Məhkəmə qərarları › İş №2-1(103)-727/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-727/2021

29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-727/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Mənzil X1rşı “güzəştli mənzil əldə etməklə bağlı elektron kabinetin verilməsi üçün sənədlərinin qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mənzil X1rşı “güzəşti mənzil əldə etməklə bağlı elektron kabinetin verilməsi üçün sənədlərimin qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5215/2020 saylı 19 oktyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 29 sentyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür. NZ seriyalı ******* saylı 11.04.1985-ci il tarixli hərbi biletdən və vətəndaşın hərbi xidmət keçməsi barədə 25.08.2020-ci il tarixli elektron arayışdan görünür ki, İddiaçı 06.06.1985-ci il tarixdən 22.05.1987-ci il tarixə kimi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 08.09.1983-cü il tarixli əmək kitabçasından görünür ki, o, 1984-cü ildən əmək fəaliyyətinə başlamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 89ş/h saylı 13.01.2002-ci il tarixli əmrindən çıxarışdan görünür ki, iddiaçı daxil işlər orqanından öz arzusu ilə xidmətdən xaric edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin 17 iyul 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı 07.12.1992-ci ildən 14.01.2002-ci ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yanğından mühafizə orqanlarında xidmət etmişdir. Xaric olunduğu vaxt onun xidmət müddəti (həqiqi hərbi xidmət müddəti nəzərə alınmaqla) təqvimi hesablama ilə 11 il 01 ay 01 gün, imtiyazlı hesablama ilə 15 il 05 ay 25 gün təşkil edir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 24 iyul 2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyin X6 Xidmətinin Yanğına qarşı mülki müdafiə və səfərbərlik işi şöbəsinin yanğınsöndürmə qərargahı rəisisinin səfərbərlik işi üzrə böyük köməkçisi-səyyar rabitə qovşağının rəisi İddiaçı fövqəladə hallar orqanlarında xidmət müddəti 13 il 05 ay 13 gün, güzəştli xidmət müddəti 4 il 4 ay 24 gün olmaqla, xidmət müddəti cəmi 17 il 10 ay 17 gün təşkil edir. İddiaçı “Güşəztli mənzil” sistemində qeydiyyata alınaraq elektron kabinetin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin edilməsindən imtina etmişdir. Belə ki, iddiaçıya ünvanlanmış 04/12/649-Ş/16 saylı 14.08.2019-cu il tarixli məktubdan qeyd edilmişdir ki, aparılmış araşdırma nəticəsində iddiaçının 08.08.2019-cu il tarixə dövlət qulluğunun xüsusi növündə xidmət dövrünün 14 il 05 ay 22 gün təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Fövqəladə hallar orqanları əməkdaşlarının xidmət illərinin və bununla əlaqədar onlara verilən fasiləsiz xidmət illərinə görə haqqın hesablanması Qaydası”nın 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası normativ hüquqi aktları ilə hüquq mühafizə və hərbi orqanlarda qulluq (xidmət) illərinin güzəştli şərtlərlə hesablanması halları yalnız fövqəladə hllar orqanlarında xidmət illərinə görə əlavənin ödənilməsi üçün xidmət illərinin hesablanmasında nəzərə alınır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mənzil X5 hazırki iddia ilə məhkəməyə müraciət edərək, Daxili İşlər Nazirliyinin yanğından mühafizə orqanlarında, zamanında hüquq qazandığı 11 il 01 ay 01 gün təqvimlə və 4 il 04 ay 24 gün imtiyazlı (güzəştli) hesablama ilə, ümumilikdə 15 il 05 ay 25 gün xidmət müddətini, qanunun birbaşa göstərişinə əsasən 10.03.2016-cı il tarixdən fövqəladə hallar orqanlarındakı xidmət illərinə daxil edilib və 16 aprel 2020-ci il tarixinə 15 il 02 ay 07 gün təqvimlə, 4 il, 04 ay, 24 gün imtiyazlı (güzəştli) hesablama ilə ümumilikdə 19 il 7 ay 0 gün ümumi xidmət (qulluq) illərinin olmasını müəyyən edib və bu illərin eyni zamanda qanunla dövlət qulluğunun xüsusi növündə olan xidmət (qulluq) illərinin sayılmasını nəzərə alaraq, Azərbaycan Respublikasının Mənzil X3 sərəncamında olan mənzillərdən güzəştlə əldə etmək “Güzəştli Mənzil” sistemində elektron kabinetinin, verilməsi üçün sənədlərinin qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 10 iyul 2019-cu il tarixdə 3 saylı Bakı "ASAN xidmət" mərkəzində "Güzəştli Mənzil” sistemində elektron kabinetinin verilməsi üçün müraciət etmiş, lakin şifahi şəkildə ona dövlət qulluğun xüsusi növündə xidməti təqvim ili ilə 15 ildən az olduğuna görə sənədlərinin qəbul oluna bilməməsi bildirilmişdir. 06.06.1985-ci il tarixdən 22.05.1987-ci il tarixədək 631 nömrəli Qərarının 1 -ci və 10-cu bəndlərinə əsasən həqiqi hərbi xidmətdə olduğu müddət təqvim hesablama ilə; 07.12.1992-ci il tarixdən 01.05.1997-ci il tarixədək 631 nömrəli Qərarının 2- ci bəndin “b” yarımbəndində göstərilən “Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət müddəti” xidmətin bir ayı iki ay sayılmaqla uzun müddət xidmətə imtiyazlı (güzəştli) hesablama ilə daxil edilmişdir. Təqvim və imtiyazlı (güzəştli) hesablama ilə daxil edilən əlavə xidmət (qulluq) illəri (iş stajı), sözügedən normativ hüquqi aktların həmin müddəaları, qüvvədə olduğu zaman qazanılmışdır və ona görə də yanğından mühafizə orqanlarındakı xidmət illərinə daxili işlər nazirinin əmri ilə daxil edilmişdir. İstinad olunan maddi hüquq normanın tələbindən görünür ki, qeyd edilən təqvim və imtiyazlı (qüzəştli) hesablama ilə hesablanan əlavə müddət fövqəladə hallar orqanlarındakı xidmət (qulluq) illərinə (iş stajına) daxil edilib hesablanmalıdır. Qanunvericilikdə, və daxili işlər nazirinin əmrində qeyd edilən dövrün xidmət müddətinə (iş stajına) daxil edilməsi barədə konkret göstəriş olduğundan o, bu hüquqdan məhrum edilə bilməz. Habelə, onun təqvim və imtiyazlı (qüzəştli) hesablama ilə hesablanan xidmətinin əlavə müddəti, dövrün qanunvericiliyinə görə həmin dövr artıq onun xidmət müddətinin (iş stajı) hesab edilir. Hazırda o, 10.03.2016-cı il tarixdən bugünədək Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziliyinin, X6 Xidmətinin, Yanğına Qarşı Mülki X2rşı mülki müdafiə və səfərbərlik iş şöbəsinin yanğınsöndürmə qərargahı rəisinin səfərbərlik işi üzrə böyük köməkçisi-rabitə qovşağının rəisi vəzifəsində yenidən xidmətini davam etdirir. Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikası Qanununun 19.1-ci bəndinə əsasən Məhkəmə, prokurorluq və hüquq mühafizə orqanlarından və Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən fövqəladə hallar orqanlarına xidmətə qəbul edilmiş şəxslərin xidmət illəri fövqəladə hallar orqanlarında xidmət illərinə daxil edilir. Qeyd olunan Qanunun 19.1. bəndinin birbaşa göstərişinə əsasən Daxili İşlər Nazirliyinin əmrində və əmək kitabçasında qeyd edilən Daxili İşlər Nazirliyinin yanğından mühafizə orqanlarındakı xidmət müddəti, həqiqi hərbi xidmətlə birgə 11 il 01 ay 01qün təqvimlə və 4 il 04 ay 24 qün imtiyazlı (güzəştli) hesablama ilə, yəni ümumi hesablama ilə 15 il 05 ay 25 gün zamanında hüquqla qazandığı xidmət illəri (is stajı) 10.03.2016-cı il tarixdən fövqəladə hallar orqanlarındakı xidmət illərinə daxil edilir. Hüquq qazandığı qeyd etdiyi ümumi hesablama ilə 15 il 05 ay 25 gün xidmət illərinin (iş stajının) 10.03.2016-cı il tarixdən fövqəladə hallar orqanlarındakı xidmət illərinə daxil edilməməsi və bu xidmət müddətini dövlət qulluğun xüsusi növündə olan xidmət (qulluq) illəri kimi sayılmaması qanun pozuntusudur. Hazırda isə fövqəladə hallar orqanlarında xidmət müddəti 10.03.2016-cı il tarixdən 16 aprel 2020-ci il tarixədək təqvim hesablaması ilə 4 il 1ay 6 gündür. 11 il 01 ay 01 gün təqvimlə, 4 il 04 ay 24 gün imtiyazlı (güzəştli) hesablama ilə xidmət müddətini qanunvericiliyin tələbinə görə 10.03.2016-cı il tarixdən fövqəladə hallar orqanlarında xidmət illərinə daxil edəndə müəyyən olunur ki, 16 aprel 2020-ci il tarixə 15 il 02 ay 07 gün təqvimlə, 4 il 04 ay 24 gün imtiyazlı (güzəştli) hesablama ilə ümumi isə 19 il 7ay 0 gün fövqəladə hallar orqanlarında xidmət (qulluq) illəri var. Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikası Qanununun 1.1-ci bəndinə görə Fövqəladə hallar orqanlarında xidmət dövlət qulluğunun xüsusi növü sayılır. Yəni, 16 aprel 2020-ci il tarixinə 15 iİ 02 ay 07 qün təqvimlə, 4 il 04 ay 24 gün imtiyazlı (güzəştli) hesablama ilə, ümumi isə 19 il 7 ay 0 gün fövqəladə hallar orqanlarında xidmət müddətim sayıldığı kimi, eyni qaydada da 16 aprel 2020-ci il tarixə 15 il 02 ay 07 gün təqvimlə, 4 il 04 ay 24 gün imtiyazlı (güzəştli) hesablama ilə ümumi isə 19 il 7ay 0 gün dövlət qulluğunun xüsusi növündə də xidmət (qulluq) illəri sayılır. Hətta, Fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Fövqəladə hallar orqanları əməkdaşlarının xidmət illərinin və bununla əlaqədar onlara verilən fasiləsiz xidmət illərinə görə haqqın hesablanması Qaydası”-nın 2 nömrəli əlavəsinin 2.1.10, 2.4. və s. bəndlərinin tələblərinə əsasən təqvim və imtiyazlı (güzəştli) xidmət illərinə görə də ümumi 15 il 05 ay 25 gün 10.03.2016-cı il tarixdən fövqəladə hallar orqanlarındakı xidmət illərimə daxil edilir və bu xidmət illərinə görə əlavələr ödənilir. Cavabdehin etirazı: İş üzrə cavabdeh Azərbaycan Respublikasının Mənzil X9 tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı iddia ərizəsində malik olduğu iş stajına SSRİ Silahlı Qüvvələrində xidmət etdiyi müddətli həqiqi hərbi xidmət illərinin nəzərə alınmalı, eləcə də 1992-ci il tarixindən 1997-ci il tarixinə qədər Daxili İşlər Nazirliyinin Yanğın Təhlükəsizliyi Xidmətində qulluq etdiyi dövrün imtiyazlı müddət kimi hesablanmalı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nın 3.2-ci bəndi ilə müəyyən olunmuş kateqoriyadan olan şəxslər güzəştli şərtlərlə mənzil əldə etmək hüququndan yararlana bilər. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil X3 sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 2.1-ci bəndinin mahiyyətindən də eyni məna irəli gəlir. İpoteka kreditinin verilməsi Qaydasının 3.2.3-cü yarımbəndinə əsasən “ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs” də bu imkandan istifadə etmək hüququna malikdir. Normadan göründüyü kimi, müraciət anına müvafiq vəzifə üzrə statusu daşıma vacib amildir. İddiaçının xidmət etdiyi müddətli həqiqi hərbi xidmət illəri zamanı onun yalnız hərbi rütbə daşıması mümkündür. Lakin o, dövlət qulluğunun xüsusi növündə yalnız xüsusi rütbə daşımışdır/daşımalıdır. İddia ərizəsində özünün istinad etdiyi “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 19.1 -ci maddəsinin ikinci cümləsi tam olaraq qeyd edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən fövqəladə hallar orqanlarına xidmətə qəbul edilmiş şəxslərin daşıdıqları xüsusi (hərbi) rütbələrin nəzərə alındığı məqam aydınlaşdırılmamışdır. Qanunun müvafiq normasının tələbindən aşkar şəkildə görünür ki, xüsusi (hərbi) rütbələrin nəzərə alınması Silahlı Qüvvələrdə xidmət illərinin dövlət qulluğunun xüsusi növü olduğunu ehtiva edir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə də müəyyən olunur ki, hərbi xidmət dövlət qulluğunun xüsusi növüdür. Sadəcə iddiaçının hazırkı statusunu tənzimləyən qanunun 19.1-ci maddəsində xüsusi (hərbi) rütbədən söhbət gedir. Fəaliyyəti tənzimləyən mənzillərin əldə edilməsi Qaydası və ipoteka kreditinin verilməsi Qaydasının məzmununa görə isə dövlət qulluğunun xüsusi növündə xidmət etmə dedikdə, hərbi xidmət illəri istisna təşkil etməlidir. Çünki xüsusi rütbə daşıma məsələsi yalnız dövlət qulluğunun digər xüsusi növləri üçün aktualdır. Digər məsələ ondan ibarətdir ki, ipoteka kreditinin verilməsi Qaydasının 3.2.4-cü yarımbəndi ilə ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla) kateqoriyası ayrıca müəyyən olunur. Həmin normada məhdudiyyət və qadağalar konkret olaraq ayırd edilmişdir. Belə nəticə çıxır ki, əlavə üstünlük nəzərdə tutulsaydı, sözügedən (iddiaçı tərəfindən mübahisələndirilən) kateqoriya üzrə də qeyd-şərt əksini tapardı. Eyni zamanda imtiyazlı (güzəştli) xidmət illəri əmək pensiyası təminatı və sosial müdafiə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar münasibətlərdə keçərlidir. Mənzil-məişət tələbatının təmin edilməsi isə tamam başqa məfhumdur. Azərbaycan Respublikası Konstitusiyasında da hər iki hüquq (sosial təminat hüququ; mənzil hüququ) ayrılıqda tənzimlənir. Əgər iddiaçı pensiyaya çıxsa və ya onun dövlət qulluğunun xüsusi növündə xidmət keçməsinə xitam verilsə, o, həmin kateqoriyaya aid edilməyəcək. Belə ki, yuxarıda da bildirildiyi kimi, bu kateqoriya üzrə status indiki zaman ərzində işləyən şəxslər dairəsinə şamil olunur. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun qurumu yaranmamışdan öncə tətbiq etdiyi steriotiplər fəaliyyətdə rəhbər tutulur. Yəni bu, presedent kimi əvvəlcədən möhkəmlənmiş qaydadır. Əlavə olaraq qeyd edirlər ki, iddiaçının yazılı müraciətlərinə cavab deyil, məhz onun barəsində elektron kabinetin verilməsi və ya elektron kabinetin verilməsindən imtina qərarı inzibati akt hesab olunur. Belə olan təqdirdə iddiaçı yalnız inzibati aktı mübahisələndirməlidir. Onun elektron qaydada müraciətinə əlavə etdiyi sənədlərdən biri olan əmək kitabçasından da aydın olur ki, dövlət qulluğunun xüsusi növündə (xüsusi rütbə daşıyan) vətəndaş kimi 15 il stajı tamam olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5215/2020 saylı 19 oktyabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin olunmaması qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil X3 sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydasının 2.1-ci bəndinə əsasən mənzilləri güzəştlə əldə etmək hüququ Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.2-ci bəndində nəzərdə tutulmuş şəxslərə məxsusdur. İstinad olunan Qaydaların 3.2.3.bəndinin tələbinə müvafiq olaraq ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs qeyd olunan imkanlardan istifadə etmək hüququna malik olması ilə şərtləndirir. İddiaçının xidmət etdiyi müddətli həqiqi hərbi xidmət illəri zamanı onun yalnız hərbi rütbə daşıması ilə mümkündür. Lakin o, dövlət qulluğunun xüsusi növündə yalnız xüsusi rütbə daşımalıdır. Məhkəmə tərəfindən bu cür yanaşma onu göstərir ki, Dövlət qulluğu haqqında Azərbaycan Respublikasın Qanunu 2.3. bəndinin tələbləri nəzərə alınmamışdır. Qanunun 2.3 bəndinə əsasən Prokurorluq, ədliyyə, milli təhlükəsizlik, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Yəni, xüsusi rütbəli və ya hərbi rütbəli şəxs olmasından asılı olmayaraq, qeyd olunan hərbi və ya xüsusi orqanlarında qulluq, qeyd olunan Qanuna əsasən dövlət qulluğunun xüsusi növü sayılır. Məhkəmənin isə yuxarıda qeyd etdiyi, dövlət qulluğunun xüsusi növündə yalnız xüsusi rütbə daşımalıdır fikri göründüyü kimi, Qanuna ziddir. O, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın Əlavə 2, (ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;) xidmət müddətin həqiqi hərbi xidmətlə, təqvimlə və ya güzəştli illərin sayılmaması ilə bağlı məhdudiyyət olmadan, istisnasız qeyd olunan 3.2.3. yarımbəndinin tələbinə əsasən müraciət etmişdir. Onun əmək kitabçasına əsasən Daxili İşlər Nazirliyinin yanğından mühafizə orqanlarında, 11 il 01 ay 01 gün təqvimlə, imtiyazlı (güzəştli) hesablama ilə ümumi isə 15 il 05 ay 25 gün təşkil edir. Yəni, qeyd edilən xidmət illəri Daxili İşlər Nazirliyinin yanğından mühafizə orqanlarındakı xidmət illərinə əmrlə daxil edilimişdir və əmək kitabçasında da bu barədə qeydlər aparılmışdır. Amma məhkəmə (7-ci səh.) öz qərarında qanunvericiliyə zidd olaraq, təqvim hesablama ilə 11 il 01ay 01 günü (hərbi xidmətdə olduğum illəri çıxmaqla), 9 il 1 ay 7gün hesablamışdır. İmtiyazlı (qüzəştli) hesablama ilə hesablanan xidmət müddətini isə məhkəmə qərarda (7-ci səh.) qeyd edir ki, qanunvericiliyin tələbi baxımından onun hazırki tələbi ilə bağlı xidmət illəri təqvimlə hesablanmalı olduğundan, imtiyazlı illərin hesablanması qaydası tətbiq edilə bilməz. Eyni zamanda məhkəmə qərarında səhvə yol verilərək, onun cavabdeh orqana qarşı tələbi, pensiyanın yenidən hesablanması tələbi, şəxsiyyət məlumatları və yaşadığı ünvan 08.02.2007-ci il tarixli AZE №-05628642 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 19.02.1953-cü ildə Ağcabədi şəhərində rayonunda anadan olmuş, hal-hazırda ünvan 3 ünvanda pasport qeydiyyatındadır, eyni zamanda onun 1984-cü ildə əmək fəaliyyətinə başlaması qeyd edilmişdir. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X10 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mahiyyəti ilə bağlı hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mənzil X1rşı tələbi Daxili işlər Nazirliyinin yanğından mühafizə orqanlarında, zamanında hüquq qazandığı 11 il 01 ay 01 gün təqvimlə və 4 il 04 ay 24 gün imtiyazlı (güzəştli) hesablama ilə, ümumilikdə 15 il 05 ay 25 gün xidmət müddətini, qanunun birbaşa göstərişinə əsasən 10.03.2016-cı il tarixdən fövqəladə hallar orqanlarındakı xidmət illərinə daxil edilib və 16 aprel 2020-ci il tarixinə 15 il 02 ay 07 gün təqvimlə, 4 il 04 ay,24 gün imtiyazlı (güzəştli) hesablama ilə ümumilikdə 19 il 7 ay 0 gün ümumi xidmət (qulluq) illərinin olmasını müəyyən edib və bu illərin eyni zamanda qanunla dövlət qulluğunun xüsusi növündə olan xidmət (qulluq) illərinin sayılmasını nəzərə alaraq, Azərbaycan Respublikasının Mənzil X3 sərəncamında olan mənzillərdən güzəştlə əldə etmək “Güzəştli Mənzil” sistemində elektron kabinetinin, verilməsi üçün sənədlərinin qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən iddiaçının 08.08.2019-cu il tarixinə dövlət qulluğunun xüsusi növündə xidmət dövrünün 14 il 05 ay 22 gün olması səbəbindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş arayışların və əmək kitabçasının təhlil edilməsi zaman iddiaçının dövlət qulluğunun xüsusi növündə qulluq etdiyi müddətin 15 ilə tamamlanmamasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının dövlət qulluğunda işləməsi faktı deyil, yalnız onun dövlət qulluğunda 15 il stajının olmaması mübahisələndirilir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil X3 sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən mənzilləri güzəştlə əldə etmək hüququ Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.2-ci bəndində nəzərdə tutulmuş şəxslərə məxsusdur. Həmin Qaydaların 3.2.3-cü bəndinin tələbinə müvafiq olaraq ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs qeyd olunan imkanlardan istifadə etmək hüququna malikdir. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin 17 iyul 2020-ci il tarixli məktubundan müəyyən edilir ki, İddiaçı 07.12.1992-ci ildən 14.01.2002-ci ilədək xidmət müddəti (həqiqi hərbi xidmət müddəti nəzərə alınmaqla) təqvimi hesablama ilə 11 il 01 ay 01 gün, imtiyazlı hesablama ilə 15 il 05 ay 25 gün təşkil edir. Eyni zamanda məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 24 iyul 2020-ci il tarixli məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyin X6 Xidmətinin Yanğına qarşı mülki müdafiə və səfərbərlik işi şöbəsinin yanğınsöndürmə qərargahı rəisinin səfərbərlik işi üzrə böyük köməkçisi-səyyar rabitə qovşağının rəisi İddiaçı fövqəladə hallar orqanlarında xidmət müddəti 13 il 05 ay 13 gün, güzəştli xidmət müddəti 4 il 4 ay 24 gün olmaqla cəmi 17 il 10 ay 17 gün təşkil edir. İş üzrə müəyyən olunur ki, iddiaçı hərbi xidmət keçdiyi dövrün də nəzərə alınmaqla onun dövlət qulluğunda 15 il stajının olmasına istinad edir və buna görə də cavabdeh inzibati orqana Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasının 3.2.3-cü bəndində nəzərdə tutulan kateqoriyalı şəxs kimi müraciət etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan iddiaçının müraciətinə cavab olaraq 14.08.2019-cu il və 01.06.2020-ci il tarixli məktublarda onun xidmət illəri ilə bağlı ziddiyyətli məlumatlara aydınlıq gətirilməsi məqsədilə arayış təqdim edərək bildirmişdir ki, ərizəçinin 15.07.2019-cu il tarixli ərizəsinə əlavə edilmiş sənədlərdə təhrif halları var, belə ki, iş yerindən arayışda 07.12.1992-ci il tarixdən 14.01.2002-ci il tarixədək xidmət təqvimi hesablama yolu ilə 11 il 1 ay 1 gün kimi göstərilmiş, bu səbəbdən də həmin müraciətə cavab olaraq 14.08.2019-cu il tarixli məktubla vətəndaşın xidmət dövrü 14 il 5 ay 22 gün müəyyən edilmişdir. Sonrakı müraciətə 01.06.2020-ci il tarixli cavab məktubunda isə həmin məqam nəzərə alınmış və təqvimi hesablama yolu ilə 11 il 1 ay 1 günün düzgün olmadığı aşkara çıxarılaraq əslində 13 il 3 ay 16 gün xidmət müddəti olduğu vətəndaşın nəzərinə çatdırılmışdır. İpoteka kreditinin verilməsi Qaydasının 3.2.4-cü yarımbəndindən göründüyü kimi, yalnız hərbi qulluqçulara münasibətdə istisnalar nəzərdə tutulmuşdur. Staj tələb olunan digər kateqoriyalar üzrə hazırda kateqoriya ilə müəyyən olunmuş sahədə fəaliyyət göstərmək mühüm şərtdir. Əlavə olaraq bildirilmişdir ki, dövlət qulluğunda qulluq, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət zamanı yalnız əmək kitabçasına əsasən hesablanmalı olan staj nəzərə alınır. Yəni, müddətli həqiqi hərbi xidmət qanunvericiliyə əsasən dövlət qulluğunun xüsusi növü olsa da, hərbi vəzifə olaraq icra edildiyindən və sadəcə ümumi staja daxil olduğundan (əmək kitabçasında qeyd olunmadığından) stajın hesablanması zamanı nəzərə alınmır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. İpoteka kreditinin verilməsi Qaydasının 3.2.4-cü yarımbəndi ilə ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla) kateqoriyası ayrıca müəyyən olunmuşdur. Qeyd olunan maddi hüquq normalarının təhlili onu deməyə əsas verir ki, hərbi xidmət dövlət qulluğunun xüsusi növü olsa da, iddiaçının istinad etdiyi 06.06.1985-ci il tarixdən 22.05.1987-ci il tarixə kimi hərbi xidmətdə olduğu dövr müddətli həqiqi hərbi xidmət olduğu üçün həmin dövr yuxarıda adı çəkilən İpoteka kreditinin verilməsi haqqında qanunvericiliyin mənasında iddiaçıya dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs kimi güzəştli ipoteka kreditindən istifadə etmək hüququnu vermir. O ki qaldı iddiaçının əmək kitabçasındakı qeydlərə əsaslanaraq imtiyazlı hesablama yolu ilə 15 il 05 ay 25 gün xidmət müddətinin olmasına və buna görə də güzəştli ipoteka kreditindən istifadə etmək imkanına malik şəxs olması barədə dəlilinə, bu barədə məhkəmə kollegiyası hesab edir ki, əmək kitabçasında iddiaçının imtiyazlı xidmət müddəti ilə bağlı aparılan qeydlər onun dövlət qulluğunun xüsusi növündə 15 ildən artıq xidmət müddətinin olması kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçının hazırki iş üzrə verdiyi tələbin təmin olunması üçün onun 15 il dövlət qulluğu və ya dövlət qulluğunun xüsusi növündə xidməti olmalıdır ki, bu xidmət illərinin də tamamlanması (yuxarıda göstərilən əsaslarla) iş materialları ilə təsdiqini tapmır, əmək kitabçasındakı qeydlər isə həmin müddətin tamamlanmış hesab edilməsi üçün yetərli deyildir. Beləliklə, iddiaçı tələb etdiyi inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıdığı halda, bu vəzifə hazırki vəziyyətdə onun tərəfindən yerinə yetirilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Odur ki, iddiaçının hazırki iş üzrə dövlət qulluğunun xüsusi növündə qulluq stajının 15 ilə tamamlanması faktı sübuta yetirilmədiyindən bu hal onun arzuladığı inzibati aktın qəbul edilməsini istisna edir. Cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtin mövcudluğunu sübuta yetirdiyi üçün iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Belə olan halda cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsaslı və qanuni olduğu üçün iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddia ərizəsində qeyd edilənlərlə eynilik təşkil edib, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi və iddianın təmin olunması üçün əsas yaratmadığından qəbul edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5215/2020 saylı 19 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5215/2020 saylı 19 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar