Məhkəmə qərarları › İş №2-1(103)-728/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-728/2023

16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-728/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2- 1(112)-5488/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında ona xx.xx.2021-ci il tarixli **********1 saylı məktub ünvanlanmışdır. Həmin məktubda qeyd edilmişdir ki, Filiala təqdim etdiyi 17 sentyabr 1980-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və əlavə olunmuş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il 5 ay 5 gün - xx.xx.2013-xx.xx.2020-ci il, xx.xx.2021- xx.xx.2021-ci il tarixləri arasındakı dövr) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********1 nömrəli “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə” qərarında aşağıdakı qeyd edilən xüsusatlar əsasında vətəndaşa imtina cavabı verilmişdir: İddiaçı təqdim etdiyi xx.xx.1980-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və əlavə olunmuş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az- 7 il 5 ay 5 gün (xx.xx.2013-xx.xx.2020-ci il, xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr) təşkil edir. İşin mübahisələndirilən halı: İddiaçı güzəştli sosial sığorta stajı. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinə müvafiq İddiaçı ümumi sosial sığorta stajı xx.xx.2006-cı il tarixədək 26 il 11 ay 29 gün və xx.xx.2006-cı il tarixdən hüququ yarandığı tarixədək 10 il 06 aydır. Göründüyü kimi iddiaçı Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan ümumi sosial sığorta stajına malikdir. Həmçinin İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 50450,81 manatdır və bu da qanunla tələb edilən məbləğdən çoxdur. İş materiallarına "xxxx" Şirkətinin xx.xx.2021-ci il tarixli 003/21 №-li arayışına müvafiq olaraq İddiaçı xx.xx.2012-xx.xx.2013-cü illər ərzində boyaqçı peşəsində işlədiyi müəyyən edilmişdir. İş materiallarına "xxxx" Şirkətinin xx.xx.2021-ci il tarixli DEN- 003/21 №-li arayışına müvafiq olaraq İddiaçı xx.xx.2013- xx.xx.2017-ci illər ərzində rəngsaz peşəsində işlədiyi müəyyən edilmişdir. İş materiallarında "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli SN-O-111/21 №-li arayışına müvafiq olaraq İddiaçı xx.xx.2017xx.xx.2021-ci illər ərzində rəngsaz peşəsində işlədiyi müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı güzəştli sosial sığorta stajını 07 il 05 ay 05 gün təşkil edir. İddiaçı xx.xx.1980xx.xx.1985-ci illər ərzində işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin siyahısı”nın 21.2-ci bəndində nəzərdə tutulan vəzifəyə aid olduğunu iddia etsə də, 175 №-li Qaydalarda nəzərdə tutulan arayışı təqdim etməmişdir. Belə olan halda sözügedən illərin güzəştli sosial sığorta stajına daxil edilməsi qanunamüvafiq deyildir. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı “Əmək pensiyaları haqqında” AR Qanunun 9.1-ci maddəsinin tələblərinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı tarixdə qanunla ona əmək pensiyası təyin edilməsi üçün tələb edilən 12 il 06 ay güzəştli sosial sığorta stajına malik olmadığından iddia tələbi təmin edilməməlidir. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Qüdrət oğluna güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 62 yaş 7 aydan təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini və əvvəlki iddianın dəqiqləşdirilməsi ərizəsinin etibarsız hesab edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2-1(112)-5488/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 62 yaş 7 ayının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuş, 1975-ci ildə Sumqayıt politexnik texnikumuna daxil olmuş və 1978-ci ildə Sumqayıt politexnik texnikumunun-avtomobilnəqliyyatının təmiri və texniki qulluq” ixtisası üzrə tam kursu bitirmiş, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə qədər hərbi xidmət keçmişdir. O, xx.xx.1980-ci ildən əmək fəaliyyətinə başlamış, xx.xx.2017-ci il tarixdə "xxxx" MMC Şirkətinə rəngsaz vəzifəsinə işə qəbul edilmiş, 30 iyun 2021-ci il tarixdə əmək müqaviləsinə (əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə) xitam verilmişdir. "xxxx" şirkətinin xx.xx.2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, 1958-ci il təvəllüdlü İddiaçı "xxxx" şirkətində əmək müqaviləsi əsasında xx.xx.2013-cü ildən xx.xx.2017-ci il tarixinədək “Rəngsaz” peşəsində işlədiyi müddət “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr 35-ci bəndində göstərilən “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” peşəsinə uyğundur və bu dövr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək stajı hesab edilir. İşçinin işlədiyi müddətdə sink əsaslı, epoksid və şüşə lifli tərkibli rənglərdən istifadə edərək rəngsaz vəzifəsini icra etmişdir. Əmək şəraiti zərərli olduğu üçün bir sıra güzəştlərlə təmin olunmuş, xüsusi qida məhsullarından süd və qatıq məhsulları ilə təmin edilmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 17 sentyabr 1980-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və əlavə olunmuş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 5 ay 5 gün (xx.xx.2013-xx.xx.2020-ci il, xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “X2 (Azərbaycan) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubunda qeyd edilmişdir ki, 1958-ci il təvəllüdlü İddiaçı “X2 (Azərbaycan) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialında xx.xx.2012-ci ildən xx.xx.2013-cü il tarixinədək “Boyaçı” peşəsində çalışıb. Çalışdığı müddət ərzində sink əsaslı, epoksid və şüşə lifli tərkibli rənglərdən istifadə edərək rəngsaz funksiyasını icra etmişdir. Əmək şəraiti zərərli olduğu üçün bir sıra güzəştlərlə təmin olunmuş, xüsusi qida məhsullarından süd və qatıq məhsulları ilə təmin edilmişdir. Gördüyü işin xarakterini nəzərə alaraq, işlədiyi müddət “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr 35-ci bəndində göstərilən “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” peşəsinə uyğundur və bu dövr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək stajı hesab edilir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 13 may 2022-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 20121,58 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 49646,47 manat olmaqla cəmi pensiya kapitalı 69768,05 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 11 il 7 ay 17 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 20122,21 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 49646,05 manat pensiya kapitalı qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar –55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Qaydalar”ın 3.6-cı bəndinə əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra isə fərdi uçot məlumatları əsasında müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”ın 4.1.8-ci bəndinə əsasən, Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element birlikdə mövcud olmalıdır: a) İddiaçının azı 25 il sığorta stajının mövcud olması; b) İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. c) İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İddiaçının əmək pensiyası hüququnun yarandığı tarixə, yəni əmək kitabçasında olan qeydlərə əsasən, hərbi xidmət dövrü nəzərə alınmaqla 25 ildən artıq ümumi əmək stajının olması məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir İddiaçının 60 yaşının tamam olduğu tarixə 25 ildən çox ümumi stajının olması və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçının əmək kitabçasında qeyd olunmuş, xx.xx.2012-xx.xx.2013, xx.xx.2013xx.xx.2017 və xx.xx.2017-xx.xx.2021-ci il tarixlərdə “boyaçı”və “rəngsaz” peşələrində işləməsi mübahisəsiz hal olmaqla bərabər həmin peşələrin eynilik təşkil etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsində göstərilən “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” peşəsinə aid edilməsi "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının və “X2 (Azərbaycan) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının arayışları ilə öz təsdiqini tapmışdır. İddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1980-xx.xx.1985-ci illər ərzində işlədiyi “matros” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2-ci bölməsinin “b” bəndində, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” üzrə “23003010” kod ilə nəzərdə tutulan “üzən heyət: dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla)” vəzifəsinə uyğun olmamasına dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının xx.xx.1980xx.xx.1985-ci illərdə “matros” və xx.xx.2012-xx.xx.2013, xx.xx.2013-xx.xx.2017 və xx.xx.2017-xx.xx.2021-ci il tarixlərdə “boyaçı” və “rəngsaz” peşələrində işlədiyi dövr güzəştli iş stajı kimi nəzərə alındıqda, güzəştli iş stajı ilə bağlı şərt iddiaçının 62 yaş 7 ayı tamam olduğu vaxtdan ödənmiş olur. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatdığından, 62 yaş 7 ayının tamam olduğu xx.xx.2020-ci il tarixədək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verdiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən onun 62,7 yaşdan (xx.xx.2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2-1(112)-5488/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar