsədi ilə sonuncu ilə əlaqə saxlanılaraq ekspertizanın keçiriləcəyi yer və vaxt barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı canlı müayinə olunması üçün ekspertizanın keçirilməsində iştirak etməkdən yayınmışdır. İnzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən: İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən: Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Yuxarda qeyd edildiyi kimi, iddiaçı təkrar ekspertizanın keçirilməsindən məlumatlı olduğu halda qəsdən yenidən canlı müayinə olmaqdan yayınmışdır. Həmçinin ekspertizanın keçirilməsində iştirak etməməsinin hər hansı üzrlü səbəblə əlaqəli olması barədə sübut məhkəməyə təqdim etmədiyindən, Kollegiya bu halı iddiaçının ekspertizanın keçirilməsində iştirak etməkdən imtinası kimi qəbul edir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı əsasında keçiriilmiş ekspertizanın nəticəsi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 21 aprel 2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş 31 mart 2022-ci il tarixli T 114/2022 saylı ekspert rəyini mötəbər hesab edir. Həmin ekspert rəyində aşağıdakılar qeyd olunmuşdur: - Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün 0170003AAD8W saylı göndəriş (Forma - 088 arayış) tam doldurulsa da, şəxsin əyani müayinəsində “aşağı ətraf venalarının xora və iltihabi proseslə birgə müşahidə olunan varikoz genəlməsi, aşağı ətrafların varikoz vəstəliyi V sinif” diaqnozuna uyğun patomorfoloji dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas verən meyarlarla eynilik təşkil etmir. İddiaçı sağlamlıq vəziyyəti ilə əlaqədar hazırda əlavə müalicəyə ehtiyacı yoxdur. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci və 2-ci hissələrindən göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin təsdiq olunması haqqında” 1997-ci il 29 avqust tarixli 99 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmiş, o cümlədən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilmişdir. Əsasnamənin 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33); 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); 2.4.8. beyin maddəsində və ya miokardda yad cismin olması - (Z95.0-Z95.8, T82.5); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin qərarla təsdiq edilmiş həmin Meyarların 1.2-ci bəndinə görə bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. Meyarların 3.1-ci bəndinə görə anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: - (3.1.1) xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; - (3.1.2) xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; - (3.1.3) xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Qeyd edilənləri nəzərə alan Kollegiya hesab edir ki, “aşağı ətraf venalarının xora və iltihabi proseslə birgə müşahidə olunan varikoz genəlməsi, aşağı ətrafların varikoz vəstəliyi V sinif” diaqnozuna uyğun patomorfoloji dəyişikliklər əlillik təyin olunmasına əsas vermədiyindən, birinci instansiya məhkəməsi iddianı təmin edərək yalnış nəticəyə gəlmişdir. İnzibati Prosessual Məcəllənin: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, mübahisələndirilən qərar ləğv edilməklə, iddia tələbi rədd edilməlidir. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv ediməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1822/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-724/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-724/2023
09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver