Məhkəmə qərarları › İş №2-1(103)-730/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-730/2021

26.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-730/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının vəkili və nümayəndəsi X2 iştirakı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3824/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni 14.12.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 15.10.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə ona güzəştli şərtlərlə yaşa görə pensiya ləyin edilməsi üçün əvvəllər qüvvədə olmuş qanunvericiliklə hava gəmilərinə xidmət üzrə mühəndis-texniki heyəti üçün müəyyən edilmiş mülki aviasiyada tələb edilən 25 il ümumi və 20 ili güzəştli iş stajı 01.01.2006-cı il tarixədək toplamadığını qeyd etməklə onun 12.12.1986-cı il tarixdən 19.11.1988-ci il tarixədək SSR SQ-də aviasiya mexaniki vəzifəsində həqiqi hərbi xidmətdə olduğu müddəti xüsusi staj kimi deyil, ümumi staj kimi nəzərə almışdır. “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 67-ci maddəsinin v) bəndinə əsasən iş stajına hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəli daxil edilir. “Əmək pensiyaları haqqında” AR Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya ləyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddəiləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.3-cü maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) daxil edilir. Göründüyü kimi, həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, həm də “Əmək pensiyaları haqqında” Qanunda hərbi xidmət dövrü ümumi sığorta stajı olaraq deyil, sadəcə sığorta stajı olaraq qeyd edilmişdir. Həm ona məxsus hərbi biletdə, həm də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bakı şəhəri Xəzər rayon İdarəsinin 14.12.2020-ci il tarixli 156 saylı arayışından görünür ki, o, aviasiya sahəsində mexanik vəzifəsində hərbi xidmət etmişdir. Buna görə də həmin dövrlər ümumi staj olaraq deyil, xüsusi staj olaraq nəzərə alınmalıdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayətə uyğun izahat vermiş, cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətini qəbul etməyib, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. İşdə olan, iddiaçıya məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. BF 076791 nömrəli hərbi biletin surətinə görə, iddiaçı 12.12.1986-cı il tarixdən 19.11.1988-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi biletin 5-ci səhifəsində qeyd olunmuşdur ki, iddiaçı xidmət müddətinin 23.08.1987-ci il tarixdən 19.11.1988-ci il tarixədək olan hissəsini aviasiya texniki olaraq xidmət etmişdir. LB 360515 nömrəli diplomun surətinə əsasən iddiaçı 1979-cu ildə Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutuna qəbul olunmuş, 28.02.1985-ci il tarixdə mühəndismexanik dərəcəsi ilə oranı bitirmişdir. İT-İ ******* nömrəli əmək kitabçasının təsdiqli surətinə görə, iddiaçı 04.06.1985-ci il tarixdən 12.12.1986-cı il tarixədək AzUQA Yevlax birləşmiş dəstənin aviasiya texniki bazasında mühəndis, 27.02.1989-cu il tarixdən 14.08.1990-cı il tarixədək Mülki Aviasiya Bakı Aeroportunun Aviasiya texniki bazasında aviatexnik, 28.08.1990-cı il tarixdən 29.07.1994-cü il tarixədək Heydər Əliyev adına X5 Kazan X1 TU-154 istismar üzrə nümayəndə mühəndisi, 01.08.1994-cü il tarixdən 03.03.1997-ci il tarixədək “Aeroservis” müəssisəsində aviatexnik vəzifəsində işləmişdir. 03.03.1997-ci il tarixdən bugünədək “Aerotexservis” müəssisəsində aviamühərriklərin istismarı üzrə mühəndis vəzifəsində işləyir. “Aerotexservis” Kiçik müəssisəsi tərəfindən verilmiş 18.02.2020-ci il tarixli 02/A nömrəli arayışdan görünür ki, iddiaçı 04.06.1985-ci il tarixdən 12.12.1986-cı il tarixədək AzUQA Yevlax birləşmiş dəstənin Aviasiya texniki bazasında mühəndis, 27.02.1989-cu il tarixdən 14.08.1990-cı il tarixədək Mülki Aviasiya Bakı Aeroportunun Aviasiya texniki bazasında aviatexnik, 28.08.1990-cı il tarixdən 29.07.1994-cü il tarixədək Heydər Əliyev X5 Kazan X1 TU-154 istismarı üzrə nümayəndə mühəndisi, 01.08.1994-cü il tarixdən 03.03.1997-ci il tarixədək “Aeroservis” müəssisəsində aviatexnik, 03.03.1997-ci il tarixdən bugünədək “Aerotexservis” müəssisəsində aviamühərriklərin istismarı üzrə mühəndis vəzifəsində çalışıb və hava gəmilərinin mühərriklərinin texniki xidmətini təmin edib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli 21.3cü maddəsinə müvafiq olaraq mülki aviasiya hava gəmilərinə texniki xidmət mühəndistexniki heyətin ağır və zərərli iş şəraitinə görə imtiyazlı təqaüd almaq hüququna malikdir. Cavabdehin iddiaçıya ünvanladığı 13.02.2020-ci il tarixli **********3 nömrəli imtina məktubunda göstərilmişdir ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil edir. “Əmək pensiyaları haqqında” AR Qanununun 23.2-ci maddəsinə əsasən SSRİ ərazisində qazanılmış əmək stajı 01.01.1992-ci ilədək sığorta stajına ümumi əsaslarla daxil olduğundan, 01.01.1992- 29.07.1994-cü il tarixləri ərzində Rusiya Federasiyasında işlədiyi dövr ümumi iş stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilmir. Göründüyü kimi, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edən iddiaçının 57 yaşı 14.12.2018-ci il tarixdə tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyada 9.1-ci maddəsinə görə, “Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.” 14.12.2018-ci il tarixdə iddiaçının 60 yaşı tamam olmamışdır. Demək ki, iddiaçıya daha aşağı yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yalnız 2 halda təyin oluna bilər: 1) 01.01.2006-cı il tarixədək qüvvədə olan qanunvericiliyin tələbləri əsasında 50-57 yaşdan; 2) 01.07.2017-ci il tarixədək qüvvədə olan qanunvericiliyin tələbləri əsasında 57 yaşdan. İkinci hal, yəni 01.07.2017-ci il tarixədək qüvvədə olan qanunvericiliyin tələbləri əsasında iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması istisna olunur. Belə ki, işin bu halında 01.07.2017-ci il tarixədək xüsusi və ümumi staj şərtləri ilə yanaşı 57 yaş şərtinə də əməl olunmalıdır. İddiaçıya 01.01.2006-cı il tarixədək qüvvədə olan qanunvericiliyin tələbləri əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün isə sonrakı tələblər yerinə yetirilməlidir. 01.01.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 4.1.9-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin ğ) bəndinə əsasən hava gəmilərinə xidmət üzrə mühəndis-texniki heyət - Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə: kişilər - 55 yaşına çatdıqda və mülki aviasiyada azı 25 il ümumi iş stajı olduqda, bu müddətin azı 20 ilini hava gəmilərinə xidmət işlərində çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və mülki aviasiyada azı 20 il ümumi iş stajı olduqda, bu müddətin azı 15 ilin hava gəmilərinə xidmət işlərində çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Mühəndis-texniki heyət işçilərinin hava gəmilərinə xidmət-etmə stajlarına bu maddənin “q” hissəsində və bu Qanunun 59-cu maddəsində göstərilən iş müddətləri də daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hava gəmilərinə xidmət üzrə mühəndis-texniki heyətə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin Siyahısı”na görə, bütün adlarda aviasiya texnikləri (mexaniklər, motorçular); bütün adlarda mühəndislər; bütün adlarda ustalar; hava gəmilərinə və digər uçuş aparatlarına texniki xidmət üzrə sex, növbə, sahə, xidmət və qrup rəisləri; müəssisələrdə, aviasiya-idman təşkilatlarında, həmçinin aviasiya tədris müəssisələrinin tədris uçuş dəstələrində hava gəmilərinə operativ və dövri (zəmanət) texniki xidmət üzrə (xüsusi avadanlıqla təchiz olunmuş aerodromdan kənar şəraitdə işləyənlərdən başqa) tam iş günü ərzində siyahıda sadalanan işlərdə bilavasitə çalışan işçilər xidmət illərinə görə pensiya hüququna malikdirlər. Göstərilən işçilərin xidmət illərinə görə pensiya hüququ verən vəzifələrdə çalışması müvafiq müəssisə, idarə və təşkilat tərəfindən verilən arayışlar üzrə təsdiq olunur. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının ən tezi 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) “Hava gəmilərinə xidmət üzrə mühəndis-texniki heyətə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin Siyahısı”nda nəzərdə tutulan peşələrdə iş stajı minimum 20 il olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) 20 il xüsusi və 25 il ümumi iş stajı 01.01.2006-cı il tarixədək mövcud olmalı; 4) xidmət illərinə görə pensiya hüququ verən vəzifələrdə çalışması barədə iş yerindən verilən arayış təqdim edilməlidir. İşdən müəyyən edilir ki, üçüncü, yəni 20 il xüsusi və 25 il ümumi iş stajının 01.01.2006-cı il tarixədək mövcud olması şərtlərinə iş üzrə əməl olunmur. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 70-ci maddəsinə əsasən, “Pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir.” İddiaçı 10.01.1992-ci il tarixdən 29.07.1994-cü il tarixədək Rusiya Federasiyası Kazan X1 TU-154 istismarı üzrə mühəndisi olduğundan, onun bu 2 il 6 ay 19 günlük iş stajı nə ümumi, nə də xüsusi staja hesablana bilər. Onun 01.09.1979-cu il tarixdən ali təhsil aldığı güman olunsa, bu tarixdən hesablanmaqla da 01.01.2006-cı il tarixədək 25 il ümumi staj şərti yerinə yetirilmir. Rusiya Federasiyasının rezidenti olduğu 2 il 6 ay 19 gün nəzərə alınmadıqda isə iddiaçının 20 il xüsusi iş stajı da toplanmamış olur. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin AR SHXÇDX Bakı şəhəri Xəzər rayon idarəsinin arayışına istinadən iddiaçı aviasiya sahəsində mexanik vəzifəsində hərbi xidmət keçdiyi üçün həmin dövrün xüsusi staj olaraq nəzərə alınmalı olması barədə dəlili də əsaslı deyil. Birincisi, iddiaçının 01.01.2006-cı il tarixədək 25 il ümumi staj şərti də yerinə yetirilmir. İkinisi, 25 il ümumi staj şərtinin yerinə yetirildiyi fərz olunan halda da dəlil əsaslı deyil. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində açıq olaraq qeyd edilmişdir ki, v) bəndində yer alan “hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;” iş stajına daxil edilən başqa stajlar kimi ümumi iş stajına daxil edilir (normada - “Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir”). Üçüncüsü, iddiaçının hərbi biletində bu müddət 23.08.1987-ci il tarixdən 19.11.1988-ci il tarixədək, yəni 1 il 2 ay 26 gün olaraq göstərilmişdir ki, bu da 20 il xüsusi iş stajinın tamamlanmasına kifayət etmir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin iddiaçının müraciətinin icrasından imtinası mahiyyətcə qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3824/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar