Məhkəmə qərarları › İş №2-1(103)-728/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-728/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-728/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2-1(112)-5279/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona (iddiaçıya) 05.01.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı il tarixdə Zərdab rayonunun Məlikumudlu kəndində doğulmuş, orta məktəbi 1977-ci ildə bitirdikdən sonra həmin il Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna qəbul olmuşdur. 9 il qiyabi təhsil aldıqdan sonra, 1986-cı ildə həmin təhsil müəssisəsini bitirmişdir. İlk əmək fəaliyyətinə 1977-ci ildə başlamışdır. Belə ki, 26.08.1977-ci il tarixli əmrlə Bakı Yaşıllaşdırma Trestinin 1 nömrəli Tikinti-Quraşdıma İdarəsində İ dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, 1 il 1 ay həmin vəzifədə işlədikdən sonra 20.09.1978-ci il tarixdə həmin işdən azad olunmuşdur. 17.10.1978-ci il tarixdə Xüsusi Trest İdarəsinin 2 nömrəli Tikinti-Quraşdırma İdarəsinə fəhlə vəzifəsinə qəbul edilmiş, iki ay işlədikdən sonra 10.12.1978-ci il tarixdə işdən azad olunmuşdur. 01.08.1979-cu il tarixdə X9 Tikinti Trestinin 3 nömrəli Tikinti-Quraşdırma İdarəsində fəhlə vəzifəsinə qəbul olunmuşdur. 29.02.1980-ci il tarixdən 27.07.1981-ci il tarixədək həmin İdarədə ikinci dərəcəli fəhlə, 27.07.1981-ci il tarixdən 26.05.1988-ci il tarixədək həmin İdarədə tikinti üzrə usta vəzifəsini icra etmişdir. 26.05.1988-ci il tarixdən 16.03.1992-ci il tarixədək tikinti üzrə usta vəzifəsinə rəsmi təyin edilmişdir. Bir müddət əmək fəaliyyətini dayandırsa da, 04.12.1997-ci il tarixdə 36 nömrəli X1 iş icraçısı vəzifəsinə təyin edilmiş, həmin vəzifədə 31.03.2011-ci il tarixədək işlədikdən sonra öz arzusu ilə işdən azad olunmuşdur. 23.02.2012-ci il tarixdə X5, Sənaye və Ticarət Səhmdar Cəmiyyətinə mühəndis vəzifəsinə təyin edilmiş, həmin işdə 09.09.2012-ci il tarixədək işlədikdən sonra AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən işdən azad olunmuşdur. Bundan sonra 09.08.2018-ci il tarixdə "xxxx" MMC-yə hidrotexnika mühəndis vəzifəsinə təyin edilmiş, 27.08.2018-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra 31.08.2018-ci il tarixdə "xxxx" MMC-yə hidrotexnika mühəndis vəzifəsinə təyin edilmiş, 13.10.2018-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 05.11.2018-ci il tarixdə "xxxx" MMC-yə hidrotexnika mühəndis vəzifəsinə təyin edilmiş, 15.11.2018-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra, 24.12.2018-ci il tarixdə Enerji Tikinti Servis MMC-yə hidrotexnika mühəndis vəzifəsinə təyin edilmiş, həmin vəzifədə 17.02.2019-cu il tarixədək işlədikdən sonra öz ərizəsi ilə işdən azad olunmuşdur. 24.11.2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh 22.02.2021-ci il tarixdə ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etmişdir. Güzəştli şərtlərlə pensiya təyinatının aparılmasından imtinanın səbəbi kimi, ümumi stajının 25 ilindən az (14 il 9 ay 3 gün), güzəştli iş stajının isə 12 il 6 ayından az (10 il 7 ay 19 gün) təşkil etməsi göstərilmişdir. Aşağıda göstərilən əsaslara görə cavabdehin imtinası əsaslı və qanuni hesab edilmir. AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın XXVİİ bəndində bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsində fəhlə və iş icraçısı işləmiş şəxslərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ yaranır. “Əmək pensiyaları haqqında” AR Qanunun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmiş və sözügedən dəyişikliklər 01 iyul 2017-ci i! tarixdən qüvvəyə minmişdir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında AR Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. 29.02.1980-ci il tarixli 28 nömrəli əmrlə Su Tikinti Trestinin 3 nömrəli Tikinti- Quraşdırma İdarəsində 27.07.1981-ci il tarixədək 2-ci dərəcəli fəhlə vəzifəsində, 27.07.1981-ci il tarixdən 26.05.1988-ci il tarixədək həmin İdarədə tikinti üzrə usta vəzifəsinin icraçısı, 26.05.1988-ci il tarixdən 16.03.1992-ci il tarixədək tikinti usta vəzifəsinə təyin edilməsi, 04.12.1997-ci il tarixdən 31.03.2011-ci il tarixədək 36 nömrəli X2 iş icraçısı vəzifəsində işləməsi iddia ərizəsinə əlavə edilən əmək kitabçası ilə təsdiq olunduğu halda, cavabdeh orqan əsassız və qanunsuz olaraq, 12 il 6 ay güzəştli şərtlərlə iş stajının olmadığını bildirmişdir. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, İddiaçı dəlili əsassızdır. “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-cı il tarixədək (yəni “Əmək pensiyaları haqqında” AR Qanunu qüvvəyə minənədək) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) iddiaçının işlədiyi peşənin AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda göstərilməsi. Hazırkı iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13cü maddəsinin “b” bəndinə əsasən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddiaçının Filiala təqdim etdiyi 20.03.1978-ci il tarixli ******* nömrəli əmək kitabçasının 7-11-ci səhifələrində onun 04.12.1997-ci il tarixdən 01.01.2006-cı il tarixədək olan dövr ərzində Göyçay rayon “Azərsutikinti ASC-nin Şirvan Azərsutikinti Törəmə Müəssisə”də işlədiyi qeyd olunmuşdur. Həmin dövrlərin araşdırılması ilə bağlı sorğuya cavab olaraq DSMF-nin 13 saylı Regional Ərazi Filialı tərəfindən yuxarıda qeyd olunan dövr üzrə iddiaçıya dair əmək haqqı cədvəlləri araşdırılarkən 1997 – 2003-cü illərə aid əmək haqqı cədvəllərinin arxivə təhvil verilmədiyi və 2004 – 2005-ci illərin əmək haqqı cədvəlləri adıçəkilən müəssisənin rəhbər şəxsləri tərəfindən imza və möhürlə təsdiq edilmədiyi bildirilmişdir. Qeyd edilən faktlar X6 Filialı və 13 saylı Regional Ərazi Filialı tərəfindən birgə 1 fevral 2021-ci tarixli Aktla təsdiq edilmişdir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən ümumi iş stajı olan 25 ili (14 il 9 ay 3 gün) və güzəştli iş stajı olan 12 il 6 ayını (10 il 7 ay 19 gün) tamamlamamışdır. Bu mənada, “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 2.2-ci bəndinə görə əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı əlavəyə əsasən həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir (əlavənin 2.4-cü bəndi). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 2.11-ci bəndinə əsasən, gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) təşkil edir. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçıya münasibətdə 38,400 manat hesablanmışdır. İddiaçının isə cəmi pensiya kapitalı 14,160.63 manat təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. “Əmək pensiyaları haqqında” AR Qanununun 1.0.18-ci maddəsinə əsasən sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “iddiaçıya 5 yanvar 2017-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2-1(112)-5279/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 57 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazın məzmununa uyğun apellyasiya şikayəti verərək, qərarı ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin sonradan hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “Əmək pensiyaları haqqında” AR Qanununun 37.8.3-cü maddəsinə istinadən həmin pensiya ödənişi dayandırılmışdır. Cavabdeh inzibati orqan bu dayandırmaya əsas kimi iddiaçının işlədiyi müəssisənin 1997 – 2003-cü illərə aid əmək haqqı cədvəllərinin Dövlət Arxivinin müvafiq yerli qurumuna təhvil verilmədiyini, 2004 – 2005-ci illər üzrə əmək haqqı cədvəllərinin isə müəssisənin rəhbər şəxsi tərəfindən imza və möhürlə təsdiq olunmadığı və bu səbəbdən də 2006-cı ilin 1 yanvar tarixinədək 25 il ümumi, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə iş stajının toplanmadığını, bununla da ona münasibətdə “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinin və “Vətəndaşların pensiya təminatı haqında” AR Qanununun 13-cü maddəsinin “b” bəndinin tətbiqinin yol verilən olmadığını, 2006-cı ildən sonrakı dövrdəki fəaliyyəti üzrə müvafiq həcmdə sığorta kapitalı toplanmadığından “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsi rəhbər tutularaq pensiya hüququnun yaranmadını bildirmişdir. İddiaçı hazırda cavabdeh inzibati orqanın hərəkətlərini mübahisələndirir və ona təyin edilmiş əmək pensiyasının bərpasını tələb edir. “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1dən dayandırılır: (37.8.1) əmək pensiyaçısı vəfat etdikdə; (37.8.2) əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda, (37.8.3) bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Göründüyü kimi, mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 1 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişilər 57 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 67-ci maddəsinə görə Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində 2290000b – 23419 kodu ilə “yeni tikinti və quraşdırma işlərinin ustaları”, 2290000b – 24441 kodu ilə “iş icraçıları” peşələri nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, vaxtilə işlədiyi müəssisənin əmək haqqı cədvəllərinin arxiv qurumuna təhvil verilməməsi və ya imza və möhürlə təsdiqlənmədən təhvil verilməsi iddiaçının iradəsindən asılı olan hal deyil və həmin dövrün bir hissəsi 2002-ci ilin 1 yanvar tarixindən sonrakı dövrə təsadüf edir. Bununla yanaşı, həmin dövrlər üzrə iddiaçının iş fəaliyyəti ona məxsus əmək kitabçasında əks olunmuşdur və həmin məlumatlar onların həqiqətə uyğun olmaması barədə cavabdeh inzibati orqan tərəfindən hər hansı dəlil və sübut təqdim edilmədiyindən, mötəbər qiymətləndirilməlidir Halbuki, “İnzibati icraat haqqında” AR Qanununun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmasına dair dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, pensiya kapitalı ilə bağlı qeyd edilən tələb 01.07.2017ci il tarixdən qüvvədədir. İddiaçı isə pensiya hüququnu 01.01.2006-cı il tarixəndək qazanmışdı. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya 57 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin dayandırılması qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması ilə bağlı hərəkətlər aradan qaldırılmalı və ödənilməsi bərpa edilməlidir. Bununla yanaşı, kollegiya qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə inzibati orqan fiziki və ya hüquqi şəxslərin ərizəsi, özünün təşəbbüsü, habelə inzibati aktdan şikayət verildiyi halda inzibati icraata başlamalı (28-ci maddə), bu barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli (21-ci maddə), maraqlı şəxsi inzibati icraat materialları ilə tanış etməli (38-ci maddə), yazılı formada qəbul edilmiş inzibati aktı əsaslandırmalı (61-ci maddə), inzibati aktda həmin akta qarşı mümkün müdafiə vasitələrini əks etdirməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Hazırkı işin hallarından isə aydın olur ki, iddiaçının pensiyası dayandırılarkən, bu barədə cavabdeh inzibati orqan tərəfindən hər hansı inzibati akt (qərar) qəbul edilməmişdir. İddiaçının pensiyası inzibati icraatın aparılması qaydalarının tələbləri pozulmaqla, hər hansı qərar qəbul edilmədən dayandırıldığından, iddiaçının tələbi, artıq formal-hüquqi baxımdan əsaslı olmuşdur. Beləliklə, iddiaçının hüquqi vəziyyətinə müdaxilə inzibati icraat haqqında qanunvericiliyin tələblərini pozmaqla müvafiq əsaslandırılmış inzbati akt qəbul edilmədən həyata keçirilmişdir. Bu hal isə həm inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməməsinə səbəb olmuş, həm də iddiaçının hüquqlarının müdafiəsi imkanlarını məhdudlaşdırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2-1(112)-5279/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar