Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-731/2021 30.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiаçı İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qаrşı “müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1669/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiаçı İddiaçı Bəyəhməd oğlu cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hаqqındа iddia ərizəsi ilə məhkəməyə xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı 23.12.1993-cü ildən 19.05.1994-cü ilə qədər döyüş əməliyyatlarında iştirak etmişdir. Bunu təsdiq edən N nömrəli hərbi hissəyə daxil olma və həmin hərbi hissədən çıxmağı barədə həmin hərbi hissə komandirinin əmrləri vardır, Müdafiə Nazirliyinin verdiyi arxiv arayışı da qeyd etdiyi halları təsdiq edir. O cavabdehə müraciət edərək ona müharibə veteranı adının verilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Məmmədov Əlihəsən Bəyəhməd oğlunun N nömrəli hərbi hissədən ezam olunması döyüş tapşırığının icrası ilə bağlı olmamışdır, buna görə də iddiaçıya müharibə veteranı adının verilməsindən imtina olunmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1669/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1669/2020 saylı qərardadı ilə Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)- 1669/2020 saylı iş üzrə çıxarılmış 30 sentyabr 2020-ci il tarixli qərarının mətnində yol verilmiş yanlışlığın düzəldilərək “İddiaçı Bəydəmir” əvəzinə “İddiaçı Bəyəhməd” oxunulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərindən işin tam və hərtərəfli araşdırılması üçün Müdafiə Nazirliyi Mərkəzi Arxivinə sorğu verilmiş, Arxiv tərəfindən Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyaya təqdim edilmiş və iddiaçıya “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsindən imtina edilməsi üçün əsas olmuş 28 dekabr 2019-cu il tarixli arayışın surəti təqdim edilmişdir. Arxiv arayışında ezamiyyətin məqsədi təyin olunmamışdır. Bununla da, iddiaçının ezamiyyətinin məqsədi təyin olunmadığından iddiaçıya “Müharibə veteranı” adı və vəsiqənin verilməsini istisna etdiyindən Komissiya tərəfindən əsaslı olaraq “Müharibə veteranı” adı və vəsiqənin verilməsindən imtina edilmişdir. Bununla da Komissiyanın qərarı qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan xüsusatları araşdırılmamış, qərar əsaslandırılmamış, iddia tələbi əsassız olaraq təmin edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Tələbdən də göründüyü kimi iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdehə müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə müraciət etsə də müraciəti təmin edilməmişdir. Cavabdehin 28.09.2019-cu il tarixli, 1/M-13265 nömrəli imtina məktubuna əsasən iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə müraciətinin təmin edilməsindən imtina edilmişdir, imtinanın səbəbi Mərkəzi Arxivin arayışına əsasən ezamiyyətin məqsədinin müəyyən olunmaması göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi arxivinin 30.08.2019-cu il tarixli, 9/2-12100 nömrəli arxiv arayışına əsasən iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 18.12.1993-cü il tarixli əmrinə əsasən tərcüməçilər manqasının komandir müavini vəzifəsinə təyin edilməklə 1 il 6 aylıq həqiqi hərbi xidmət keçmək üçün ehtiyatdan çağırılmış baş leytenant Məmmədov Əlihəsən Bəyəhməd oğlu N nömrəli hərbi hissə komandirinin 23.12.1993-cü il tarixli, 138 №li əmrilə 18.12.1993-cü ildən sayılmaqla hərbi hissəyə qəbul edilərək şəxsi heyət siyahılarına daxil edilmiş və bütün növ təminatlarla təmin olunmuşdur.N nömrəli hərbi hissə komandirinin 17.12.1993-cü il tarixli, 133 nömrəli əmrilə (əmrdə ezamiyyət məqsədi göstərilməmişdir) iddiaçı – tərcüməçi, baş leytenant Məmmədov Əlihəsən Bəyəhməd oğlu Beyləqan döyüş əməliyyatları bölgəsinə ezam edilmişdir. N nömrəli hərbi hissə komandirinin 02.02.1994-cü il tarixli, 21 №li əmrində 18.12.1993-cü ildən 31.01.1994-cü ilə qədər döyüş əməliyyatları bölgəsində iştirak etdiyi üçün 3 qat əmək haqqı ödənilmiş hərbi tərcüməçilərin siyahısında manqa komandirinin müavini, baş leytenant İddiaçı adı qeyd edilmişdir. N №li hərbi hissə komandirinin 17.03.1994-cü il tarixli, 46№li əmrində fevral 1994-cü il üçün döyüş əməliyyatları bölgəsində iştirak etdiyi üçün 3 qat əmək haqqı ödənilmiş hərbi tərcüməçilərin siyahısında manqa komandirinin müavini, baş leytenant İddiaçı adı qeyd edilmişdir, N №li hərbi hissə komandirinin 19.05.1994-cü il tarixli, 66 №li əmrində 01-30.04.1994-cü ilədək döyüş əməliyyatları bölgəsində iştirak etdiyi üçün 3 qat əmək haqqı ödənilmiş hərbi tərcüməçilərin siyahısında manqa komandirinin müavini, baş leytenant İddiaçı adı qeyd edilmişdir, Azərbaycan Respublikası Müdafiə Nazirinin 13.04.1995-ci il tarixli əmrinə əsasən 18-ci maddənin “Q” bəndinə (ştatın ixtisarına görə) əsasən tərcüməçilər manqasının komandir müavini baş leytenant Məmmədov Əlihəsən Bəyəhməd oğlu N nömrəli hərbi hissə komandirinin N aprel 1995ci il tarixli, 70 №li əmrilə ehtiyata tərxis edilmiş, 15.04.1995-ci ildən sayılmaqla şəxsi heyət siyahılarından çıxarılaraq bütün növ təminatlardan azad edilmişdir. 035457 №li hərbi biletə əsasən iddiaçı hərbi tərcüməçidir, N nömrəli hərbi hissənin tərkibində 18.12.1993-cü ildən 01.02.1995-ci ilə qədər Beyləqan və Füzuli rayonlarında hərbi əməliyyatlarda iştirak etmişdir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 25.12.2019-cu il tarixli, HP01/926 №li məktubuna əsasən Məmmədov Əlihəsən Bəyəhməd oğlu barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. Azərbaycan Dövlət Universitetinin 286821 №li diplomuna əsasən iddiaçı həmin universiteti 1972-ci ildə şərq dilləri və ədəbiyyatı ixtisası üzrə bitirmişdir və ona şərqşünas, fars dilindən filoloq-tərcüməçi, fars və azərbaycan dilləri müəllimi peşə ixtisası verilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müdafiə, daxili işlər, milli təhlükəsizlik orqan və hərbi hissələri tərəfindən verilmiş arayışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunundan göründüyü kimi “Müharibə veteranı” adının verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi əsas sayılır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Həmin Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.07.2006-cı il tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə — daxili işlər, dövlət təhlükəsizliyi orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, yerli icra hakimiyyəti və hərbi idarəetmə orqanlari tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Həmin əsasnaməyə əsasən ”Bu qayda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olunmaqla, Azərbaycan Republikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci ilin sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.” Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya veteran adının verilməsini istisna edən halların (haqqında cinayət işinin və araşdırma materialın) olması barədə məlumat cavabdeh və ya digər orqan tərəfindən məhkəməyə verilməmişdir. İşin faktiki hallarına əsasən iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir və “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunundan göründüyü kimi “Müharibə veteranı” adının verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi əsas sayılır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxsin hərbi hissədən ezamiyyə məqsədinin müəyyən edilməməsi kimi əsasın həmin şəxsə müharibə veteranı adının verilməsini istisna etməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdehin etirazında iddiaçının hərbi hissədən ezam olunmasının döyüş tapşırığının icrası ilə bağlı olmaması barədə göstərdikləri əvvəla işin halları ilə təsdiqlənməmişdir,daha sonra isə işdə olan mötəbər sübutlarla – Azərbaycan Respublikasının Müdafiə X1 arxiv arayışı, hərbi biletlə iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi təsdiqlənir. Cavabdehin apelltyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, arxiv arayışında ezamiyyətin məqsədi təyin olunmamışdır. Cavabdehin apellyasiya şikayətinin bu dəlilinin əsassız olması iş materiallarında olan sənədlərlə təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi arxivinin 30.08.2019-cu il tarixli, 9/2-12100 nömrəli arxiv arayşından göründüyü kimi N nömrəli hərbi hissə komandirinin 23.12.1993-cü il tarixli, 138 №li əmrilə Məmmədov Əlihəsən Bəyəhməd oğlu 18.12.1993-cü ildən sayılmaqla hərbi hissəyə qəbul edilərək şəxsi heyət siyahılarına daxil edilmiş və bütün növ təminatlarla təmin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin 17.12.1993-cü il tarixli, 133 nömrəli əmrilə iddiaçı – tərcüməçi, baş leytenant Məmmədov Əlihəsən Bəyəhməd oğlu Beyləqan döyüş əməliyyatları bölgəsinə ezam edilmişdir. N nömrəli hərbi hissə komandirinin 02.02.1994-cü il tarixli, 21 №li əmrində 18.12.1993-cü ildən 31.01.1994-cü ilə qədər döyüş əməliyyatları bölgəsində, 17.03.1994-cü il tarixli, 46№li əmrində fevral 1994-cü il üçün döyüş əməliyyatları bölgəsində, 19.05.1994-cü il tarixli, 66 №li əmrində 01-30.04.1994-cü ilədək döyüş əməliyyatları bölgəsində iştirak etdiyi üçün 3 qat əmək haqqı ödənilmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının döyüş əməliyyatları zonasına hərbi tərcüməçi kimi ezam olunmasını və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, hərbi hissə komandirinin əmrinə əsasən iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə hərbi tərcüməçi kimi hərbi tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1669/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Mirzə Tağızadə Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-731/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-731/2021
30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver