Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-73/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 və üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X3) «bağ sahəsinə hüquqlar qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4147/2022 nömrəli 20 dekabr 2022-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X3) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, sahəsi 600 kv.m olan 135 saylı bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 2-1(112)-4147/2022 nömrəli 20 dekabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, sahəsi 600 kv.m olan 135 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakn Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda həmin qərardan üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələblə bağlı xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərində 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən “135” saylı bağ sahəsinə dair digər fiziki şəxsin (X3) adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş plan və ölçü verilmişdir. Həmçinin torpaq sahəsi sənədlə 600.0 kv.m göstərilsə də, faktiki olaraq 540.0 kv.m təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2018-ci il tarixli, **********04 saylı, xx.xx.2019-cu il tarixli, **********88 saylı və xx.xx.2020-ci il tarixli, **********90 saylı cavab məktubları ünvanlanmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq İddiaçı iddia tələbini təmin etmişdir. Bu səbəbdən də həmin Məhkəmə tərəfindən qəbul olunmuş qərar ləğv olunmalı, iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmalıdır. Üçüncü şəxs tərəfindən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 1974-cü ildən 1986-cı ilədək Bakı Şin Zavodunda müxtəlif vəzifələrdə işləmişdir. 1987-ci ildən əvvəl zavod işçiləri tərəfindən “Şinçi” bağçılıq-yoldaşlıq cəmiyyəti yaradılmış, o da həmin cəmiyyətin üzvü olmuşdur. 1987-ci ildə Xalq Deputatları İcraiyyə Komitəsinin 17/310 saylı qərarına əsasən o da daxil olmaqla həmin zavodun 200 nəfər işçisinə Zirə qəsəbəsi bağlar massivində torpaq sahələri ayrılmış və ona da 6 sot torpaq sahəsi verilmişdir. Həmin vaxt zavodun digər işçiləri Qəzənfər Mehdiyev, İdris Əliyev və İsgəndər Əliyevə də torpaq sahələri ayrılmış və həmin şəxslər onun qonşusu olmuşdur. Onlara torpaq sahələrinin bölgü sxemi verilmişdir ki, həmin sxemə əsasən ona 135, qonşularına isə müvafiq olaraq 134 və 136 nömrəli sahələr verilmişdir. Həmin vaxt o, həmin sahəni məftillə əhatəyə almışdır. Bundan sonra 2009-cu ildə isə dörd tərəfdən 3 metr hündürlükdə daş hasara aldırmışdır. 2014-cü ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən torpaq sahəsinə dair kadast-reyestr sənədi almışdır. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək torpağa dair çıxarış almaq istəmişdir. Lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Səbəb isə İddiaçı və onun eyni torpaq sahəsinə iddia etmələri olmuşdur. İddiaçıya torpaq sahəsi ayrılmışdır. Lakin həmin bağ sahəsi 84 saylı bağ sahəsi olmuşdur. Lakin həmin sahə sonradan başqa adama verilmiş və orada ev tikilmişdir. Lakin iddiaçı torpaq sahəsi ilə maraqlanmadığından sonradan orada ev tikildiyini görüb Şinçi bağçılıqyoldaşlıq cəmiyyətinə müraciət etmişdir. Həmin ərəfədə əvvəlki sədr Polad müəllim rəhmətə getmiş, hazırda sədr Əli adlı şəxsdir. Bundan sonra iddiaçıya iddiaçının hədə qorxusuna tabe olan Polad müəllimin həyat yoldaşı 135 saylı bağ sahəsinə dair sənədi vermişdir. Əslində ona verilən sənəddə 135 saylı torpaq sahəsi olmayıb. O, sonradan həmin sənədləri saxtalaşdırıb. Əgər o torpaq həqiqətən iddiaçıya verilmişdirsə, Polad müəllim sağ olan müddətdə verilmiş olardı. Həmin sənəd isə tamamilə saxtadır. Belə ki, sənəd əvvəlki illərdə verilməsinə baxmayaraq, yoldaşlıq cəmiyyətinin hazırda istifadəsində olan möhürlə “Azərşin İB” təsdiq edilmişdir. Halbuki əvvəlki illərdə “Şinçi” möhüründən istifadə olunmuşdur. İddiaçıya verilən sənədin saxta olmasını təsdiq edən növbəti bir fakt isə iddiaçının təqdim etdiyi 1999-cu ilə aid siyahını təsdiq edən şəxslərdir. Belə ki, həmin dövrdə zavodun direktoru Məhəmməd Abdullayev, həmkarlar komitəsinin sədri isə Əhməd Əhmədov olmuşdur. Lakin iddiaçının təqdim etdiyi sənəddə isə direktor və həmkarlar komitəsinin sədri tamamilə başqa şəxs göstərilmişdir. Hər ikisi eyni torpaq sahəsi ilə bağlı iddia irəli sürdüklərindən DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsin rəisi hər ikisini qəbul edib məsələni müzakirə etdi. Söhbət zamanı müəyyən olundu ki, İddiaçı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə əvvəlcə başqa bağ sahəsi ilə bağlı müraciət etmişdir. Həmin bağ sahəsində ev tikildiyi üçün əldən çıxdığını görüb yenidən ona məxsus bağ sahəsinə iddia irəli sürmüşdür. Göründüyü kimi, iddiaçı həmin ərazidə olan bağ sahələri ilə bağlı əsassız iddialar irəli sürərək hansı tutar-tutar prinsipi ilə hərəkət etmişdir. İddiaçı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə əvvəlcə başqa bağ sahəsi ilə bağlı müraciət etdiyi faktını həmin idarənin iş üzrə Bakı İnzibati Məhkəməsinə ünvanladığı etiraz ərizəsində də görmək olar. Belə ki, etizada açıq-aydın qeyd edilir ki, iddiaçı əvvəlki müraciətində başqa bağ sahəsinin ərazisini göstərmişdir. Bu və digər səbəblərdən də İddiaçı müraciəti icra edilməmişdir. Ona isə 135 saylı bağ sahəsinin ayrıldığını həmin ərazidə torpaq ayrılan digər zavod işçiləri, bağ qonşuları və Şinçi bağçılıq-yoldaşlıq cəmiyyətinin mərhum sədri Polad müəllimin həyat yoldaşı və qızı da təsdiq edir. Qonşular tərəfindən tərtib olunmuş aktda onlar özləri də 135 saylı bağ sahəsinin ona məxsus olduğunu təsdiq ediblər. Polad müəllimin həyat yoldaşı və qızı bildirirlər ki, Polad müəllim sağikən son vaxtlar iddiaçı bir neçə dəfə onun evinə gəlmişdir. Polad müəllim isə hər dəfə bezərək onu qapıdan qovmuş və bildirmişdir ki, onun bağı 84 saylı bağ sahəsi olmuşdur. İddiaçı ona ayrılmış 84 saylı bağın əldən çıxdığını görüb sonradan ona məxsus 135 saylı bağa saxta sənəd əldə etmişdir. Yoxsa istər həmin ərazidə yaşayan qonşular, istərsə də zavodun digər işçiləri hamı təsdiq edir və hamıya da məlumdur ki, 135 saylı bağ ona məxsusdur. Neçə illərdir ki, həmin bağ onun istifadəsindədir. İddiaçı isə özü də yaxşı bilir ki, ora ona aid deyil, buna görə də indiyə qədər bağla bağlı bir tədbir görməmiş, gəlib getməmişdir. İddiaçıdan fərqli olaraq bağ sahəsinə dair ona verilmiş sənədlər tamamilə qanunidir. İddiaçı sonradan qanunsuz yollarla ona məxsus bağ sahəsinə saxta sənəd almışdır. Həmin sənəd saxta olsa da ilk baxışdan ona məxsus ilkin sənədlə eyni hüquqi qüvvəyə malik olduğu təəssüratı yaradır. Lakin o, 2014-cü ildə həmin torpaq sahəsinin zəruri sənədlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim etmişdir. Komitə tərəfindən araşdırma aparılmış və ona torpaq sahəsinə dair kadast-reyestr sənədi verilmişdir. Yəni sözügedən bağ sahəsinin ona məxsus olduğu dövlət tərəfindən müəyyən olunmuşdur və müvafiq sənəd verilmişdir. Bu isə həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsasdır. İddiaçı isə belə bir sənəd verilməmişdir. Yəni onun həmin torpaq üzərində hüququnu dövlət tərəfindən müəyyən edən belə bir üstün qüvvəyə malik sənədi yoxdur. Bundan başqa o, illərdir ki, ərazi bələdiyyəsinə torpaq vergisini ödəmişdir və həmin torpaq sahəsi üzrə bələdiyyənin vergi ödəyiciləri siyahısında onun adıdır. Məhkəmənin iddianı təmin etməsinin əsaslandırma hissəsi belə olmuşdur ki, “DƏDRX 1 saylı Bakı Ərazi İdarəsində saxlanılan arxiv sənədləri sırasından “Şinçi” bağçılıq cəmiyyətinin üzvlərinin siyahısı məhkəmə icraatına təqdim olunmuş və həmin siyahıda hazırkı İddiaçı ona 135 saylı bağ sahəsi ayrılan şəxs (Zavodun işçisi) kimi göstərilsə də, inzibati orqanın imtinasında adıçəkilən, həmçinin hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş X2 adı sözügedən siyahıda əks olunmamışdır.” Məhkəmə qərarı əsaslandırmaq üçün şablon ifadədən istifadə edərək prosessual normanın tələblərini ciddi şəkildə pozmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı hər iki apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktublarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zirə bağ massivi ünvanında yerləşən 135 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının müraciətlərinə baxılmış, həmin bağ sahəsinin digər fiziki şəxsin adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş plan və ölçü verilmiş ərazi ilə üst-üstə düşməsi, torpaq sahəsi sənədlə 600.0 kv.m göstərilsə də, faktiki olaraq 540.0 kv.m torpaq sahəsinin istifadə edilməsi qeyd olunmaqla müraciətin təmin edilməsindən imtina edilmişdir. İş materiallarında olan Bakı Şin Zavodu müdiriyyətinin zavod HİK və «Şinçi» Bağçılıq Cəmiyyəti idarə heyəti ilə birlikdə keçirdiyi iclasın xx.xx.1988-ci il tarixli 02 saylı protokolundan çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, torpaq sahələri nömrələr üzrə püşkatma yolu ilə təyin edildi və hər kəs öz pay torpaq sahəsini öyrəndi, püşkə görə İddiaçı ailəsinə torpaq sahəsi 600 kv.m olan 135 nömrəli bağ yeri təyin edildi. İş materiallarında olan Bağçının üzvlük kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı “Şinçi” Bağçılıq Cəmiyyətinin xx.xx.1988-ci il tarixli protokoluna əsasən Bağçılıq Cəmiyyətinə üzv qəbul edilmişdir, Zirə bağlar massivində 135 nömrəli bağ sahəsi İddiaçı daimi istifadəsinə verilmişdir. İş materiallarında olan “Şinçi” bağçılıq yoldaşlığının üzvlərinin siyahısından (xx.xx.1999-cu ilə olan vəziyyət) görünür ki, üzvlərin siyahısında İddiaçı adı qeyd olunmuşdur, bağ sahəsinin nömrəsi 135 göstərilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.50-ci yarımbəndində və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.20-ci bəndində təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifəsidir. İşin faktiki halları ondan ibarətdir ki, protokoldan çıxarışa və Bağçının üzvlük kitabçasına əsasən İddiaçı “Şinçi” bağçılıq cəmiyyətinin üzvlüyünə qəbul edilmiş və ona Bakı şəhəri, Zirə bağ massivi, sahəsi 600 kv.m olan 135 saylı bağ (torpaq) sahəsi ayrılmışdır. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı inzibati orqana müraciət etmişdir. Lakin həmin inzibati orqan məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırmışdır ki, kadastr baza məlumatlarına əsasən həmin bağ sahəsinə dair digər fiziki şəxsin (X2) adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən plan və ölçü verilmişdir, həmçinin torpaq sahəsi sənədlə 600 kv.m göstərilsə də, faktiki olaraq 540 kv.m təşkil edir. İddiaçı hazırda inzibati orqanın imtinasını mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Məhkəmə icraatında iddiaçının təqdim etdiyi sənədlərin (protokoldan çıxarış və üzvlük kitabçası) qeyri-mötəbərliyi ilə bağlı cavabdeh və üçüncü şəxs tərəfindən heç bir sübut və dəlil verilməmişdir. Belə olan halda, iddiaçının təqdim etdiyi sənədlər mötəbər sübut qismində qiymətləndirilir. Bundan başqa, həmin sənədlər geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır, həmçinin daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Bundan başqa, məhkəmə iclasında DƏDRX 1 sylı Bakı Ərazi İdarəsində saxlanılan həmin bağçılıq cəmiyyətinə aid arxiv qovluğunun əslinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, arxiv qovluğunda olan sənədlərin sırasından “Şinçi” bağçılıq cəmiyyətinin üzvlərinin siyahısında hazırkı İddiaçı ona 135 saylı bağ sahəsi ayrılan şəxs (Zavodun işçisi) kimi göstərilmişdir. Ona görə də iddiaçıya aid üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarış kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyi üçün mötəbər sübut kimi qiymətləndirilir. Üçüncü şəxs X2 adı isə həmin siyahıda əks olunmamışdır. Ona görə də üçüncü şəxs tərəfindən iddiaçıya aid üzvlük kitabçası və protokoldan çıxarışla eyni nömrəli və eyni tarixli üzvlük kitabçası və protokoldan çıxarış məhkəməyə təqdim olunsa da, həmin sənədlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmədiyi üçün qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq mötəbər sübut kimi qəbul edilmir. Üçüncü şəxsin adına müvafiq dövrdə aidiyyəti səlahyyətə malik olan (xx.xx.2015-ci il tarixdən ləğv olunmuş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi isə hüquqmüəyyənedici sənəd deyil və onun tərtibi hazırkı iddiaçının təqdim etdiyi “üzvlük bileti” və “protokoldan çıxarış”ın mötöbərliyini istisna etmir. Bağ sahəsinin ölçüsü ilə bağlı qeyd olunmalıdır ki, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci hissəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Belə olan halda iddiaçının qanuni istifadəsinə 600 kv.m bağ sahəsi ayrıldığından, onun mülkiyyətinə verilən bağ sahəsinin ölçüsü də həmin ölçüdədir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4147/2022 nömrəli 20 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-73/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-73/2024
16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver