Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-729/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3037/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (3-cü şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, 19 №-li şəhər Poliklinikası) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona, xx.xx.2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən ünvanı ünvan 1 əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur. xx.xx.2017-ci il tarixdə ona ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin olunmuşdur. Təyin olunmuş əlilliyin müddəti 5 il olaraq qeyd olunmuşdur. Yəni o, xx.xx.2022-ci ildə yenidən qiymətləndirmədən keçməli idi. Əlillik təyinatı zamanı diaqnoz bölməsində «ÜİX:Aterosklerotik kardioskleroz. İnfarktdan sonrakı karidoskleroz. Gərginlik stenokardiyası F.S-İİİ Dissirkulyator ensofalopatiya. Ekstrosistolik aritmiya. QDÇ-İİİ, AKŞcərrahi əməliyyatından sonrakı vəziyyət. Xroniki xolesistit. Xr pankreatit. ÜÇ- İİİ.Skolioz İ dərəcə. OU hipertonik angiopatiya. Hipertoniya xəstəliyi İİİ mərhələ» qeyd olunmuşdur. Daha sonra müxtəlif vaxtlarda müayinələrdən keçmiş və əlilik arayışında qeyd olunan diaqnoz öz təsdiqini tapmışdır. Sonradan ona məlum olmuşdur ki, ona təyin olunmuş pensiya dayandırılmışdır. Həmin halı araşdıran zaman məlum olmuşdur ki, əlilliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «Əlillik» altsistemində etibarsız hesab edilmişdir. Ətraflı şəkildə məlumat əldə etmək və əlilliyinin bərpası üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin müraciətə cavab olaraq bildirilmişdir ki, Səhiyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli 02/02-45 №-li məktubu ilə qiymətləndirməyə əsas verən göndərişi əsassız hesab edilmişdir. Bununla əlaqədar əlilik müayinəsi Nazirliyin «Əlillik» altsistemində etibarsız hesab edilmişdir. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması üçün müayinədən keçərkən ona qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar eynilik təşkil edir. Bundan əlavə cavabdeh inzibati orqan əlilliyinin etibarsız hesab edilməsi üçün Səhiyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli 02/02-45 №-li məktubunu əsas götürsə də, həmin məktubun surətini və ya məzmunu ona təqdim etməmişdir. Bundan başqa ona məxsus əlillik etibarsız hesab edilsə də, bu barədə ona hər hansı bir məlumt verilməmişdir. Aidiyyəti qurumlara müraciət ünvanladıqdan sonra nəhayət ki, bir məlumat verilmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri əsassızdır. Əlillik meyarlarının müəyyən olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 №-li Qərarı ilə təsdiq edilmişdir. Həmin Qərarda əlilliyin vaxtından əvvəl ləğv və ya etibarsız hesab olunması halları qeyd olunmamışdır. Göründüyü kimi cavabdeh tərəfindən hüquqları kobudcasına pozulmuş və onun sosial təminat hüquqları məhdudlaşdırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3037/2020 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti (apellyasiya şikayəti iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 14 saylı Vəkil Bürosu) tərəfindən imzalanmışdır) verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3037/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan sənədlərdə iş üzrə məhkəmənin qəbul etdiyi qərardan da göründüyü kimi iddiaçı müxtəlif vaxtlarda onda yaranmış xəstəliklə bağlı ambulator və stasionar qaydada müayinədən keçmiş və zəruri müalicələr almışdır. Deməli iddiaçının əlilliyə əsas olan xəstəliyin mövcud olması işin mübahisələndirilməyən halıdır. Cavabdeh inzibati orqan şəxsin əlilliyini əlillik alt sistemində etibarsız hesab edərkən faktiki olaraq bütün günahı Səhiyyə Nazirliyinin üzərinə qoymağa çalışmışdır. Halbuki, düzgün şəkildə araşdırılma aparılsa idi müəyyən olunardı ki. əlilliyin etibarsız hesab edilməsi ilə bağlı təşəbbüs, eyni zamanda etibarsız hesab edilmə faktı cavabdeh inzibati orqan tərəfindən həyata keçirilmişdir. Vətəndaşlara təyin olunmuş əlillik dərəcələrinin vaxtından əvvəl ləğv və ya etibarsız hesab edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 №-li Qərarında qeyd olunmamışdır. Lakin cavabdeh inzibati orqan qüvvədə olan qanunvericilik normalarını kobud şəkildə pozaraq şəxsin sosial təminat hüququnun ayaqlar altına atmışdır. Bu hərəkəti ilə cavabdeh inzibati orqan əlillərə olan münasibətini nümayiş etdirmişdir. Halbuki, bir inzibati orqan olaraq iddiaçının barəsində bu qədər həssas bir mövzuda araşdırma apararkən iddiaçının maraqlı şəxs kimi cəlb etməmiş, ümumiyyətlə qüvvədə olan "İnzibati icraat haqqında” Qanunun bütün tələblərinə riayət etməmiş və iddiaçının qanunla qorunan hüquq və maraqlarını pozmuşdur. İstər inzibati orqan, istərsə də işə baxan birinci instansiya məhkəməsi şəxsə təyin olunmuş əlilliyin etibarsız hesab edilməsi hərəkətinin qanunsuz olmasına hüquqi qiymət verməmişdir. Mübahisənin mahiyyəti isə əslində etibarsız sayılmada əks olunan qanunsuz hərəkətlərdən ibarət olmuşdur. İşin apellyasiya icraatı zamanı Bakı İnzibati Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli, A-295/5 nömrəli məktubla iddiaçının nümayəndəsi və vəkili olmuş Vəkil xx.xx.2021ci il tarixli ərizəsi göndərilmiş, inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı koronavirus infeksiyasından vəfat etmişdir. Cavabdeh və üçüncü şəxslər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və hazırkı inzibati iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan AA0633229 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Abşeron ray., Novxanı Ərazi D., Novxanı kəndində qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1-ci və 25.2-ci maddələrinə görə, Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Şərh olunan maddələrin normalarına görə, hüquq qabiliyyəti fiziki şəxsin doğulduğu an əmələ gəlir və ölümü ilə xətm olunur. Qanun ölüm anını beyinin fəaliyyətinin dayanması kimi müəyyən edir. “İnsan orqan və (və ya) toxumalarının transplantasiya haqqında” Qanunun 10-cu maddəsində “beyin ölümü” bioloji ölümünün baş verməsi və baş-beyin fəaliyyətinin tam dayanması kimi müəyyən olunur. Şəxs nə qədər ki, sağdır, hüquq qabiliyyəti var və onun ölmüş elan edilməsi də yaşadığı və fəaliyyət göstərdiyi yerdə hüquq qabiliyyətinə təsir etmir. Qanunla nəzərdə tutulan hallarda hüquq qabiliyyəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. İşin apellyasiya icraatı zamanı xx.xx.2021-ci il tarixdə məhkəmə tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimovaya sorğu ünvanlanaraq, iş üzrə müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi ilə əlaqədar İddiaçı (xx.xx.1960-cı il tarixdə anadan olmuş), ölüm faktının aparılmasını təsdiq edən qeydin surətinin Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının reyestri xidmətinin xx.xx.2021-ci il tarixli, 05/2-1239/13 nömrəli məktubu məhkəməyə daxil olmuşdur. Məktuba əlavə edilmiş Nizami rayon qeydiyyat şöbəsinin 0036 8 0030 05012021 №-li ölüm haqqında akt qeydinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nizami rayonunda böyüklərin respirator pozğunluq (distress) sindromu, dəqiqləşdirilməmiş pnevmoniyadan ölmüşdür. Ölüm faktını təsdiq edən sənəd – **********11 nömrəli, xx.xx.2021-ci il tarixli “Yeni Klinika” tərəfindən verilmiş tibbi şəhadətnamə. AZ-İİ 153849 seriya və nömrəli , xx.xx.2021-ci il tarixli şəhadətnamə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən ölüm haqqında şəhadətnamədən göründüyü kimi İddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Prosessual hüquq varisliyi maddi hüquq varisliyi ilə sıx bağlıdır. Ona görə də əgər maddi hüquq münasibətlərində hüquq varisliyinə yol verilirsə, prosessual hüquq varisliyi də mümkündür. Hüquq və vəzifələrin başqa şəxsə keçməsinə yol verilməyən öhdəliklərdə, habelə varisliyə yol verməyən hüquq münasibətlərində tərəfin sıradan çıxması həmin öhdəliyin və ya hüquq münasibətlərinin xitamına səbəb olur və belə halda prosessual hüquq varisliyi yarana bilməz (məsələn, alimentin tutulması, kreditorun şəxsiyyəti ilə sıx bağlı olan öhdəliyin (hər hansı incəsənət əsərinin yaradılması, qanunsuz olaraq işdən çıxarılmış işçinin işə bərpa olunması haqqında tələblər və s.). İşdən göründüyü kimi iddiaçının tələb etdiyi ikinci dərəcəli əlilliyin bərpa olunması şəxsi xarakter daşıyır, yalnız onun özünə mənsub ola bilən hüquqdur və bu hüquq başqasına keçməsi mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı qismində çıxış etmiş İddiaçı vəfat etdiyindən və qanunvericilik normasının tələblərinə uyğun olaraq, barəsində mübahisə edilən hüquq münasibəti - ikinci dərəcəli əlilliyin bərpa olunması barədə iddia tələbi hüquq varisliyinə yol vermədiyindən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsin əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İPM-in 1.2, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3037/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona, xx.xx.2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” iddia tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi, 14, 1193cü məhəllə) inzibati kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-729/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-729/2021
02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver