Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-731/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7353/2021 saylı, 20.10.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа şifahi məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.01.2010-cu il tarixdə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı gündən bərpa edilərək, ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona 01.01.2010-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, 2021-ci lin yanvar ayından ona pensiyanın ödənilməsi dayandırılmışdır. Bununla əlaqədar olaraq Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş və DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 05.03.2021-ci il tarixli, **********2 saylı məktubla bildirilmişdir ki, 30 dekabr 1990-cı il tarixli, ******* nömrəli əmək kitabçası açıldığı tarixdə etibarsız möhürlə təsdiqləndiyi, həmçinin 4-7-ci səhifələrinin 6-cı və 8-ci qeydlərində sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdə istifadə olunduğu müəyyən edilmişdir. Bu səbəblərdən də pensiyanın ödənişi dayandırılmış və ona ödənilmiş 21.874,23 manat pulun geri qaytarılması tələb edilmişdir. İnzibati qanunvericiliyə əsasən inzibati orqan istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan iddialar üzrəfaktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, müvafiq inzibati orqanın imtina məktubunda qeyd edilən hallara dair heç bir sübutu yoxdur. Əmək kitabçası qeyd edilən dövrlərdə zod qızıl mədənin möhürü ilə təsdiq olunmuş və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq səhifələr yazılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7353/2021 saylı, 20.10.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7353/2021 saylı, 20.10.2021-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, Belə ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı pensiyanın ödənilməsindən imtina edərkən iki əsasa dayanaraq imtina etmişdir: 1) əmək kitabçamın açıldığı tarixdə etibarsız möhürlə təsdiqlənməsi; 2) 7-ci səhifələrinin 6-cı və 8-ci qeydlərində sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərə istifadə olunması. Məhkəmə isə, əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətində olan qeydlərdə iddiaçının 08.09.1974-29.12.1990-cı illərdə Zod qızıl yatağında işlədiyi qeyd olunsa da, bu barədə qeydlərin işəqötürənin-həmin müəssisə rəhbərliyinin imzası ilə təsdiq edilməməsinə istinad etmişdir. Halbu ki, əmək kitabçasında işəgötürənin möhürü və imzası mövcuddur və Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə isə qeyd etdiyi hallarla bağlı hazırda qüvvədə olan, 1999-cu ildə qüvvəyə minən Əmək Məcəlləsinə istinad etmişdir. Daha sonra məhkəmə qeyd etmişdir ki, “göründüyü kimi, iddiaçının təhsili, hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır”. Göründüyü kimi, məhkəmə qərarının əsaslandırma hissəsində qərarın qanuni və əsaslı olmasını sübuta yetirən faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7353/2021 saylı, 20.10.2021-ci il tarixli qərarının ləğv olunmasını, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7353/2021 saylı, 20.10.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kоllеgiyаsı tərəflərin izahatlarını dinləyib, işin mаtеriаllаrını yохlаyаrаq, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin еdilməli, birinci instаnsiyа məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur. - 05 yanvar 1987-ci il tarixdə verilmiş BB seriyalı 153629 saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı 23.05.1976-cı ildən 01 iyun 1978-ci ilədək hərbi xidmətdə olmuşdur. - S.Ağamalıoğlu adına “Şərəf Nişanı” Ordeni Azərbaycan Kənd Təsərrüfatı institutunun 045373 nömrəli 31.12.1983-cü il tarixli diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 1976-cı il tarixdən 1983-cü il tarixlərdə “Zootexniya” ixtisası üzrə təhsil almışdır. - notarial qaydada tərcümə və təsdiq olunmuş APM seriyalı ******* nömrəli 30.12.1990-cı il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı 08.09.1974-cü ildən 26.04.1976-cı il tatixə kimi Zod qızıl yatağında dağ mədən işləri sahəsinə yeraltı işlər şərtləri ilə betonçu köməkçisi vəzifəsində işləmişdir. 20.11.1978-ci il tarixdən 29.12.1990-cı il tarixə kimi Zod qızıl yatağında müxtəlif dərəcəli betonçu və qazmaçı vəzifəsində işləmişdir. 03.01.1992-ci ildə “Nurlan-Ə” kiçik müəssisəsində direktor vəzifəsində işləmişdir. 23.04.1993-cü ildə Xətai rayon MKTB-nin 29 saylı MİS-nə texnik işinə qəbul edilmişdir. 14.10.1997-ci ildə texnik vəzifəsindən mühəndis vəzifəsinə keçirilmişdir. 05.11.1999-cu ildə işdən azad edilmişdir. 22.12.1999-cu ildə Xətai rayonunun MKTB-nin 82 saylı MİS-ində təşkilatçı-müəllim vəzifəsinə qəbul edilmişdir. 08.04.2003-cü ildə tutduğu vəzifədən azad edilmişdir. - İddiaçıya məxsus pensiya işindən görünür ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Nizami rayon şöbəsinin 12440 nömrəli pensiyaçının uçot vərəqindən görünür ki, xx xxxxxx 1958-ci il təvəllüdlü İddiaçı 439 nömrəli 03.02.2010-cu il tarixli qərarla 01.01.2010-cu il tarixdən 01.01.2015-ci il tarixə kimi pensiya təyin olunmuşdur. - İddiaçının müraciətinə cavab olaraq DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 05.03.2021-ci il tarixli **********2 nömrəli imtina məktubu ilə sonuncuya bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar qeyd edilmişdir ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərıiəriə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya vaxtilə pensiya təyin edilərkən təqdim edilən 30 dekabr 1990-cı il tarixli ******* nömrəli əmək kitabçasında 08.09.1974-29.12.1990-cı il tarixləri arasındakı dövr ərzində Ermənistan Respublikası Zod qızıl mədənində işlədiyi qeyd olunmuşdur. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən ona dair əmək kitabçanı araşdırılarkən əmək kitabçası açıldığı tarixdə mövcud olmayan etibarsız möhürlə təsdiqləndiyi, həmçinin 4-7-ci səhifələrinin 6-cı və 8-ci qeydlərində sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunduğu müəyyən edilmişdir. Halbuki qeyd olunan dövrdə latın qrafikalı əlifba tətbiq edilmirdi. Qeyd olunan səbəblərdən həmin məlumatların həqiqi olmadığı aşkar görünür. Göstərilən qanunazidd hallara baxmayaraq iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən 01.01.2010-cu il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə X2 departamenti tərəfindən iddiaçıya 01.01.2010-13.11.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 21874,23 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq iddiaçıya artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarılması xahiş edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İş materilallarında olan əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətində olan qeydlərdə iddiaçının 08.09.1974-29.12.1990-cı illərdə Zod qızıl yatağında işlədiyi qeyd olunsa da, bu barədə qeydlər işəgötürənin-həmin müəssisə rəhbərliyinin imzası ilə təsdiq edilməmişdir. Halbuki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 87-ci maddəsinin 1-ci bəndinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Belə olan halda hazırki iş üzrə iddiaçıya məxsus əmək kitabçasında aparılmış (08.09.1974-29.12.1990-cı illər) qeydlərin mötəbərliyi öz təsdiqini tapmır. Göründüyü kimi, iddiaçının təhsili, hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Bu isə o, deməkdir ki, iddiaçıya 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. İşin yuxarıda qeyd olunan hallarını nəzərə almaqla məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqanın iddiaçıya təyin olunmuş güzəştli şərtlərlə əmək pensiyasının ödənilməsinin dayandırılması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalı, iddia təmin olunmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı əmək pensiyasının dayandırılması barədə 18.02.2021-ci il tarixli, **********0 nömrəli qərarın mövcudluğundan xəbərdar edilməmişdir. Cavabdehin nümayəndəsi qərarın iddiaçıya göndərildiyini və bununla bağlı məhkəməyə xəbərnamənin surətini təqdim etsə də, xəbərnamənin məhz həmin qərarın iddiaçıya çatdırılması qeyd olunmamışdır. Qərar 18.02.2021-ci il tarixdə qəbul olunsa da, xəbərnamə iddiaçı tərəfindən 25.10.2021-ci ildə imzalanmışdır. Həmçinin, xəbərnamədə hansı sənədin göndərilməsi qeyd olunmamışdır. Eyni zamanda, birinci instansiya məhkəməsinin qərarında həmin inzibati orqanın 18.02.2021-ci il tarixli, **********0 nömrəli qərarı barədə heç bir qeyd aparılmamışdır. Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi həmin qərarı məhkəməyə təqdim etmişdir. İddiaçı həmin qərar barəsində məhz apellyasiya icraatı zamanı məlumatlandırılmışdır. İddiaçı qərar barədə məlumatlandırıldıqdan sonra məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 18.02.2021-ci il tarixli, **********0 nömrəli qərarının ləğv edilməsi, iddiaçıya 01.01.2010-cu ildə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı gündən bərpa edilərək iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə mümkün hesab edilərək icraata qəbul edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2021-ci il qərarında qeyd olunmuşdur: ““İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri)”. Baxılan iş üzrə iddiaçı etimadının qorunması hüququna malikdir. Belə ki, iş üzrə “İnzibati İcraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilmiş halların mövcul olması müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərarın qəbul edilməsi ilə nəticələnmiş inzibati icraat aparılarkən inzibati orqan tərəfindən qanunverinilik normalarının tələbləri nəzərə alınmamış, iddiaçının qərarın qəbul edilməsinə münasibəti öyrənilməmiş, araşdırma onun iştirakı olmadan aparılmışdır. Sonda artıq ödənişin geri qaytarılması barədə qərar qəbul edilmişdir. İddiaçı qanunla etimadının qorunması hüququna malik olduğundan, habelə ona artıq ödənişlərin olunması başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığından, eyni zamanda ona verilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı üçün hazırki halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 18.02.2021-ci il tarixli, **********0 nömrəli qərarı ləğv edilməlidir. Ona görə də məhkəmə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddianın təmin edilməli olduğu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 18.02.2021-ci il tarixli, **********0 nömrəli qərarının ləğv edilməsi, iddiaçıya 01.01.2010-cu ildə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı gündən bərpa edilərək iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7353/2021 saylı, 20.10.2021-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7353/2021 saylı, 20.10.2021-ci il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 18.02.2021-ci il tarixli, **********0 nömrəli qərarının ləğv edilməsi, iddiaçıya 01.01.2010-cu ildə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı gündən bərpa edilərək iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-731/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-731/2022
13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver