Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-73/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki pasportun və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Həmid Üzeyir oğlu Həmidovdan və Xumar Afət qızı Mərdanovadan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, 3-cü şəxs Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki pasportun və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-127/2019 saylı 14 mart 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarıqəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İşdə olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 75 saylı 17.04.2015-ci il tarixli sərəncamından görünür ki, İİ qrup müharibə əlili İddiaçı Hüseyn oğlunun istifadəsində olan Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, 2a saylı binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər ərazisinin tikinti-planlaşdırma idarəsinin Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə ünvanladığı 18/03-8/531 saylı 09.08.1995-ci il tarixli məktubundan görünür ki, İddiaçı Hüseyn oğlunun yaşadığı binanın qarşısında yararsız qalmış 100 kv.m torpaq sahəsinin əsas məqsədlə istifadə olunana qədər həmin ərazidə müvəqqəti olaraq bostan təşkil olunmasına etiraz edilməmişdir. “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 03/93 saylı 21.01.2003-cü il tarixli müqaviləyə əsasən ünvan 4 ünvanda yerləşən 100 kv.m torpaq sahəsi 21.01.2003cü ildən 21.01.2052-ci ilə qədər iddiaçıya icarəyə verilmişdir. İddiaçının sifarişi əsasında “Azərbaycanmemarlayihə” Respublika yaradıcı memarlıq şirkətinin “Gəncmemarlayihə” yaradıcılıq memarlıq exalatxanası tərəfindən ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış binasının eskiz layihəsi hazırlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yaında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 21.02.2019-cu il tarixli məktubuna əlavə edilmiş arayışdan görünür ki, köhnə ünvan kimi Ünvan Reyestri İnformasiya Sistemində ünvan 6 ünvanı mövcud olmadığı üçün sözügedən torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-23/2008 saylı 06.03.2008-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Seyidzadə küçəsi, 2a saylı yaşayış binasının qarşısında yerləşən sahənin bir hissəsi Nəsimi rayon bələdiyyəsinin balansındadır. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon H.Seyidzadə küçəsi, ev 2a-nın qarşısında inşa etdiyi sahibliyində və istifadəsində olan qeyri-yaşayış sahəsinə texniki pasportun və adına daşınmaz əmlakın dövlət qeyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin edilməsindən imtina etmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********94 saylı 24.05.2018-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, qeyri-yaşayış binasının dövlət reyestrində qeydiyyata alınması üçün Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiqlənmiş qanunamüvafiq hüquqmüəyənedici sənədlər ərizəyə əlavə olunmamış, elektron baza məlumatlarına əsasən qeyri-yaşayış binası yolun kənarında yaşıllıq olan ərazidə yerləşir və sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan ərazilərə aid deyildir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Cavabdeh inzibati orqanın imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon H.Seyidzadə küçəsi, ev 2a-nın qarşısında inşa etdiyi sahibliyində və istifadəsində olan qeyri-yaşayış sahəsinə texniki pasportun və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon H.Seyidzadə küçəsi, ev 2a-nın qarşısında, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər ərazisinin tikinti-planlaşdırma idarəsinin 18/03-8/531 saylı 09.08.1995-ci il tarixli məktubuna və Nəsimi rayon bələdiyyəsi ilə bağlanmış 03/93 saylı 22.01.2003-cü il tarixli müqaviləyə əsasən istifadəsində olan torpaq sahəsində qeyri-yaşayış obyekti tikdirmiş və bu günə qədər mövcud olan həmin obyektdən istifadə edir. Tikili 2015-ci ildə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 75 nömrəli sərəncamı ilə rəsmiləşdirilmişdir. Qeyd olunan sənədləri obyektə mülkiyyət hüququnu rəsmiləşdirmək məqsədilə cavabdehə təqdim etmiş, lakın cavabdeh inzibati orqan onun müraciətini təmin etməmişdir. O, cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Cavabdehin etirazları: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, əlavə araşdırma zamanı müəyyən edilmişdir ki, təqdim olunmuş layihədə göstərilən otaqlar faktiki olaraq tikilməmişdir. Həmçinin, hüquqmüəyyənedici sənədlərə əsasən torpaq sahəsi 100 kv.m., tikilinin sahəsi 86,3 kv.m. göstərilmişdir. Faktiki olaraq isə torpaq sahəsi 208,7 kv.m., tikilinin sahəsinin 82,6 kv.m. olduğu aşkar edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-127/2019 saylı 14 mart 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı Hüseyn oğlunun sahibliyində və istifadəsində olan ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gələrkən ona istinad etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən imtinanın əsaslarını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-127/2019 saylı 14 mart 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, 14.03.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclası barədə İdarəyə məlumat göndərilməmişdir. İşin düzgün və ətraflı araşdırılması məqsədilə Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, X1 Təşkili üzrə Dövlət Agentliyi və Arxitektura Komitəsi məhkəmə tərəfindən iş üzrə 3-cü şəxs qismində işə cəlb edilməli və ekspertiza təyin edilməlidir. Apellyasiya və kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-1561/2019 saylı 24 iyul 2019-cu il tarixli qərarı ilə şikayətin təmin edilməsi, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2- 1(81)-127/2019 saylı 14 mart 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi qərara alınmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-113/2019 saylı 28 yanvar 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-1561/2019 saylı 24 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 3-cü şəxs Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 27.10.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 3-cü şəxs Nəsimi Bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin və digər 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin və digər 3-cü şəxs- Nəsimi Bələdiyyəsinin nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 22.09.2021-ci tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 24.05.2018-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə 21.06.2018-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsinin Şəhər ərazisinin tikinti-planlaşdırma İdarəsinin 09.08.1995ci il tarixli 18/03-8/531 saylı məktubu ilə Bakı şəhəri, 4-cü mkr, H.Seyidzadə küçəsi 2 a saylı binanın qarşısında yararsız torpaq sahəsi iddiaçının istifadəsinə verilmiş, iddiaçı həmin torpaq sahəsinə dair 2003-cü ildə Nəsimi rayon Bələdiyyəsi ilə uzunmüddətli icarə müqaviləsi bağlamış və səlahiyyətli qurum tərəfindən tərtib edilmiş eskiz layihə əsasında qeyri-yaşayış sahəsi inşa etmişdir, həmin qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə rəsmiləşdirilməsinə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 75 saylı 17.04.2015-ci il tarixli sərəncamı ilə icazə verilmişdir. İddiaçı 2003-cü ildə bələdiyyədən icarəyə götürdüyü torpaq sahəsində inşa etdiyi həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Cavabdehin mövqeyinə görə, iddiaçının ərizəyə əlavə etdiyi sənədlər surətdir, həmin sənədlərin əslləri təqdim olunmamışdır. Müvafiq qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair qanunvericiliyin tələblərinə uyğun olan hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İdarənin elektron kadastr baza məlumatlarına əsasən müvafiq qeyri-yaşayış binası yolun kənarında yaşıllıq olan ərazidə yerləşir. Torpaq sahəsi bələdiyyə mülkiyyətinə ayrılan ərazinin hüdudları xaricindədir. Bundan başqa İdarəyə təqdim olunmuş layihədə göstərilən otaqlar faktiki olaraq tikilməmişdir. Ərizəyə əlavə olunmuş hüquqmüəyyənedici sənədlərə görə torpaq sahəsi 100 kv.m., tikilinin sahəsi 86,3 kv.m. göstərilsə də, faktiki olaraq torpağın sahəsi 208,7 kv.m., tikilinin sahəsi isə 82,6 kv.m. təşkil edir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya aid sənədlərin həqiqiliyi barədə araşdırma aparılmamış, 100 kv.m torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi barədə bələdiyyə qərarı və aidiyyəti orqanların rəylərinin mövcud olması araşdırılmamış, bələdiyyənin məhkəmə icraatına cəlb edilməsi müzakirə edilməmişdir. Eyni zamanda apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş layihədə göstərilən otaqların faktiki olaraq tikilmədiyi, torpaq sahəsinin 100 kv.m, tikili sahəsinin 86,3 kv.m. olduğu halda, faktiki olaraq torpaq sahəsinin 208,7 kv.m., tikili sahəsinin 82,6 kv.m. olduğunun müəyyən edildiyi qənaətinə gəlsə də, gəldiyi nəticəni işin faktiki halları ilə araşdırmamış, iddiaçı tərəfindən inşa edilən tikilinin ona icarəyə verilmiş 100 kv.m torpaq sahəsinin daxilində, yaxud xaricində olmasını müəyyən etməmiş, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktı ilə bağlı da faktiki və hüquqi qiymətləndirmə aparılmamış, layihənin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılması araşdırılmamış, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti və Bakı şəhəri Nəsimi rayon Bələdiyyəsi işə cəlb edilməklə araşdırılıb qiymətləndirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla bağlı işə təkrar apellyasiya qaydasında baxılarkən müvafiq araşdırma aparılmış, o cümlədən hazırki iş üzrə iddiaçıya iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi sənədlərin əslləri əldə olunmuş, Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi Bələdiyyəsi iş üzrə 3-cü şəxslər qismində işə cəlb olunmuşlar, 100 kv.m torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi barədə bələdiyyə qərarının və aidiyyəti orqanların rəylərinin mövcud olub-olmaması, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 75 saylı 17.04.2015ci il tarixli sərəncamının tikilinin inşa edilməsinə icazə barədə qərar və həmin qeyri-yaşayış sahəsinin istismara qəbul aktı kimi qiymətləndirilməsinin mümkünlüyü ilə bağlı sorğular verilmiş, “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 03/93 saylı 21.01.2003-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri Nəsimi rayon Bələdiyyəsi tərəfindən 21.01.2003-cü ildən 21.01.2052-ci ilə qədər iddiaçının icarəsinə verilmiş Bakı şəhəri, Seyidzadə küçəsi, 2a ünvanda yerləşən 100 kv.m. torpaq sahəsinin icarəyə verildiyi zaman Bakı şəhəri Nəsimi rayon Bələdiyyəsinin ərazi hüdudlarına aid olub-olmamasının, İddiaçı Hüseyn oğlu tərəfindən inşa edilmiş tikilinin Nəsimi rayon Bələdiyyəsi tərəfindən onun icarəsinə verilmiş Bakı şəhəri, Seyidzadə küçəsi, 2a ünvanda yerləşən 100 kv.m. torpaq sahəsinin üzərində yerləşməsinin, yerləşmədiyi təqdirdə hansı hissədə həmin torpağın üzərində yerləşməməsinin və həmin torpağın üzərində yerləşməyən hissənin hansı əraziyə, yəni kimə məxsus olan əraziyə düşməsinin müəyyən edilməsi məqsədilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis cəlb edilməklə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. 15.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə baxış keçirilmiş, naturada koordinatlar müəyyən edilməklə ölçülmüşdür. Araşdırma ölçülmüş ərazinin naturada müəyyən edilmiş koordinatlarına əsasən elektron kadastr bazasından verilmiş məlumatlara və ölçülmüş ərazinin koordinatlarını və sair texniki parametrlərini əks etdirən sxemlərə əsasən aparılmışdır (sxemlər əlavə edilir). Elektron kadastr baza məlumatlarına əsasən mübahisələndirilən ərazidə İddiaçı eləcə də qeyri hüquqi və fiziki şəxsin adına hüquqi və ya texniki sənədin (verilməsi) qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Elektron kadastr bazasından verilmiş məlumatlara əsasən mübahisələndirilən ərazi Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 26.09.2000-ci il tarixli 919 nömrəli sərəncamı ilə Nəsimi rayonu Nəsimi Bələdiyyəsinə ayrılması nəzərdə tutulan dövlət mülkiyyəti torpağıdır. Bakı şəhəri Nəsimi rayon Bələdiyyəsinin ərazi hüdudları daxilində yerləşir. Müraciətə əlavə edilmiş Nəsimi rayonu Nəsimi Bələdiyyəsi tərəfindən tərtib və təsdiq edilmiş cizginin miqyassız, koordinatsız, hər hansı bir istinad nöqtəsindən məsafəsinin göstərilməsi qeyd edilməyən olduğundan, Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması qaydaları haqqında əsasnamənin 19-cu bəndində nəzərdə tutulan qaydada planalma aparılaraq ayrılan torpaq sahəsinin ölçüsündən asılı olaraq tələb olunan miqyasda plan-ölçüsü hazırlanmadığından (keçmiş DTXK-nin Bakı şəhər şöbəsi tərəfindən hazırlanıb rəy verilməli idi), İddiaçı oglu tərəfindən inşa edilmiş tikili Nəsimi rayon Bələdiyyəsi tərəfindən onun icarəsinə verilmiş ünvan 9 ünvanda yerləşən 100 kv.m. torpaq sahəsinin üzərində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. 05.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin 10/3521 saylı 15 iyul 2021-ci il tarixli ekspert rəyi də yuxarıda qeyd olunan mütəxəssis rəyinin məzmununa uyğun verilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısı Aparatının 6/980 saylı 25.10.2021-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, 2a saylı binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsinin inşa edilməsinə icazə barədə inzibati akt kimi qiymətləndirilə bilər, lakin həmin qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 302 saylı 11.09.2014-cü il tarixli qərarı ilə “Tikinti obyektlərinin istismarına icazənin vahid forması”nın təsdiq edilməsi haqqında təsdiq edilmiş “Tikinti obyektinin istismara İcazə” əlavə verilməli idi. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 75 saylı 17.04.2015-ci il tarixli sərəncamı (inzibati akt) qeyri-yaşayış sahəsinin istismarına qəbul aktı kimi qiymətləndirilə bilməz. Daha sonra Bakı şəhəri Nəsimi rayonu Bələdiyyəsinin sədri X8 ilə İddiaçı arasında bağlanan Bakı şəhəri, H.Seyidzadə küçəsi, 2a saylı binanın qabağında yerləşən 100 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə 03/93 nömrəli, 21.01.2003-cü il tarixli icarə müqaviləsinin və ona əlavə olunan “torpaq sahəsinin planı” sənədinin verilməsi üçün əsas olan sənədlər, o cümlədən Nəsimi bələdiyyəsinin qərarının və aidiyyəti orqanların rəylərinin (mövcud olduğu təqdirdə) təsdiq olunmuş surəti Nəsimi Bələdiyyəsindən tələb olunmuşdur. Həmin sorğuya cavab olaraq 26.10.2021-ci il tarixdə Nəsimi Bələdiyyəsi tərəfindən məhkəməyə daxil olmuş məktubda göstərilmişdi ki, Nəsimi rayon bələdiyyəsinin uçotməlumat bazasında bələdiyyə ilə İddiaçı arasında Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, 2a saylı binanın qarşısında yerləşən torpaq sahəsi ilə bağlı hər hansı bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqısatqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Adı çəkilən Qanunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 09.08.2001-ci il tarixli 548 nömrəli Fərmanının 2-ci bəndində müəyyən edilmişdi ki, Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Dövlət Torpaq və xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrıayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən «Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir», 5-ci bəndinə əsasən «Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir», 6-cı bəndinə əsasən «Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir», 8-ci bəndinə əsasən «Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir». “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, 2a saylı binanın qarşısında yerləşən İddiaçı istifadəsində olan 100 kv.m. torpaq sahəsinin onun uzunmüddətli icarəsinə verilməsi barədə Nəsimi rayon bələdiyyəsinin qərarı mövcud olmamış, həmin torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müvafiq aidiyyəti orqanlardan rəylər alınmamış, torpaq sahəsi bələdiyyənin ərazi hüdudları daxilində yerləşsə də, rəsmiləşdirilməsi tələb olunan qeyri-yaşayış binasının məhz həmin torpaq sahəsi üzərində yerləşməsini mütəxəssis və ekspert vasitəsilə müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, hazırki işdə iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi daşınmaz əmlakın dövlət qeydiyyatı üçün əsas verən hallar tam sübuta yetirilmədiyindən və bu barədə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsində sadalanan sənədlər iddiaçı tərəfindən tam olaraq təqdim olunmadığından tələb olunan inzibati aktın verilməsi üçün şərtlər də tam ödənilməmiş sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırki işdə məhkəmə kollegiyası iddiaçı tərəfindən arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, onun tələbinin təmin olunmasından cavabdeh inzibati orqanın verdiyi imtina qanuni olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırki işdə cavabdehin imtinası qanuni olub, iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığı üçün bu hal cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələb etdiyi inzibati aktın qəbul edilməsi barədə öhdəliyin qoyulmasını istisna edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini bu qərarın əsaslandırıcı hissəsində göstərilən məsələləri yoxlamadan təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. O ki qaldı cavabdehin apellyasiya şikayətində göstərdiyi “Bakı şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, X1 Təşkili üzrə Dövlət Agentliyinin və Arxitektura Komitəsinin iş üzrə 3-cü şəxslər qismində cəlb edilməsi” barədə dəlilinə, bu barədə dəlil cavabdeh tərəfindən əsaslandırılmadığı üçün və hazırki işdə həmin şəxslərin işə cəlb olunmasına zərurət olmadığından təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 127/2019 saylı 14 mart 2019-cu il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Məhkəmə kollegiyası heab edir ki, iddiaçının iddiası təmin edilmədiyindən apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza təhqiqatının aparılması ilə bağlı xərclər ona aid edilməlidir. Belə ki, İddiaçı 311 manat məbləğində ekspertiza xərci tutularaq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına, 100 manat məbləğində ekspertiza xərci isə tutularaq Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-127/2019 saylı 14 mart 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia təmin olunmasın. İşin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 311 manat məbləğində ekspert xərci tutularaq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına, 100 manat məbləğində ekspert xərci isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Həmid Həmidov Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2-1(103)-73/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-73/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver