Məhkəmə qərarları › İş №2-1(103)-727/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-727/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-727/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X10 ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1909/2023 saylı 14 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyətçilərin xüsusi mülkiyyətindədir və iddiaçı 2/12 hissədə mülkiyyətçi hesab edilir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-495/2019 saylı 21 may 2019-ci il tarixli qətnaməsi ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11 mart 2019-cu il tarixli rəyi də nəzərə alınmalqa, “A” tikilisindən solda olan boş torpaq sahəsi və 2 mərtəbəli yaşayış evi, onun qarşısındakı sahənin naturada ayrılaraq iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamədə istinad olunan rəydən görünür ki, faktiki istifadədə olan tikili və həmin tikililərin yerləşdiyi torpaq sahəsinin digərlərindən təcrid olunması texniki cəhətdən mümkündür, həyətyani sahəyə giriş-çıxış ayrıdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra Binəqədi Rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cü il tarixli icra vərəqəsi verilmişdir. Binəqədi Rayon İcra Şöbəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2021-ci il tarixli 112334 nömrəli məktubundan görünür ki, qətnamənin faktiki olaraq tam icra edildiyi, tərəflərin faktiki istifadə və sahibliyinə verildiyi, bu barədə akt tərtib edildiyi nəzərə alınmaqla qətnaməyə uyğun müvafiq sənədləşmə işlərinin aparılması təklif edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, məhkəmə qətnaməsinə əsasən verilmiş icra vərəqəsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə heç bir öhdəlik qoyulmadığı üçün iddiaçının tələbinin təmin olunmasından imtina olunmuşdur. Həmin imtina məktubundan narazı qalan İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi əsasında “A” tikilisindən solda olan boş torpaq sahəsi və ikimərtəbəli evin, onun qarşısındakı sahənin naturada ayrılaraq iddiaçıya verilməsi qət edilmişdir. Lakin, cavabdeh həmin qətnamədə göstərilən hallara əhəmiyyət verməmiş, qətnamənin icrasını həyata keçirməmiş, mülkiyyət hüququna dair sənədi verməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, icra vərəqəsi ilə cavabdehin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Bundan əlavə, yerli baxış zamanı “B” tikilisinə bitişik “B” və “V” tikililərin üzərində əlavə sahələr və torpaq sahəsində 80 kv.m olan ikimərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Həmin tikililər və fərdi yaşayış evi qeydiyyatdan keçməmişdir. Bölgü sxem təqdim edilməmişdir. “A” literli tikili bir dam altında yerləşdiyindən və otaqları bir-birindən ortaq divarlarla ayrıldığından bölünə bilməz. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6065/2023 saylı 15 avqust 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-495/2019 saylı iş üzrə qəbul etdiyi 21 may 2019-cu il tarixli qətnaməsinə əsasən ünvan 6 ünvanda yerləşən paylı mülkiyyətdə olan əmlakın naturada İddiaçı ayrılmış “A” tikilisindən solda olan boş torpaq sahəsi və 2 mərtəbəli yaşayış evi və onun qarşısındakı sahə üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun İddiaçı adına qeydə alınması və həmin daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-495/2019 saylı icra vərəqəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ü.Hacıbəyov küçəsində yerləşən paylı mülkiyyətdə olan əmlakın 0,055 ha torpaq sahəsinin və üzərində ümumi sahəsi 245.7 kv.m olan 19 saylı fərdi yaşayış evinin sxeminə əsasən “V” və “B” tikililərinin, “B” tikilisinin sağda olan tualet və yola çıxışın üstündə 2-ci mərtəbəsindəki mətbəxin həmin mülkiyyətdən ayrılaraq X2, “A” tikilisindən solda olan boş torpaq sahəsinin və 2 mərtəbəli yaşayış evinin, onun qarşısındakı sahənin naturada ayrılaraq İddiaçı verilməsi qət edilmişdir. ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 262,7 kv.m olan fərdi yaşayış evi (yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət növü - xüsusi, hüququn növü - mülkiyyət) paylı mülkiyyətdə olmaqla 2/12 hissəsi İddiaçı, 5/12 hissəsi X1, 2/12 hissədən bir hissəsi X7, 2/12 hissədən bir hissəsi isə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və hal-hazırda da onların paylı mülkiyyətindədir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(001)-495/2019 saylı icra vərəqəsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə heç bir öhdəlik qoyulmamışdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, B tikilisinə bitişik, B və V tikililərinin üzərində (2-ci mərtəbə) əlavə sahələr və torpaq sahəsində St=80.0 kv.m olan ikimərtəbəli yaşayış evi inşa edilmişdir. Yeni inşa edilmiş fərdi yaşayış evinin bir hissəsi xüsusi mülkiyyətdə olmayan əlavə torpaq sahəsində yerləşir. Qeyd edilmiş əlavə tikililər və yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir, həmin tikililər üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun hüquqmüəyyənedici sənədlər, daşınmaz əmlakın naturada ayrılması ilə bağlı paylı mülkiyyətçilər tərəfindən imzalanmış və notarial notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq iddia tələbini təmin etmişdir. Bu səbəbdən də həmin Məhkəmə tərəfindən qəbul olunmuş 14 iyul 2023-cü il tarixli, e-2- 1(112)-1909/2023 nömrəli qərar ləğv olunmalı, iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmalıdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlilərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materiallarından müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə işdən müəyyən olunur ki, İddiaçı cavabdeh “Binəqədi Rayon Məhkəməsinin 2(001)-495/2019 saylı iş üzrə qəbul etdiyi 21 may 2019-cu il tarixli qətnaməsinə əsasən ünvan 6 ünvanda yerləşən paylı mülkiyyətdə olan əmlakın naturada İddiaçı ayrılmış “A” tikilisindən solda olan boş torpaq sahəsi və 2 mərtəbəli yaşayış evi və onun qarşısındakı sahə üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun İddiaçı adına qeydə alınması və həmin daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Əmlak Məsələləri Dovlət Xidməti Daşınmaz Əmlakın Dovlət Kadastrı və Reyestri Publik Huquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “məhkəmə qətnaməsi ilə cavabdehə heç bir öhdəlik qoyulmadığı” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-cü maddəsində göstərilmişdir:“ 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair; 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12.2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Yuxarıda göstərilən Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İş materiallarından görünür ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ü.Hacıbəyov küçəsi ev 19-da yerləşən daşınmaz əmlakın 2/12 hissəsinin paylı mülkiyyətçisidir. İddiaçı adı çəkilən daşınmaz əmlakın naturada ayrılması ilə bağlı məhkəməyə müraciət etmiş və Binəqədi Rayon Məhkəməsinin 2(001)-495/2019 saylı 21 may 2019-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin olunaraq, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11 mart 2019-cu il tarixli rəyi də nəzərə alınmalqa, “A” tikilisindən solda olan boş torpaq sahəsi və 2 mərtəbəli yaşayış evi, onun qarşısındakı sahənin naturada ayrılaraq iddiaçıya verilməsi qət edilmişdir. Bundan sonra iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası “məhkəmə qətnaməsi ilə cavabdehə heç bir öhdəlik qoyulmadığı əsası” ilə imtina edilmişdir. Apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, qeyd edilmiş əlavə tikililər və yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, həmin tikililər üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun hüquqmüəyyənedici sənədlər, daşınmaz əmlakın naturada ayrılması ilə bağlı paylı mülkiyyətçilər tərəfindən imzalanmış və notarial notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin yuxarıda qeyd edilən dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh inzibati orqan tərəfindən verilmiş cavab məktubunda bildirilmişdir ki, “torpaq sahəsinin ölçü və konfiqurasiya fərqləri mövcuddur. Faktiki hasardaxili torpaq sahəsi 590 kv.m-dir. Texniki pasportda torpaq sahəsi 550 kv.m qeyd edilsə də, baş planın perimetrik ölçülərinə əsasən torpaq sahəsi 530 kv.m təşkil edir. “A” tikilisindən solda torpaq sahəsində yerləşən yeni 2 mərtəbəli tikilinin 10 kv.m hissəsi əlavə torpaq sahəsində yerləşir.” Apellyasiya baxışı zamanı imtinanın əsasları, o cümlədən apellyasiya şikayətinin dəlilləri araşdırılmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı qəbul olunmuşdur. Həmin qərardada əsasən mütəxəssis qarşısında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ü.Hacıbəyov küçəsində yerləşən, paylı mülkiyyətdə olan əmlakın 0,055 ha. torpaq sahəsinin, onun üzərində ümumi sahəsi 245,7 kv.metr olan 19 saylı fərdi yaşayış evinin sxeminə əsasən İddiaçı verilmiş “A" tikilisindən solda olan boş torpaq sahəsinin, 2 mərtəbəli yaşayış evinin və onun qarşısındakı sahənin faktiki ölçüsünün nə qədər olmasına dair sual qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə məhkəmənin elektron kabinetinə yerləşdirilmiş mütəxəssis rəyində bildirilmişdir ki, “torpaq sahəsi sənəd üzrə 550.0 kv.m. faktiki 603.0 kv.m-dir. Belə ki, 53.0 kv.m əlavə torpaq sahəsi istifadə edilir. Müraciətdə qeyd olunan A literli tikilidən solda olan boş torpaq sahəsi texniki pasporta əsasən 48.0 kv.m təşkil edir. Eyni zamanda ikimərtəbəli yaşayış evinin ölçüsü St.a=105.0 kv.m. qarşısındakı sahə 33.0 kv.m-dir. Qeyd olunan 33.0 kv.m torpaq sahəsi əlavə (zəbt) sahədir və sözügedən ikimərtəbəli yaşayış evinin bir hissəsi texniki pasportun ölçülərinə nəzərən əlavə torpaq sahəsində yerləşir.” Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmçinin qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər, o cümlədən ünvan 6 ünvanda yerləşən daşınmaz əmlakın 2/12 hissəsinə paylı mülkiyyətinin mövcudluğunu təsdiq edən reyestrdən çıxarış, həmin payına münasib olan əmlakın naturada ona ayrılmış “A” tikilisindən solda olan boş torpaq sahəsinə və 2 mərtəbəli yaşayış evinə və onun qarşısındakı sahəyə dair hüquqlarının daha öncədən mövcud olduğunu təsdiqləyən qanuni qüvvəsini almış məhkəmə qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun normalarına əsasən iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi üçün yetərli əsas sayılmalıdır. Odur ki, iddiaçı hazırki iddia ilə bağlı tələbinin təmin olunmasından cavabdeh inzibati orqan qanunsuz və əsassız olaraq imtina etdiyi üçün iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan Binəqədi Rayon Məhkəməsinin 2(001)-495/2019 saylı iş üzrə qəbul etdiyi 21 may 2019-cu il tarixli qətnaməsinə əsasən ünvan 6 ünvanda yerləşən paylı mülkiyyətdə olan əmlakın naturada İddiaçı ayrılmış “A” tikilisindən solda olan boş torpaq sahəsi və 2 mərtəbəli yaşayış evi və onun qarşısındakı sahə üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun İddiaçı adına qeydə alınması və həmin daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubları və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində iddiaçının paylı mülkiyyətində olan daşınmaz əmlakın naturada ölçülərinin nədən ibarət olduğu dəqiq olaraq göstərilməmişdir. Bu halın qeyri-müəyyən olmaqla yanaşı, gələcəkdə məhkəmə qərarının icrasında çətinliklər yaradacağını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı zamanı alınmış mütəxəssis rəyindəki ölçülər əsas götürülməklə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində iddiaçının paylı mülkiyyətində olub, ona naturada qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə verilən daşınmaz əmlakın ölçülərinin göstərilməməsi kobud qanun pozuntusu sayılmır və bu hal qanuni və əsaslı olan məhkəmə qərarının məhz bu səbəbdən ləğv olunması üçün də əsas yaratmır. Odur ki, birinci instansiya məhkəməsinin qərarı “ünvan 6 ünvanda yerləşən paylı mülkiyyətdə olan əmlakın naturada İddiaçı ayrılmış “A” tikilisindən solda olan boş torpaq sahəsinin ölçüsü 48 kv.m., 2 mərtəbəli yaşayış evinin ölçüsü 105 kv.m. və onun qarşısındakı sahənin ölçüsü 33 kv.m.” göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1909/2023 saylı 14 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1909/2023 saylı 14 iyul 2023-cü il tarixli qərarı “ünvan 6 ünvanda yerləşən paylı mülkiyyətdə olan əmlakın naturada İddiaçı ayrılmış “A” tikilisindən solda olan boş torpaq sahəsinin ölçüsü 48 kv.m., 2 mərtəbəli yaşayış evinin ölçüsü 105 kv.m. və onun qarşısındakı sahənin ölçüsü 33 kv.m.” göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X13 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar