Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-726/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6700/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 52 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyası hüququnun yarandığı həmin vaxtdan ödənilməyən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilə qədər tələbləri əsasında hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1965-ci ildə dünyaya gəlmişdir. xx.xx.1983-cü il tarixdə "xxxx" zavodunda 2-ci dərəcəli çeşidləyici vəzifəsinə qəbul edilmişdir. xx.xx.1993-cü ildə İstehsalat Laboratoriyasında fəhlə işləmişdir. xx.xx.1993-cü il tarixdə İstehsalat Laboratoriyasında laborant keçmişdir. xx.xx.2001-ci il tarixdə işləmiş olduğu vəzifədən azad olmuşdur. xx.xx.2001-ci il tarixdə "xxxx" zavodunun adı dəyişdirilərək "xxxx" ASC olmuşdur. xx.xx.2001-ci il tarixdə yenidən laborant vəzifəsinə keçmişdir. Beləliklə də iddiaçı hazırda həmin vəzifədə çalışır. "xxxx" ASC tərəfindən DSMF-nin Binəqədi rayon şöbəsinə ünvanlanan xx.xx.2020-ci il tarixli məktubunda da iddiaçının həmin ASC-nin İstehsalat Laboratoriyasında 26 ildən artıq işləməyi öz əksini tapmışdır. Güzəşli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə yazılı şəkildə məktub ünvanlamışdır. Cavabdeh tərəfindən verilmiş olan güzəştli şərtlərlə pensiya verilməsindən imtina haqqında cavabda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsaslanmışdır. Bildirilmişdir ki, əmək kitabçasında göstərilən çeşidləyici, köməkçi, fəhlə, laborant və nümunə götürən vəzifələri xx.xx.2007- ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında belə bir vəzifələrin nəzərdə tutulmadığı bildirilmişdir. Bundan əlavə pensiya kapitalının 26765 manat təşkil etməsi bildirilmiş, bununla da ona imtina verilmişdir. Verilmiş imtina qanunsuz və əsasssızdır. İddiaçının cavabdehin ünvanına müraciət etdiyi xx.xx.2020-ci il tarixdə 55 yaşı tamam olmuşdur. Bundan əlavə cavabdehin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini əsas tutması qanunsuzdur. İddiaçının xx.xx.2017-ci il tarixə qədər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində qadınlar üçün minimum yaş həddi 52 göstərilmişdir. Onun güzəştli şərtlərlə pensiya təyin olunması yaşı xx.xx.2017-ci il tarixdə 52 olmuşdur. xx.xx.2017-ci il tarixə qədər 33 il sığorta stajına malik olmuşdur. Qanunda nəzərdə tutulan 10 ildən çox, yəni 26 ilini əmək şəraiti ağır olan işlərdə çalışmışdır. xx.xx.2017-ci il tarixə qədər həmin Qanunun 9.1-ci maddəsində fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sözüdə olmamışdır. Cavabdehin imtina cavabında göstərilən digər bir hal isə xx.xx.1983cü il tarixli əmək kitabçasında göstərilən çeşidləyici, köməkçi, fəhlə, laborant və nümunə götürən vəzifələri xx.xx.2007-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında olmaması qeyd edilib. İddiaçının çalışmış olduğu laboratoriyada Sulfat turşusu, sarı qan duzu, fosfat turşusu, Metil spirti, anilin, Fenolftolin, pereqdedrol, yod, Xlorid turşusu, Şavelov kislota, Barim xlor, Trilon B, mor duzu, Mis sulfat, amonium xlorid, natrium sulfat, Xrom kaliy, sulfat maqniya, bromidbromat kimi kimyəvi reaktivlərin hazırlanması və işlədilməsi həyata keçirilmişdir. Laboratoriyalarda xüsusi kimyəvi maddələrlə məşğul olmuş və laboratoriyada qeyd edilən maddələrdə çalışmışdır. Cavabdehin qeyd etdiyi həmin vəzifələrin sözügedən Nazirlər Kabinetinin Qərarında olmaması tam əsassızdır və bu hal həmin Qərarın 8.1-ci maddəsində aydın şəkildə öz əksini tapmışdır. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, iş üzrə icraat materiallarına əlavə edilmiş 05 oktyabr 1983-cü il tarixli əmək kitabçasında İddiaçı xx.xx.1983-cü il tarixdən indiyədək müxtəlif vəzifələrdə işlədiyi qeyd olunmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və "xxxx" ASC-nin arayışından görünür ki, iddiaçının işlədiyi vəzifələr istinad olunan Siyahıda öz əksini tapmamış, iddiaçının işlədiyi müəssisə tərəfindən işin xarakteri haqqında arayış verilməsinə baxmayaraq, həmin arayışda istinad olunan Siyahının müvafiq bəndi göstərilməmişdir. İddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan islərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də isin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının güzəştli is stajı kifayət qədər olmadığı üçün ona güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və bu səbəbdən də cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6700/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün xx.xx.2006-cı ilədək qanunvericiliklə tələb olunan güzəştli iş stajı mövcud olmamışdır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, onun güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan 52 yaşı xx.xx.2017-ci il tarixdə tamamlanmışdır. xx.xx.2017-ci il tarixə qədər 33 il sığorta stajına malik olmuşdur. Qanunda nəzərdə tutulan 10 ildən çox yəni 26 ilini əmək şəraiti ağır olan işlərdə çalışmışdır. Onun çalışmış olduğu laboratoriyada Sulfat turşusu, sarı qan duzu, fosfat turşusu, Metil spirti, anilin, Fenolftolin, pereqdedrol, yod, Xlorid turşusu, Şavelov kislota, Barim xlor, Trilon B, mor duzu, Mis sulfat, amonium xlorid, natrium sulfat, Xrom kaliy, sulfat maqniya, bromidbromat kimi kimyəvi reaktivlərin hazırlanması və işlədilməsi həyata keçirilmişdir. Həmin vəzifələr sözügedən Nazirlər Kabinetinin qərarında öz əksini tapmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının güzəştli iş stajına malik olmadığı və yetərli pensiya kapitalının olmadığını əsas gətirməklə müraciətinin təmin edilməsindən imtina etmişdir. Hazırkı iş üzrə iddiaçı cavabdehin imtinasını əsassız hesab edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 18 dekabr 2020-ci il tarixli, **********4 nömrəli imtina məktubu almışdır. İddia mümkün idda olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; - 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. Əmək kitabçası; 3.2.2. Əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; - 4.1.9. Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; - 4.1.11. 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Sadalanan qanunvericilik normalarının təhlilindən göründüyü kimi, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmalı; 2. qadınlar 55 yaşına çatmalı; 3. qadınların azı 20 il sığorta stajı olmaqla, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İddiaçının müəyyən olunmuş yaş həddinə çatması və xx.xx.2006-cı il tarixədək ümumi iş stajına malik olması işin mübahisəsiz halıdır. İddiaçı xx.xx.1965-ci il təvəllüdlü olmaqla 52 yaşı xx.xx.2017-ci il tarixdə tamamlamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.1983-cü il tarixli, Б 699449 nömrəli diplomun surətinə əsasən X1 xx.xx.1982-ci ildə Bakı şəhəri 25 nömrəli Texniki məktəbinə daxil olmuş və xx.xx.1983-cü ildə ilkin şərab emalı və şirə istehsalı üzrə usta peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. Həmçinin, işdə olan iddiaçıya məxsus xx.xx.1983-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildə "xxxx" zavodunda şüşə qablar sexinə 2-ci dərəcəli çeşidləyici vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü ildə istehsalat laboratoriyasına 2-ci dərəcə fəhlə qəbul edilmiş, xx.xx.1993-cü ildə laboratoriyaya laborant keçirilmiş, xx.xx.2001-ci ildə işdən azad edilmişdir. xx.xx.2001-ci ildə laboratoriyada laborant vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək təhsil dövrü 10 ay 23 gün, əmək fəaliyyəti dövrü xx.xx.1983-xx.xx.2001-ci ilədək 17 il 09 ay 06 gün, xx.xx.2001-xx.xx.2006-cı ilədək 4 il 06 ay olmaqla xx.xx.2006-cı ilədək tələb olunan ümumi iş stajı 23 il 01 ay 29 gün təşkil edir. İşin mübahisəli halı iddiaçının kifayət qədər güzəştli iş stajına malik olub-olmaması ilə bağlıdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-703/20 nömrəli İcmal Məktubunda göstərilmişdir ki, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-nin 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirilməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır”. İddiaçı apellyasiya şikayətində "xxxx" ASC-də işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 8-ci bölməsində nəzərdə tutulmuş peşə və vəzifələrlə eynilik təşkil etdiyini qeyd etsə də məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlili ilə razılaşmır. Belə ki, iddiaçı hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə aid olduğu sahə, icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. İş üzrə araşdırma zamanı "xxxx" ASC tərəfindən təqdim edilmiş güzəştli arayışlarda iddiaçının "xxxx" zavodunda İstehsalat laboratoriyasında laborant və digər vəzifələrdə işlədiyi dövrdə spirtlər, onların törəmələri olan stirol, kimyəvi reaktivlərlə işlədiyindən həmin peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş siyahıda kod-1080A010 əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verdiyini bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №li siyahısı”nda 10800000 Vİİİ. Kimya istehsalatı bölməsində 1080A00—17541 A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri kodu altında müxtəlif kimyəvi maddələr və reaktivlərin adları sadalanmışdır. Hamıya bəlli olan haldır ki, kimya istehsalatı dedikdə kimyəvi maddələrin kimya müəssisələrində, neft kimya sənayesində xammal kimi hazırlanması başa düşülür. "xxxx" zavodunun əsas fəaliyyət sahəsi spirtli içkilərin hazırlanması ilə bağlı olduğundan kimya müəssisəsi və ya neft kimya sənayesi sahəsi hesab olunmur. Spirtli içkilərin hazırlanmasında kimya müəssisələrindən istehsal edilmiş hazır şəkildə təqdim edilən kimyəvi maddələrdən istifadə edilməsi, kimyəvi reaktivlərin işlədilməsi mümkündür, lakin həmin sahə heç bir halda bilavasitə kimyəvi maddələrin istehsalı, emalı kimi qəbul edilmir. Başqa sözlə, iddiaçının qeyd edilən "xxxx" zavodunda istehsalat laboratoriyasında işlədiyi vəzifələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına əsas vermir. Spirtli içkilərin istehsalı sahəsi Yeyinti sənayesinə aid edilir ki, adı çəkilən siyahıda 22400000 XXİİ. Yeyinti sənayesi adlanan bölmədə iddiaçının işlədiyi vəzifələrə uyğun zərərli peşə nəzərdə tutulmamışdır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının xx.xx.2006-cı il tarixinə azı 10 il xüsusi (zərərli) stajı mövcud olmadığı müəyyən olunduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuş və iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmamışdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6700/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-726/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-726/2023
19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver