Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-724/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əmək qabiliyyətinin itirmə faizinin müəyyən edilməsi üçün sorğu göndərilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7693/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, onun istehsalat zədəsi ilə əlaqədar onun peşə əmək qabiliyyətinin itirmə faizinin müəyyən edilməsi üçün işəgötürən “Azərbaycan X7” Qapalı Səhmdar Cəmiyyəti X8 Donanmasına sorğu göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bardə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-7693/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı istehsalat zədəsi ilə əlaqədar onun peşə əmək qabiliyyətinin itirmə faizinin müəyyən edilməsi üçün işəgötürən “Azərbaycan X7” Qapalı Səhmdar Cəmiyyəti X8 Donanmasına sorğu göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının müxtəlif vaxtlarda Agentliyə ünvanladığı sorğular və onlara verilən cavablardan da görünür ki, sorğuya əlavə edilmiş X7 QSC-nin X3 Haqqında 002 saylı Aktında baş vermiş hadisə İddiaçı səhhətində əvvəldən mövcud olan xəstəliklə əlaqədar olub istehsalat xarakterli hesab edilmir. Göründüyü kimi, iddiaçının tələbi ilkin əlilliyin qiymətləndirilməsi deyil, təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlıdır. Bu səbəbdən də əlilliyin səbəbli əlaqəsinin müəyyən edilməsi üçün işəgötürənin yazılı sorğusu zərurəti vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.10-cu bəndinə əsasən İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına X2 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir. Agentlik qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir. Yəni yuxarıda qeyd edilən maddi hüquq normasına əsasən, işəgötürən yazılı corğu ilə Agentliyə mütləq qaydada müraciət etməlidir, Agentlik hər hansı sorğu göndərməli deyil. Əlilliyin səbəbli əlaqəsinin müəyyən edilməsi üçün işəgötürənin yazılı sorğusunun zəruri olması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 ranvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 2.10-cu maddəsi ilə birbaşa tənzimlənmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: 28 mart 2014-cü il tarixdə əmək funksiyalarını yerinə yetirərkən bədbəxt hadisə nəticəsində səhhəti pozulmuşdur. Nəticədə əmək qabiliyyətiyi itirərək TSEK tərəfindən müayinə zamanı 1-ci dərəcə ümumi əsaslarla əlillik təyin edilmişdir. İddiaçının səhhətinin pozulması halını istesalatda əlaqəliyinin müəyyən edilməsi tələbi 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-386/2018 saylı ış üzrə 13 fevral 2018-cı ıl tarixli qərarı ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibatı Kolleqiyasının 2-1(103)- 1109/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Onun “istesalatda baş vermiş bədbəxt hadisə haqqında “İZ” formalı akt”la rəsmiləşdirilməsi və uçota alınması barədə rəy verilmişdir. Məhkəmə qərarı, “İZ” formalı aktı, İddiaçı əlilliyin səbəbinin dəyişdirilməsinə əsas verən bütün sənədlər dəfələrlə cavabdehə təqdim olunsa da heç bir müsbət nəticə əldə olunmamışdır. Halbuki Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi“ qaydasının 3.2-ci bəndinə əsasən, əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq cavabdehin apellyasiya şikayəti etiraz edərək qanunsuz və əsassız hesab edir, qərarın dəyişdirilmədən qüvvədə saxlamasını xahiş edir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən verilmiş **********0 saylı xx.xx.2018-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X6 Xidmətinin 12 may 2017-ci il tarixli 47-T nömrəli əmri ilə yaradılmış təhqiqat komissiyası məhkəmə qərarının icrası olaraq 07 iyun 2017-ci il tarixli təhqiqat aktını 14 noyabr 2018-ci il tarixdə yenidən tərtib etmiş və İddiaçı səhhətinin pozulması halının “Azərbaycan X7” QSC-nin “Xəzərdənizneftdonanma” İdarəsi tərəfindən “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında İZ formalı akt”la rəsmiləşdirilməsi və uçota alınması barədə rəy vermişdir. İş materiallarında olan “Azərbaycan X7” Qapalı Səhmdar Cəmiyyəti” X8 Donanması tərəfindən İddiaçı ünvanlanmış 02/03/T-428-176 №-li xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ona 2017-ci il tarixində ümumi xəstəliklə əlaqədar (əmək zədəsi ilə əlaqədar deyil) birinci qrup əlillik təyin edilmişdir. Təqdim etdiyi “İZ” aktının surətində də Donanmanın cavabdehiliyi olmadan ümumi xəstəlikdən birinci qrup əlil olmağı müəyən edilmişdir. Əlilliyi ümumi xəstəliklə bağlı olduğundan (istehsalatda əmək zədəsi ilə bağlı olmadığı üçün) əmək qabiliyyətinin itirilmə faizinin müəyyənləşdirilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Müvafiq qurumun bununla bağlı hər hansı sorğusu olarsa, işəgötürən tərəfindən cavablandırıla bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosiall Ekspertiza və X1 Namiq Hacıbala oğluna ünvanladığı **********3 №-li, xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, əlillik vəziyyətinin qiymətləndirilməsinə köməklik göstərilməsi barədə müraciətinə baxılmışdır. Əlillik vəziyyəti xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi səbəbdən müddətsiz birinci dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. Əlilliyin səbəbinin əmək zədəsinə dəyişdirilməsi üçün “İZ” formalı akt, istehsalat müəssisəsinin əmək qabiliyyətinin itirilmə faizinin təyini barədə sorğu məktubu və ya məhkəmə qərarı ilə həftənin 4-cü günləri saat 10.00-13.00 arası Agentliyə müraciət etməlidir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-17-4/2-T- 2831/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.10-cu bəndinə uyğun olaraq İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını Agentliyə təqdim etməlidir. Tələb olunan sənədlər tərəfindən təqdim olunduğu təqdirdə peşə əmək qabiliyyətinin itirilmə faizinin təyin edilməsi aparılacaqdır. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyəti “Azərbaycan X7” QSC Sosial İnkişaf İdarəsinin 1 saylı Poliklinikasının göndərişi əsasında baxılmış və xx.xx.2015ci ildə ümumi xəstəlik səbəbi ilə 2 il müddətinə birinci dərəcə əlillik verilmişdir, xx.xx.2017cı ildə isə sözügedən xəstəxananın göndərişi əsasında ümumi xəstəlik səbəbi ilə müddətsiz birinci dərəcə əlillik verilmişdir. Hazırda iddiaçı onun istehsalat zədəsi ilə əlaqədar onun peşə əmək qabiliyyətinin itirmə faizinin müəyyən edilməsi üçün işəgötürən “Azərbaycan X7” Qapalı Səhmdar Cəmiyyəti X8 Donanmasına sorğu göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.10. İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına X2 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir. Agentlik qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı onun istehsalat zədəsi ilə əlaqədar onun peşə əmək qabiliyyətinin itirmə faizinin müəyyən edilməsi üçün işəgötürənə sorğu göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Lakin qanunvericilikdə cavabdehin belə bir öhdəliyi müəyyən edilməmişdir. Əksinə, «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın tələblərindən göründüyü kimi, şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına X2 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normanın tələblərindən göründüyü kimi, iddiaçının inzibati icraat qaydasında verdiyi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarına toxunma ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqlənmir. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Göründüyü kimi, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və bu səbəbdən də hazırki iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7693/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-724/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-724/2024
06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver