Məhkəmə qərarları › İş №2-1(103)-732/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-732/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-732/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), X5 və X6 ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və barədə dövlət reyestrindən çıxarışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-2425/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2425/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa ərazisində yerləşən sahəsi 1200 kv.metr olan 364D saylı bağ sahəsi üzərində İddiaçınun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, mütəxəssis rəyinin verilməsi ilə bağlı xərclər- 141,40 manat pulun cavabdehdən tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülməsi qərara alınmışdır (hakim X.İmanov). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004cü il tarixli, 54 saylı sərəncamına əsasən və X1 və İstismarı Birliyinin 32408 saylı, xx.xx.2004-cü il tarixli müqaviləsi ilə onun istifadəsinə verilmiş Sabunçu rayonu, Maştağa ərazisində 0.12 ha torpaq sahəsindən ibarət olan 364 D saylı bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə uyğunlaşdırılması və adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa ərazisində yerləşən sahəsi 1200 kv.metr olan 364D saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alın-ması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, dəyişdirilmiş iddia icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü ıl tarixli, 54 saylı sərəncamına əsasən və X1 və İstismarı Birliyi ilə bağlanmış 32408 saylı, xx.xx.2004-cü il tarixli müqaviləsi ilə iddiaçıya Sabunçu rayonu, Maştağa ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 364D saylı bağ sahəsi ayrılmışdır. Qeyd edilən vaxtdan həmin torpaq sahəsi iddiaçı tərəfindən sahiblik edilməklə fasiləsiz olaraq istifadə olunur. Dörd tərəfdən hasara alınmış həmin torpaq sahəsinin adına dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdeh orqana ərizə ilə müraciət edilmiş, lakin sonuncunun cavab məktubu ilə ərizənin icrasından imtina edilmiş, imtinaya əsas kimi isə iddia edilən bağ sahəsinin nömrəsinin və göstərilən ərazinin bağların bölgüsünə dair sxematik xəritədə göstərilmədiyi qeyd edilmişdir. İş üzrə 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatı: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü ıl tarixli, 54 saylı sərəncamına əsasən və X1 və İstismarı Birliyi ilə bağlanmış 32408 saylı, xx.xx.2004-cü il tarixli müqaviləsi ilə iddiaçıya Sabunçu rayonu, Maştağa ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 364D saylı bağ sahəsi ayrılmışdır. İddiaçı müvafiq bağ sahəsinə dair çıxarışı almaq məqsədilə İdarəyə xx.xx.2019-cu il tarixdə poçt vasitəsi ilə müraciət etmişdir. aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, İdarənin elektron kadastr baza məlumatlarına əsasən müvafiq bağ sahəsinin nömrəsi və göstərilən ərazi bağların bölgüsünə dair sxematik xəritəsində yoxdur. Həmçinin ərizəyə əlavə olunmuş sənədlərin əsilləri İdarəyə təqdim edilməmişdir. Qeyd olunan səbəblərdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq imtina məktubu ünvanlanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qanunsuz qərar qəbul etmişdir. nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarına əlavə edilmiş, “Maştağa ərazisindəki 364D nömrəli bağın istifadəyə verilməsi haqqında” İddiaçı ilə X1 və İstismarı Birliyi arasında bağlanmış xx xxxxx 2004-cü il tarixli, 32408 nömrəli müqavilənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 364D nömrəli bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2004-cü il tarixli, 54 saylı sərəncamının notarial qaydada təsdiq edilmiş edilmiş surətindən müəyyən edilir ki, Maştağadakı 364d saylı bağ/BTK-50 İddiaçı ayrılmışdır. - DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019cu il tarixli, **********51 saylı məktubda Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən 364D saylı bağ sahəsinin koordinatlarının müəyyənləşdirilməsi barədə ********** nömrəli, xx.xx.2019-cu il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, sözügedən bağ sahəsinə dair ilkin torpaqayırma cizgisi təqdim edilmədiyindən naturada bağ sahəsinin koordinatlarını və sərhədlərini təyin etmək mümkün olmamışdır. - DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019cu il tarixli, **********57 saylı məktubdan müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən 364D bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2019-cu il tarixli poçt vasitəsi ilə daxil olmuş ərizəyə baxılmış, cavab olaraq bildirilmişdir ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir, elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin nömrəsi və göstərilən ərazi bağların bölgüsünə dair sxemtik xəritədə göstərilmədiyindən ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. İş materiallarına, eyni zamanda, məhkəmənin xx xxxx 2019-cu il tarixli sorğusuna əsasən məhkəməyə təqdim edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa ərazisində yerləşən, ümumi sahəsi 0.12 ha. olan 364D saylı bağ sahəsinə aid arxiv qovluğunda olan sənədlərin (arayış, ərizələr, order və sairə) təsdiq edilmiş surətləri və digər sənədlər də əlavə edilmişdir. İşdə olan sənədlərdən məlum olur ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 54 saylı sərəncamına əsasən və X1 və İstismarı Birliyinin 32408 saylı, xx.xx.2004-cü il tarixli müqaviləsi ilə onun istifadəsinə verilmiş Sabunçu rayonu, Maştağa ərazisində 0.12 ha torpaq sahəsindən ibarət olan 364D saylı bağ sahəsinə dair çıxarışın verilməsi barədə cavabdeh DƏDRX-nin1 saylı Bakı şəhər ərazi idarəsinə ərizə ilə müraciət etmiş, cavabdehin xx.xx.2019-cu il tarixli, **********57 saylı məktubu ilə ona imtina edilmiş, əsas kimi elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin nömrəsi və göstərilən ərazinin bağların bölgüsünə dair sxemtik xəritədə göstərilmədiyi qeyd edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 54 saylı sərəncamına və X1 və İstismarı Birliyi ilə bağlanmış 32408 saylı, xx.xx.2004-cü il tarixli müqaviləyə əsasən İddiaçı ayrılmış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa ərazisində yerləşən, ümumi sahəsi 0.12 ha olan 364 D nömrəli bağ torpaq sahəsinin statusu (mülkiyyət növü, təyinatı və sair) və yerləşmə vəziyyətinə görə koordinatlarını müəyyən etmək məqsədilə GPS aparatı vasitəsilə yerində ölçmə işləri apararaq mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə xx xxxx 2019-cu il tarixli məktubla sorğu göndərilmiş, xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuş mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 364d kimi iddia edilən bağ sahəsinə texniki baxış keçirilmiş, idarənin elektron kadastr baza məlumatlarına əsasən bağ sahəsinin nömrəsi və göstərilən ərazi bağların bölgüsünə dair sxematik xəritədə yoxdur (qonşu bağ nömrəsi 358b, 359h). Birinci instansiya məhkəməsi cavabdehin dəlillərini əsaslı hesab etməmiş. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007- ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Qeyd olunan maddənin məzmunundan müəyyən olunur ki, torpaq sahəsi üzərində hüquqların yaranmasının əsaslarından biri də bağ təsərrüfatı idarələri ilə vətəndaşlar arasında bağlanmış icarə müqavilələri hesab olunur. İş materiallarından müəyyən olunur ki, X1 və İstismarı Birliyi ilə bağlanmış müqaviləyə əsasən iddiaçının istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 364D nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinə ərizə ilə müraciət edilmiş, lakin cavabdeh orqanın cavab məktubu ilə sözügedən bağ sahəsinin nömrəsinin və göstərilən ərazinin bağların bölgüsünə dair sxematik xəritədə göstərilməməsi əsasları ilə ərizənin icrasından imtina edilmiş, lakin göstərilən halları təsdiq edən heç bir sübut, habelə cavabdehin istinad etdiyi “bağların bölgüsünə dair sxematik xəritə” adlanan sənədin nədən ibarət olması, hansı orqan tərəfindən tərtib və təsdiq edilməsi barədə məlumat cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsində qəti olaraq müəyyən edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Torpaq islahatı haqqında» Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifa-də-nin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İşin şərh edilən hallarından müəyyən olunur ki, iddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi əlavə olaraq onu da qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdehin imtinaya səbəb kimi göstərdiyi və iş üzrə mütəxəssis rəyinin verilməsi barədə məhkəmə sorğusu ilə əlaqədar daxil olmuş rəydə qeyd edilən hallar da əsaslı hesab edilmir ona görə ki, cavabdeh inzibati orqan iddiaçının müraciətindən imtinanı bağ sahəsinin nömrəsinin və göstərilən ərazinin bağların bölgüsünə dair sxematik xəritədə göstərilmədiyi ilə əsaslandırsa da, bu halların mövcudluğunu təsdiq edən zəruri və mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh inzibati orqan tərəfindən, sadəcə olaraq, sxematik xəritənin göstəricilərinə istinad edilməklə, iddiaçının ərizəsinin icrasından imtina edilmişdir ki, formal xarakter daşıyan həmin hallar da uzun müddət ərzində iddiaçının qanuni və faktiki sahibliyində və istifadəsində olan, digər şəxslər tərəfindən indiyədək mübahisələndirilməyən daşınmaz əmlak üzərində hüquqlarının tam şəkildə həyata keçirilməsinin məhdudlaşdırılmasına əsas ola bilməz. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün nota-riat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra haki-miyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması zamanı göstərilən halların heç birisi hazırki iş üzrə müəyyən edilməmiş, iddia ərizəsinə etirazda isə imtinaya əsas olan hallar əsaslandırılmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1., 3.0.11. və 3.0.23-cü bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələrinə aid edilmişdir. Birinci instansiya məhkəməsi, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlmişdir ki, iddiaçıya ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq torpaq sahəsi üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri qəbul etmir və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2425/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar