Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-725/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 60 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8777/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq iddiaçıya 60 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə Göyçay rayonunun Şəkili kəndində anadan olmuşdur. xx.xx.1978-ci ildən xx.xx.1983-cü il tarixədək Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. İlk dəfə əmək fəaliyyətinə 1983-cü ildə başlamış, əmək fəaliyyətini fasiləsiz olaraq davam etdirmiş və hal-hazırda Heydər Əliyev adına X3 Xam neftin ilkin emalı üzrə 6 nömrəli istehsalatın sahə rəhbərliyi 13-cü dərəcəli böyük mühəndis vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə 60 yaşı tamam olduqdan sonra, hazırda işlədiyi Heydər Əliyev adına X6 tərəfindən verilmiş zərərli iş şəraiti haqqında xx.xx.2022-ci il tarixli arayışı əlavə etməklə ona güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” cavab məktubunda göstərilmişdir ki, Mərkəzi Filiala təqdim edilən SOCAR-ın “Heydər Əliyev adına X6”nun xx.xx.2022-ci il tarixli SOCAR**********81200601B00028 nömrəli arayışında xx.xx.2004-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində 8 nömrəli sexin məşəl təsərrüfatı sahəsində işlədiyi sahə rəisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş vəzifələrə uyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (10) 10.5.1-ci bəndinə növbə rəisləri, qurğu rəisləri, texnoloji sexlərin rəisləri və onların müavinləri vəzifələri nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq güzəştli iş stajı 12 il 6 aydan az (11 il 6 ay 12 gün (xx.xx.1991-xx.xx.1998-ci il və xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər) təşkil etdiyindən sahə rəisi vəzifəsinin sözügedən siyahıda nəzərdə tutulmaması əsası ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Bundan sonra, iddiaçı Heydər Əliyev adına X5 xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək zavodun məşəl təsərrüfatı sahəsinin təyinatı və texnoloji mahiyyəti haqqında arayış (açıqlama) verilməsini xahiş etmişdir. Heydər Əliyev adına X4 (SOCAR-ın rəhbərliyinin müvafiq əmrinə əsasən Heydər Əliyev adına X4 strukturunun idarə edilməsi səlahiyyəti "xxxx" MMC-yə həvalə edilmişdir) xx.xx.2023-cü il tarixli, 14-2-27/2-41/2023 saylı cavab məktubunda göstərilmişdir ki, müraciətlə bağlı zavodun müfaviq struktur bölməsinə sorğu göndərilmiş və sorğuya alınmış cavablardan müəyyən olunmuşdur ki, məşəl təsərrüfatı sahəsinə 701 nömrəli EİOU-AVT-6 (2009-cu ilə qədər istismar olunub), 202 və 305 nömrəli ELOU-AVT-2 Xam neftin ilkin emalı, 501 nömrəli yağların, dizelin və kerosinin hidrogenlə təmizləmə qurğularından qoruyucu klapanlar vasitəsi ilə atılan karbohidrogen tərkibli məşəl qazların, qaz kondensatın və hidrogen tərkibli qazın (hidrogen sulfidin, separatorda qazdan kondensatın ayrılması) Məşəl qurğusunda “Texnoloji reqlament”ə əsasən utilizasiya prosesi aparılmışdır. Utilizasiya prosesi-yuxarıda sadalanan tullantıların yığılması, separasiyası qazdan ayrılmış kondensatın (benzinin) əmtəəaltı çöküntü və sudan təmizlənməsi, alınan benzinin mərkəzdənqaçma nasosu vasitəsi ilə əmtəə çənlərinə nəqli, qalıq qazların yandırılması üçün hər hansı məşəl lüləsinə (2 ədəd) yönəldilməsi və məşəl lüləsinə yüksək təzyiqli (P=10 atm) su buxarı, təbii və ya təsirsiz qaz (seyrəkliyi təmizləmək üçün) verməklə tüstüsüz və təhlükəsiz yandırılmasından ibarətdir. Bütün bu texnoloji prosesi həyata keçirmək üçün Məşəl qurğusunda 2 ədəd 100 m3- lik qaz kondensatı ayırıcısı (separator), 1 ədəd 30 m3 -lik qaz kondensatı tutumu, 4 ədəd mərkəzdənqaçma nasosu, 2 ədəd hündürlüyü 40 metr olan məşəl lüləsi, məşəl lüləsini məsafədən alışdırmaq üçün 2 ədəd alışdırıcı lövhə, ümumi texnoloji prosesi idarə etmək üçün 19 ədəd tənzimləyici klapanlardan istifadə olunmuşdur. Məşəl təsərrüfatı sahəsinin Məşəl qurğusu partlayış yanğın təhlükəsinə görə “A” tipli istehsalat kateqoriyasına, elektrik qurğuların qurulma qaydalarına (EQQQ) əsasən “B-1 r” sinfinə, sanitar xüsusiyyətlərinə görə iş prosesində zərərli və iyli məhsulların işlədilməsi ilə əlaqədar olan istehsalat proseslərin İİİB qrupuna aiddir. Məşəl qurğusunda utilizasiya olunan ГОСТ 12.1.007-76 üzrə təhlükəlilik sinfinə görə karbohidrogen tərkibli məşəl qazı - 4, qaz kondensatı - 4, hidrogen tərkibli qaz - 4 aiddir. Sadalanan xüsusiyyətlər texnoloji qurğuların (202, 305, 701 və 501) zərərlilik və təhlükəlilik dərəcəsinə aid olan göstəricilərdir. Məşəl təsərrüfatı qurğusu kiçik texnoloji qurğudur və ştat cədvəlinə əsasən işçilərin peşəsi texnoloji qurğu operatoru adlanır. Heydər Əliyev adına X4 xx.xx.2023-cü il tarixli arayışını əldə etdikdən sonra yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş, Filial tərəfindən ikinci dəfə güzəştli şərtlərlə pensiya təyinatından imtina olunmuş və bu barədə xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-37844/2023 nömrəli cavab məktubu verilmişdir. Cavabdeh orqanın imtinası əsassız hesab edilməli və xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunmalıdır. Belə ki, Heydər Əliyev adına X4 SOCAR**********812006001B00028 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək 1 nömrəli sex, 101 nömrəli qurğu, texnoloji qurğuların operatoru və xx.xx.1994-cü ildən xx.xx.1995-ci il tarixədək 1 nömrəli yağ istehsalatı, 101 nömrəli qurğu, texnoloji qurğu əməliyyatçısı - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci Siyahı) Şifrə 2130301а- 16081, Xİİ bölmənin 3-cü yarımbölməsi, xx.xx.1995-ci ildən xx.xx.1998-ci il tarixədək Təmizləmə istehsalatı, 41 nömrəli qurğunun rəisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci Siyahı) Şifrə ******* b-24091, Xİİ bölmənin 3-cü yarımbölməsi, xx.xx.2004-cü ildən xx.xx.2009-cu il tarixədək 8 nömrəli sex, məşəl təsərrüfatı sahəsi, sahə rəisi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci Siyahı) Şifrə 2130302b-24097, Xİİ bölmənin 3-cü yarımbölməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5 (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi, xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 25 nömrəli (texnoloji) sahə, rəis müavini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5 (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi zərərli peşələrdə işləmişdir. Cavabdeh orqan xx.xx.2004cü ildən xx.xx.2009-cu il tarixədək işlədiyi 8 nömrəli sex, məşəl təsərrüfatı sahəsi, sahə rəisi vəzifəsinin sözügedən siyahıda nəzərdə tutulmadığını əsas gətirərək iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Halbuki, Heydər Əliyev adına X4 xx.xx.2023-cü il tarixli, 14-2-27/2- 41/2023 saylı məktubunda da göstərilmişdir ki, məşəl təsərrüfatı qurğusu kiçik texnoloji qurğudur və ştat cədvəlinə əsasən işçilərin peşəsi texnoloji qurğu operatoru adlanır. Bundan başqa, cavabdeh iddiaçıya verdiyi güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-37844/2023 nömrəli imtina məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının qazma, neftin qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (10) 10.5.1-ci bəndində rəhbərlər və mütəxəssislər yarımbəndində (b) növbə rəisləri, qurğu rəisləri, texnoloji sexlərin rəisləri və onların müavinləri vəzifələrinin nəzərdə tutulduğu, həmin siyahıda sahə rəisi vəzifəsinin nəzərdə tutulmadığı göstərilmişdir. Heydər Əliyev adına X4 xx.xx.2022-ci il tarixli arayışından da görünür ki, iddiaçının xx.xx.2004xx.xx.2009-cu il tarixlərdə işlədiyi 8 nömrəli sex, məşəl təsərrüfatı sahəsi, sahə rəisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda (2-ci Siyahı) Şifrə 2130302b-24097, Xİİ bölmənin 3-cü yarımbölməsində əks olunmuşdur. Cavabdeh orqan isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın qazma, neftin qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (10) 10.5.1-ci bəndinə istinad edərək iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina etmişdir. Göründüyü kimi cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı qüvvəyə minənə qədər, yəni xx.xx.2004xx.xx.2007-ci il tarixədək olan dövrdə iddiaçının işlədiyi 8 nömrəli sex, məşəl təsərrüfatı sahəsi, sahə rəisi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahı üzrə (2-ci Siyahı) Şifrə 2130302b- 24097, Xİİ bölmənin 3-cü yarımbölməsinin təsir dairəsinə düşməsinə baxmayaraq, cavabdeh orqan həmin dövrü nəzərə almadan onun cəmi 11 il 6 ay 12 gün güzəştli iş stajı olması qənaətinə gəlmişdir. Halbuki, hesablama zamanı xx.xx.2004-xx.xx.2007-ci il tarixədək olan dövr də nəzərə alınmalı idi. Həmin dövrü də nəzərə alınsa iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə çalışdığı müddət 13 il 7 ay 28 gün təşkil edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın “Heydər Əliyev adına X6”nun ona dair 6 may 2022-ci il tarixli SOCAR**********81200601B00028 nömrəli arayışında xx.xx.2004-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində 8 №li sexin məşəl təsərrüfatı sahəsində sahə rəisi vəzifəsində işlədiyi qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın qazma, neftin qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (10) 10.5.1-ci bəndində neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri üzrə rəhbərlər və mütəxəssislər yarımbəndində (b) növbə rəisləri, qurğu rəisləri, texnoloji sexlərin rəisləri və onların müavinləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı işlədiyi sahə rəisi vəzifəsi yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilən vəzifələrə uyğun deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 6 ay 12 gün (xx.xx.1991-xx.xx.1998-ci il və xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8777/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, İddiaçı 60 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-8777/2023 nömrəli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti iddiaya etirazın məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi xx.xx.2021-ci il tarixindən (60 yaşı tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - xx.xx.2022-ci ilədək qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilən normaların məzmunundan görünür ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 4 element mövcud olmalıdır: 1. İddiaçının 60 yaşının tamam olması; 2. İddiaçının 25 il ümumi iş stajının mövcud olması; 3. İddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması; 4. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 60 yaşının tamam olması, 25 ildən artıq ümumi iş stajının olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmaması işin mübahisəsiz halıdır. İşin mübahisələndirilən halı iddiaçının xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilədək olan dövr ərzində işlədiyi sahə rəisi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”da nəzərdə tutulmadığından İddiaçı güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsindən ibarətdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1961-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. -Dövlət Neft Şirkətinin (SOCAR) 13 yanvar 2023-cü il tarixli, 14-2-27/2-41/2023 nömrəli “Müraciətə cavab verilməsi barədə” məktubunda bildirilmişdir ki, məşəl təsərrüfatı sahəsinə 701 nömrəli ELOU-AVT-6 (2009-cu ilə qədər istismar olunub), 202 və 305 nömrəli ELOU-AVT-2 Xam neftin ilkin emalı 501 nömrəli yağların, dizelin və kerosinin hidrogenlə təmizləmə qurğularından qoruyucu klapanlar vasitəsi ilə atılan karbohidrogen tərkibli məşəl qazların, qaz kondesatın və hidrogen tərkibli qazın (hidrogen sulfidin, separatorda qazdan kondensatın ayrılması) Məşəl qurğusunda “Texnoloji reqlament”ə əsasən utilizasiya prosesi aparılmışdır. Utilizasiya prosesi yuxarıda sadalanan tullantıların yığılması, separasiyası qazdan ayrılmış kondensatın (benzinin) əmtəəaltı çöküntü və sudan təmizlənməsi alınan benzinin mərkəzdənqaçma nasosu vasitəsi ilə əmtəə çənlərinə nəqli, qalıq qazların yandırılması üçün hər hansı məşəl lüləsinə (2 ədəd) yönəldilməsi və məşəl lüləsinə yüksək təzyiqli (P=10 atm) su buxarı, təbii və ya təsirsiz qaz (seyrəkliyi tənzimləmək üçün) verməklə tüstüsüz və təhlükəsiz yandırılmasından ibarətdir. Bütün bu texnoloji prosesi həyata keçirmək üçün məşəl qurğusunda 2 ədəd 100 kub metrlik qaz kondensatı ayırıcısı (separator), 1 ədəd 30 kub metrlik qaz kondensatı tutumu, 4 ədəd mərkəzdənqaçma nasosu, 2 ədəd hündürlüyü 40 metr olan məşəl lüləsi, məşəl lüləsini məsafədən alışdırmaq üçün 2 ədəd alışdırıcı lövhə, ümumi texnoloji prosesi idarə etmək üçün 19 ədəd tənzimləyici klapanlardan istifadə olunmuşdur. Məşəl təsərrüfatı sahəsinin məşəl qurğusu partlayış yanğın təhlükəli və zərərli obyektlər qrupuna aiddir. Məşəl təsərrüfatı sahəsinin Məşəl qurğusu partlayış yanğın təhlükəsinə görə “A” tipli istehsalat kateqoriyasına, elektrik qurğuların qurulma qaydalarına (EQQQ) əsasən “B-1r” sinifinə, sanitar xüsusiyyətinə görə iş prosesində zərərli və iyli məhsulların işlədilməsi ilə əlaqədar olan istehsalat proseslərin İİİB qrupuna aiddir. Məşəl qurğusunda utilizasiya olunan ГОСТ 12.1.007-76 üzrə təhlükəlillik sinifinə görə karbohidrogen tərkibli məşəl qazı – 4, qaz kondensatı – 4, hidrogen tərkibli qaz – 4 aiddir. Sadalanan xüsusiyyətlər texnoloji qurğuların (202,305, 701 və 501) zərərlilik və təhlükəlilik dərəcəsinə aid olan göstəricilərdir. Məşəl təsərrüfatı qurğusu kiçik texnoloji qurğudur və ştat cədvəlinə əsasən işçilərin peşəsi texnoloji qurğuların operatoru adlanır. -Dövlət Neft Şirkətinin (SOCAR) 06 may 2022-ci il tarixli “Zərərli iş şəraiti haqqında” arayışında göstərilmişdir ki, İddiaçı aşağıda göstərilən dövrlərdə qeyd olunan zərərli peşələrində çalışmışdır:- 1. xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək 1 №-li sex, 101 nömrəli qurğu, texnoloji qurğuların operatoru. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə 2130301a-16081, Xİİ bölmənin 3-cü yarımbölməsi) 2. xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək 1 nömrəli yağ istehsalatı, 101 nömrəli qurğu, texnoloji qurğu əməliyyatçısı. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə 2130301a-16081, Xİİ bölmənin 3-cü yarımbölməsi) 3. xx.xx.1995-ci ildən xx.xx.1998-ci ilədək təmizləmə istehsalatı, 41 nömrəli qurğunun rəisi. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə 2130301b-24091, Xİİ bölmənin 3-cü yarımbölməsi) 4. xx.xx.2004-cü ildən xx.xx.2009-cu ilədək 8 nömrəli sex, məşəl təsərrüfatı sahəsi, sahə rəisi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə 2130302b-24097, Xİİ bölmənin 3-cü yarımbölməsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.05.(Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi) 5 xx.xx.2015-ci ildən xx.xx.2021-ci ilədək 25 nömrəli (texnoloji) sahə, rəis müavini. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5. (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi. QEYD: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarının Xİİ bölməsinin 3-cü yarımbölməsi, 2130301a-16081 kodu ilə təsdiq olunmuş texnoloji qurğuların operatoru peşəsi Heydər Əliyev adına X3 mövcud ştat cədvəlində olan texnoloji qurğu əməliyyatçısı peşələri ilə eynilik təşkil edir. -İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının notarial qaydada tərcümə edilmiş surətinə əsasən, iddiaçı xx.xx.1978-xx.xx.1983-cü il tarixlərində Azərbaycan Politexnik İnstitutunda təhsil, xx.xx.1983-cü il tarixdə “Nord” Elmi-İstehsalat Birliyinin 240 saylı şöbəsinə mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü ildə “Nord” Elmi-İstehsalat Birliyinin təcrübə-sənaye zavodunun 102 saylı şöbəsinə mühəndistexnoloq vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə yeni əmək haqqı şərtlərinə keçirilməsi ilə əlaqədar olaraq 3-cü kateqoriyalı mühəndis-texnoloq vəzifəsinə təyin edilmiş, xx.xx.1989cu ildə yeni əmək haqqı şərtlərinə keçirilməsi ilə əlaqədar olaraq 3-cü kateqoriyalı mühəndis-texnoloq vəzifəsinə təyin edilmiş, xx.xx.1990-cı ildə 3-cü kateqoriyalı mühəndistexnoloq vəzifəsinə köçürülmüş, xx.xx.1991-ci ildə Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin “5” bəndinə əsasən “Azərneftyağ” BNEZ-na köçürülməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1991-ci ildə 1 saylı texnoloji sexə “Nord” Elmi-İstehsalat Birliyindən köçürülmə yolu ilə 5-ci kateqoriya texnoloji qurğuların operatoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü ildə 1 nömrəli yağ istehsalatı, 101 nömrəli qurğu, texnoloji qurğu əməliyyatçısı, xx.xx.1995-ci ildə təmizləmə istehsalatı, 41 nömrəli qurğunun rəisi, xx.xx.2004-cü ildə 8 nömrəli sexin məşəl təsərrüfatı sahəsinə 12-ci dərəcəli vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci ildə həmin sexdə məşəl təsərrüfatının sahə rəisi (13-cü dərəcəli) vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci ildə zavodun 8 saylı (çirkab suların təmizlənməsi) sexinin məşəl təsərrüfatı sahəsində 13-cü dərəcəli sahə rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2009-cu ildə zavodun idarə aparatının istehsalat şöbəsində 14-cü dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2009-cu ildə istehsalat-texniki şöbədə 14-cü dərəcəli mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2013-cü ildə 15-ci dərəcə təyin edilmiş, xx.xx.2015-ci ildə əmək müqaviləsi ləğv olunmuş, xx.xx.2015-ci ildə zavodun idarəetmə aparatında istehsalat şöbəsinə 15-ci (on beş) dərəcəli istehsalatın hazırlanması üzrə aparıcı mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.2015-ci ildə 25 nömrəli (texnoloji) sahənin rəis müavini vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci ildə xam neftin ilkin emalı üzrə 6 nömrəli istehsalatın sahə rəhbərliyi 13-cü (on üç) dərəcəli böyük mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il hal-hazıradək işləyir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqe ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti iddiaya verilən etirazla eyni məzmunda tərtib edilmişdir. Apellyasiya şikayətinin və iddiaya etirazın əsas dəlili iddiaçının xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilədək olan dövr ərzində işlədiyi sahə rəisi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığından iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsindən ibarətdir. Halbuki, iş materiallarına əsasən iddiaçının müraciəti əsasında cavabdeh inzibati orqan tərəfindən güzəştli iş stajına əlavə edilməyən dövr xx.xx.2004-xx.xx.2009-cu ilədək olan dövrdür. İddiaçıya yuxarıda göstərilən dövr üzrə xx.xx.2004-cü il tarixdən 23 yanvar 2007-ci il tarixədək güzəştli iş stajının müəyyən olunub-olunmaması üçün Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” tətbiq edilməlidir. İddiaçının həmin dövr ərzində işlədiyi və sosial sığorta ödənişləri etdiyi zaman Nazirlər Kabinetinin yuxarıda adıçəkilən qərarı ilə təsdiq edilmiş siyahısı qüvvədə idi. Apelyasiya şikayətinin qeyd olunan dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi xx.xx.2004-xx.xx.2009-cu ilədək olan dövr üzrə, xx.xx.2004-cü il tarixdən 23 yanvar 2007-ci il tarixə kimi, yəni “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilənə kimi, 3 il 1 ay 16 günlük müddət üçün Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” tətbiq edilməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilən siyahı isə xx.xx.2007-ci il tarixdən sonrakı dövrə aid edilməlidir. Belə ki, iş materiallarında olan Dövlət Neft Şirkətinin (SOCAR) 06 may 2022-ci il tarixli arayışında iddiaçının xx.xx.2004-xx.xx.2009-cu il tarixləri arasındaki dövr ərzində işlədiyi 8 nömrəli sex, məşəl təsərrüfatı sahəsi, sahə rəisi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarının Xİİ bölməsinin 3-cü yarımbölməsi, 2130301a-16081 kodu ilə təsdiq olunmuş texnoloji qurğuların operatoru peşəsi Heydər Əliyev adına X3 mövcud ştat cədvəlində olan texnoloji qurğu əməliyyatçısı peşələri ilə eynilik təşkil edildiyi qeyd edilmişdir. xx.xx.2007-ci ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 saylı Siyahısının Xİİ bölməsinin 3-cü yarımbölməsi, 2130301a-16081 kodu ilə təsdiq olunmuş texnoloji qurğuların operatorları peşəsi zərərli iş kimi nəzərdə tutulmuşdur. Belə olan halda iddiaçının sahə rəisi peşəsində işlədiyi xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilədək olan dövr (2 il 1 ay 14 gün) iddiaçının güzəştli iş stajına əlavə edildikdə iddiaçının güzəşli iş stajı 12 il 6 aydan çox təşkil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. -23.1-ci maddəsinə əsasən inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan apellyasiya şikayətində iddiaçının tələbinin təmin edilməməsi istiqamətində dəlilləri sadalamaqla kifayətlənmiş, iddiaçının təqdim etdiyi sübutların əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırki işdə cavabdeh imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8777/2023 saylı, 15 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-725/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-725/2024
09.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver