Məhkəmə qərarları › İş №2-1(103)-727/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-727/2025

29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-727/2025 29.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı, Cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X11 1 Saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X11 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sağ tərəfində yerləşən 300 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun atası X5 məxsus olması haqqında arayışın təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-207/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X10rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sağ tərəfində yerləşən 300 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçirilməklə bu barədə dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan-ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X11 1 Saylı Bakı Ərazi İdarəsinin müəyyən edilməsini və iddia tələbinin “Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sağ tərəfində yerləşən 300 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun atası X5 məxsus olması haqqında arayışın təqdim edilməsi vəzifəsinin cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X11 1 Saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən əsl olmayan cavabdeh əsl cavabdeh ilə əvəz edilmiş, iddia tələbinin dəyişdirilməsi qəbul edilmişdir. Birinci instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və "xxxx" ASC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırmışdır ki, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sağ tərəfində yerləşən 500 kv.m. torpaq sahəsi M.Ə.Rəsulzadə Bələdiyyəsinin 05 avqust 2004-cü il tarixli, 285 saylı qərarına əsasən, T.C.Cabbarovun mülkiyyətinə verilmişdir. Sonuncunun və mərhum atası X3 ərizələrinə əsasən həmin torpaq sahəsinin 300 kv.m. sahəsi X3 mülkiyyətinə verilmiş və alqı-satqı 01 dekabr 2004-cü il tarixdə rəsmiləşdirilməklə müqavilə M.Ə.Rəsulzadə Bələdiyyəsinin nümayəndəsi İ.M.Əliyev və alıcı X8 tərəfindən imzalanmışdır. Lakin sözügedən torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Mətləb Əfəndiyev 16 fevral 2021-ci il tarixdə vəfat etdikdən sonra onun qanun üzrə vərəsəsi kimi notariat orqanı tərəfindən verilmiş arayış əsasında 21 dekabr 2021-ci il tarixdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə və müvafiq hüquq müəyyənedici sənədlərlə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə müraciət etsə də, hazırkı iddiası üzrə cavabdeh tərəfindən 28 yanvar 2022-ci il tarixli, **********36 saylı məktubla torpaq sahəsi üzərində mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınmasından imtina olunmuşdur. İmtina məktubu onunla əsaslandırılmışdır ki, 01 dekabr 2004-cü il tarixli “torpaqların alqısatqısına dair” akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırılmamış, sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının rəyi təqdim edilməmişdir. İnzibati orqanın mülkiyyət hüququnun qeydə alınmasından imtinası tam qanunsuz və əsassızdır. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, bütövlükdə neft və su boru kəmərlərinin, bir hissəsi isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə təqdim edilmiş alqısatqı aktı Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Eyni zamanda elektron kadastr məlumatına əsasən təqdim edilmiş yerləşmə cizgisinin faktiki torpaq sahəsinə aidiyyəti yoxdur. Bundan başqa sözügedən yerləşmə cizgisi surətdir, perimetrik ölçü və istinad məsafələri qeyd olunmamışdır, həmçinin həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 2-1(112)-207/2024 saylı qərarı ilə (hakim S.İ.Salahova) iddia ərizəsi rədd edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə birinci instansiya məhkəməsində baxılarkən mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazinin ətrafında yerləşən torpaqlara çıxarışın verilməsi, habelə həmin ərazidə dövlət orqanının inzibati binasının yerləşməsi ilə bağlı iddiaçı tərəfindən etiraz edilmişdir. Bununla bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən yaxınlıqda yerləşən çıxarışlı fərdi yaşayış sahəsinin hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim edilmişdir. Lakin mübahisə predmeti olan torpaq sahəsi ilə eyni küçədə və eyni cərgədə yerləşən dövlət orqanının inzibati binasının (X19 Binəqədi Rayon Şöbəsi) mövcud olması faktı iddiaçı tərəfindən məhkəməyə bildirilsə də, həmin torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğunluğu araşdırılmamışdır. Mübahisə predmeti olan torpaq sahəsinə ən yaxın məsafədə yerləşən və çıxarışlı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər 2024-cü il 1 avqust tarixində 3-21-3-30/2- 29478/2024 nömrəli məktubla 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdə Rəsulzadə bələdiyyəsinin 2006-cı il 6 iyul tarixli 105 nömrəli Qərarı ilə torpağın özəl mülkiyyətinə verilmişdir. Lakin həmin X17 və Xəritəçəkmə Komitəsinin möhürü ilə təsdiqlənməmişdir. İxrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə borunun marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədə mühafizə zonasının müəyyən edilməsini tələb edən “İstismar olunan ixrac neft boru kəmərlərinin mühafizə zonasının müəyyənləşdirilməsi Qaydaları” Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Göründüyü kimi, Binəqədi şosesinin sağ tərəfində yerləşən 500 kv.metr torpaq sahəsi ilk dəfə M.Ə.Rəsulzadə bələdiyyəsinin 2004-cü il 5 avqust tarixli 285 saylı qərarı əsasında, yəni müvafiq hüquqi aktın qüvvəyə minməsindən 2 ay əvvəl T.C.Cabbarovun xüsusi mülkiyyətinə verilmişdir. Qərarı çıxarmış məhkəmə tərəfindən nəzərə alınmamış məsələlərdən biri də ondan ibarətdir ki, Rəsulzadə bələdiyyəsinin mübahisə predmeti olan torpaq sahəsinin vətəndaşın xüsusi mülkiyyətinə keçirilməsini tam təmin etmək məqsədilə öz öhdəliklərini icra etməməsi, yəni torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumlarının və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətlərinin rəyini əldə etməməsi şikatətçinin mərhum atasının və daha sonra özünün 20 il müddətində faktiki sahiblik etdiyi torpağa çıxarış əldə etməsinə məhdudiyyət yaradır. Birinci instansiyası məhkəməsi qərarını aşağıdakılarla əsaslandırmışdır: “ ... Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, qeyd olunan sənədlər Bələdiyyələrlə iş mərkəzində qeydiyyata alınmamışdır. Göründüyü kimi, M.Ə.Rəsulzadə bələdiyyəsi mübahisəli torpaq sahəsinin ayrılması ilə bağlı razılıq verilməsi üçün aidiyyəti quruma müraciət etmiş, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi isə bələdiyyələrinin balansında olmayan torpaq sahələrinə dair rəy verilməsi qanuna zid olduğunu bildirməklə razılıq verilməsindən imtina etmişdir. Bu hal, yəni mübahisəli torpaq sahəsinin bələdiyyəyə məxsus olmaması həmçinin işdə mövcud olan digər sübutlarla da öz təsdiqini tapır. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, bir hissəsi neft və su boru kəmərlərinin, bir hissəsi isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə təqdim edilmiş alqı-satqı aktı Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Eyni zamanda elektron kadastr məlumatına əsasən təqdim edilmiş yerləşmə cizgisinin faktiki torpaq sahəsinə aidiyyəti yoxdur. Bundan başqa sözügedən yerləşmə cizgisi surətdir, perimetrik ölçü və istinad məsafələri qeyd olunmamışdır, həmçinin həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Nef Şirkətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 370 m2 torpaq sahəsi SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Şirvan-Bakı magistral neft kəmərinin (d 530 mm, istifadəyə verildiyi tarix 1964) mühafizə zonası daxilində yerləşir”. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarına əlavə edilmiş, o cümlədən, hazırkı mərhələdə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən aşağıdakılar müəyyən olunur: - Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 491 nömrəli qərarından görünür ki, Naxçıvan MR, Naxçıvan şəhəri, Təbriz küçəsi, ev 1, mənzil 33-də yaşayan vətəndaş X4 xx.xx.2004-cü il tarixli razılıq ərizəsinə, Bakı şəhəri, Nərimanov rayonu, Salamzadə küçəsi, ev 42-də yaşayan vətəndaş X3 xx.xx.2004-cü il tarixli ərizəsinə, bələdiyyənin Yerli büdcə və iqtisadi inkişaf məsələləri daimi komissiyasının xx.xx.2004-cü il tarixli rəyinə əsasən Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sağ tərəfində yerləşən 300 kv.m. torpaq sahəsi Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı - satqı yolu ilə vətəndaş X3 mülkiyyətinə verilmişdir (hər kv.m. üçün 11 200 manat ödəmək şərtilə). - xx.xx.2004-cü il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, X8 M.Ə.Rəsulzadə bələdiyyəsinə xx.xx.2004-cü il tarixində torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və M.Ə.Rəsulzadə bələdiyyə ərazisində 0.03 ha torpaq sahəsi satılması barədə xx.xx.2004-cü il tarixli 491 saylı qərar qəbul edilmişdir.M.Əfəndiyev ******* manat haqq ödəmişdir. - 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli, 419 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə X3 vəfatı ilə əlaqədar açılmış vərəsəlik işi üzrə vərəsələrin dairəsi müəyyən olmuşdur və vərəsə oğlu-İddiaçıdur. Birinci instansiyası məhkəməsinin qərarında qeyd etdiyi xüsusatların aydınlaşdırılması üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş, eyni zamanda cavabdeh inzibati orqana sorğu ünvanlanmış və mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair çıxarışların və çıxarışların verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X11 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavaba əlavə edilmiş sənədlərdən mübahisəli torpaq sahəsi ilə qonşuluqda yerləşən torpaq sahələrinə münasibətdə aşağıdakılar müəyyən edilir: - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, şimal hissəsi ünvanında yerləşən 0,04 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi xx.xx.2018-ci il tarixdən X6 mülkiyyətindədir və mülkiyyət hüququnu qeydiyyata alınmasının əsasını Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin qərarı təşkil etmişdir. Həmin torpaq sahəsinə münasibətdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin verdiyi cavabda aşağıdakılar göstərilmişdir: “ ... müraciətinizdə qeyd olunan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən torpaq sahəsinə baxış keçirilmiş və araşdırma zamanı yerini göstərdiyiniz torpaq sahəsinin SOCAR-ın daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin hüdudlarından və SOCAR-ın müəssisələrinə məxsus boru kəmərlərinin mühafizə zonasından kənarda ... yerləşdiyi müəyyən olunmuşdur”. Eyni zamanda həmin torpaq sahəsinə münasibətdə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş cavabda aşağıdakılar göstərilmişdir: “ ... Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfində sizə məxsus torpaq sahəsi dəmir yolunun "Baksol" adlanan dəmir yolu xəttindən “VAQA LTD" MMC Baker çörək zavodu və keçmiş Beton zavod istiqamətində hal-hazırda işlək vəziyyətdə olmayan dalan dəmir yolunun kənarında yerləşir. Qeyd edirik ki, sözügedən torpaq sahəsinin yerləşdiyi dəmir yolu ‘Azərbaycan Dəmir Yolları" QSC-nin balansında deyildir”. - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, ev 262G və 0,06 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdən X1 xüsusi mülkiyyətindədir və mülkiyyət hüququnu qeydiyyata alınmasının əsasını Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin qərarı təşkil etmişdir. - Həmçinin təqdim edilən kadastr məlumatlarına əsasən mübahisəli torpaq sahəsinə ən yaxın məsəfədə qeydiyyatdan keçmiş ünvan 1 saylı fərdi yaşayış evidir, həmin evə və 0,035 ha torpaq sahəsinə X9 mülkiyyət hüququnun qeydiyyata alınmasının əsasını Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin qərarı təşkil etmişdir. ünvan 1 saylı fərdi yaşayış evinə dair sənədlərdə olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin cavab məktubundan görünür ki, torpaq sahəsi ilə neft kəmərinin ən yaxın nöqtəsi 46,5 metr təşkil edir, torpaq sahəsinin 347 kv.m. hissəsi isə kəmərin mühafizə zonası xaricindədir. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh iddiaçının atasına ayrılmış torpaq sahəsinin torpaqayırma zamanı bələdiyyənin mülkiyyətində olmadığına istinad etsə də, bu hal qonşuluqda yerləşən X1 mülkiyyətində olan 600 kv.m. torpaq sahəsinə münasibətdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı ilə təkzib olunmuşdur. İş materiallarında olan 08 avqust 2025-ci il tarixli, 10/4348 saylı ekspert rəyində isə yuxarıda qeyd olunanlara zidd olaraq göstərilmişdir ki, “ ... Göstərilən torpaq sahəsi sənəd üzrə 300.0 kv.m. olsa da, faktiki olaraq 370.0 kv.m təşkil edir (70.0 kv.m artıqdır). Sözügedən sahə iki hissədən ibarətdir, ara sərhədləri mişar daş hasar və üzərindəki mövcud tikilinin çöl divarı ilə sərhədlənib, giriş-çıxışları ayrıdır. Torpaq sahəsinin üzərində bir damın altında iki hissədən ibarət ikimərtəbəli yaşayış evi və köməkçi tikililər mövcuddur. Sahənin bir tərəfindən 8.4m-16.5m məsafəsindən yüksək gərginlikli (110 kVt-lıq) elektrik hava xətti keçir. Torpaq sahəsinin bir tərəfindən 3.7 m-4.5 m məsafədən isə diametri d=0.5 m olan yeraltı (az bir hissəsi yerüstü) su boru xətti keçir. Həmçinin sahənin bir tərəfindən 11.7 m-11.9 m məsafədən diametri d=0.5 m olan yerüstü neft boru xətti keçir. Sahəyə dair təqdim edilmiş cizgidə perimetrik ölçülər və istinad məsafələri qeyd olunmayıb. Göstərilən sahənin koordinatlarını əks etdirən izahlı sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, bir hissəsi neft və su boru kəmərlərinin, bir hissəsi isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir”. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq iş materiallarında olan ekspert rəylərinə tənqidi yanaşır və rəylər digər sübutlarla yanaşı məhkəmə kollegiyası tərəfindən qiymətləndirilir. Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçıya Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sağ tərəfində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun atası X5 məxsus olması haqqında arayışın verilməsi ilə bağlıdır. Başqa sözlə, iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində atasının mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Cavabdeh inzibati orqanın özünün məhkəməyə təqdim etdiyi sənədlərdən də müəyyən edildiyi kimi, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən daşınmaz əmlaklara münasibətdə (*iş materiallarında olan sənədlərə görə - istisnasız) mülkiyyət hüquqları eyni şərtlər çərçivəsində bələdiyyə sənədləri əsasında qeydiyyata alınmışdır. Odur ki, hazırkı vəziyyətdə cavabdeh qurumun iddiaçıya tələbinin təmin olunmasından imtina etməsi ilə iddiaçının bərabərlik və inzibati orqanın praktikasına etimad hüququnun qorunması prinsipləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Kollegiya qeyd edir ki, sözügedən halların araşdırılması və müəyyən olunması mübahisəyə dair iş üzrə əsaslı və obyektiv qanunauyğun qərarın qəbulu baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin hallar araşdırılmadan və onlara iş üzrə müəyyən olunmuş digər hallarla birlikdə qiymət verilmədən qəbul olunmuş məhkəmə qərarı əsaslı və obyektiv qərar hesab oluna bilməz. Hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən mövcud inzibati praktikanın məhkəmə qərarları əsasında formalaşdığı müəyyən edilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə tərkibi hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Eyni zamanda qeyd olunmalıdır ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Halbuki hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının yalnız ziyanına olan halların araşdırılmasına cəhd etdiyi açıq-aşkar görünür. Yekun olaraq məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsi SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Şirvan-Bakı magistral neft kəmərinin (d 530 mm, istifadəyə verildiyi tarix 1964) mühafizə zonası daxilində yerləşsə idi belə, bu hal iddianın təmin edilməsini istisna edən hal deyil. Belə ki, iddiaçı hazırkı halda mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuş və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. İddiaçının qanuni gözləntiyə malik olması dövlətin daxili konkret qanunvericilik aktından, yəni «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gəlir. Həmin Qanunda müəyyən edilmiş şərtlərə və qaydaya əməl ediləcəyi təqdirdə iddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüququnu əldə edəcəyi üçün cavabdeh inzibati orqanın imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. Eyni zamanda qonşuluqda yerləşən torpaq sahələrinin yaşayış məntəqələrinin torpaqlarına aid edilməsi (*ən yaxın məsafədə yerləşən torpaq sahəsi) və ayrı-ayrı şəxslərə ayrılmış torpaq sahələrinə dair bələdiyyə qərarları əsasında çıxarışların verilməsi işin mübahisələndirilməyən hallarındandır. Həmçinin mübahisəli torpaq sahəsinə ən yaxın məsafədə yerləşən evə münasibətdə belə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti çıxarışın verilməsinə etiraz etməmiş və torpaq sahəsinin neft kəmərin mühafizə zonası xaricində yerləşməsini göstərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas verdiyinə görə şikayət təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-207/2024 saylı qərarı ləğv edilməli, iddia ərizəsi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-207/2024 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia ərizəsi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sağ tərəfində yerləşən 300 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının atası X5 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X11 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri olaraq 100 (yüz) manat cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar